12px14px16px18px

“Qardaş, mən İzmirdəyəm!..”

Orxan ARAS
02:47 / 17.07.2010
 
 
Oskar Wild-ın belə bir məşhur deyimi var – “Vətən – bir neçə dost deməkdir”. Həqiqətən də belədir. Vətən hissi izahedilməz olduğu kimi, dostların da həyatda özünəməxsus yeri olur. Hansı şəhərə getsəm, öncə dostlarım yadıma düşür. 2008-ci ilin iyul ayında İzmirə getmişdim. Səfər zamanı dostlarımdan ilk yadıma düşəni İrfan Murad Yıldırım oldu. İzmir avtobuslarının son dayanacağına çatar-çatmaz Murad bəyə zəng vurdum.
– Qardaş, mən İzmirdəyəm, – dedim.
– Bu dəqiqə gəlirəm, – dedi.
Çox keçmədən onu qarşımda gördüm, qucaqlaşdıq. Əslində İzmirdə deyil, Manisa şəhərində yaşayırdı və orada Cəlal Bayar Universitetində təhsil verirdi.
“İzmirə yolun düşərsə, mütləq xəbər ver” – demişdi mənə. Yaşımızın eyni olmasıyla yanaşı, həm də həmyerliydik. Hətta xanımı tərəfdən qohum idik... Murad bəyin xanımı mənim əmim qızı idi. Birlikdə hər kəsin ziyarət etdiyi və gəzdiyi Kordon boyuna getdik. Dəniz sahilində oturub uzun-uzun söhbət etdik. Nələrdən danışmadıq ki... Bizə uşaqlığımızın kövrək qoxusunu xatırladan İqdırdan, vətənimiz Azərbaycandan, tanışlardan və kitablardan, kitablardan...
Həmin il mənim “Son cənnət” romanım işıq üzü görmüşdü. O kitabı İrfan bəyə göndərmişdim. İşlərinin çox olmasına baxmayaraq, qısa bir müddət ərzində həmin romanı oxumuş və bir ədəbiyyat müəllimi kimi mənə şirnikləndirici sözlər söyləmişdi.
Dərdlərimiz, qayğılarımız, ümidlərimiz, xəyallarımız və hədəflərimiz də eyni idi sanki. Aramızda uzaq məsafələr olsa da, ölkəmizi və xalqımızı təqib edən çətinliklərdən uzaq və xəbərsiz də deyildik.
Bəlkə də yanılıram, amma mənə elə gəlir ki, 70-90-cı illərin gənc nəsli məmləkət, millət mövzusunda daha həssas və dərin düşüncəyə malik idi. Kompüterlərin, internet şəbəkələrinin olmadığı keçmiş dövrlərdə insanlar çoxlu kitab oxuyur və kitabxanalardan geniş şəkildə istifadə edirdilər. İndi hamının əlində dizüstü kompyuter gördüyümüz halda, keçmiş dövrlərdə hər tələbənin qoltuğunda yalnız kitab görmək mümkün idi. Həmin o kitablara böyük ümid bəslənərdi. Hər kəs ölkəni düşmənlərin əlindən necə xilas edəcəyini şəxsi və ideoloji fikirlərinə görə izah edər və həmin kitablar vasitəsilə bizləri də buna inandırmaq istəyərdi. Çoxuna inanmasaq da, ciddi-ciddi oxuyardıq. Oxuduqlarımızdan geniş məlumat əldə edə bilməsək də, qələmə alınan fikirlər xalqımız və ölkəmizin dərdinə daha həssas yanaşmağa sövq edirdi bizləri. İrfan Murad bəylə xeyli ədəbiyyat haqqında söhbətləşsək də, dönüb-dolaşıb, yenə sözü ölkəmizin, millətimizin üzərinə gətirir, gördüyümüz işlərlə vətənimizə nə dərəcədə yararlı ola biləcəyimizi müzakirə edirdik.
İrfan Murad bəy öz gücü bahasına inkişaf edən və yüksək biliyə malik olan insanlarımızdan biridir. Türkiyənin ən ucqar nöqtəsindən gəlib böyük şəhərləri ziyarət etmək və orada məlumat toplayaraq hər şeyə nail olmaq o qədər də asan iş deyil. Amma o, bunu bacarmışdı. 1984-cü ildə Atatürk Universitetini bitirib, 1984-1996-cı illər arasında isə Ege Universitetində türk dili müəllimi kimi fəaliyyət göstərmişdi. Sonralar Polşada Varşava Universitetinin Şərqşünaslıq fakültəsində dərs demiş, ardınca da Cəlal Bayar Universitetində türk dili və ədəbiyyatı bölümü, çağdaş türk dilləri və ədəbiyyatları şöbəsinin sədri olmuşdur.
Bizdə vəzifə başında olan insanların bəziləri vaxt məhdudluğundan böyük əsərlərə imza atmağa o qədər də önəm vermirlər. Amma İrfan Murad bəy həm bir-birindən maraqlı kitablara, həm də davamlı araşdırmalar nəticəsində bir çox elmi məqalələrə imza atmışdır. Onun, eyni zamanda dostlarının geniş səyləri nəticəsində Məhəmməd Əmin Rəsulzadənin toz içində itib-batan “Azərbaycan Cümhuriyyəti”, “İran türkləri” kimi məqalələri şərhlər və düzəlişlərlə kitab halına gətirilmiş və Azərbaycan üçün önəmli bir dövrə işıq salmışdır.
XX əsrin tanınmış aydınlarından biri olan Ömər Faiq Nemanzadənin xatirələri də İrfan Murad bəyin və onun dostlarının səyi nəticəsində nəşr edilmiş və oxucuların ixtiyarına verilmişdir.
Əziz dostum Murad bəy Azərbaycanın ölməz şairi Məhəmmədhüseyn Şəhriyarın “Yalan dünya” şeiri haqqında da həcmli bir məqalə nəşr etdirmişdir. Həmin məqaləni oxuyarkən yadıma İzmir, o qısa zaman kəsiyində etdiyimiz maraqlı və həyəcanlı söhbətlər düşdü, qürbət acısının və dünyanın müvəqqəti olduğuna bir daha əmin oldum. Sanki anidən ürəyimə hüzn çökdü, dilimdən isə ölməz ustadımızın ölməz misraları töküldü:
Yaman qurğu, yığılaydın,
Tufanlarda boğulaydın!
Nolaydı bir dağılaydın,
Bizi dərdə salan dünya!..
Orxan ARAS Almaniyadan yazır [email protected]



Bu yazı ( 582 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar