12px14px16px18px

Sevda yolçusu

Orxan ARAS
12:31 / 14.07.2010
Nə vaxtsa öz-özünə “Sevgi nədir?” deyə sual veribmi, bilmirəm. “Dağlar dağladı məni, görən ağladı məni” deyə öz pərişanlığını mahnılarla izah edən, “Qəlbdən qəlbə bir yol vardır bilinməyən” deyərək sevginin sirli yollarını təsvir və tərif edən bir xalqın övladının sevgini təsvir etməsinə ehtiyac varmı? Yəni öz-özünə eşq nədir, sevgi nədir deyə soruşmasa da, həmin o ülvi hissdən kimsəyə bəhs etməsə də, sevginin nazından, sözündən, külündən xəbəri vardır, əlbət. Qaradəniz bölgəsində dünyaya göz açıb. Hündür dağlar, yaşıl və sıx meşələr, sərin yaylaqlar ruhunda olduqca dərin iz buraxıb. Təhsil aldığı məktəbin, qürbətin, fərqli şəhərlərin üzərində təsiri olmasına baxmayaraq, öz doğma xalqına xas olan xüsusiyyətləri ürəyində qoruyub saxlamağı bacarıb. Bir ara sol axınlara da meyli olduğunu kimsədən gizlətməmişdi. Amma bu keçici təsir o, yetkinləşdikcə ötüb getmiş, onu tam fərqli zəminlərə və zamanlara doğru sürükləmişdi. Özü vardı, ailəsi vardı, bir də xalqı və xalqının həsrətləri vardı. Bu həsrət onu coşdurur, motivasiya edir, xidmətə istiqamətləndirirdi. Bu xidmət anlayışı onu öz sahəsində daha çox müvəffəqiyyət qazanmağa yönləndirirdi. Hər şeyə sevgiylə yanaşmağı, hər şeyi sevgiylə görməyi bacarırdı. Əslində bütün bunları dilə gətirmirdi, amma 21-ci əsrdə Füzuli kimi düşünmədən də dura bilmirdi. Ya Rəbb, bəlayi eşq ilə qıl aşina məni, Bir dəm bəlayi eşqdən etmə cüda məni. Böyük Yaradan “Qəlbi qırıqları tez eşidir”, bunu bilirdi. Rəbbi onu eşitmiş və onu eşq yolçusu etmişdi. Qaradənizdən Frankfurta qədər uzanan bir səfər... Bazeldən yuxarı Reyn çayına qədər uzanan ərazidəki bu qədim şəhər Qaradəniz tərəflərə çox oxşamasa da, ondan geri də qalmırdı. Bu şəhərdə öz dilindən, öz dinindən olan insanlar məskunlaşmışdılar. Onlarla qarşı-qarşıya çıxmaq, söhbətləşmək ruhundakı məmləkət həsrətini bir azca da olsun dindirirdi. Elmindən, təcrübəsindən, ürəyindəki gur duyğulardan söhbət açmaq ona bəs edirdi sanki. Tənha deyildi. Özü kimi daim xalqının xidmətində duran gözəl xanımı və gözlərində həyatın rənglərini gördüyü uşaqları da onunla bərabər bu şəhərdə yaşayırdı. Frankfurt, demək olar ki, banklar şəhəri idi. Alıcılıq qabiliyyətinə görə Avropanın ən zəngin şəhəri olan Frankfurtda Avropanın Mərkəzi Bankı fəaliyyət göstərirdi. Amma onun düşüncəsi bütün bunlardan çox uzaqda idi. Gözü, könlü başqa arzuların, başqa ümidlərin arxasıyca düşmüşdü. İnsanı izləmək, onun duyğularına, düşüncələrinə nəzər salmaq, onlara daha çox kömək etmək, yalnız və yalnız Haqqın razılığını qazanmaq arzusunda idi. Bütün bu niyyətlərə baxmayaraq, bəzən bu şəhərin sərtliyi, soyuqluğu ruhunda dərin izlər buraxırdı. Bir-birinə qarışan mövsümlər, özbaşınalıq, getdikcə güclənən yabançılaşma duyğuları bəzən onu da qollarında bir məngənə kimi sıxır və yorğunluğa, ümidsizliyə, kövrəkliyə doğru sürükləyirdi. Bəzən fikirli anlarında bilmədiyi, tanımadığı yollarda addımlamaq istəyirdi. Mənasız, yorucu fikirlərə təslim olmaq istəmirdi, amma sonunda o da bir insan idi. Nə qədər “mən bir xidmətçi, bir eşq yolçusuyam” deyə özü-özünə təlqin etsə də, sonda o da yorulurdu, qırılırdı. Özünə qapandığı anların birində evinə getməyi qərara aldı. O kövrəkliyi yox etmək, o yorğunluğa yeni bir güclə qalib gəlmək üçün gözəl şeylər düşünə-düşünə evin qapısını açdı. Övladları, o badam gözlü kiçik qızı qucağına atılıb, onu bərk-bərk qucaqlayacaq, körpə əlləri ilə onun sığallayacaqdı. Sonra xanımı isti və saf təbəssümlə gülümsəyəcək, onu yerdə açdığı süfrəyə məmnunluqla dəvət edəcəkdi. Qapıdan içəri daxil oldu, salam verdi və simasındakı yorğunluğu aradan qaldırmağa çalışdı. Uşaqlar öz işindəydi. Xəyal etdiyi kimi kiçik qızı qucağına atılmadı, sadəcə üzünə baxıb gülümsədi, sonra oyuncaqları ilə oynamağa başladı. Xanımı isə salamını alıb mətbəxə keçərək öz işinə davam etməyə başladı. Kövrək halı və küskünlüyü davam edirdi. Dərindən bir ah çəkdi, pəncərədən çölə baxdı, mətbəxə girib-çıxan xanımına nəsə demək istədi, amma bacarmadı. Susdu. Düşüncələrə qərq oldu. Xəyallara daldı. Bir neçə dəqiqə sonra xanımı onu süfrəyə dəvət etdi. Uşaqlarıyla bərabər süfrə başında oturdular. Bu gün hər zaman olduğu kimi coşğulu söhbət yox idi aralarında. Hətta süfrə belə ona darıxdırıcı gəlirdi. Bir parça çörək, kartof və quru plov... Gələrkən qurduğu o xoş xəyallar qəzəbə çevrilmişdi artıq. Özlüyündə gileylənməyə başladı. Səssiz şikayətlər özündən asılı olmadan bir neçə cümləylə dilindən töküldü. Uşaqlar çaşqın vəziyyətdə üzünə baxırdılar. Xanımı dizlərinə qədər uzanan süfrəni itələyərək hirslə ayağa qalxdı. Sonra süfrəyə doğru əyilərək ağzına qədər su ilə dolu olan stəkanı onun üzərinə atıb mətbəxə qaçdı. Xəyalları səssiz-səmirsiz bir döyüşə çevrilmişdi. Əyin-başı islanmışdı. Uşaqlar həyəcandan donub qalmışdılar. Udqundu. Yadına Füzulinin “Su” qəsidəsi düşdü. Bütün hirsi, yorğunluğu su kimi axıb getdi. O sevgi yolçusuyu deyildimi? Nəyinə lazım idi axı bütün bu hirs, bu qəzəb? Bir anda əynindəki paltarları kimi ürəyinə də su səpildi sanki. Qorxudan donub qalan uşaqlara baxıb gülümsədi, uşaqlar sakitləşdilər. Mətbəxə keçib, xanımının da üzünə baxıb gülümsəmək istədi. Cib telefonunu çıxardıb xanımına mesaj yazdı: “Eynilə məni dəli etdiyin kimi, dəlicəsinə aşiqəm sənə!” Bir dəqiqə sonra xanımı qarşısında dayanmışdı. Dodaqlarında şirin bir təbəssüm, əlində isə telefon... Yenidən süfrə başına keçdilər. Şirin söhbətlərini yedikləri naz-nemətlərə qatıb, güldülər, güldülər...
Orxan ARAS Almaniyadan yazır [email protected]


Bu yazı ( 620 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar