12px14px16px18px

ORALARDA KİMLƏR VAR:AĞA LAÇINLI

Tofiq ABDİN

OLDU... və DAVAM EDİR ...

01:59 / 26.05.2012
 
 
ÖNCƏ BİR XƏBƏR
Şair Ağa Laçınlının yeni işıq üzü görmüş əsərlər toplusunun təqdimatı olub.
Keçdiyimiz günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda unudulmaz şair, dəyərli alim və pedaqoq Ağa Laçınlının yaradıcılığını geniş əks etdirən əsərlər toplusunun təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, Ağa Laçınlının yaradıcılığı və şəxsiyyəti barədə fikirlərini bölüşüb.
Şirindil Alışanlı öz çıxışında bildirib ki, Ağa Laçınlının yaradıcılığı indiyə qədər öz layiqli qiymətini almayıb, onun əsərlərinin nəşri sahəsində xeyli iş görülməlidir.
Nüşabə Sadıqlı mərhum həmkarı Ağa Laçınlı haqqında danışarkən deyib: “Ağa müəllim həqiqətən ali dəyərlərin daşıyıcısı olan və qat-qat yüksək qiymətə layiq şəxsiyyyət idi, çox təəssüflər olsun ki, o öz qiymətini sağlığında ala bilmədi”.
Şair Ramiz Rövşən də Ağa Laçınlı haqqında fikirlərini bölüşüb: “Ağa Laçınlıda paxıllıq yox idi. Ağa çox təbii bir insan idi, elə bu baxımdan da onun təbiət şeirləri yaradıcılığında xüsusi yer tuturdu”. Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu Ağa Laçınlını belə xatırlayıb: “Mən Ağa müəllimlə uzun müddət bir yerdə işləmişəm. Həddindən artıq təvazökar, abırlı bir insan idi”.
Tədbirdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas, yazıçı Mustafa Çəmənli, tənqidçilər Vaqif Yusifli, İlham Abbasov, Əsəd Cahangir, şair Musa Ələkbərli və şairin bir çox dostu Ağa Laçınlının insani keyfiyyətlərindən, şair kimi özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbirin sonunda ŞAİRİN OĞLU FƏXRİ UĞURLU kitabın ərsəyə gəlməsində xüsusi rolu olan Şirindil Alışanlıya, tədbirin təşkil edilməsinə görə Azərbaycan Yazıçılar Birliyinə, həmçinin iştirakçılara, çıxış edənlərə təşəkkürünü bildirib.
“ 525-ci qəzet”dən.
Bir neçə il öncə şair Ağa Laçınlının “525-ci qəzet”də çıxan şeirlərini başucumda saxlaya-saxlaya, bir də gördüm ki,bəs qəzet yoxa sıxıb.Yoxa çıxıb, deyəndə ki, evimizin ən gənc bəy əfəndisi İbrahim qəzeti götürüb və evdəkilər də ondan alıb və beləliklə qəzet yox.
Belə bir durumda inanın ki, acıqlanacaq halda da deyiləm, çünki bu olur təxminən Ağa Laçınlını itirdiyimiz günlər və mən o yazını nədən bu qədər geçikdirdim,bunu da bilmirəm.Və “525-ci qəzet”də hər dəfə çıxan şeirlər arasından Ağa Laçınlının şeirləri boy verib göründüyü üçün və həm də Ağa Laçınlının şəxsiyyəti mənim üçün çox maraq doğurduğundan, onun son şeirlərini dönə-dönə oxudum, başımda başqa fikir yox və ola da bilməzdi... ən azından ona görə ki,bir həftə qabaq Ağa müəllim işlədiyim Azərbaycan Tərcümə Mərkəzinə gəlmişdi.Görüşdük və çox diri göründü mənə, bir az da söhbət etdik.
Ağa Laçınlı ədəbiyyatımızın çox maraqlı bir yaradıcısı olmaqla,həm də son dərəcə təmiz bir bioqrafiyaya malik insan idi.Və mən onunla çox yaxından tanış olmasam da, dəhşətli bir simpatiya vardı içimdə şair Ağa Laçınlıya.Bu nədən beləydi, bunu izah etmək asan deyil.Heç sonralar da izah edə bilməyəcəyəm :bu adamı mən nədən sevirdim,bu məhəbbəti də yaradan ən böyük amil, ilk baxışda məncə elə Ağa Laçınlının adındakı anlam idi. 
Ağa Laçınlı AĞAYANA bir kişi
LAÇIN kimi bir İNSAN idi...
Nədir bir çoxlarının davası: bu xalq üçün yalnız və yalnız şair kultu deyilən bir şey var və bu baxımdan baxanda mən kimsənin haqqını danmaq istəməzdim və kimin sabaha necə çıxacağını da kimsə bilmir.Amma çox qərib bir şey : ayamalar həmişə bizdə qoşa-qoşa işlədilir. “Şair” sözü elədi ki, onu hamı öz boyuna biçmək istəyir.Bu boya getdi ya getmədi, heç kəs bunun fərqinə varmır.
Ağa Laçınlı Alim idi.Təəssüf ki,Ağa Laçınlının alimliyi heç kəsin diqqətində deyil, amma Ağa Laçınlının yazdığı şeirlər təbii ki, bu gün mənim yazı yazmağım üçün bir vəsilədi.Ağa alim olaraq öz tələbələri arasında elə bir hörmət qazanmışdı ki,tək- tək müəllim belə ola bilir.İndiki məqamda LAP TƏK-TƏK müəllim bu mərtəbəyə qalxa bilir.
Amma Ağa Laçınlı sözün kəsə anlamında Şair idi və yalnız şeir yazdığı üçün yox, məhz şairlik haqqını ona güman ki, ilahi vermişdi. Və bunu hər kəsə aid etmək müşkül işdi.Bu sətirləri yazanda kimsə mənim başımın üstündə çığırır: bu qədər tərifləyirsən: bir şeirini söylə görüm.
Bizim bəlamız da məhz burdan başlayır: hələ də ŞEİRİ YALNIZ ƏL-QOL ATA-ATA OXUMAQ kimi başa düşürlər.Yox, qardaşım, mən Ağa Laçınlıdan əzbər şeir deyə bilmərəm, mən aktyor deyiləm amma, ondan siz də oxumaq üçün misal gətirə bilərəm:
MƏNİMKİ şeiri
Bir əkdiyim duzda yandı, birisi buzda,
Bir səpdiyim toz artırdı quraq payızda.
Bir bitəsim çürüyübdü bu ötən yazda,
Necə deyim gələn yaya qaldı mənimki?
Bax könlümdən axan qana
– çiçəyim budu,
Bax gözləri can satana
– göyçəyim budu.
Toyuma da toy tutdular – gerçəyi budu, –
Qarşıdakı qara vaya qaldı mənimki.
Çox didildim içəridən
mən didim-didim,
Durum kimə gileylənim,
ya hara gedim?
Verdiyimi bu dünyadan ala bilmədim,
O dünyaya, o dünyaya qaldı mənimki.
“OLDU QURTARDI”
Bunu şair Ağa Laçınlı deyir.
Ağa Laçınlının şeirlərini,xüsusiylə də kitabda yığılan şeirləri oxuyarkən insanın içindən sızıltı gücündə bir ağır keçir və bu sızıltı,bu ağrı işıqlıdır. Mənim bu “işıqlı şeir” sözündən bir o qədər də xoşum gəlməz,amma çox istərdim ki, onun sızıltısını başqa cür yozum. Yox, Ağa çox anlaşıqlı və çox ağrılı bir bir dildə və yazı üslubunda öz içinin ağrılarını da bizim ağrılarımıza qatır və bütün gücünlə sən bu şairin şeirinin şeir olmadığını özünə sübut etmək istəsən də, yəni nə qədər nihilist olsan da, həmin şeirlərin bizim günlərdə yazıldığına inanırsan və düşünürsən: hələ şeir yazmağa və oxumağa davam etmək olar.Çünki demək şeir hələ yaşayır.Amma bu yaşamaq haqqını tək-tək şair verə bilir və buna görə də hələ hər şeyin bitmədiyini düşünmək olar.
NƏ YAXŞI Kİ,BİR ZAMANLAR
MƏN “ O DANOSU” YAZMAMIŞAM.
     
“Ağa Laçınlı yoxdu” sözü heç kəsi diksindirməsin, ona görə ki, daha bir də o bizimlə bu şəhərdə üz-üzə gəlməcək, vallah gəlməyəcək. Özümə təsəlli üçün desəm də ki, yox gələcək, belə bir şey olmayacaq.Və indi düşünürəm ki,Ağa ilə mənim münasibətimin bu qədər az və bu qədər şirin olması nəylə bağlıdır? Və düşünürəm ki,ilahi nə yaxşı oldu bir zamanlar mən onun haqqında “ O DANOSU” yazmamışam. O danosu ki,Ağa Laçınlı ilə vur-tut bir dəfə səfərə çıxdıq,Sabirabada, yoxsa Saatlıya getdik,ədəbiyyat fondu xəttiylə.Orda Ağaya çox böyük hörmət sayəsində işlərimizi tez bitirdik və iki gün qabaq Bakıya qayıtdıq.Bizi putyovka ilə göndərən fondun əməkdaşı, indi də qılaflı adam kimi hamıya yaxşı olan o şair, ŞAİR HA...işə bax, mənə dedi ki, sən yaz ki,bizi Ağa Laçınlı geri gətirib. Burda deyirlər: ayağımın altından yer qaçdı.Yer ayağımın altından qaçdı, vallah!Başa düşmədim, adam və qardaşım, sən nə danışırsan dedim,sən nə danışdığını başa düşürsənmi,- dedim.Verəcəyin o pul da sənə qalsın.
İlahi, dşünürəm, nə insanlar varmış, quzu postunda nə qurdlar varmış, bizim yanı –başımızda.İlahi düşünürəm: nə yaxşı ki, o DANOSU mən yazmadım.Yazmadım.
Mən bilən bunu Ağaya heç zaman demədim: nə yaxşı ki, demədim. Ağa bu insanlardan və bu şairlərdən bir baş yuxarıda duran bir şəxsiyyət idi.
Mən bilən onu istəməyən yox idi.Bunun özü də yaxşı şey deyil, amma bu Ağaya təlqin olunanda susmaqdan başqa yol qalmır.
Bir ara Türkiyəyə gedəcəkdi,Ege Unversitetinə və məndən xahiş elədi ki,oralarda tanışın yoxdu ki,mənə yardım etsin.Ağanın bu xahişi mənim üçün sevinc idi,inanın sevinc idi və mən oradan tanıdığım bir tələbənin ünvanını ona verdim,işlər yaxşı oldu, sonradan bildim.
Mənim bu qeydlərim Ağa Laçınlını nə təzədən bu xalqa tanıdacaq,nə də Ağa bu qeydləri oxuya biləcək.Yox bunlar olmayacaq, olmadığı üçün də mən əllərimi qaldırıram və onun yoxluğuna tabe oluram və deyirəm : keşkə, keşkə bu zəhrimar qeydləri daha əvvəl yazaydım, heç olmasa dşünüldüyü günlərdə yazaydım.
“OLDU QURTARDI”
Bunu şair Ağa Laçınlı deyir:
      
Qurulu yuvanı dağıdıb sökdük,
Ağrı bayramıdı bu kefi köklük.
Bir sıyıq sirdaşlıq, dəli dönüklük
Məndən “yox” payını aldı qurtardı, –
Oldu qurtardı.
Satdı, gözü satdı üzü göyçəyi,
Çoxdu bic ürəyin dal girəcəyi.
Yazı bəyəndirən bəyaz çiçəyi
Payızın boz yeli yoldu qurtardı, –
Oldu qurtardı.
     
Ayrıldıq çox dərdi az duya-duya,
Hanı bir elə su suçları yuya?
Tar-qaval gərəkməz qurduğun toya,
Şeytan şırtığını çaldı qurtardı, –
Oldu qurtardı.
Küsülü ruhumuz göydə lallaşar,
Danışan yuxumuz ha nağıllaşar.
Bu acı ahımız çətin ballaşar,
Təkliyin boş evi doldu qurtardı, –
Oldu qurtardı.
Ta könlüm sığınmaz gözəl gözünə,
Ta qaçıb girmərəm köz dənizinə.
Bir gün canıyanan döyüb dizinə
Deyər bu yazıq da öldü qurtardı, –
Oldu qurtardı.  
HAYQIRMAQ İSTƏYİRƏM : XEYR! OLDU VƏ DAVAM EDİR... 
Tofiq ABDİN,
tofigabdin.com



Bu yazı ( 683 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar