12px14px16px18px

Naxçıvana gedəydik

Orxan ARAS
01:03 / 03.07.2010



“Naxçıvandan keçəydik,
Ordubada gedəydik,
Xan çinarın altında,
Oturub dincələydik”.
Ömrümdə bircə dəfə Naxçıvana getmişəm. Keçmişdə Azərbaycanın adı çəkiləndə, o dəqiqə ağlımıza Naxçıvan gələrdi. Türkiyə sərhədlərinə qədər qırılmaz bir bağ kimi uzanmış bu tarixi vətən parçası iqdırlıların dilində bir həsrət yuvasına çevrilmişdi.
Yaşlı nəsil həsrətlə Culfadan, Ordubaddan, Şərurdan, Sədərəkdən bəhs edirdi. Kiminin bacısı, kiminin əmisi, kiminin də bütünlüklə ailəsi orada qalmışdı. Əl uzatdığımız yerlər bizdən olduqca uzaq idi.
O həsrətlərə, o dualara, o göz yaşlarına dünyanın ən möhkəm sərhədləri tab gətirməyib dağıldı. Qapılar açıldı, yollar genişləndi, dostluqlar artdı, gözyaşları bir az da olsun dindi. Lakin oranın həsrətini çəkən Hacı Hüseynlər, Kalba Mirzələr dünyalarını dəyişdilər, bu yaxınlığı, bu birliyi görüb doyunca gülə bilmədilər.
Amma bütün bunlara baxmayaraq, onların dillərindəki, qəlblərindəki həsrətləri biz diyardan-diyara daşıdıq. Yüksək Qapıcıq, Kükü dağlarını görməsək də, o dağların zirvələrini bir qürur vəsiləsi olaraq qəlbimizdə yaşatdıq. Gəmiqaya adı çəkilincə nəhəng Nuhu, onun tufanını və naxçıvanlıların qabarmış qəlblərini düşündük.
Bir il əvvəl ilk dəfə olaraq Naxçıvana getdim. Naxçıvanın qürur duyduğu insanlardan biri olan və dünyanın hər nöqtəsində Naxçıvanı ən gözəl şəkildə təmsil edən professor İsa Həbibbəyli ilə görüşdüm. Gənc elm adamı Hikmət Mehdi, Elbrus İsayev və digər qardaşlarla gəzdik, bol-bol söhbət etdik. Onların yurdlarına hədsiz dərəcədə bağlı olduqlarına bir daha əmin oldum. Tam olaraq Avropa ölkələrinə bənzəyən Naxçıvan təmizliyi və müasirliyi ilə doğrusu məni heyran etdi. Deməli, yüksək səy nəticəsində hər şeyə nail olmaq olarmış. Şəhərə girər-girməz Dədə-Qorqud və Koroğlunun heykəlləri adamı başqa bir aləmə aparırdı. İnsan o ab-hava içərisində özünü Boğac xanla, Beyrəklə birlikdəymiş kimi hiss edirdi. Bəlkə də elə bu səbəbdəndir ki, ermənilər Azərbaycanın ən zəif dövründə belə Naxçıvana heç nə edə bilməmişdilər. Qəhrəmanlıq duyğuları ilə yanaşı orada çox fərqli, hüznlü hisslər bürüyürdü insanı. Sanki Hüseyn Cavidin və onun bəxtsiz oğlu Ərtuğrulun ruhu yanımda, ürəyimdəymiş kimi təsviredilməz bir qüssəylə dolaşıb gəzdim küçələri. Almaniyada aylıq nəşr olunan “Baxış” qəzetinin bu dəfəki nömrəsində Naxçıvana xüsusi yer ayırdıq və Möminə Xatun türbəsindən bəhs etdik. Qəzeti izləyən almanlar və Türkiyə türkləri sadəcə abidənin gözəlliyinə deyil, eyni zamanda Məhəmməd Cahan Pəhləvanın xanımı Möminə Xatuna sevgisinə də heyran oldular. Alman sənət tarixçiləri də bu böyük əsərə biganə qalmırlar. Məşhur alman şərqşünası Ernst Dits “Türk sənət tarixi” adlı böyük əsərində Möminə Xatun türbəsinin bütün türk arxitekturasına nümunə olaraq göstərilə biləcəyini yazmışdı.
Bütün bunlar hardan ağlıma gəldi? Hollandiyanın hər şəhərində Azərbaycanı tanıtmağa çalışan Lena adlı bir xanım təmsilçimiz var. Hollandiyada keçirilən toplantılarda həm bizim dildə, həm də holland dilində bu xanımın bizim taleyüklü problemlərimiz barədə çıxışının şahidi olmuşam. Lena xanım mənə Naxçıvanın həsrətindən bəhs edən uzun bir şeir göndərib. O şeiri oxuyarkən həm Naxçıvana, həm də İqdıra olan həsrətim ürəyimdə böyüyüb nəhəng bir dağa çevrildi.
Böyüdük və yurdumuzdan ayrılıb başqa diyarlara köç etdik. Bunu niyə etdik? Doğrusu heç kim bu suala cavab tapa bilmir. Bu qəfil köçlərin, bu ayrılıqların mütləq psixoloji və sosioloji səbəbləri var və bu səbəblər araşdırılmalıdır. Amma hara getsək də, o yerlərin həsrətini qəlbimizdə daşıdıq. Kaş ki, həsrət tezliklə bitəydi. Və bir daha Naxçıvana gedə biləydik!
Orxan ARAS




Bu yazı ( 770 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar