12px14px16px18px

Urmiya can verir...

Orxan ARAS
00:29 / 15.09.2011
Tarixi təkərrür deyə tərif eləyirlər;
Heç ibrət alınsaydı, təkərrürmü edərdi?!
Mehmet Akif Ersoy


Urmiya gölü quruyur. Nədəni isə bizim Şərq insanının təbiət mövzusundakı laqeydliyi və arsızlığı.... İran məclisində belə laqeyd bir millət vəkili utanmadan qalxıb deyir: “Göl quruyursa, büdcədən pul ayırıb gölün ətrafındakı insanları başqa yerlərə köç etdirək”.
Məsuliyyəti görürsünüzmü? Millətin vəkili çözümü xalqının köç edilməsində görür.
İnsan sormadan durammır. Ay adam, tutaq ki, insanları köç etdirdin, bəs minlərcə quşu, böcəyi, heyvanı nə edəcəksən? Onların canlarının bədəlini necə ödəyəcəksən? Minlərcə çeşid bitkinin yox olmasına necə seyirçi qalacaqsan? Günah deyilmi?
Bu məsuliyyətsiz düşüncə nəticəsində Türkiyənin Van şəhərinə 147 kilometr yaxınlıqdakı Urmiyanın yüzdə altmışı zatən qurudulmuş.
Heç kim Milli Şair Mehmed Akifin dediyi kimi tarixdən dərs almır. Heç kim bir gölün quruması ilə o çevrədəki hər şeyin yox olub gedəcəyini hesaba almır. Hətta sadəcə, o çevrənin deyil, qonşu ölkələrin belə bu fəlakətdən yara alacaqlarını ağlına belə gətirmir. Müsəlman xalqların durumunun ən gözəl örnəyi bu korluq deyilmi? Hansı ki, bu zehniyyət davamlı Avropanı pisləyir... O pislədikləri Avropada bir qarış yerə bir litr neft tökün də baxın nələr olur... Həmin an məhkəməyə çıxarılıb, minlərcə avro cəza ödəmək məcburiyyətində qalarsınız. Bir bu zehniyyətə baxın, bir də ağzından vətən, millət sözü əskik olmayan müsəlman xalqların təmsilçilərinə!... Hansı daha vətənsevərdir, sizcə?
Sovetlər Birliyi şüursuz və ya şüurlu olaraq Türkistanın ortasındakı Aral gölünü qurutdu. Sovetlərin gözüdoymaz mütəxəssisləri Aralı bəsləyən Amu-Dərya və Sır-Dərya çaylarının yönlərini dəyişdirdilər və daha çox pambıq becərilsin deyə Aralı çölə çevirdilər.
Nəticədə tarixin ən böyük çevrə fəlakəti yaşandı: gölün duzlu qumları minlərcə kilometrlik bölgəni yaşanmaz hala gətirdi. O çevrədə yaşayan heyvanlar yox oldu, insanların kənd və şəhərləri qumlar altında qaldı. Mütəxəssislərə görə Aral gölü çevrəsindən hər il küləklə birlikdə uçan təxminən 100 milyon ton duzlu qum tozları da bölgəni böyük bir çevrə fəlakətiylə qarşı qarşıya qoydu.
Qazaxıstan və Özbəkistanda 2 milyona yaxın əhalinin yaşadığı Aral gölü hövzəsindəki çevrə fəlakətiylə xalq arasında çeşidli xəstəliklər yayıldı, uşaq ölümlərinin sayı artdı.
1960-cı illərdə Aral gölünün sahilindəki balıqçı qəsəbəsi Moynakda əkin ərazilərinin böyük nisbətdə duzlanması və gölün sahilinin yüzlərcə kilometr geri çəkilməsi üzündən əkinçilik və balıqçılık zərər gördü, xalqın böyük əksəriyyəti ölkənin digər bölgələrinə köç etdi.
İndi bütün bunlardan dərs alınmadan eyni əməliyyat Urmiya gölündə gerçəkləşdirilir və minlərcə quşun, böcəyin, çiçəyin, körpənin günahı umursanmadan göl qurudulmağa məhkum olunur.
Gölün çevrəsinə suyun axışını əngəlləyən tam 30 ədəd anbar qurulur. Dağlardan axıb gələn və Urmiyanın can damarı olan çayların önü kəsilir.
Mütəxəssislər gölün yüzdə altmışının buxarlanmasına səbəb olan anbarların qurulmasını və Urmiya-Təbriz şəhərləri arasında inşa edilən yolun Urmiya gölü içində su axışını azaltdığını iddia edirlər.
İran parlamenti Urmiya gölünün qurumasını önləmək üçün Araz çayından su köçürmək və fond təsisi kimi iki təcili təklifin təsdiqinə qarşı çıxır.
Allahdan Urmiyada, Təbrizdə həssas və igid insanlar sayəsində Urmiyanın səsi dünyaya yayılır. Ürəyində azacıq insan sevgisi, təbiət sevgisi, vətən sevgisi qalan heç bir insan bu axmaqlığa izləyici qalammaz və qalmamalıdır. Hər yerdən Urmiyanın səsi olaraq təpkimizi ortaya qoymalı və bu laqeydliyə etiraz etməliyik.
Düşmən torpağımıza ayaq basdığında necə içimiz yanırsa, öz əllərimizlə yaxıb-yıxdığımız, yox etdiyimiz vətən torpaqlarına da canımız yanmalıdır. Ölkədəki bir dağın, bir meşənin, bir gölün yox edilməsi vücudumuzdakı bir orqanın yox edilməsi kimidir. İnsanını, torpağını önəmsəməyən xalq əsla mədəni xalq ola bilməz.

Orxan ARAS
Almaniyadan yazır
[email protected]



Bu yazı ( 675 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar