“Çarəsiz yolçu”nun çarəsi
İmdat AVŞAR
01:54 / 26.05.2012
Yazıçı-publisist Novruz Nəcəfoğlunun povest və hekayələr kitabı Türkiyə türkcəsində işıq üzü görüb. Ankaranın “Bengü” nəşrlər evinin yayımladığı kitabın tərtibçisi tanınmış Türkiyə yazarı İmdat Avşardır. Onun kitaba yazdığı ön sözü təqdim edirik.
Qarşımdakı bu kitab qardaş Azərbaycanın tanınmış dövlət adamlarından biri, ictimai-siyasi xidmətlərilə yanaşı, ədəbi-mədəni fəaliyyətilə tanınan Novruz Nəcəfoğlunun, bir qədər öncə Azərbaycan mətbuatında yayımlanmış ədəbi əsərləri içərisindən seçərək türkcəyə çevirdiyim hekayələr toplusundan ibarətdir. Altmış illik ömür salnaməsində həm sovet dövrünü, həm də müstəqillik dövrünü müxtəlif baxış bucağından müşahidə edən, bu fərqli siyasi quruluşların fəal iştirakçısı olan Novruz Nəcəfoğlu öz həyat təcrübəsi və yaradıcıya xas olan müşahidələri nəticəsində qələmə aldığı hekayələrdə dövrün, daha doğrusu, dövrlərin ictimai mənzərəsini və bu mənzərənin içində olan insanın duyğularını, keçirdiyi halları bütün çılpaqlığı ilə oxucu qarşısında sərgiləmişdir. Toxunulan mövzuları və insanın iç dünyasının təsvirinə yönələn bədii detalları ilə bu hekayələr orta nəsil Azərbaycan nəsrinin bütün keyfiyyətlərini özündə əks etdirir. Novruz Nəcəfoğlunun, sadə və təbii üslubu, axıcı təhkiyəsi və rəvan dili bu mətnləri oxucunun ürəyinə istilik gətirən, ona doğma olan duyğu və hissləri özündə əks etdirən maraqlı hekayələrə çevirir. Novruz Nəcəfoğlunun bu kitabda toplanan bütün hekayələrində “əsas hədəf”, “torpaq” və “insan”dır. O, hekayələrində doğulduğu torpağa duyduğu böyük sevgi və torpağa bağlılıq hissinə mümkün qədər geniş yer vermişdir. Aid olduğu torpağı – ağacı, çiçəyi, gülü, yarpağı, dərəni, dağı, qurdu, quşu, kəndi və şəhəri ilə birlikdə sevən yazarın bu xüsusiyyəti sətirlərin arasından bir vulkan kimi püskürərək vətən sevgisinə çevrilir. Novruz Nəcəfoğlu sevgi ilə bağlandığı bu torpağın insanını təsvir etdiyi zaman isə insana sevgi və mərhəmət daim ön plana çıxır. O, tutduğu vəzifəni və mövqeni “yerlə-yeksan” edərək xalqına qoşula bilir və insana vicdan pəncərəsindən baxır. Novruz Nəcəfoğlu doğulduğu torpaqdan zorla qoparılan bir qocanın şəhərdəki dramını, uşaqlarının gələcəyi üçün hər cür əzablara qatlaşan, onlarla kilometrlik bir çölü keçərək, obasına yetişən bir ananı, ölümlə pəncələşən dilsiz-ağızsız bir körpəni təsvir edərkən oxucuya “rəhm etmir”, onu çətin bir mərhəmət sınağından keçirir. Onun hekayələrindəki gənc, qoca, qadın, kişi, uşaq – bir sözlə, bütün insanlar mərhəmət və sevgi ilə əhatə olunublar. Beləcə, Novruz Nəcəfoğlunun insan qəlbindəki həssaslıq və böyük sevgisi bütün insanları əhatə edərək millət sevgisinə çevrilir. Türk oxucusunun bəyənərək oxuyacağına inandığım “Çarəsiz yolçu” adlı bu kitabın işıq üzü görməsində bizə hər cür köməklik göstərən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğluna, bu hekayələrin türkcəyə çevrilməsində əməyi olan “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyliyə, kitabın nəşrinə köməkliyinə görə İbrahim Sağlama dərin təşəkkürümü bildirirəm.
İmdat AVŞARBu yazı ( 227 ) - dəfə oxunmuşdur