Əcnəbiləri niyə sevmirik...
01:55 / 26.05.2012
Seyfəddin Hüseynli rus dilindən tərcümə edib
Anadangəlmə nəciblik – əcnəbinin ingilisdən üstünlüyü bundadır. İngilisin tayı deyil əcnəbi: yalandan özünü nəcib adam kimi göstərməyə can atmaz o. Əcnəbi olan kəs, hər yeni il ərəfəsi, “bundan belə daha yaxşı adam olmaq” barədə özü-özünə söz verməyə, sonra da bu vədinə, uzaqbaşı, yanvarın ortalarınacan sadiq qalmağa vərdiş etməyib. Çünki o, elə bütün il boyu öz nəcibliyindəcə qalır. Əgər əcnəbiyə “tramvaya yalnız sağ tərəfdən minib-düşmək olar” deyilibsə, sol tərəfdən də minib-düşməyin mümkünlüyünü dünyasında ağlına gətirməz. Bir dəfə Brüsseldə tramvaya minmək qaydalarını pozan əcnəbinin başına nələr gəldiyini öz gözlərimlə gördüm: Əvvəla, onun yaxınındakı qapı açıq idi. Üstəlik, o biri tərəfdəki qapının önündə ekipaj üzvləri sıralanıb, aranı kəsmişdilər. Əgər minmək üçün vaqonun əks tərəfinə hərlənməli olsaydı, çatdırmaya bilərdi. Elə konduktor üzünü o yana çevirən kimi, “dostumuz” tez yuxarı atılıb vaqonda özünə yer tutdu. Təzə sərnişini görəndə konduktoru heyrət bürüdü. “Bu hardan peyda oldu belə?” Axı giriş qapıları nəzarət altındaydı, tramvaya belə bir adam minməmişdi. Bir az sonra konduktor işin nə yerdə olduğunu anladı, ancaq yenə də həmvətənini bu cür ağır cinayətdə günahlandırmağa qıymayıb, səbrli davrandı. Məsələni aydınlaşdırmaq üçün sərnişinin özünü danışdırdı: onun qəfil burda bitməsi hansısa möcüzəninmi, yoxsa adi bir günahınmı nəticəsidir? Sərnişin əməlini boynuna aldı. Hirslənməkdən daha çox, məyus olan konduktor ona tramvaydan düşməsini təklif etdi. Öz vaqonunda belə ədəbsizliyə göz yuma bilməzdi! Sərnişin eşitdiyinə əməl etmək istəməyəndə konduktor tramvayı saxladıb, polis çağırdı. Adətləri üzrə, polislər də elə bil yerdən pırtlayıb çıxdılar, tez öz rəislərinin –bəlliydi ki, polis serjantıdır – arxasında sıraya düzüldülər. Serjant konduktorun dediyinə əvvəlcə heç cür inana bilmədi. Bəlkə də sərnişin bircə kəlmə desəydi ki, tramvaya qayda üzrə minib, serjant buna dinməz-söyləməz inanardı. Oralarda vəzifəli şəxslərin beyni elə qurulub ki, onlar üçün konduktorun gözlərinə bir anlığa qaranlıq çökdüyünə inanmaq bu sərnişinin – özü də qadının – yazılı göstərişlə birmənalı şəkildə qadağan edilmiş üsula əl atdığını düşünməkdən qat-qat asandır! Şəxsən mən, o sərnişinin yerinə olsaydım, bir yalan uydurub, canımı qurtarardım. Amma o əcnəbi, həddindən artıq qürurluydumu, ya vəziyyəti düzgün anlamırdımı – hər nədəndisə, elə dediyini deyib durmuşdu. Ona təklif etdilər ki, dərhal aşağı düşsün, gözləyib sonrakı tramvaya minsin. Hər tərəfdən polislər tökülüşüb gəldilər: məlum məsələdir – belə hallarda müqavimət göstərməyin yeri yoxdur. “Dostumuz” vaqondan düşməyə razılaşdı, qayda üzrə, düşməli olduğu qapıya tərəf getmək istədi. Ancaq belə olacaqdısa, bəs ədalətin təntənəsi harda qaldı? Əgər qaydaya uyğun minməmişdisə, eləcə də düşməliydi! Bu minvalla, onu hərəkətin ən sıx yerində aşağı düşürtdülər. Ondan sonra tən ortada dayanmış konduktor “müvafiq qaydalara zidd şəkildə minib-düşməyin necə təhlükəli olduğu”ndan xeyli danışıb, tramvaydakılara öyüd-nəsihət verdi. Almaniyada gözəl bir qanun var, kaş, bizim İngiltərədə də olaydı: həmin qanuna görə, heç kəsin küçəyə kağız-kuğuz atmağa ixtiyarı yoxdur. Dostlarımdan biri – ingilis hərbçisi vaxtilə Drezdendə uzun-uzadı bir məktubu oxuyandan sonra, həmin qanundan xəbərsiz olduğundan, vərəqi təxminən əlli yerə bölüb küçəyə atdığına görə başına nələr gəldiyini danışıb mənə. Polis dərhal dostumu saxlayıb, mümkün qədər nəzakətlə, həmin qanundan sitat gətirib. Dostum razılaşıb, polisə minnətdarlıq edib, deyib, bəli, bu çox yaxşı qanundur, gələcəkdə onu mütləq nəzərə alacaq. Polis qayıdıb ki, gələcəkdə nəzərə almaq öz yerində, ancaq indiki halda, söhbət bir az əvvəl törədilmiş əməldən – əlliyə qədər kağız parçasının yola, səkiyə səpələnməsindən gedir. Dostumun üzünə xoş bir təbəssüm yayılıb, yaranmış vəziyyətdən çıxış yolu görmədiyini deyib. Görünür, polisin başı daha yaxşı işləyirmiş, odur ki, çıxış yolu göstərib: dostuma heç yubanmadan işə girişməyi, ətrafa səpələnmiş əlliyədək kağız parçasını yerdən yığmağı təklif edib. İstefada olan ingilis generalıdır mənim dostum – inanılmaz dərəcədə əzəmətli, çox vüqarlı görkəmi var! O, günün günorta çağı Drezdenin mərkəzi küçələrindən birində iməkləyə-iməkləyə yerdən kağız qırıntıları yığmağı ömründə ağlına gətirə bilməzdi. Vəziyyətin xeyli qəliz olduğunu alman polisi də danmayıb. Deyib ki, əgər general bu təklifdən narazı qalıbsa, başqa çıxış yolu da var: gərək ingilis generalı bir dəstə hay-küyçü itoynadanın müşayiətilə, həmin polisin ardınca ən yaxındakı – orayacan üç mildən çox olmaz – həbsxanaya təşrif aparsın. Həmin vaxt gündüz saat dördə az qaldığına görə, yəqin ki, onlar hakimi yerində tapmayacaqlar. Amma həbsxana kamerasında generala – imkan daxilində – hər cür şərait yaradılacaq, heç şübhəsiz, ertəsi gün qırx marka cərimə ödəyəndən sonra, ikinci səhər yeməyinə az qalmış, o yenə də azad bir insan olacaq. General oralarda bir oğlan uşağı tapıb ona pul vermək, kağızları bu yolla yığışdırtmaq istəyib. Qanunun mətninə baxan polis buna icazə verilmədiyini deyib. Əhvalatın gerisini dostum mənə belə nağıl edirdi: “Vəziyyəti ölçüb-biçəndən, bütün imkanları götür-qoy edəndən, lap o polisi kənara itələyib qaçmağı da fikrimdən keçirəndən sonra yenə də belə qərara gəldim ki, istənilən halda, birinci təklif ən rahat çıxış yoludur. Ancaq heç ağlıma gəlməzdi ki, xırdaca kağız parçalarını sürüşkən qəmbərlikdən dənləmək bir belə çətin olarmış. Bu “iş” mənim on dəqiqəyə yaxın vaxtımı aldı, üstəlik, öz hesablamama görə, nə az-nə çox, min nəfərə yaxın adamdan ötrü əyləncə vasitəsi oldu. Əslinə qalsa, çox yaxşı qanundur, amma heyf ki, mən onu əvvəlcədən bilmirdim”. Bir dəfə mən bir amerikalı xanımı alman opera teatrına aparmışdım. Alman şəhər teatrlarının zalına girəndə tamaşaçılar baş geyimlərini çıxarmalıdırlar; onu da deyim ki, mən bu qaydanın da İngiltərədə tətbiq olunmasını istərdim. Amerikalı xanım isə, sadə, fani bəndələrin qoyduqları qaydaları saya salmamağa öyrəşmişdi. O, teatrın xidmətçisinə izah etdi ki, zala şlyapasını çıxarmadan keçəcək. Xidmətçi də öz növbəsində xanıma başa saldı ki, bu mümkün deyil. Mən vəziyyəti dərhal başa düşüb, proqram almaq adıyla onlardan bir qədər aralandım: özlüyümdə yəqin eləmişəm ki, mübahisəyə nə qədər az adam qarışsa, bir o qədər yaxşıdır. Mənimlə gələn xanım teatrın xidmətçisinə açıq tərzdə bildirdi ki, onun dediklərini əsla vecinə almır, bu cür sözləri dinləməyə vaxtı, həvəsi yoxdur. Belə görünürdü ki, həmin adam çox da söhbətcil deyil, ya da, ola bilsin, eşitdikləri onu dilxor eləmişdi. Hər halda, o, bir kəlmə də dillənmədi. Bomboz sifətlə, elə-beləcə, qapının ağzını kəsib dayandı. Qapının eni dörd futa yaxın vardı, xidmətçininsə eni hardasa 3 fut altı düymdü, çəkisi bəlkə iyirmi ston olardı. Bayaq qeyd etdiyim kimi, mən proqram almağa getmişdim, qayıdanda gördüm ki, həmin xanım şlyapasını əlində tutub, bəzəkli sancaqlarını bir-bir sancır ona. Elə bil əlindəki şlyapa yox, teatr xidmətçisinin ürəyi idi. O, artıq opera dinləmək hayında deyildi, istəyirdi ara vermədən xidmətçinin qarasına deyinsin, amma yan-yörədəkilər xanıma bunu da çox görürdülər. Bu hadisədən sonra o, üç qış mövsümünü Almaniyada keçirdi. İndi cəmi bir neçə addımlığında taybatay açılmış, gedəcəyi yerə lap yaxın olan bir qapıdan içəri keçmək istəyəndə, əgər qarşısındakı işçi başını yelləyib deyirsə ki, bu qapıdan girmək olmaz, iki mərtəbə yuxarı qalxıb koridorla getməli, yenidən aşağı düşüb öz yerini tapmalıdır, onda həmin xanım səhvinə görə üzrxahlıq edir, utandığından, tez ordan uzaqlaşır. Qitə dövlətlərindəki hökumətlər öz vətəndaşlarını qoyulan qaydalara hərtərəfli alışdıra biliblər. Bu dövlətlərdə qaydalara riayət – ən əsas şərtdir. Vəzifəsi ispan kralları qayıqla gəzəndə onların yanınca üzmək olan hansısa saray məmuru öldüyünə, onun yerinə isə hələ bir başqası təyin edilmədiyinə görə İspaniya kralının az qala boğulacağı barədə deyilənlərə mən məmnuniyyətlə inanıram. Qitə ölkələrinin dəmiryollarında, birinci dərəcəli yerə bileti ola-ola, ikinci dərəcəli yerdə gedənlər həbs edilir. Dəqiq deyə bilmərəm ikinci dərəcəli biletlə birinci dərəcəli yerdə getməyin cəzası nədir: yəqin, edam olar. Dostlarımdan biri az qala bu aqibətlə üzləşəcəkmiş. Belə baxanda, ortaya ciddi bir əngəl çıxmazmış, əgər dostum lap iblisin özü qədər dürüst adam olmasaydı. O, dürüstlüyü ilə qürur duyan adamlardandı. Məncə, dostum öz dürüstlüyündən əməlli-başlı həzz alırdı. Bir dəfə o, dağlıq ərazidəki stansiyalardan birinə qədər getmək üçün ikinci dərəcəli yerə bilet alsa da, təsadüfən platformada tanış bir xanımla rastlaşdığından, onunla bərabər birinci dərəcəli kupeyə minir. Düşəcəyi stansiyaya çatanda isə kassaya yaxınlaşıb vəziyyəti nəzarətçiyə izah edir, portmanatını çıxarıb biletlər arasındakı fərqi ödəmək istədiyini deyir. Onu aparıb bir otağa salır, qapını örtürlər. İzahat yazdırıb ucadan oxuyurlar, protokol tutub dostuma imzalatdırandan sonra isə polis çağırırlar. Polis, aşağısı, on beş dəqiqə onu sorğu-suala çəkir. Tanış xanımla rastlaşmaq söhbətinə heç kəs inanmır. Bəs o xanımın özü hanı? Nə bilsin! Xanımı xeyli axtarsalar da, “gördüm” deyən olmur. Dostum, sonradan gerçəyə dönən belə bir gümanın arxasına sığınır: yəqin, mənasız yerə gözləməkdən bezən xanım ordan dağlara tərəf üz tutub... Sən demə, bu əhvalatdan bir neçə ay əvvəl qonşu şəhərdə iğtişaşçılar baş qaldırıbmış. Odur ki, dostumun cibində bomba ola biləcəyindən şübhələnən polis, onun üst-başını axtarmaq istəyir. Xoşbəxtlikdən, o məqamda bir dəstə turistlə gəlib qatara minən Kuk Agentliyinin nümayəndəsi vəziyyəti öyrənib irəli durur, dostumun bir azca səfeh olduğunu, birinci dərəcəylə ikincini ayırd edə bilmədiyini ordakılara incə ifadələrlə başa salır: guya günahın hamısı vaqondakı divanın üstünə qoyulan qırmızı yastıqlardaymış, ikinci dərəcəlidə gedə-gedə, məhz onların üzündən, dostum özünü birinci dərəcəlidə zənn edibmiş. Axır ki, hamı rahat nəfəs alır. Alqışlar altında protokol cırılandan sonra tərsliyinə salan nəzarətçi bu dəfə “birinci dərəcəyə bilet aldığı halda, ikinci dərəcəli kupedə gedən” xanımı tapmaq həvəsinə düşür. Deyir ki, stansiyaya qayıdanda o xanımın vəziyyəti heç yaxşı olmayacaq. Ancaq Kukun fərasətli agenti bu dəfə də təşəbbüsü ələ alır: guya dostumun həm də bir balaca yalançılığı varmış, nəzarətçiylə söhbətində vaqonda bir xanımla yol getməkdən dəm vurması adi bir lovğalıqmış, əslində isə, o, almancanı yaxşı bilmədiyindən, öz arzusunu olmuş hadisə kimi dilə gətiribmiş. Yenə də alqışlar! Dostumun təmiz adı özünə qaytarılır: o, heç də burdakıların əvvəl düşündükləri kimi, ifşa olunmuş yaramaz deyil, uzaqbaşı, parabeyin bir səyyahdır. Belə bir adam isə alman məmurunun ehtiramına tam mənada layiqdir. Alman məmuru bu şəxsin şərəfinə pivə içməyə də razılıq verir. Xaricdə təkcə kişilərin, qadınların, uşaqların yox, lap elə itlərin də nəcibliyi anadangəlmədir. İngiltərədə it saxlayırsınızsa, vaxtınızın çoxunu boğuşan itləri aralaşdırmaq, boğuşmanı birinci hansı tərəfin başlatdığı barədə o biri itlərin yiyələrilə çək-çevir etmək, hirsli xanımlara itinizin onların pişiyini boğmadığını, sadəcə, yolu keçəndə qorxudan pişiyin ürəyi partladığını anlatmaq, şübhəbaz çöl-meşə məmurlarını hansısa itin sizin olmadığına, yiyəsini də qətiyyən tanımadığınıza inandırmaq alacaq. Əcnəbi it yiyələrinin həyatı pozulmaz bir rahatlıq içində keçir. Xaricdə hansısa dava-dalaşa tuş olan itlərin gözləri dolur, tezcə ordan aralaşıb, ətrafda polis axtarmağa başlayırlar. Harasa qaçan bir pişik görəndə həmin itlər kənara çəkilib ona yol verirlər. Bəzən görürsən, kimsə itinin ya burun dəsmalını, ya da xırdaca başmaqlarını qoymaq üçün bapbalaca cibləri olan yığcam kürk geyindirib ona. Düzdür, itlər şlyapa qoymurlar – hələ ki! Ancaq ordakı itlər üçün şlyapa vacibdir: hansısa tanış pişiklə üz-üzə gələndə öz şlyapasını nəzakətlə çıxarıb yelləməyin, əlbət, bir yolunu taparlar onlar. Günlərin bir günü, qitədəki şəhərlərin birində küçəylə gedəndə qəfil qəza üstünə çıxdım, daha doğrusu, qəza mənim üstümə sıçradı. Qəza birbaşa üstümə cummuş, həm də nə baş verdiyini anlamağa macal vermədən haxlamışdı məni. Bu, bir foksteryerdi, yiyəsi də cavan qızdı – bunu hadisənin əsas hissəsi yekunlaşandan sonra öyrəndik. O, əhvalatın axırlarında, təngnəfəs halda özünü yetirdi: yazıq qız bir mil aralıdan çığıra-çığıra yüyürüb gəlmişdi. Ortalıqda olanları görəndə, görə bilmədiklərini də yan-yörədəkilərdən eşidəndə qızı yaş boğdu. Həmin foksteryer hansısa ingilisin olsaydı, hadisə yerini bir göz qırpımında tərk edər, elə ilk tramvayaca atılıb aradan çıxardı. Amma, dedim axı, əcnəbilərdə anadangəlmə nəciblik var. Mən ordan aralananda hardasa yeddi adam o qızın adını, ünvanını yazıb götürürdü. Bunlar bir yana, mən o it haqqında ətraflı danışmaq istəyirəm. Hər şey məsum bir məşğuliyyətdən – itin sərçə ovlamaq cəhdlərindən başlamışdı. Sərçələri itlərin bu cür havayı əziyyəti qədər heç nə əyləndirə bilməz. İt ən azı on dəfə elə bildi ki, iş həll olub, sərçəni tutub artıq... Birdən o, başqa bir itlə burun-buruna gəldi. Bu təzə it hansı cinsdəndi, bilmədim, ancaq bunlardan Avropada çox görmüşəm: quyruqsuz itlərdir, yaxşı yedizdirəndə donuza dönürlər. Bu isə lap yumrulanmış kilimə oxşayırdı. Foksteryer onun boynunun dalından yapışdı, ikisi də yolun içinə, ordan keçən motosikletin altına tərəf yumalandı. İkincinin yiyəsi olan kök qadın itini xilas etmək üçün irəli atılanda motosikletlə toqquşdu. Qadın təxminən altı yard uçandan sonra, səyyar piştaxtada gipsdən büstlər satan italyan oğlana dəyib, onu yerə sərdi... Ömrüm boyu çox əlləm-qəlləm vəziyyətlərlə üzləşmişəm, amma elə bir əhvalat yadıma gəlmir ki, italiyalı səyyar büst alverçiləri nə yollasa ortalığa soxulmasınlar. Hələ də baş aça bilmirəm, aranın sakit vaxtı onlar hansı xəlvətə dürtülmüş olurlar. Ancaq nəyinsə zərbindən yerə sərilmək üçün balaca bir imkan düşən kimi, Gün işığını görcək uçuşmağa başlayan milçəklər sayağı, tez özlərini yetirirlər. Nə isə... Motosiklet südçünün arabasına çırpıldı, arabada hər nə vardısa, qırıq-qırıq olub tramvay yoluna səpələndi. Ən azı on beş dəqiqə yolda hərəkət dayandı; tramvay sürücüləri isə, yəqin, bu gümandaydılar ki, zəngi dirənənə qədər, var güclərilə bassalar, qarşıdakı tıxac ilğım kimi dərhal dağılıb yoxa çıxacaq. İngiltərə şəhərlərini götürəndə, bu mənzərədə elə bir qəribəlik yoxdu. Kimsə bütün bu hay-həşirin hansısa itin ucbatından törəndiyini deyən kimi, hamı buna adi, təbii hal kimi baxacaqdı. Ancaq burdakı əcnəbiləri dəhşət bürümüşdü, elə bilirdilər, Xudavəndi-aləmin qəzəbinə gəliblər. Polis, iti tutmaq üçün, irəli cumdu. Karıxmış it geri qaçdı, acıqla hürüb, dal ayaqları ilə yeri cırmaqlamağa başladı, azca qaldı yola döşənmiş qəmbərləri qopartsın. Yaxınlıqda kolyaska hərləyən dayə qorxudan özünü itirdi. Elə bu məqamda mən ortaya atılıb, gedişata müdaxilə elədim. Yanımı kolyaska ilə o tərəfdə çığıran uşağın arasındakı səkinin qırağına qoyub, ağzıma gələni, dişimin dibindən çıxanı yağdırdım o itin üstünə! Yad ölkədə olduğumu unutmuşdum, itin məni başa düşməmək ehtimalı yadımdan çıxmışdı: o an ürəyimdən nə keçirdisə, bircə-bircə, təmiz ingilis dilində, nöqtə vergülünəcən, özü də lap ucadan, aydın tələffüzlə dedim hamısını! İki addım aralıda dayanan it isə, ağzımdan çıxanları elə ləzzətlə dinləyirdi ki, həmin məmnunluq ifadəsini sonralar mən heç bir itin sifətində, heç bir insanın üzündə görə bilmədim. Durduğu yerdə uyub getmişdi, guya behişt sədalarıydı dinlədikləri. “Əvvəllər harda eşitmişəm mən bunları? – elə bil özü-özündən soruşurdu. – Gənc ikən mənimlə danışdıqlarıdırmı, həmin o dildirmi bu?” İt lap yaxına gəldi. Ürəyimi boşaldıb kiriyəndə nədənsə mənə elə gəldi ki, itin gözləri yaşla dolub. “Hə, dayanma, de gəlsin! – elə bil yalvarırdı mənə. – O şirin ingilis söyüşlərini, o doğma qarğışları bir də döşə canıma! Onları yenidən eşidəcəyimə heç ümidim qalmamışdı Allahın yadından çıxmış bu ölkədə!” Yiyəsi – həmin gənc qız mənə danışdı ki, bəs, bu foksteryer İngiltərədə doğulub. Bununla da məsələ aydın oldu – əcnəbi əsilli itin belə bir hoqqa çıxartmağa hünəri çatmazdı! Əcnəbilərdə anadangəlmə nəciblik var: bax, elə buna görə sevmirik biz onları! oxuzali.az
Cerom Klapka CEROM (1859-1927)Bu yazı ( 198 ) - dəfə oxunmuşdur