12px14px16px18px

Qurban Səidlə üz-üzə

Orxan ARAS
08:36 / 18.06.2011
Fasanen küçəsi Berlinin məşhur köşələrindən Kurfürstendammı boydan-boya ikiyə bölür. Küçə adını qırmızı başlıqlı, uzun quyruqlu sülün quşundan almış. Burada o gözəl sülünlər nə zaman sallana – sallana gəzmişlər, Allah bilir. Amma mən onların adıyla anılan bu küçədə bir sülün həfifliyi ilə yürüdüyümü niyə gizlədim ki?
Kurfürstendamma maşınımı park etdikdən sonra həyəcanla Fasanen küçəsinə girdim. Doğrusu küçəni sarmış sağlı sollu kafelər, önündə bir alman polisinin durduğu tarixi bir sinaqoq və yanımdan keçib gedən fransız, rus, italyan turistlərinin sevincli halları məni maraqlandırmırdı. Mənim hədəfim başqa bir yerdi və o hədəfə varmaq üçün sürətlə yürürkən bir az da həyəcan içindəydim.
Bina nömrələrini bir – bir gözdən keçirdim. 69, 70, 71 və nəhayət 72! Bəmbəyaz bir bina, rəngi çəhrayı rəngdən qaraya çevrilmiş qocaman ağac qapı, zərif, içəri dönük balkonlar... Əlbəttə ki birinci qatın divarında onun barelyefi...Yanıbaşında isə onun qalın hərflərlə yazılmış bir sözü, məni və qürbətdə yaşayan minlərcə azərbaycanlının ürəyindən yüksələcək bir fəryad kimi dolur gözlərimə:
Vətənsiz həyat mənasızdır!
Vətənə bu qədər bağlı bir adam illərlə burada necə yaşamış əcaba?
Ətrafa baxıram. Hər şey eynən onun baxdığı kimi. Hətta onun dönəmində küçələri işıqlandıran hava qazı dirəkləri belə yerli yerində dururlar. Binanın tam qarşısında yaşlı qocaman bir çinar ağacı... O, bu çinar ağacını gördümü əcaba? Gördüsə nələr düşündü, nələr xəyal etdi? Vətəndəki ağaclarla hansı bağlantını qurdu bu ağacla?
Təkrar binanın önünə gedirəm. Binaya altdan yuxarı baxıram. Sımsıcak bir duyğu saçlarımdan ayaq barmaqlarıma qədər yayılır. ‘Mən qürbətdə deyiləm, mən qürbətdə deyiləm,’ deyə hayqırmağım gəlir. Orada, onun ruhunun, onun sözlərinin dolaşdığı bir yerdəyəm. Ətraf yabançı, mühit soyuq, insanlar başqa insanlar, amma mən orada hər şeydən qopub onunla birlikdə içimdə bir vətən köşəsi yaradıram sanki.
Binanın ön divarına bir neçə ad yazılmış. Kimisi həkim, kimisi hüquqşünas, kimisi bankir... Onlar onun varlığından nə qədər xəbərdardırlar əcaba? Biri içəridən çıxsa və onu soraqlasam deyə düşünürəm. Amma saat axşamın doqquzu və heç kim marağımı gidərmək üçün o yüksək qapıdan bayıra çıxmır.
Bir az da binanın önündə durduqdan sonra yolun qarşısına keçirəm. Küçəni bir sağdan, bir də soldan diqqətlə incələyirəm. Onun gözlərinin dəydiyi hər yeri kəşf etmək və kimsənin görmədiyi bir şeyi görmək üçün didinib dururam. Binanın tam qarşısında bağçalı bir ev var. Bir evdən çox bir parkı xatırladır. Giriş qapısının tam üzərində Literaturhaus yazılı, yəni ədəbiyyat evi... O, mütləq buralarda gəzmiş, burada bir yerlərdə oturmuş, Əlixanı, Ninonu xəyal etmiş deyə düşünürəm. Ədəbiyyat evinin önündə bir yay kafesi.. Artıq göy üzünü gecə qaranlığı qapamış... İnsanlar oturmuş, qəhvə içib söhbət edirlər. Ən uc köşədə bir masaya oturub qapqara geyimli qısa saçlı sarışın qarsona çay sifariş edirəm. Qaranlıqda parlayan mavi gözləri sanki Ninonu xatırladır. Gülümsəyərək uzaqlaşır yanımdan. Sonradan əldə etdiyim bilgiyə görə bu ədəbiyyat evi 1889 – cu ildə bir dəniz kapitanı tərəfindən tikdirilmiş və 1920 – ci illərdə millət vəkili Richard Hildebranda satılmış. Hildebrand və sənətsevər həyat yoldaşı Louise bu evdə sənətsevərləri, musiqiçiləri qonaq etmişlər. Məşhur musiqiçi Max Bruch burada dəfələrlə konsert vermiş. Ədəbiyyat evi İkinci Dünya savaşından öncə yabançı tələbələr üçün bir toplanma məkanı olmuş. İndi isə yazarlara və kitabsevərlərə ev sahibliyi edir.
Onun da buraya gəldiyindən yüzdə yüz əminəm. Çünki tam evinin qarşısında yerləşən bu cənnət köşəyə bir yazarın uğramaması imkansızdır.
Oturduğum yerdən ağacları, otları, gülləri onun gördüyü şəkildə görməyə çalışıram. Qarşıda bəmbəyaz güllər sanki keçmişdən mənə əl sallayırlar. Bir yay axşamında hava sərin və olduqca səssiz. Ruhumda coşan duyğularla bu səssizlik müdhiş bir təzad yaradır. Az daha Nino deyə səslənəcəyim qıza hesabı ödəyib qalxıram. Ədəbiyyat evinin sağ tərəfində 20 – ci yüzilin ən məşhur rəssam və heykəltəraşlarından biri olan Kaethe Kollwitzin adına bir muzey var. Gec vaxt olduğundan qapısı qapalı. Bağçasında onun əsərlərindən örnəklər sıralanmış. Tam qarşıda duran boynu bükük adam heykəli əcaba vəhşicə öldürülən sosialist Karl Liebknechte qoyulmuş heykəlmi? Bilmirəm. Bu küçədə cavabını verəmməyəcəyim o qədər sual var ki! Yaxşısı budur mən sadəcə onu və vətənimi, vətən, yurd, yuva deyincə gözlərimə qədər sıçrayan isti duyğuları düşünüm.
Təkrar binanın önünə gedirəm. Dəyərli alim İsa Həbibbəyli bəyin bir sözü yadıma düşür. Keçən il Naxçıvandaykən mənə “Orxan bəy, Əsəd bəylə ilgili nə tapsan, gətir mənə”, demişdi. Bax indi Əsəd bəyin illərini keçirdiyi evin qarşısındayam. Gözlərim onun rəsmində, onun sözlərində... Kaş bina kiçilsə və mən onu qucağıma alıb sənə, Azərbaycana gətirsəm, İsa bəy!
Qollarımı ata-ata yeriyirəm. Ev, Əsəd bəy, Əlixan, Nino geridə qalırlar. Yanıbaşımda bütün ehtişamıyla, məşhur alman memarı Hans Griesbachın villası durur. Amma bayaq da dediyim kimi heç bir şey məni maraqlandırmır! Əsəd bəy, Qurban Səid, Əlixan, Nino və Azərbaycan olmadıqdan sonra mən neynirəm bu küçəni? Qoca çinar hələ də 72 nömrəli binanın önündə gözətçilik edir. Bəlkə daha çox illər orada gözətçiliyə davam edəcək. Amma Qurban Səid olmadıqdan sonra bütün bunların nə önəmi var ki?
Orxan ARAS






Bu yazı ( 985 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar