12px14px16px18px

Gəl, tərk edək bu şəhəri!

Orxan ARAS
13:22 / 06.02.2010
Dünən səni başıaşağı gedərkən gördüm. Kədərliydin, dərdliydin, sanki yasdaydın! Sanki burda deyildin, buralı deyildin! Sanki yuxulu-yuxulu bir xəyalın dalınca gerçəyi gəzirdin!
Qar yağırdı, əhəmiyyət vermirdin. Külək əsirdi, fikir vermirdin. Ayaqların çalalara düşür, corabın, şalvarının balağı islanırdı, hiss eləmirdin!
Tənha idin!
Bəlkə yaralı idin! Bəlkə də ürəyindəki yaranın qaysağı qoparılmışdı, bilmirəm. Həyatdan küskünlüyün isə hər halından bəlliydi. 
Səni belə görəndə yadıma ispan şairi Qustav Adolfo Bekquerin misraları düşdü:
Kim oturur yastığımın yanında
Qızdırmadan alışıb yananda?
Kim?
Heç Kim!
Heç kiminin olmadığını bildiyim üçün dalınca gəldim. Sənin bir kimsən olmaq üçün izlədim, sənə baxdım, yollarına düşdüm, sənin əlindən tutmaq, gözlərinə baxmaq, sənə içimdə yanan atəşə baxmayaraq sərin-sərin gülümsəmək istədim.
Amma sən oralı deyildin!
Heç buralı da deyildin!
Yeriyirdin. Qara, fırtınaya baxmadan yeriyirdin. Corabın, şalvarının balaqları islanmışdı, yeriyirdin!
Hərəkətlərin yaşına görə deyildi, ağır adam təsiri bağışlayırdın.
Qollarını irəli, geri yelləməyində belə bir ağır taxtalılıq, bir ağsaqqallıq vardı. Bir ara dayandın, göy üzünə baxdın. Qapqara buludlarla örtülmuş göy üzündə nə axtarırdın, bilmirəm. Amma dərindən ah çəkməyin qəlbimi üzdü. Bir an, bir saniyə olsa belə mənə tərəf çevrilməyini və məni görməyini o qələr arzuladım ki... Bəlkə gözlərimlə, gülüşlərimlə sənə təskinlik verərdim. Bəlkə içində daşıdığın kədərə ortaq olardım. Bəlkə də bir xəlvət küncə çəkilib birlikdə göz yaşı tökərdik, elə deyilmi?
Tənhalıq idimi dərdin, yoxsa eşqmi? Eh, bilmirəm!
Bir dost əli arayanda
Tükənib getməzdən öncə
Kim əl uzadar mənə titrəyən əlləriylə?
– deyə elə bil halın vardı ki, yandırırdı məni!
“Mən əl uzadıram” demək istədim sənə. Amma deyə bilmədim. Ürəyim sıxıldı, bütün bədənim titrədi və səsim içimdə boğuldu, deyə bilmədim! Bilmirəm, bəlkə də dedim, sən eşitmədin. Bəlkə də, dedim səsimi küləklər apardı, sənə çatmadı.
Baxmadın mənə. Qara, fırtınaya baxmadan yeridin getdin. Yanındakı cökə ağacını belə görmədin, getdin. Bəlkə baxsan da, məni görməyəcəkdin. Çünki baxışlarında qəribə bir yadlıq vardı. Bu baxışları mən hardansa tanıyırdım. Bəli, bəli, bu eşq baxışları idi, gənc dostum!
Kölgəli, dumanlı və bulanıq... Bilirəm, populyar söz ustaları bu baxışlara “eşqin gözü kordur” mənasında korluq deyirlər. Amma Mühiddin Ərəbi bu baxışlar haqqında “aşiqin gözü sevgilisinin varlığı ilə görür” deyib.
Kim göz yaşları tökər ardımca mənim?
Kim dua pıçıldar ardımca, gedincə?
Bəlkə də heç kim! Bəlkə də mən, bəlkə də bir başqası... 
Amma bunlara fikir vermə, dostum!
Yadındadırmı, mənə bir gün utana-utana eşq barədə düşündüklərini söyləmişdin. Vəfa, sədaqət, əmək, bağlılıq, dəyər... Əvvəllər belə deyildin. Bunları səndən eşidəndə o qədər sevinmişdim ki, təssəvvür etməzsən... Qərbin beşiyində doğulub-böyüyən sən, Qərbin məktəblərində onların mədəniyyətləri ilə təhsil görən sən, fərqində olmadan ruhunu, beynini bizim dəyərlərin gözəllikləri ilə doldurmuşdun! Mənə bir az maraqla, bir az da məlumatı olan adam kimi “aşiq olmaq adam olmaqmış” demişdin. Sənə “həm elədir, həm də aşiq olmaq mənindən çıxmaqdır” demiş, Yunus Əmrəmizdən bir bənd oxumuşdum:
 
Al, gider benden benliği
Doldur içime senliği
Bu dünyada öldür beni
Varıp anda ölmeyeyim!
 
Bu şeiri çox sevmişdin. O an əzbərləmişdin. Sonra da “ölümlə eşq necə yan-yana dura bilir” soruşmuşdun. Sənə Yunus Əmrədən bir bənd də oxumuşdum:
 
Hep aşıklar derde düştü
Yandı ciğerleri pişti
Gönüller gözünü açtı
Ölüler dirildi yine!
 
“Anladım” demişdin. “Gerçək eşq insanı dirildir!” söyləmişdin.
Yad küçələrin hər daşı sənə mütləq bir eşq sözü pıçıldayırdı, bilirəm. Eşqin səni köləyə çevirməyəcəyinə, primitivləşdirməyəcəyinə, həyatdan qoparmayacağına əmin idim.   Səni izləməkdə davam etdim. Qara, fırtınaya və sənin tənhalığının soyuqluğuna inad edərək səni izlədim!
 
Günəş yenidən çıxanda,
Kim xatırlayar sonunda
Bu dünyadan keçdiyimi?
 
Deyə bilməyəcəksən dostum! Mən səni izləməkdə davam edəcəyəm.
Və bir gün isti gülüşlərlə tərk edəcəyik bu şəhəri! Birlikdə və əbədi!
 
Orxan ARAS Almaniyadan yazır  [email protected]
 



Bu yazı ( 773 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar