12px14px16px18px

Səssiz fəryadların şairi – Yəhya Azəroğlu

Orxan ARAS
01:36 / 06.08.2010


Uzun zamandan bəridir ki, Azəroğlunu tanıyıram. Doğrusu, bu sətirləri yazarkən bir müddət ara verib onu nə vaxtdan bəri tanıdığımı düşündüm. Azəroğluyla tanış olduğum günü unutmaq mümkün deyil. Çünki onunla faciələrin çox olduğu bir dövrdə tanış olmuşam. Ərzurum Müəllimlər İnstitutunda oxuyurdum. On altı, on yeddi yaş arasındaydım. Təbii ki, beynim dərsdən çox siyasətlə dolu idi. O dövrlərdə hansı gənc siyasətlə maraqlanmırdı ki? Hər kəs bir cəbhənin üzvüydü sanki. Bəlkə də cəbhələrin o dəliqanlılardan xəbəri belə yox idi. Amma yenə də hərə özünü bir yerə aid olaraq görürdü. Mən də Turqutluya gedər-getməz orada aid olduğum cəbhəyə atılmış və eyni gündə iki gəncin ölümü ilə qarşılaşmışdım.
Məktəb tətillərində İqdıra, ordan da Turqutluya getmişdim. Sənaye cəhətdən İqdırdan daha üstün olan Manisa mahalına getmək haradan ağlıma gəlmişdi, bilmirəm. İqdırda pambığın, şəkər çuğundurunun azlığı ucbatından hər iqdırlı yolunu qürbətdən salmalı olurdu. Turqutlu da bu baxımdan bir çox iqdırlını özünə cəlb etmişdi. Mənə yaxın olan insanlardan orada yaşayanı var idi. Kasıb idilər, ikiotaqlı balaca daxmada yaşayırdılar. Bizim xalqımız geniş ürəyə sahib olduğundan evin darlığı onları o qədər də narahat etmirdi. O iki otaqdan birində mənim üçün də kiçik bir yer salınmışdı. Bir-iki gündən sonra həmin məhlədə yaşayan Yəhya Azəroğlu ilə tanış oldum. O da çox gənc və olduqca davakardır. Həmin vaxtlarda Yəhya Azəroğluna tanış olan iki gənci vurmuşdular. Gənclərin cənazələri Turqutlu xəstəxanasındaydı və onları tanıyanlar xəstəxananın qarşısına sıra ilə düzülmüşdülər. Azəroğlu ilə birlikdə xəstəxanaya getdik. Axşama qədər orada gözlədik, sonra gecə növbəsinin mühafizə xidmətinə orada qalmaq istədiyimi söylədim. Oradakı gənclər istəyimi qəbul etsələr də Azəroğlu buna etiraz etdi. Orada yaşayan əksfikirli insanları tanımadığımı və elə bu səbəbdən də orada qalmayacağımı bildirdi və məni evə getməyə məcbur etdi.
O gecə həmin əksfikirli insanlar xəstəxana qarşısında keşik tutan gəncləri silah atəşinə tutmuşdular və torpaq yenə də bir neçə gəncin cücərtisinə qərq olmuşdu. Orada qalsaydım bəlkə də ölənlərdən biri də mən olacaqdım. Azəroğlunun hədsiz diqqəti və israrı həyatımı qurtarmışdı.
Təbii ki, bu sətirləri Azəroğlu ilə sadəcə Turqutluda dostluq etdiyim və eyni fikirləri paylaşdığım üçün yazmıram. Bunları yazmağımın səbəbi onunla həm dost olmağım, həm də onun gözəl şair olmasıdır. İndiyə qədər altı şeirlər kitabı çıxan Azəroğlu milli dəyərlərimizi, Azərbaycanı, həsrəti, qürbəti tərənnüm edən misralarıyla, bəzən coşan, bəzən də ağlayan bir şairdir.
Qəlbi sevgiylə döyünən bir aşiqə həsr olunan bu misralar nə qədər sadə və axıcıdır deyilmi?

Yanağın elmadır, dudağın kiraz
Bu nasıl işvedir, bu ne biçim naz?
Yeşil gözlerinle bana bak biraz
Uyan benim yeşil gözlü sevgilim
Bal dudaklı, şirin sözlü sevgilim!

Azəroğlu təkcə vətən, millət və sevgi mövzusunda şeirlər yazmayıb. O yaşadığı cəmiyyətin ağrı-acılarını da yazdığı şeirlərdə ifadə edib. İlk nəşr olunan kitabının adını “Səssiz fəryadlar” qoymaqla o, imkansızlıqlar və çətinliklər qarşısında həm gülümsəyərək, həm də səssiz fəryadla içindəki yanğını aləmə hayqıraraq ədalətsizliklərə, yalanlara qarşı üsyan bayrağı qaldırdığını bir daha sübut edib.

Sessiz çığlıkların dalğalarında
Kıvrım, kıvrım akıp duruyorum ben
Azap zincirinin halkalarında
Sonsuzluğa doğru yürüyorum ben.

Tufanlar koparır içimde nale
Dalıyor gözlerim sırlı hayale
Sessiz çığlıkları sarınca jale
Huzuru orada arıyorum ben.

Sessiz çığlıkların gizemli ağı
Bize hatırlatır en son durağı
Çınardan sararıp düşen yaprağı
Görünce mum gibi eriyorum ben.

Sessiz çığlıkların hazanlarını
Yaşadıkça gördüm yaz aylarını
Vatanın kükreyen ozanlarını
Andıkca murada eriyorum ben.

Bu sessiz çığlıkla Azeroğlu’nu
Uyardı gösterdi ülkü yolunu
Yurdumun kırmızı, beyaz gülünü
Hasretle koklayıp deriyorum ben.

Atəşlərə qərq olmuş bir ürəklə küçələri dolaşmaq və hər dəfəsində dost kimi görünən düşmən baxışlarının nəzərlərindən yayınmaq necə ağır bir yükdür bunu Azəroğlundan soruşmaq lazımdır. Çünki bu “səssiz qışqırıqların, səssiz fəryadların” şairi bütün bu ağrı-acıları yaşamışdır.
Azəroğlu şair olmaqla yanaşı, həm də qayğıkeş bir atadır. Oğlunu əsgərliyə göndərərkən yazdığı şeiri nəsihət kimi oğlunun “qulaqlarına sırqa etmişdir”. Onun öyüd-nəsihəti necə də saf və dyğuludur:

Bu gün asker oldun güzel vatana
Sakın ha nöbette uyuma, oğlum!
Hürmet et toprakta şehit atana
Sakın ha geç kalma sayıma, oğlum!

Əziz dostum Azəroğlunu hər dəfə İqdıra gedəndə böyük bir həsrətlə axtarıb tapıram. Bir dəfə onu tapmaq üçün yaşadığını düşündüyüm kəndin telefon kitabçasını qarşıma qoyub onu tanıyan bir nəfəri tapana qədər iyirmidən çox insanla danışmışdım. Sonda onun atasını tanıyan yaşlı bir adam – “atası çox gözəl insan, görkəmli alimdi, Azəroğlu da ona oxşayıb” demiş və mənə qaldıqları kəndin adını söyləmişdi. Şübhəsiz ki, hər gözəl insan, hər duyğulu insan şair ola bilməz. Amma dəyərli dostum Azəroğlu mənim aləmimdə çox gözəl şairdir və əminliklə deyə bilərəm ki, əziz dostum boş durmayacaq, gələcək günlərdə çox gözəl və mənalı şeirlərə imza atacaq.
Orxan ARAS Almaniyadan yazı[email protected]




Bu yazı ( 591 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar