12px14px16px18px

Məhəmməd Əmin Rəsulzadə

Şirməmməd Hüseynov
02:08 / 26.05.2012
 
Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
 
Siyasi intriqalar
Dünki sayımızda “Alman agentləri” ünvanı altında “N.V.”-dən nəqlən bir fəqərə dərc edilmişdi.
Bu fəqərə almanların hiylələri ilə bitərəf məmləkətlərdə vətənimiz Rusiya əleyhinə nə kibi intriqalar çevirildigini xəbər veriyor. Stokholmda Rusiyada yaşayan qeyri-rus millətlərin guya nümayəndələri yığışmışlar da Amerika rəisi-cümhuri Vilson adına bir şikayətnamə göndərmişlərdir ki, Rusiya dövləti özünə məhkum olan millətləri incidiyor. Onların hüquqini təzyiq ediyor və lazım imiş ki, Amerika dövləti hökuməti imperatoru yanında təşəbbüs edib də sıxıntıda olan bu millətlərin əhvalını düzəltdirmək üçün çara nüfuz eləsin.
“N.V.”-nin rəvayətinə görə Vilsona verilən bu ərizəni başda Finlandiya nümayəndələri olduğu halda bütün Rusiya millətləri latışlar, litvalılar, polyaklar, Baltik almanları, yəhudilər, gürcülər, müsəlman millətləri, hətta ukraynalılar da imza etmişlərdi. Yalnız “eşq olsun” ki, ermənilərlə Rusiya rumınları bu “rusvanaməyə” qol qoymamışlardır.
Vilsona çəkilən şikayətnaməyi Rusiyadakı millətlərin “mündəravərdə” vəkilləri olmaq hesabilə kimlərin imza elədiklərini “N.V.” qəzetəsi tamamilə nəql etmiyor. Fəqət söyliyor ki, bu adamların heç birisini Rusiyadaki millətlər vəkil etməmişlərdir. Çünki finlərdən başqa bütün Rusiya millətlərinin Dövlət dumasında olan qanuni nümayəndələri kəndi millətlərinin Rusiya hökumətilə bərabər olub da, onun düşmənlərilə düşmən və dostları ilə dost olduqlarını rəsmi surətdə elan etmişlərdir.
Şübhəsiz ki, böylədir. Əlbəttə ki, dumadaki məbuslarımızın vəqtilə söylədikləri kibi müsəlmanlar da daxil olduqları halda Rusiyada yaşayan bütün məhkum millətlər, vətəni-ümumilərinin istiqbalından məyus degildirlər. Onun üçün də səadətlərini onun səadətində görüyorlar.
Bunu bütün millətlərlə bərabər biz də, hər bir münasibətlə, hər hərəkətimizlə, qanımızla, malımızla isbat etdik. Bu halə rus cəmaəti də, hökuməti də, qənaət hasil etdilər və qənaətlərini dəfələrlə söylədilər.
Bu cəhət müharibədəki qeyri-rus və o cümlədən müsəlman əskərlərinin fədakarlığı və rusiyalı türk zabitlərinin qəhrəmanlıqları ilə də isbat edildi. Bunun əksini isbat edəcək bir vəqəyə təsadüf olunmadı və bunu çürüdəcək bir vəqəə zühur etmədi.
Bu kərə Stokholm intriqasında bütün Rusiya millətlərilə birlikdə adı çəkilən müsəlmanlar keçəndə dəxi bir münasibətlə yad edilmişlərdir.
Oxucuların yadında olsa gərək ki, rusiyalı türk-tatar qovmlərindən vəkalətən bir heyətin macar rəisi-hökuməti qraf Tabsels yanına gedib də Kazan xanlığının əhyasi üçün təşəbbüsdə bulunduqları xəbəri qəzetələri dolanmış idi.
O vəqt Rusiyada çıxan bütün türk-müsəlman qəzetələri bu xəbərdən istikrah və nifrətlə bəhs etmiş, Kazan xanlığının əhyası kibi gülünc bir xəyal degil, Rusiyadan başqa bir hökumətə şikayət fikrinin belə müsəlmanlar arasında tərəfdarı olmadığını bəyan eləmişlərdi.
Mötəbər “Vəqt” qəzetəsi böylə bir istekrahə iştirak etməklə bərabər, məsələnin əhəmiyyətli bir cəhətini açmış və demişdi ki, Rusiya müsəlmanlarının hökumətlərinə sadiq qalmaları hər halda bəzi xəyalpərvər şəxslərin zühur edib də bu, ya o surətlə hərəkətlərini və bir takım siyasi macəralar ardında olmalarını ehtimaldan xaric buraxmaz. Çünki “Vəqt” siyasət zamanındayız – diyordu. İntizar olunmayan hadisələrin, əql və təsəvvürə gəlmiyən əcayiblər doğurduğu bir anda, biz kim bilir olsun ki, Rusiya xaricində yaşayıb da daxildəki dindaş və irqdaşlarının qayğısına – kəndi bildikləri kibi qalanlar da var.
Fəqət bu qayğıların silahları alınıb da kefləri istəyən təsiri hasil edə bilməmələrinin çarəsi hökumətin öz əlindədir. Çünki məlum a, müsəlmanların bir takım məşru tələbləri vardır. Bu tələblərin verilməsi hökumətlə hakim millətin iqtidarını, izzəti-nəfsini azaldacaq şeylər degil, yalnız Rusiyadaki müsəlmanlara da günəş altında yaşaya bilmək üçün vücudi-əlzəm bir takım vətəni və milli hüquqlardır.
Hökumət xaricdə görülən bu intriqaları haman qəti bir tədbirlə qüvvətdən sala bilər, müsəlmanların əhvalında qayğılanacaq şeylər olmadığı təqdirdə bittəbii “qayğıçılar”ın zühuruna da səbəb qalmaz. Bu kibi qayğıçılar zühur eləsələr dəxi heç bir nov təsir hasil etdirə bilməzlər. Çünki ayağ altında zəmin görməz, çizmək istədikləri qorxunc tablo üçün bəyaz lövhələr tapmazlar.
Stokholmdan gələn bu yuxarıdaki xəbər həqqində də “Vəqt”in bu məqul mülahizəsini təkrar etmək olar. Şübhəsiz kimsə inkar etməz ki, Rusiyada bir “inorodeslər” məsələsi vardır. Əlbəttə, Rusiya “inorodesləri” bu məsələni başqalarının nüfuz və müdaxiləsi ilə həll etdirmək istəməzlər. Böylə bir istəkdən onların ruhi bezardır. Dəlili meydandadır. Təkrara ehtiyac yoxdur.
Rusiya inorodesləri yaxşı qanedirlər ki, bu məsələ bir ailə məsələsidir. Onlar bilirlər ki, yalnız məhkum millətlər degil, hakim millətin də istədigi bir çox islahat vardır. Fəqət bütün bunlar rusiyalıların öz əllərilə, öz istəklərilə, öz hökumətləri vasitəsilə islah olunacaq. Rusiya inorodestlərindən daha heç birisi Rusiyanın bütün millətlər üçün doğma yurd olacağından qəti-ümid etməmişdir. Biləks hər kəs müharibə nəticəsində böylə bir səadət hasil olacağı ümidilə yaşamaqda, müharibənin şiddət və məşəqqətlərinə təhəmmül etməkdədir.
Şübhəsiz ki, Rusiya millətləri xarici bir qayğıçıya möhtac degildirlər. Onlar özləri öz qayğılarına qala bilərlər. Onlar öz dərdlərinə rus millətinin ağıllı və idraklı qismi arasında da az qayğıçı bulmazlar. Fəqət bütün bunlarla bərabər könül arzu edərdi ki, Rusiyadaki millətlərin imdiki halını müvafiq görən məhfillər heç olmasa imdi bir əqlə gələydilər və kəndi inadları ilə başımıza nə kibi “qayğıçılar” çıxardıqlarını düşünəydilər də, gözləri açılaydı.
Öz başına qalxıb da Rusiya millətlərinin dərdinə qalan “qayğıçı”ların ağızlarını yummaq və təsirlərinin lap kökündən kəsmək üçün ən müvafiq çarə, ən əsli (radikal) tədbir şübhəsiz ki, hökumətin öz əlindədir. Bu da: Rusiya millətləri əhvalındaki “qayğılanacaq” xüsusları aradan qaldırmaqdır.
Bu hasil olursa, o zaman kim nə intriqa çevirirsə, çevirsin. Hər hankı xəyalpərvər bir macəracu nə deyərsə, desin, kimsəyə zərrə qədər təsir etməz.
M.Ə.
“Açıq söz”, 16 may 1916, №186
İstekrah – ikrah etmə
İnorodsı – özgə xalqdan olan
Qafqasiya zemstvosu və müsəlman fraksiyası
Moskva qəzetələri Dövlət dumasında müsəlman fraksiyasının rəisi Təfəkkilov cənablarının Qafqasiya zemstvo şurasında olan müsəlman nümayəndələrinə çəkdigi bir teleqrafı nəşr etmişlər. Bu teleqrafda möhtərəm fraksiya – rəisi diyor ki:
“Qəzetələrdə Tiflis şurasının zemstvo həqqində qərarları oxuyaraq heyrət etdim. Əgər Qafqasiya zemstvo layihəsi məhəlli cəmaət əsasını pozan bu əsaslar üzərinə yazılacaq olursa, əlbəttə ki, müsəlman fraksiyasının bu layihəni müdafiə etməsini gözləmək olmaz. Hər nə cür olursa-olsun, məhəlli cəmaət idarəsinin demokratik əsaslarına sadiq qalmayı lazım görəcəgiz. Bəlkə qəzetələrin bu xüsusda verdikləri məlumat yalnış və naqisdir, – deyə təsəlliyab oluyorum”.
Qəzetələrin verdigi məlumatda bir takım mübaliğələr verən tündləşdirməklər olmaqla bərabər zemstvo şurası əksəriyyətinin 1890-cı il nizamnaməsində mövcud olub da və cəmaətlik demokratik əsaslarına zidd olan maddələri həqqində razılıq verdikləri müsəlləmdir.
Hər nə qədər rəfiqimiz “Yeni İqbal” bu xüsusda müsəlman mətbuati vəqtilə “simasını açmadı” diyorsa da biz bu məsələdə özümüzü həqsiz olarq “rübəndlilər ağzı yaşmaqlılar” zümrəsində görmək istəmiyoruz. Çünki zemstvo şurası açılacağı gün, tipcə zemstvo iki mərtəbəli uyezd və quberniya zemstvolarından ibarət olsun. Fəqət başqa maddələrdə 1890-cı il nizamnaməsi 1864-cü il nizamına doğru təzhih olunsun demiş və arzu eləmişdik ki, şura Qafqasiya zemstvosunun demokratik əsaslar üzərinə qurulmasının təmminə çalışsın, zemstvo seçgilərini silk və təbəqə imtiyazından qurtarıb dvoryanlara artıq ixtiyar verilməsin. Seçgi istehqaqını azaltsın, məktəblərin yalnız maddətən degil, mənən də idarəsini zemstvolara versin, qubernatorların zemstvo qərarları üstündəki nəzarətini azaltsın, zemstvolarda yerli dilləri dövlət dili ilə bir bərabərdə tutdursun və sair.
Zemstvo şurası tamam oldu. Şura əksəriyyəti, bütün müsəlman nümayəndələrinin rəyi ilə 1890-cı il nizamnaməsinin tamamilə Qafqasiyaya tətbiq oulnmasını istədi. Biz buna etiraz elədik. Hətta müsəlman “bəy ariflər”ini müsəlman əkinçisinin etimadını sui-istemal etdigi üçün müvaxizə etdik.
Demək ki, biz də, müsəlman fraksiyasının möhtərəm rəisi kibi hər nə surətlə olursa-olsun, cəmaət idarəsinin demokratik əsasları əleyhinə rəy vermək və bu xüsusdaki tələbləri qəbul etməkdən uzaq olduğumuzu bildirdik. Rəyimizi açıqca söylədik.
1890-cı il nizamnaməsinin eyni ilə Qafqasiyaya verilməsini tələb edənlərin bu xüsusda bəyan elədikləri ən böyük dəlil dəxi bizi qane edəmiyor. Onlar diyorlar ki, əsasən bizdə bu nizamnamənin əleyhindəyiz. Fəqət nə yapmalı. Liberal əsaslar çox, demokratik layihələr yazmaq da asan. Fəqət onu bizə verən kim? Halbuki biz bir an əvvəl naqisdə olsa, zemstvo istiyoruz. Rusiyada nə varsa, onu heç olmasa versinlər.
Fəqət bu bəhanə doğru degildir. Oraya çağrılanlar qətiyyən müqəttən sifətilə çağrılmamışlardı. Qanun yazan bir vəziyyətdə də ola bilməzlərdi. Çünki bu səlahiyyət heyəti-vüzərayə, senata, dumaya və məclisi-əyanə məxsusdur. Onlar sahibi-məlumat və xəlqin, məhəllin ehtiyacı adına aşina adamlar – deyə çağrılmış və hətta rəyləri də degil, məlumatları istənilmişdi. Burada başqa bir şey lazım degildi. Açıq-açığına Qafqasiyanın nəyə möhtac olduğu ilə, nə kibi zemstvonun Qafqasiya həyat və xüsusiyyatına müvafiq gəldigini söyləməlidirlər. Sonra hökumət özü bilərdi, nə qədər verə bilərdisə, onu verər, başqalarını rədd edərdi. Hələ dvoryan kuriyası (bəglər və xanlara verilən xüsusi seçgi dairəsi) ilə böyük mülkdarlıq istintaqi əleyhinə tamam bir müvəffəqiyyətlə söz söyləyə bilərlərdi. Çünki məlum olduğu üzrə Dövlət duması özü də bu maddənin əleyhindədir. Çünki daxiliyyə vüzarəti özü bu maddənin islahı tərəfdarıdır.
Təfəkkilovun yuxarıdakı bəyanı müsəlman fraksiyasının ğayətdə səhih bir tərzi-hərəkət tutduğunu göstərməkdədir. Bunu Tiflisdən Bakıya övdət etdigi zaman Qafqasiya müsəlman vəkili Məhəmməd Yusif cəfərov cənabları da bizimlə vaqe olan xüsusi müsahibələri əsnasında söyləmişlərdi. O da 1890-cı il nizamnaməsinin, bilxassə qubernatorların səlahiyyəti ilə, məhud seçgi istehqaqını və dvoryan kuriysını təyin edən maddələri əleyhində olduğunu və məsləkinə zidd olan bu layihəyi müdafiə edə bilməyəcəgini söyliyordu. Bu fikrinin Tiflisdə ikən şuradaki müsəlman nümayəndələrinə söyləmiş olduğunu dəxi əlavə ediyordu.
Zənn ediyoruz ki, erməni əqəliyyəti tərəfindən təklif olunub da mahiyyəti bir növ saxlandırılmamış olan bir takım yeni zemstvo təəssimati-idariyyəsini keçdikdən sonra prinsip etibarilə yuxarıda zikr olunan demokratik əsaslar üzərinə veriləcək zemstvo qanununa, zemstvo şurasına iştirak edən əqilli və idraklı ürəfamızdan heç biri məsləkcə müariz çıxmıyalar, fəqət şurada verdikləri rəylər bu nikbinanə ehtimalımızı çürüdəcək dərəcədə qüvvətli isə də, biz verilən bu rəyləri başqa bir prinsipə (əsasə) xidmət etmək niyətindən ziyadə taktik xətasında görməklə mailiz.
Hər halda biz də nə kibi bir səbəb və saiqlə olsa da, zemstvodaki ürəfalarımızın düşdükləri xətayə fraksiyamızın yanaşmaq istəmədiklərini görməklə təsəlliyab oluyoruz.
Qoy fraksiya tərəfdar olduğu demokratik əsasların müdafiəsində sabit qalsın.
Əfkari-ammə daima onunladır.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 18 may 1916, №188
Müvaxizə – məzəmmət
Müqəttən – inanılmış
Məhud – vəd edilmiş, şərti
Rubənd – üz örtüyü, rübənd
Qurama
– Hacı Xudaverən yüz manat... Axund, məhəllə əhlini dua elə.
– 50 manat da Kərbəlayi Xuda göndərdi. Əhli-qüburə bir rəhmət...
– 5 manat da Şöhrət bəy.... Məhəllənin cavanlarına dua elə. Özü də cavandır.
– Mirzə millətpərəst 10 manat, Axund, islama dua elə...
– Ağa çox verdi 100 manat, Kars hərbzədələri üçün, qəzetənin mümkünsə baş sütununda yazınız!
– Ağcabədi bazarının bəzzazları 12 manat yarım, hərəsinin adı-sanı ayrı-ayrı yazılsın.
– Dərs oxumaq istiyorsan, çox yaxşı, bən sənə ayda 25 manat verərəm, ancaq bir yaxşı təşəkkür məktubu yazasan.
– Bir məktəb tikdirrəm, ancaq partiretim oradan asılsın.
– Böyük bina yapdıraram. Fəqət içində çalışacaq adamlar da əgər mümkünsə öz adlarını çevirib bənimkindən qoysunlar.
Bunları neçün belə quruyordum?...
Hm... yadıma düşdü.
Demək istiyoram ki, biz xeyir işə bir manat xərcliyəndə on manatlıq ad çıxarmaq istəyiriz.
Məsələn, görüş məclisi quruluyor. Qapı ağzında bir vərəq qoyulur ki, qapıdan girən-çıxan qulpundan çıxdığı qədər bir şey versin.
Milyonerlər gəliyorlar, mədənçilər çıxıyorlar. Kazinoda binlər, klubda yüzlər, kurortlarda on minlər sovuran ağaların, lakeylərə onluqlar verən bəylərin qaraladıqları siyahı ən çoxu 3000-dən artmaz.
Halbuki işi bir az məscidə bənzədib də “Allah oğlun saxlasın”, yainki, “Allah fantan qismət eləsin”ə salınca görüyorsan ki, milyonerlərin 3000-nə güclə çatdırdıqları siyahını tazə şaxtaçılar iki saətin içində 20.000-nə çatdırdılar.
İndi gəl belə bir mühitdə di ki, Moskvada naməlum birisi çıxmış da Şanyaf xəlq darülfünununa 200.000 manat bağışlamışdır.
Necə?!...
– deyə buna bizimkilər heyrət edə, inanmaz.
O necə adamdır ki, 200.000 manatını vermiş də adını gizlətmişdir.
O necə kişidir ki, həm pulunu veriyor, həm də adını qəzetələrə yazdırtmayır. Bütün dünyaya qarşı gur-gur guruldamıyor.
Hm...
Əgər bizim xeyratçılar bilsəydilər ki, şəxsi-naməlumun şöhrəti məlumlardan çoxdur, o zaman on manat verdikdə, bir on manat da verərdilər ki, qəzetəçi onu yazmasın, 200.000 ianə edən bu vəqtə qədər az olmamışdır.
Amma heç birinin ianəsi bu şəxsi-naməlum qədər marağı cəlb etməmişdir.
İmdi Rusiyanın hər yerində diyorlar ki, gözəl bir adam tapılmış 200.000 manatını vermiş, adını da yazdırtmamışdır.
Naməlum şəxs böyük iş görmüşdür.
Fəqət “naməlum” əvəzinə “Petrov” olsaydı, şübhəsiz ki, burda o qədər bir böyüklük olmiyacaqdı. Çünki 200.000 kibi ianə edənlər az degildir.
Ancaq adam gərək ki, “naməlum” ilə “Petrov”da heç bir təfavüt olmadığını dərk etsin. Yaxud, çox təfavüt olduğunu anlasın.
Adam gərək ki, sağ əlilə verdigini sol əlinə bildirməməkdəki zövqü duysun.
Niş
“Açıq söz”, 23 may 1916, №192
Lord Kiçner
Teleqraf İngiltərə ilə müttəfiqləri üçün olduqca əsəfnak bir xəbər gətirdi.
Mayın 18 ilə 19-u arasında İsqahərağ sularında zühura gələn cəhənnəmnümun vuruşma nəticəsində almanların bütün cəzalərini görmədən qaçıb qurtara bilmələri ilə İngiltərə gəmilərində, aralarında bir çox şəxsidust və tanışları olan bəhriyyələrin tələf olduğuna əlahəzrət Kral bəyani-təəssüf buyurmuşlardı.
Kral ilə bərabər bütün İngiltərə əfkari-ümumiyyəsi dəxi İsqahərağda verilən tələfata qarşı mətəəssüf idi. Fəqət bu təəssüf ingilis millətini, ingilis əzmini qırmıyor. Biləks “Tayms” qəzetəsinin şəhadət etdiginə görə əfkari-ammə verilən qurbanların əldə edilən müvəffəqiyyətlərə dəgər olduğu ilə təsəlliyab oluyordu.
Təqdir böylə imiş ki, İngiltərə qəhrəmananə bir surətdə tələf olan adlı bəhriyyələrinin həzin xatirələrini oxşamaqda ikən nacahani yeni bir faciə ilə dəxi dilxun olsun.
Şübhəsiz ki, İngiltərənin hərbiyə vəziri və bütün İngiltərə su və quru qoşun qüvvətlərinin baş komandanı Lord Kiçnerin teleqraflarda oxunduğu vəchlə suya batması bütün İngiltərəni yas və matəmə batıracaqdır.
Yalnız İngiltərə degil, bu böyük müharibədə ingilis orduları ilə qılınc arkadaşı olan bütün müttəfiq ordular və ingilis milləti ilə əməldaş bulunan bütün Avropa millətləri üçün dəxi Kiçnerin bu fəci axırı göz yaşı tökdürəcək bir hadisədir.
Lord Kiçner Avropanın ən məşhur əskəri-siyasilərindən və ən iqtidarlı müdəbbirlərindən idi.
Avropa müharibəsinin ibtidasında dünyanın ən ciddi müttəfiqləri Avropa müharibəsinin üç-dörd ay zərfində bu tərəf, ya o tərəfin olub-bitəcəginə sadəlövhanə-hökm verməkdə ikən, yalnız Kiçner idi ki, bütün bu səthbinliglərin fövqünə yüksələrək bu müharibənin 5 ilə qədər davam edəcəgini təxmin eləmişdi.
Lord təxminin 3-cü ilinə yaxın bir zamanda müharibənin təsadüfi zərbəsinə uğrayaraq təsəvvür elədigi nəticəni görmədən fərağətə çəkildi.
Kiçner müharibənin əvvəlində Misirdə ingilis komissarlığı vəzifəsini ifa etməkdə idi. Oxucular bilərlər ki, bu vəzifə adətən Misir naibi-əskəri və idari məharətilə İngiltərəyə böyük xidmətlər göstərmişdir. Vəqtilə “Misir misirlilərindir” şüarı ilə qiyam edən misirlilər, sonra daha şiddətlə ayağa qalxan sudanlıları təədib edib də Misir ölkəsini rahat etməsi və bu ölkənin qələmrovunu Afrikanın ta ortalarına qədər böyütməsi ilə Lord əsgərlik və siyasətdəki ismü rəsmini tarixin görkəmli səhifələrinə yazdırtmışdır.
İngiltərə dövləti müharibədə iştirak edincə bütün hərb qüvvətlərini tapşırmaq üçün Kiçnerdən daha layiq bir əl tapmamışdı.
Kiçner buna layiq olduğunu az zamanda isbat elədi. Müharibənin əvvəllərində iki yüz minə güclə varan ingilis ordusu bir az sonra milyonu ötdü.
Hər yanda müşkil bir iş olsaydı, mütləqa Kiçnert oraya getməli idi. Vaxtilə Lordun Balkan səfəri dəxi bu niyətlə olmuşdu.
Lordu aparmaqda olan “Kempşayr” zirehli krauzveri Rusiyaya gediyormuş. Qərq olduğu yer dəxi Orgenəy cəzirələrinin yanındadır. Orgenəy cəzirələri Böyük Britaniya cəzirələrindən Şotlandiyanın lap şimali qurtaracağında bir çox cəzirələrin məcmuinə verilən addır.
Görünüyor ki, krauzver Lord ilə bərabər bütün ərkani-hərbini dəxi Norveç sahilinə çıxaracağmış ki, oradan bu ali heyət Rusiyaya azim olsun.
Kiçnerin yaxın zamanda Rusiyaya gələcəgi zatən gözləniyordu. Bu xüsusda “O.R.” qəzetəində dərc olunan bir fəqərədə deniliyor ki, keçəndə müttəfiqlərin Paris ilə Londonda əskəri şuraları olmuşdu. Bu şuralarda müttəfiq dövlətlərin hökumət adamları arasında bilavasitə danışıqda olmağın əhəmiyyəti təsdiq olunmuşdu. Bu nəzəriyyənin nəticəsi olaraq Fransa vəzirlərindən Vuyuyans ilə Albert Toma Rusiyaya gəldilər.
Fransa nümayəndələrinin Rusiyaya gəlməsindən sonra İngiltərə nümayəndəsinin Petroqrad məşvərətində hüzurinin qiymətdar olacağı keyfiyyəti anlaşılmış oldu. Buna görə də Lord Kiçner özünün bilzat Rusiyaya getməsini lüzumlu və faidəli görmüş oldu. Fövqəlzikr qəzetənin xəbərinə görə Kiçner bir zaman Petroqradda qalacaq hökumət və ticarət adamları ilə görüşəcək və müttəfiq ordularının silah və ərzağı həqqində məşvərətdə bulunacaqmış.
“Kempşayr” krauzverinin minadan, yainki torpedodan qərq olduğu ingilis teleqraf rəsmiyyəsində qeyd olunuyor. Gəminin böyük sürətlə batmasını batanlardan kimsənin xilas ola bilməməsi göstəriyor. Bu isə gəminin torpedodan batdığına daha çox ehtimal verdiriyor. Əgər gəminin batmasına səbəb torpedo isə, o zaman bu işin sualtı qayıq tərəfindən icra edildiginə hökm etmək lazım gəlir.
Lord Kiçnerlə bərabər ərkani-hərbinin də batdığı xəbər veriliyor. Şübhəsiz ki, Kiçner ərkani-hərbindəkilər də İngiltərənin mümtaz adamlarıdır. Bu fəqərə isə daha ziyadə movcibi-təsirdir.
M.Ə.
“Açıq söz”, 27 may 1916, №196
Əsəfnak – acınacaqlı
cüzur – dənizdə çəkilmələr
Tədib – cəza vermə
Erməni demokratizmi həqqində
(Dəgişik bir tərcümə münasibətilə)
Yaxında olub bitmiş Qafqasiya zemstvo şurasında gürcülər, müsəlmanlar və ermənilərdən qeyrilər başqa bir əksəriyyət və ermənilərdən ibarət bir əqəliyyət əmələ gəldigini qəzetə oxuyanların hamısı bilir.
Əksəriyyət 1890-cı il nizamnaməsnin namla Qafqasiyaya tətbiqini və bu surətlə Qafqasiyanın Daxili Rusiya ilə hüquqda bərabərləşməsini istiyordu.
 Əqəliyyət bu nizamnaməyə qane olmayıb Qafqasiya zemstvosunun başqa əsaslar üzərinə verilməsini tələb ediyordu.
Arada iki böyük ixtilaf vardı: birisi zemstvo idarə təqsimatı, ikincisi də zemstvo seçgilərindəki hüquq və imtiyazlar.
Erməni əqəliyyəti çapalıyordu ki, zemstvo idarəsi Rusiyada olduğu kibi ikimərtəbəli uyezd və quberniya təqsimatı ilə olmasın. Məqsəd də məlum idi. Ermənilər hər tərəfdə əqəliyyətdədirlər. Buna görə mövcud idarə təqsimatı ilə seçgilər icra edilərsə, hər yanda azlıqda qalmalarına ehtimal vardır. Ona görə də Qafqasiyaya zemstvo verildikdə öylə yeni təqsimat gözətməlidir ki, ermənilərin hüquqi, əksəriyyət təşkil etmələri təmin olunsun. Böylə olmazsa, hətta, Babacanov duma kürsüsündən deyib də bütün ermənilərə tərcüman oluyordu ki, Qafqasiyaya zemstvonun varlığı yoxluğundan zərərlidir.
Bu mətləbi ermənicə çıxan qəzetələr heç gizlətməyərək açıqcasına yazdılar. Milli əsaslar üzərinə qurulmuş zemstvo həqqində istədkilərini söylədilər. Fəqət, şuradaki diplomat millətçilər öz istədiklərinə demokratlıq rəngi verməgi işə daha faidəli gördülər. Guya rus cəmaətinin iləridə gedənlərinin xırda zemstvo (volost zemstvosu) xüsusunda bəslədiklərinə tərcüman oluyormuş kibi Qafqasiya üzərinə olub biçilməsini tələb etdilər.
Bu tələb tamamilə yeni bir şey idi. Saflandırılmamış və demokratlığa yaradığının dərəcəsi qətiyyən isbat edilməmiş olan bu yeni ünvan ilə şura əqəliyyəti bir nov kondrabandçılıq edərək öz məqsədini yeritmək fikrini bəsliyordu.
Burasını bir az izah etmək lazım gəlir:
Qafqasiyanın bəzi quberniya və uyezdləri əkinəcəgin suvarılması və sair əkin-biçin işlərinin idarəsi üçün polisə idarəsindən xaric bəzi bölgələrə ayrılmışdır. Bu bölgələr əksərən təsadüflə əmələ gəlmiş şeylərdir.
Zemstvonun bu təsadüfünə bulunan idarə hüdudları ilə təşkil olunmasının faidəsiz olacağı qətiyyən şübhəli idi. Hətta köçbə halında yaşayan bəzi müsəlman vilayətləri üçün zərərli olduğu dəxi müsəlləm idi. Çünki bu tərtiblə dərələri dağlardan ayırmaq lazım gəliyordu. Halbuki köçbəliklə keçinənləri olan bir məmləkətin diriligində dərələr ilə dağların nə dərəcədə ayrılmaz və mənfəətləri biri-birinə çalpaşıq olduğu böylə bir həyatla keçinən quberniyaları tanıyanlarca aşkardır.
İştə, erməni əqəliyyəti tərəfindən həddi-zatında uyezddən heç də xırda olmayan bu oqranomik uçastokların təklifi, köcbəsi olmayıb da əksərən dağlarda yaşayan ermənilər üçün müvafiq görünüyor desə də, köcbəligə malik olub həm çöllüklərə, həm də dağlara möhtac olan müsəlmanlar üçün qətiyyən əlverişli degildi.
Sonra demokratlıq olsun – deyə erməni əqəliyyəti böyük şəhərlərin, Bakının, Tiflisin, hətta Bakı mədən dairəsinin uyezdlərdən ayrılıb müstəqil bir zemstvo vahidi vücudə gətirmələrini təklif ediyordu. Onlar istəmiyorlardı ki, quberniyanın hər növ xidməti kəndçilərin hər qism zəhmət və məsailərinin bərəkətini çəkən şəhərlər sovurduqları faidədən bir qədərini haman kəndlərin abadlığına sərf eləsinlər. İstəmiyorlardı ki, milyonlarını sovurduqları neft mədənlərinin ətrafında olan kəndlərə bir qəpik də olsa, xərcləsinlər.
İştə, erməni əqəliyyətinin zemstvo təşkilatı həqqində bu mahiyyəti məchul safiyyəti şübhəli təklifi əksəriyyətcə rədd edilmiş idi. Bunu zemstvo şurasının açılacağı münasibətilə yazmış olduğumuz məqalədə bizdə rədd etmiş, yalnız quberniya və zemstvo idarələrinin müvafiq olduğunu söyləmişdik.
Bundan keçdikdən sonra ikinci mühüm bir məsələ gəliyordu ki, o da ixtilaflı idi: bu da seçgi istehqaqı ilə dvoryan kuryasından ibarət idi.
Biz əsl demokratlıq əsasından nəşət edərək tələb ediyorduq ki, dvoryanlıq kuriyası olmasın, seçgi istehqaqı da azaldıqca-azalsın və bütün siniflər müsavi olaraq zemstvo seçgilərinə iştirak edə bilsinlər.
Topraqsız, pərakəndə, əksərən alış-verişçi olan ermənilərin də mənafei bu tələblə təmin edilmiş oluyor. Topraq sahibi olmaq toplu yaşamaqla bərabər alış-verişdə də aciz olmayan müsəlmanlar bundan bir şey itirmiyorlardı.
Bu məsələdə zemstvo şurasının əksəriyyəti bir taktik məsələsi olacaq ki, demokratlığa zidd bir qərar aldı. Dvoryan kuriyası ilə mülki istehqaq həqqini iltizam etdi.
(Ardı var)
Şirməmməd Hüseynov



Bu yazı ( 252 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar