12px14px16px18px

Şair qardaşımız

Orxan ARAS
10:08 / 01.09.2010
 
 
 
 
O, çox gözəl yazıçı olmağı ilə yanaşı, həm də çox gözəl şairdir. Amma yazılarında, şeirlərində həmişə nədənsə şikayətlənir. Ən əsası da özündən... Nədənsə, bu həyat onu heç cür razı sala bilmir, zəmanəylə barışmır ki, barışmır. Sürəkli həyatdan küsür, dostlardan küsür, doğma Azərbaycanından küsür, dünya gözəli İstanbuldan küsür və ən sonda da bu küskünlük özünə ünvanlanır.
Bir neçə qəzetdə maraqlı məqalələrlə çıxış edir. Türkiyənin yazar və şairlərini Azərbaycanda layiqincə tanıdır. Hərçənd bəzilərinə elə gəlir ki, bu böyük şəxsiyyət yazılarında sözlərin qol-qanadını sındıraraq qarışıqlığa yol verir. Amma mən belə deməzdim, o, yazılarını, şeirlərini o böyük ürəklə öz ürəyi ilə yazır. Onun sözləri niyə əzib-büzməsininin səbəbini də yaxşı bilirəm mən. Bütün bunlar həyatla ayaqlaşa bilmədiyi üçün yaranır.
Həmişə həyatın çətinlikləri gəlib onu tapdığı zaman qorxub, hürküb, baş götürüb qaçmağa yer axtarıb. Hətta qorxuları və hər şeydən bezib-usanması onu elə bir vəziyyətə salıb ki, sanki bütün bu çətinliklərə görə atası məsuliyyət daşıyırmış kimi gedib onun yaxasından yapışıb, qorxularını, peşmanlıqlarını, çətinliklərini ona danışmağa çalışıb. Sonra şair ürəyi bütün bu çətinlikləri üstələyib və o, ömrü boyu ata yanğısı ilə şeirlər, məqalələr qələmə alıb.
Bu yaxınlarda iki qəzetdə çıxan “Oğluma” başlıqlı yazısına rast gəldim. Adından oğluna həsr olunduğu məlum olan bu yazıda əslində, ata məhəbbətindən, ata yanğısından bəhs edilir.
Ağrı-acılar, çətinliklər insanın ruhunda dərin izlər buraxır. Amma peşmanlıqlar bu cür izlərdən xalidir. Peşmanlıq heç bir iz buraxmadan insan həyatına müəyyən istiqamət verir. Və beləliklə insan yenidən peşman olmamaq üçün həyatında müəyyən dəyişikliklər edir.
Gənc vaxtlarında çəkdiyi peşmançılıq onun da həyatına bir yön, bir istiqamət verib təbii ki. Və bu gün belə lirik, belə mənalı yazılar, şeirlər yazmasında bəlkə də həmin o peşmançılığın böyük rolu var.
Bütün bunları nə vaxtsa atasına qəzəblənmişdi deyə yazdım. Amma o, atasını, Azərbaycanın ən ucqar kəndlərinin birində yaşayan yoxsul, çoxuşaqlı Məhərrəm kişini o qədər ürəkdən sevdi ki, şeirlərində də həmin o ata sevgisindən qaynaqlanan hisslər özünü büruzə verdi və o, şeirlərində ata məhəbbətini əbədiləşdirdi.
 
“Sənsiz bu illərə alışıram mən,
Bu elə ən böyük günah deyilmi?
Sənsiz bu dünyada yaşayıram mən,
Özümə günahkar oğul deyimmi?
 
Atasına layiq olmamaq, atasını olduğu kimi sevməmək, atasına özünü isbat etməyi bacarmamaq, hətta Kafka kimi atasından qorxmaq, nifrət etmək nə qədər gəncin taleyinə yazılıb, əcaba? Hər birimiz ürəyimizin kiçik bir köşəsində ata acısı, ata yanğısı, ata peşmançılığı hiss edirik.
Türkiyənin məşhur bir sənətçisinə televiziya verilişlərinin birində – “Həyatda ən çox nəyi arzulayırsınız?” deyə sual verilir. Həmin sənətçinin özünü saxlaya bilməyərək göz yaşları içində “Atamın bu günlərimi görməsini çox istərdim” cavabını verməsi də hər ürəkdə belə bir duyğunun yaşadığını göstərməsi baxımından ibrətamizdir.
O, çox gözəl yazar, çox gözəl şair olmaqla yanaşı, özünün də mövcud və daxil olduğu cəmiyyətin yüksək səviyyədə araşdırmağı bacaran bacarıqlı bir tədqiqatçıdır. Cəmiyyətin ziddiyyətlərini, səhvlərini, kosmopolitliyini bəzən ağrıyla, bəzən də hirs-hikkəylə yazılarında, söhbətlərində yazıb dilə gətirir. Amma onun qəzəbləndiyi, günahlandırdığı cəmiyyəti yaradan xalqı da qarşılıqsız və bənzərsiz bir sevgi ilə sevdiyini dəqiq bilirəm.
Bu yaxınlarda ona Azərbaycanın Əməkdar mədəniyyət işçisi adı verildiyini eşitdim. Təbrik etdim, zarafatlaşdıq. “Bu əməkdar mədəniyyət işçisi adı çox görkəmli səslənir, artıq sizinlə oturub-durmaq da hamının nəsibi olmayacaq yəqin ki” dedim, güldük. Amma zarafat bir yana, Azərbaycanda bu ada layiq görülməyə layiq olan insandır, o. Çünki hətta uzaqdan-uzağa Azərbaycan mədəniyyətini izləyən insanların əksəriyyəti onun yazılarını oxuyaraq məlumat əldə edirlər.
Yazının əvvəlindən bəri adını yazmadığım, amma qısaca tərif etməyə çalışdığım insan mənim əziz dostum və Azərbaycanda hər kəsin “abi” deyə çağırdığı yazar, şair, jurnalist Tofiq Abdindir. O yeni yaşa addım atarkən onun yazıları, şeirləri hissə-hissə xəyalımdan ötüb keçdi və onun dəyərini yenidən dərk etdim. Təbii ki, onun bütün həyatını, elədiklərini bir məqaləyə sığışdırmaq mümkün deyil. Amma bunu xüsusilə vurğulamalıyam ki, Tofiq abi həm Türkiyə, həm də Azərbaycan türklərinə gərəkli bir insandır. Bizlər onun şeirlərini oxuduqca qorxularından, ümidlərindən, ağrı-acılarından, sevinclərindən xəbərdar olacağıq. Onun yazılarını oxuduqca cəmiyyətimizin yanlışlıqlarına qəzəblənəcək, müvəffəqiyyətlərinə sevinəcəyik.
Gözəl azəri türkcəmizdə deyildiyi kimi “Ad günün mübarək, abi!”
Orxan ARAS
 



Bu yazı ( 727 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar