12px14px16px18px

Böyük Azərbaycan sevdalısı və əsl Türk aşiqi – Əhməd Şimide

Orxan ARAS

İTKİSİ SONSUZ KƏDƏR DOĞURSA DA, TÜRKLÜYƏ SEVGİSİ VƏ PARLAQ ƏMƏLLƏRİ HƏR ZAMAN QÜRUR HİSSİ OYADACAQ

01:24 / 08.01.2011
 
 
 
Dostum professor Çingiz Abdullayev Azərbaycandan zəng etdi. “Orxan bəy, Əhməd Şimide vəfat edib, xəbərin varmı?” – deyə soruşdu. Çingiz bəy, Əhməd Şimidenin Azərbaycan ədəbiyyatı, “Əli və Nino” romanı haqqında ona yazdığı məktubdan da bəhs etdi.
O zəng etdiyi sırada Berlində səhər saat səkkiziydi və havadan sanki buz yağırdı. Qulağıma tutduğum telefon əlimdə donmuş kimiydi. Soyuqdanmı, yoxsa aldığım soyuq xəbərdənmi, əlimi tərpədəmmirdim. Gözlərim Berlinin qar dolu küçələrinə daldı. Bizim dostumuz, Azərbaycanın dostu, Türk dilinin aşiqi o Qoca Çinar indi mənim durduğum bu küçələrdən də mütləq keçmiş və eynilə mənim kimi bu göy üzünə baxmışdı..
Buz kəsilən əlimi cibimə saldım və küçəyə yığılmış qarları əzə-əzə həyəcanla yeridim. On beş dəqiqə nə aradığımın fərqində olmadan, başıaşağı, düşüncələrə daldım. Sonra Əhməd Şimideni tanıyan bir neçə dosta zəng etdim. Onlar da xəbəri doğruladılar, Əhməd Şimide gerçəkdən vəfat etmişdi. Məni ən çox üzən isə onun tam iki ay öncə, onuncu ayın onunda vəfat etməsi və bizim bundan xəbərimizin olmamasıydı. Bu mövzuda Azərbaycan mətbuatında da bir xəbər oxumamışdım. Demək ki, bütün Azərbaycan bu vəfalı dostu, dilimizin məcnununu unutmuşdu! Ah vəfasızlıq, ah!
Sanıram, 1999-un dekabr ayıydı. Azərbaycan səfirliyi Almaniyadakı Azərbaycanla könül bağı olan 25-30 yazar və şairi səfirliyə dəvət etmişdi. Dəvətə böyük bir həyəcan və sevinclə qatılmışdım. Dəvətlilərin çoxu İran kökənli azərbaycanlılardı. Yeməkdən öncə sırayla hər kəs bir neçə kəlməylə Azərbaycanla olan əlaqəsini və duyğularını ortaya qoymağa çalışmışdı. Sıra mənə gəldiyində edilən duyğulu çıxışlardan olduqca təsirlənmiş bir ədayla tələbəlik illərimdən və bizim o illərdəki xəyalımızda yer almış Azərbaycandan bəhs etmiş və belə demişdim:
“Bir gün sol görüşlü bir tələbə arkadaş əlində bir qəzetlə yanımıza gəlmişdi. Sovetlər Birliyində yaşayan soydaşlarımızın, dindaşlarımızın artıq tamamən sovet kimliyini mənimsədiklərini və bizlərlə ortaq bağlarının qalmadığını söyləmiş və qəzetdəki bir xəbəri oxumuşdu. O gün fırtınaya tutulmuş kimi çaşqınlıq və ümidsizliklə ora-bura qaçmış, gecə boyu yatmamışdım. Ertəsi gün təsadüfən əlimə bir yazı keçmişdi. Yazarı Əhməd Şimide idi. O yazıda Azərbaycanın ən ünlü şairi Bəxtiyar Vahabzadədən yazır və bir şeirini oxucuya tanıdırdı. Şeirdə hayqıraraq anlatdığı vətənə aşiqlik, millətə bağlılıq duyğuları məni məndən almış, heç görmədiyim Azərbaycana uçurmuş və Dədə Qorqud nəfəsli şairin qarşısında diz çökdürmüşdü. Hələ şeirin bir misrasındakı Allaha yönəlik inanc və isbat könlümü fərəhləndirmişdi:
Atəş öz-özündən yanmır,
Yanırsa, yandıran var !
Heç nə öz-özündən yaranmır,
Yaranmışsa, Yaradan var!
Allahım, səni, o inancsızlığı dövlətinin təməli etmiş bir ölkədə bu qədər gözəl və igidcə tərənnüm edən insanın səsi necə mübarək bir səsdir!
O yazını və yazıdakı Bəxtiyar Vahabzadənin şeirini önümə keçən hər kəsə göstərir, “Baxın, yüz ildən bəri sömürülən, qətl edilən qardaşlarımız hələ kimliyini itirməmiş və igidcə, “Heç bir şeyin səbəbsiz olmadığını və yaradılmış bir şey varsa, Yaradanın da olduğunu hayqırırlar“   deyirdim. O günü mənə bir bayram günü kimi yaşadan bu yazının yazarı millətimizə aşiq bir almanmış. Mən hər o ümidsizlik anımı xatırladığımda, həm Bəxtiyar Vahabzadənin inanclı şeirini xatırlar, həm də o könüldaşımız Əhməd Şimideni sımsıcaq duyğularla yad edirəm“.
Çıxışım bitər-bitməz orta boylu, nazik bığlı, qısa saçlı, sarışın, 55-60 yaşlarında birisi yanıma gəldi və əlini uzatdı.
– Gözlərimi yaşartdınız, – dedi.
Sonra təklifsizcə qucaqladı.
– Mən Əhməd Şimideyəm, – dedi.
Elə sevinmişdim ki, anladammıram... Sanki qırx illik dostumu yenidən tapmış kimiydim. Həmən, qollarımı uzatdım, təkrar sarıldıq.
Bu, xalqımın dostu və mənim kimi mənim ana dilimdə danışan, “öz xalqımdan sonra ən çox hörmət bəslədiyim xalq“ deyərək türkə könlündə əbədi yer ayıran bu sevimli adama böyük bir sayğı və məhəbbət duyurdum.
Əhməd Şimide... Öz deyimiylə, ulu babası, Sultan Muradın komandanlığı altında Kosovada deyil, Prussiya kralı Frederikin komandanlığı altında Hohenfriedbergde döyüşən bir alman...
Amma Azərbaycan və Türkiyə sevdalısı... İllərcə Berlin Dövlət Prokurorluğunda türk dili tərcüməçiliyini etmiş. Başda Bəxtiyar Vahabzadə olmaqla, Azərbaycan ədəbiyyatından örnəkləri ən gözəl bir ədəbi dillə almancaya tərcümə edərək, xalqımızı almanlara tanıtmağa çalışmış. Dəfələrcə Azərbaycana getmiş, oranı öz vətəni kimi sevmiş. Dədə Qorqud, Molla Nəsrəddin kimi xəzinələrimizdən almanlara da daddırmış. Hətta nağıllarımızdan belə tərcümələr edərək alman balalarına öyrətmiş.
Dilimizi hansı səviyyədə bildiyini, baxın, özü necə anladır.
“Həyat yoldaşım türk – oxumuş, görüb-götürmüş və bilgi sahibi bir münəvvər türk xanımıdır. Evdə türkcə danışırıq. (Almancası gəlişməz deyə, bu üzdən mənə bəzən acıqlanar). Dilinizi bu qədər öyrənmişəm. Türkcə kəlmə xəzinəm, yoldaşımınkından çox daha zəngindir. Hələ tələffüzüm də məqbul, belə ki, ünsiyyət zamanı türk olmadığım anlaşılmaz. İyirmi beş sənədir hər gün bu dillə uğraşıram, ədəbiyyatına daldım. Türkiyə türkcəsi xaricindəki digər türkcələrlə də dərindən məşğul oldum. Onların da zəngin ədəbiyyatına baş vurdum, ədəbi tərcümələri kitab halında buraxdırdım, saysız məqalələr nəşr etdirdim. Bir şeylər yazarkən almanca yazıb sonra türkcəyə tərcümə etmirəm, birbaşa türkcə yazıram. Yuxularım belə, çox zaman türkcə olur. Bəzən yuxularımda türkcənin t – sini bilməyən anam, atam mənimlə türkcə danışırlar. Türkcəni tez öyrənə bilmək üçün özümü başlanğıcdan bəri türkcə düşünməyə alışdırmışdım. Adət oldu, çox zaman türkcə düşünürəm. Hələ hirsli anımda dilimə gələn “şirin ibarələr”in (söyüş) əksəriyyəti türkcə olur. Almanca bu baxımdan kasad, bu işin ədəbiyyatı onda heç yoxdur. Bütün bunlara rəğmən etiraf etmək zorundayam ki, türk dil sarayının bəzi qapıları mənə qapalı qalmışdır, daima da qapalı qalacaqdır. Açılammaz, çünki beşiyimin başında türkcə layla çalınmamış, türkcə nağıllar söylənilməmiş. Ulu babam, Sultan Muradın komandanlığı altında Kosovada deyil, Prussiya kralı Frederikin komandanlığı altında Hohenfriedbergde döyüşmüşdür. Bu səbəblə iki türk bir-iki söz atar, həmin an da anlayıb gülüşərlər, amma mən o dilə məxsus ahəngi anlayaraq dadammaram“.
Könül dostumuz Əhməd Şimide belə deyir. Amma o belə desə də, mən onun hər gülüşümüzdəki, ürək titrəyişimizdəki ahəngə, hər səssizliyimizdəki rəngə ortaq olduğunu bilirəm. Çünki onun könlündə də bizim könül dünyamızın duaları vardır.
 Onun səsi, onun sevgisi içimizdə, ədəbiyyat dünyamızda yaşayacaq və əks-səda verəcəkdir.
Mən tanımadığım Berlin küçələrində onunla dolu duyğularla gəzərkən yenidən qar yağmağa başlamışdı. Gözlərimlə sonsuz bəyazlıqların arasında bu dostun nurlu üzünü arayaraq, ölkəmizi, dilimizi və vəfamızı yenidən sorğulayırdım. Bizlər Əhməd Şimideləri unudacaq qədər vəfasız olammazdıq!
Orxan ARAS



Bu yazı ( 468 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar