12px14px16px18px

Haralardasan, Siseron?

Orxan ARAS
01:44 / 15.03.2012

Yox, yox, mən o böyük romalı siyasətçi və filosofdan bəhs etməyəcəyəm. Hətta onun çox dəyərli və məşhur “Bir yerdə həyat varsa, orda ümid var” kəlməsinə açıqlama da gətirməyəcəyəm. Mənim söz açdığım və sizin hüzurunuza gətirmək istədiyim Siseron almanların tanınmış kültür və ədəbiyyat dərgilərindən biri olan “Siseron”dur.
Şərq ədəbiyyatına bu aralar o qədər də üz verməyən “Siseron” öz dərdiylə əlləşib vuruşurmuş. Ən son “Yaz sürətiylə” (Mit der Geschwindigkeit des Sommers, 2009) romanıyla alman oxucularının diqqətini cəlb edən və tərcüməçi Julia Schoch “Siseron” dərgisi üçün gözəl bir məqalə yazınca “Siseron”un dərdindən xəbərdar olduq.
Julia Schoch nə üçün ədəbiyyatın böhrana ehtiyacı var?” başlıqlı məqaləsində Qərb ədəbiyyatının nəyə görə yoxsullaşdığından, gücünü itirdiyindən geniş söhbət açılır. Əslində Yulyanın məqaləsinin başına qonulmuş, “Banklar iflasa uğrayır, iş yerləri bağlanır, insanlar işsiz qalır, satılan kitabların sayı azalır, yayıncılar şikayət edib dururlar” sözləri onun məqaləsinin içində itib batır. Məqaləni sona qədər oxuduqda anlayırsan ki, bütün bu iqtisadi depressiyalar Yulyanın vecinə deyil. Yulyanın əsas dərdi insanın dünyasındakı yoxsullaşmadır. Məsələn, divar dövrünü yaşamamış bir yazar yaxşı yazar deyildir” yazmağının səbəbi də elə budur. Çünki Qərb dünyası Sovetlər Birliyi çökənə qədər divar və qadağalardan həm gözəl bir ədəbiyyat hasil etməyi, həm də böyük pullar qazanmağı bacardı. Məşhur “Agent 007” Ceyms Bondun filmləri də bu ədəbiyyatın reklam bölümləri idi. Təbii ki, Sovetlər Birliyi də eyni yolu izləyirdi və onların filmlərinə, romanlarına görə də Amerika və Qərb dünyası yerlərdə sürünürdü.
Yulya bütün bu qarmaqarışıqlıqlar, təbliğatlar sonrası çözülən, yox olan bir dünyanın çarəsiz insanlarını axtarıb tapır, onları şərh edirdi. Məsələn, praqalı mühacir rəssam Sabina...
“Praqalı rəssam Sabina, Milan Kunderanın varolmanın dözülməz yüngüllüyü” romanından öz duvarının öhdəsindən gəlməyi öyrənir. Amma İsveçrəyə 4 illik sürgündən sonra daşımaq zorunda olduğu heç bir yükün qalmadığı nəticəsinə gəlir. Nə istəyirsə edə bilər. Məsələn, sevgilisini təqib edilmə və intiqam alınma qorxusu olmadan tərk edə bilər. Ayrıca, azadlığa qaçışından sonra ağır həyat şərtləri və siyasi suçlamalar ortadan qalxar. Sonra insan ölkəsini, ailəsini, eşqini sata bilər. Amma ölkə, ailə və sevgi yoxdursa nə edə bilərsən? Kimi satacaqsan? Maraqlı və acı bir itki deyilmi? Budur Sabinanın anidən duyduğu və fərqinə vardığı dərin bir boşluq. Bir psixiatr bu durumu, keçmişin və yox olmanın məngənəsində qalmış bir insanın həyat boyu sürəcək məyusluğu olaraq təsvir edir”.
Yulya soruşur: “Yaxşı, bəs, Sabinanın bu qorxusu, bu hüznü, bu yalnızlığı bizlərə tanış gəlmirmi? Çətinlikdən boşluğa, tünlükdən yalnızlığa, həbsxanalardan azadlığa doğru addımlamaq nələr qazandırıb, nələri əlindən alır? Dəyişən dünyalar, dəyişən talelər, ailələr, insanlar, birdən-birə yox olan sistemlər, diktatorlar və boşluq... Bu boşluqda nəyin ədəbiyyatını yaradacaqsan?
Bütün zəncirlərdən azad olmaq... Bu nə deməkdir? Təcrid olmaqmı? Bu təcrübə sadəcə siyasi sistemlərin dəyişməsiyləmi ortaya çıxır? Yoxsa başqa səbəblər var? Dəyişən həyat hekayələri? Amma zamanın divarı hər yerdə özünü hiss etdirir. Jonathan Franzen “Nə üçündür bu cəhdlər?” deyə hayqırarkən, tez inkişaf edən və dəyişən dünyanın qərb insanının yalnızlığı üzərindəki təsirini araşdırırdı. Qədimi görüşlərdən doğan anlaşılmazlıqlar indi tənhalığa və özünü cəmiyyətdən soyutmaqla aradan götürülür. Klassik cəmiyyət romanlarının mayası olan hadisələr, artıq çox normal bərabərliklər belə yadırğanıb, bütün bağlardan qurtulan insan dünya səthində daha da kiçilərək görünməz hala gəlib. Amma bütün bu mənfiliklərə rəğmən Yulya öz dünyasını zavallı rəssam Sabinanın dünyasına bənzətmək istəmir və belə yazır:
“Öz gələcəyimi qələmə almaq istədikdə Sabinanın sindromunu yaşamayacağam. Mən fatalizmi seçəcəyəm. Fatalizm əslində bir az da qismətlə razılaşmamaq deməkdir. Qismətdən geriyə qalan təcrübə insana kazino içində yaşamağı da öyrədir. Mən orada oynanan, arada bir özünəməxsus qaydaları olan ruleti sevirəm. İnsan zaman-zaman o kazinodakı masaların birinin daimi müştərisi olur və oradakı artıq dildən düşmüş insanların üzlərindəki çarəsizliyi və gözlərindəki işıltını anlaya bilir. Kiçik bir yaşantısı bizə qalsa da, işə yaramayan bir keşiş kimi uzaqdan da olsa, qədim təcrübələrimizi yenidən yaşamağa çalışırıq”.
Dəyişən xətlər, yıxılan sistemlər, dağılan həyatlar və kiçilən insanlar... Bu dalğınlıqda Yulya kimilərin olduğu kimi bizlərin də işi olduqca çətindir. Amma məncə, ədəbiyyat o qədər zəngindir ki, həyatın hər nöqtəsində mütləq qarşımıza çıxacaq və həyatda insanlar nə qədər kiçilirsə kiçilsin, onları anlatmağa davam edəcək. Bu anlatmada və axtarışda Ömər Xəyyam da bizləri tək buraxmır...

Xoruzlar hər səhər Gün doğan zaman,
Təlaşla banlaşır, məqsəd nə bundan?
Sübhü nişan verib deyirlər: “Eheyy,
Gedən keçib getdi, bəs sən hardasan?”
 
Orxan ARAS
Almaniyadan yazır
 
 



Bu yazı ( 419 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar