12px14px16px18px

Məzlumun ahı

Orxan ARAS
02:35 / 06.03.2010


Bir gün haqsızlığa uğrayan zavallı bir bəndə küçələrə düşərək “Mən məzlumam” deyib hər tərəfə səs salır. Səsi eşidən Həzrəti-Əli “Gözlə, mən də səninlə gəlim, çünki mən də məzlumam” deyərək həmin adamın arxasınca gedir.
Cümə günü Hollandiyaya doğru yola çıxarkən mən bu məqamı düşünürdüm. Qarabağ dağlarının arasında qalan kiçik bir qəsəbənin uşaqları, qadınları və yaşlılarının on səkkiz il əvvəlki qışqırıqları ürəyimdə əks-səda doğururdu və xəyallarımda o məzlumların ardınca düşüb gedirdim.
Almaniyanın ən yüksək bölgələrindən sayılan Sauerland dağları hələ də qarla örtülüydü. Avtomobilimi təpələrə doğru sürərkən ətrafı bürüyən meşələrin içindən hər an yaralı, yorğun, gözləri qorxu dolu Xocalı sakinlərinin çıxacaqlarını düşünürdüm.
Sauerland dağlarından sonra Hollandiya və Belçikaya doğru düzənliklər başlayır. Essen, Gelienkricren, Düsseldorf şəhərləri Hollandiyadan başlayan düzənliyin davamı sayılır. İkinci Dünya müharibəsində Hitlerin əskərləri asanlıqla bu bölgədən Norveçə doğru hərəkət etmişdilər.
Xocalıda üzüm bağlarına sığınan günahsız insanlar bir gün terror vəhşiliyinə məruz qalacaqlarını bəlkə də təxmin etmişdilər. Amma dağların və meşələrin arasında itib-batan səslərinin dünyanın hər yerində bu qədər yaxından eşidiləcəyini yəqin ki, ağıllarına belə gətirməmişdilər.
Mənim yola çıxdığım həmin gün Belçikanın və Avropa Birliyinin mərkəzi Brüsseldə mitinq var idi. Dostum, əziz qardaşım, Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi də həmin mitinqdə Xocalı məzlumlarının səslərini avropalıların sanki kar olmuş qulaqlarına qışqıracaqdı. Təəssüf ki, mən onlarla bərabər həmin mitinqdə iştirak etməyəcəkdim, çünki Hollandiyanın paytaxtı Amsterdamdakı universitetə dəvət almışdım.
Amsterdam özünəməxsus arxitekturası olan bir şəhərdir. Çox da yüksək olmayan binaları, şəhərin hər tərəfini bürüyən su kanalları, həmin kanallarda turistləri gəzdirən motorlu qayıqları və küçələrində sərbəst şəkildə tiryəkdən istifadə edən insanları ilə bizim üçün fərqli bir şəhərdir.
Amsterdam mənim qaldığım yerdən dörd yüz kilometr uzaqda yerləşir. Cümə günü olduğu üçün yollarda tıxac var idi, elə buna görə də dörd yüz kilometrlik yolu 6 saata qət edə bilmişdim. Nəhayət, axşam saat beşdə Amsterdamın mərkəzində yerləşən otelə çatdım. Oradakı azərbaycanlı dostlarım oteldə məni bir qədər gözlədikdən sonra, konfrans zalına gecikməsinlər deyə, otelin qəbul şöbəsinə kiçik bir qeyd buraxıb ordan ayrılmışdılar. Mən də əşyalarımı otelə qoyub həmin konfransın keçiriləcəyi universitetə getdim. Amsterdam universitetinin girişində məni Benilüks Azərbaycan Cəmiyyətinin sədri Elsəvər Məmmədov qarşıladı. Giriş qapısından konfrans zalına qədər üzərinə qırmızı güllər qoyulan, Xocalı məzlumlarının ürəkağrıdan şəkilləri düzülmüşdü. Salonun qarşısında Türkiyədən gələn ustad Yavuz Bülənt Bakilər, konfransı “Hollandiya-Anadolu Öyrənci Hərəkatı” ilə birlikdə təşkil edənlərdən yazar Gülşən Lətifxan və Azərbaycanın Hollandiyadakı səfiri Fuad İskəndərovla görüşdük.
Konfrans saat 18.00-da başladığında salon tamamilə dolu idi. Azərbaycanlı, türkiyəli, hollandiyalı tələbələr həyəcanla bizi gözləyirdilər.
Toplantını Azərbaycanın həqiqi dostu olan hollandiyalı yazar və jurnalist cənab Gert B.Van Dam açdı. Qısa olaraq Xocalıdakı insanlığa sığmayan qətliamdan bəhs etdi və belə qətliamların bir daha yaşanmaması üçün bütün insanların irq-din məzhəblərini güdmədən əl-ələ verərək mübarizə aparmağının vacibliyini söylədi. Daha sonra söz alan jurnalist Lena Sangin proqramı və gələn qonaqları tanıtdı. Tələbələrin Xocalıya həsr etdikləri iyirmi dəqiqəlik sənədli film hamının gözlərini yaşartdı. Növbə mənə çatınca gözlərimdəki yaş və ürəyimdəki atəşlə çıxışıma başladım. Qəlbimdəki üsyanlı duyğular varkən nələri izah edə bilərdim ki? Yüzlərcə məzlum və talesiz insanın kədərindən, ah-naləsindən bəhs etdim. Ora toplaşan xaricilərin də bu faciədən xəbərdar olmalarını istədim.
Məndən sonra, həmin dövrdə Xocalıda həkimlik etmiş K.Abbasov da gördüklərini eyni şəkildə, gözlərindən yaş axıda-axıda danışdı. Bütün o həssas atmosfer içində pianoçu Sara Chrombachın böyük məharətlə Niyazidən, Fikrət Əmirovdan ifa etdiyi musiqilər bizi minlərlə kilometr uzaqlıqdan götürüb yurdumuza, başıbəlalı Azərbaycanımıza apardı.
“Bilməz idik döngələr var,
dönüm var,
Ayrılıq var, itkinlik var, ölüm var...”
Ustad Şəhriyar necə də gözəl izah edib halımızı...
Hər zaman ayrılıqlara, hər zaman ölümlərə düçar olan yurdum, hey!
Azərbaycanın Hollandiyadakı səfiri Fuad İskəndərov cəsarət verən sözləri ilə salonda oturan insanların ürəklərinə bir az su səpmiş oldu. Əlbəttə ki, Qarabağ Azərbaycanın bölünməz hissəsidi və ümidvaram ki, gün gələcək, həmin o dədə-baba yurdlarımız yenidən bizim olacaq.
Son olaraq ustad Yavuz Bülənt Bakilər çıxış etdi. “Azərbaycan ürəyimdə bir şahdamardır!” şeiri dodaqlarından səslənərkən bütün ağrılı-acılı duyğular ürəklərimizdən silinmişdi və o an sadəcə ümidli, işıqlı gələcəyi düşünürdük.
Ertəsi gün məşhur Lahey şəhərinə yollandım. Hava yağışlı idi və yağışla birlikdə ortalığı darmadağın edən fırtına Avropanı əsir almışdı sanki. Bir gecədə həmin fırtınanın 16 insanın həyatına qəsd etdiyini bağırırdı radiolar.
Lahey kiçik bir şəhərdi, amma içindəki məşhur Ədalət Məhkəməsi ilə bir dünya şəhərinə çevrilmişdi. Zalımlardan, zülmlərdən yaxasını qurtarmaq istəyənlərin şəhəridir Lahey. Görəsən, bir gün o məhkəmədə Xocalı məzlumlarının da iddiasına baxılacaqmı, bilmirəm.
Lahey şəhəri mənim ruhuma Amsterdamdan daha yaxın və isti gəlir. Çünki orada beş mindən çox iqdırlı yaşayır. Onların arasında özümü İqdırdakı kimi hiss edirəm. Eyni zamanda o şəhərdə Avropada sağlam fəaliyyət göstərən və 18 il əvvəl qurulan Azərbaycan-Türk Kültür Dərnəyi var. Həmin dərnək Avropada bir ilkə imza ataraq Laheyin mərkəzində Xocalı abidəsi ucaldıb. O abidə şəhərə gələn hər azərbaycanlının ziyarət yerinə çevrilib.
Dərnəyə getdiyim zaman başda sədr İlhan Aşkın olmaqla bərabər bütün dostlarla qucaqlaşıb görüşdük. Gecə yarısına qədər davam edən söhbətlərin ana mövzusu türk dünyasının ən önəmli ölkəsi olan Azərbaycan idi. Dərnəkdə iştirak edən həm Azərbaycandan, həm də Türkiyədən gəlmiş insanların həsrəti, arzuları, ümidləri söhbətimizə həyəcan və canlılıq qatırdı. O həyəcanla hər il olduğu kimi, bu il də Xocalı abidəsinin qarşısında təşkil olunacaq mərasim böyük bir diqqət və həssaslıqla hazırlanmışdı. Holland dilində məruzələr, afişalar gənclər tərəfindən Laheyin hər yerinə paylanmışdı. Bazar günü Xocalı abidəsini ziyarətə gedərkən o həyəcanlı hazırlığın boşa çıxmadığının şahidi olub sevinmişdim. Yağış yağmasına baxmayaraq, minlərcə azərbaycanlı, türkiyəli, hollandiyalı abidəyə gedən yoldaydı. Hamısının əlində Azərbaycan və Türkiyə bayraqları, qırmızı güllər vardı. Qadın və uşaqlar öndə gedirdilər. Abidənin çevrəsi bayraq və güllərlə bəzənmişdi.
Şəhidlərin ruhuna oxunan dualar, müxtəlif dərnək və partiya təmsilçilərinin çıxışları səsgücləndiricilər vasitəsilə Laheyin küçələrinə yayılırdı. İllərdir bütün maneələrə baxmayaraq, yorulmadan, usanmadan Azərbaycan üçün o qürbət şəhərdə mücadilə aparan İlhan Aşkın qardaşım yanımda qürurla dayanıb, tədbiri idarə edirdi.
Mərasim davam etdikcə üzərimizə Xocalı şəhidlərinin göz yaşları tökülürmüş kimi, dayanmadan yağış yağırdı. Hamı islanmışdı, amma heç kim o abidənin qarşısından ayrılmaq istəmirdi. Çünki o abidə bizə vətəni və vətən yolunda şəhid olan günahsız məzlumları xatırladırdı.
Bizim dualarımız, sözlərimiz o məzlumların ruhuna yetişirdimi, bilmirəm. Amma yetişməsə belə, üzülmürəm. Çünki əminəm ki, heç bir məzlumun ahı yerdə qalmayacaq. Əcdadlarımız demişkən:
Alma məzlumun ahını,
Çıxar ahəstə-ahəstə.
Orxan ARAS Almaniyadan yazır [email protected]




Bu yazı ( 769 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar