12px14px16px18px

Berlinə bahar gəldi...

Orxan ARAS
12:45 / 05.04.2011
Əvvəllər İqdır və Ərzurum kimi uzaq bölgələrdən İstanbula gedənlər sanki xarici ölkələrə gedirlərmiş kimi, qürbət duyğuları ilə alışıb yanardılar. Ayrılıqlar əsasən də işlə bağlı olurdu. Evlənmək, ailə qurmaq, övlad dünyaya gətirmək istəyən gənclər doğulduqları yerdən ayrılıb, yüzlərlə kilometr uzaqlarda yerləşən böyük şəhərlərə gedər, iş tapmağa, pul qazanmağa səy göstərərdilər. Təbii ki, bu qürbət səfərləri ağrı-acısız, kədərsiz keçməz, zaman-zaman bu ağrılar mahnıya çevrilib dildən-dilə düşərdi:
“Qaradır qaşların, fərman yazdırır,
Bu dərd məni diyar-diyar gəzdirir”.
– mahnısı, kim bilir, hansı qaşı qara, gözü alaya vurğun bir cavanın dilindən çıxan kəlmələrdir.
Evindən, kəndindən uzaqlaşan, yarının həsrətini çəkən gənc qız isə həm həsrət, həm də unudulmaq qorxusu içində,
– “Yarım, İstanbulu məskənmi tutdun,
Gördün gözəlləri məni unutdun”.
və ya:
“Bir of çəksəm, qarşı dağlar yıxılar,
Bu gün poçt günüdür, canım sıxılar”.
– kimi nəğmələr söyləyərək göz yaşı axıdardı.
Yəni qısası, xalqımızın o duyğulu, həssas insanları qürbətdə sevgi qədər incə, zərif sözlər, şeirlər yazardılar
Həmin o mahnıları dinləyə-dinləyə, nəhayət, mən də qürbətə üz tutmaq məcburiyyətində qaldım. Bu qürbət İstanbul qürbəti kimi deyildi. Elə buna görə də qürbətdə yaşadıqlarım dağa çevrilib içimdə qabardıqca qabardı və sözlə ifadə edilə bilməyəcək hala gəldi. İllərcə eyni duyğuları yaşamağıma baxmayaraq başqa birisinin üzündə, gözündə eyni duyğuları görmək, doğrusu, mənə daha maraqlı gəlirdi. Qürbəti, qürbətin cilvələrini bir kino lenti kimi başqa birisinin gözlərindən izləmək olduqca fərqli idi. Hələ bu insan hər zərrəsindən duyğu, həsrət yağan bir ölkədən – Azərbaycan torpağından olsaydı, onun o qəmli gözlərindən qürbətin ağrı-acısını daha yaxşı anlamaq olardı.
Onunla iki il öncə tanış olmuşdum. Münasibət həddən artıq ruh yüksəkliyi ilə yazılmış məktubla daha da möhkəmlənmişdi. Məktubunda Azərbaycandakı çətinliklərdən və problemlərdən bəhs etdikdən sonra ölkəsinə ürəkdən bağlılığının səbəbini zərif cümlələrlə daha aydın şəkildə izah etməyə çalışmışdı. Eynilə belə yazmışdı:
“Bu torpaqlarda atamın, qardaşımın qoxusu var. Hər dəfə çölə çıxdığımda və külək üzümə doğru əsdiyində mən onların qoxularını ruhumun ən dərinliklərində hiss edir və həyatda tək, çarəsiz olmadığımı anlayaraq çətinliklər qarşısında daha da güclü olmağa çalışıram”.
Türkiyədə “damardan tutmaq” kimi məşhur bir deyim var... Məktubda yazılan bu kəlmələr də məni “damardan tutmuşdu” – qanıma işləmişdi. Torpağına bu qədər bağlı olan bir insan əsla qürbət eldə yaşaya bilməz deyə, düşünmüşdüm. Amma yanıldım. O da çox keçmədən qürbətin yolunu tutdu. Qürbətə getmədən öncə atasının, qardaşının məzarını ziyarət etdi. Onlarla vidalaşdı. Hələ gənc yaşında ikən dünyasını dəyişən qardaşının məzarını oxşadı, atasının məzar daşındakı şəkilini öpüb, qəhər içində boğula-boğula ürəyindəki sözləri pıçıltıyla dilə gətirdi ki, kimsənin ruhu narahat olmasın.
Həmin o kəlmələrin altında hansı həsrətin, hansı üsyanın gizləndiyini kimsə anlaya bilməz:
“Artıq söylənəcək sözüm qalmadı aman”.
– deyə qışqıraraq hər tərəfə səs salmaq istəmişdi bəlkə də.
Ölkəsinin torpağıyla, daşıyla, qoxusuyla, ruhu ilə vidalaşdıqdan sonra Berlinə üz tutdu. Göz önündə ucsuz-bucaqsız küçələr, yad binalar, saysız-hesabsız kanallar, bir az şişirdilmiş nizam-intizam və təmizlik canlanınca bir müddət çox fərqli qarışıqlıq yaşadı.
İlk şikayəti havanın soyuq keçməsi oldu. Düz iki ay o cür isti məkanda üşüyərək dolaşdı. “Bakıda hava soyuq olmur?” – deyə, soruşdum. Gülümsəyərək, “soyuq olur, amma buranın soyuğu çox fərqlidir” – dedi. Həmin fərqliliyi ifadə etməsinə gərək yox idi. Çünki o, deməsə də mən bunu çox gözəl bilirdim.
Ətrafdakılarla dərindən maraqlanır, daha çox yer görmək istəyir, yerində dura bilmirdi. Amma yarı canı yurdunda qalmışdı. “Ən çox anam üçün darıxıram” deyirdi. O ana dedikcə mən ana kəlməsi ilə yalnız anaları deyil, həm də torpaqları, onların qoxusunu, məzarlıqları, məzarlıqlardakı daşları, daşların üzərindəki şəkilləri nəzərdə tutduğunu çox gözəl anlayıram. Televizorda, küçədə gördüyü hər şeyi Azərbaycanla müqayisə edirdi. Azərbaycandakı mənfilikləri, demək olar ki, artıq unutmuşdu. Oradakı insanlar, hava, yeməklər, hətta dərmanlar belə artıq onunçün bambaşqa məna kəsb edirdi. Bir gün xəstələndiyində Azərbaycanda satılan dərmanın eynisini Berlindəki aptekdən almış, istifadə etmiş və “bu dərman Azərbaycandakı qədər təsirli deyil” deyərək, gülmüşdü.
Avropada qış uzun olur. Əvvəllər may ayının sonuna qədər buralar günəş üzü görməz, ruhumuz isinməzdi. Bu il isə fevral ayından etibarən Almaniya bahar havasına qərq oldu. O, bundan olduqca məmnun idi. Hər dəfə günəşin şəfəqlərini görəndə gülümsəyərək göyə baxır, “artıq bahar gəlib” deyirdi. Onun bu arzusu, bu inancı, bu həsrəti baharı çox tez gətirdi Berlinə. Mart ayı bir yay havası yaşatdı hamımıza. Onun yurdunun, könlünün günəşi Avropanı fəth etmişdi sanki. İndi dil öyrənir. Hər səhər həyəcanla dil kurslarına gedərkən ağacların budaqlarına, parklardakı çəmənliklərə baxır və sevinclə “hər yerdə yaşıllıq cücərir, artıq bahar gəlir” deyir. Görəsən, bu qədər həsrətə bahar tab gətirə biləcəkmi?
 
 
Orxan ARAS Almaniyadan yazır [email protected]
 
 



Bu yazı ( 1119 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar