12px14px16px18px

İstiqlal ruhu

01:11 / 28.05.2010


May ayı ilə bağlı o qədər xatirələrim var ki... Evdəki üç diplomumdan ikisini may ayında almışam. İlk kitabım may ayında nəşr olunub. May ayının bir cümə günündə isə atam dünyasını dəyişib. Vaxtilə Türkiyədə oxuyarkən dəfələrlə 19 May mərasimlərinə qatılmışam. Bildiyimiz kimi, 19 May Türkiyənin ən böyük bayram günlərindən hesab olunur. Çünki M.K.Atatürk 1919-cu il may ayının 19-da Anadolunu xilas etmək üçün Samsun şəhərinə getmiş və həmin o günü türk gəncliyinə ərmağan edərək, Qurtuluş gününün qığılcımlarını aləmə yaymışdı. Elə o səbəblə də hər il may ayının 19-da hər bir türk qurtuluşun, müstəqilliyin sevincini və qürurunu yenidən yaşayır. May ayı biz azərbaycanlılar üçün də çox önəmli bir aydır. 1918-ci ilin 28 May tarixində İslam dünyasının ilk demokratik və müasir respublikasını qurmuşdu azərbaycanlılar. Təbii ki, hər il may ayı gələndə M.Ə.Rəsulzadəni və xüsusilə də Azərbaycanın Milli Himninin sözlərini yazan dəyərli şairimiz Əhməd Cavadı xatırlayıram.
Əhməd Cavadın qollarının bağlı olduğu dövrdə yazdığı şeirlər həm məni, həm də “mayları” ağladır:
Mən hər ildə bir mayısa
Pək çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.
May ayı gəldikdə 28 Mayın ümidini, aprel gələndə isə işğalçı rus ordusunun kədərini ürəyinin dərinliklərində hiss edən Əhməd Cavad kimi igid, duyğulu, vətənini canından çox sevən əzizlərimiz sanki qanadlı ata minib bizləri tərk etdilər.
Amma şükürlər olsun ki, onların fikirləri, ideyaları və müstəqillik ruhu hələ də Azərbaycan gəncliyinin ürəyində dipdiri yaşamaqdadır. Müstəqil Azərbaycan Respublikasının banisi M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarı elə-belə deyilmiş bir söz deyil, aradan 70 il keçəndən sonra Azərbaycan gəncliyi onun bu kəlməsini bir əmr kimi qəbul edərək, bayrağımızı yenidən Azərbaycanın səmalarına qaldırdı.
Bu ilin də may ayını keçmiş günlərdəki kimi qeyd etməyə çalışdım. Almaniyaya bahar təzəcə qədəmlərini qoymağa başlayıb. Çiçəklər açsa da, təbiət canlansa da biz hələ də paltolarımızı geyir, yağışdan qorunmaq üçün çətirlərimizi yanımızda daşıyırıq. Mayın son həftəsində üzərimizə düşən günəş şüaları və isti hava şəraiti soyuqdan bezən almanlar kimi məni də evdən çölə çıxmağa məcbur etdi. Yaşadığım kiçik kənddən bir müddət uzaqlaşaraq özümü bir az da olsun vətəndə hiss etmək üçün Köln şəhərinə üz tutdum. Tarixi Dom kilsəsi ilə məşhur olan və romalıların Reyn çayı sahilində qurmuş olduqları bu şəhərdə minlərcə türk yaşayır. Elə küçələri var ki, gəzərkən özünü Türkiyənin küçələrində gəzirmiş kimi hiss edirsən. Sultan zərgərindən, Mövlanə restoranına, İstanbul fırnısından, Vətən marketinə qədər türklər sanki Türkiyəni bura daşıyıb gətiriblər. Nə yaxşı ki, daşıyıblar. Yoxsa mənim kimi yaşadığı yerə alışa bilməyən bir insan, buralarda necə yaşaya bilərdi?
Kölndə uzun illərdən bəridir Azərbaycanın və öz şəxsiyyətimizin nümayəndələri olan doktor Kulem Arslan və iş adamı Bahçet Pamukla görüşdüm. 28 May Respublika günü üçün nəsə etmək istəyirdik. Azərbaycandan professor Çingiz Abdullayev, Moskvadan professor Bella Musayeva da Almaniyada idilər. Çingiz bəy eyni zamanda Azərbaycan-Almaniya Dostluq Dərnəyinin sədridir. Elə bu səbəbdən də tez-tez Almaniyaya gəlir. Çingiz Abdullayev almanca yazdığı kitablardan, dərc etdirdiyi “Leyli” dərgisindən və təşkil etdiyi toplantılardan Almaniyada xeyli tanınır. Neçə illərdir Almaniyada olmağıma baxmayaraq, onun Almaniyadakı tanışlarını eşitdikdə, doğrusu heyrətləndim. Bella Musayeva ilə doğrusu o qədər də tanışlığım yox idi. Təsadüfən onun bir neçə tələbəsi ilə tanış oldum və Moskvadakı gənclərə gözəl dilimizi necə məharətlə öyrətdiklərinin şahidi oldum. Gənc rus qızlarının dilindən Səməd Vurğunun şeirlərini və Molla Pənah Vaqifin sözlərinə bəstələnmiş “Durnalar” mahnısını eşitdikdə qulaqlarıma inanmadım. Demək ki, səy göstərməklə, ürəkdən çalışmaqla hər şeyə nail olmaq olarmış. Bella xanım kimi çalışqan və öz dilinin vurğunu olan müəllimləri Moskva kimi şəhərlərə göndərən Kamal Abdulla kimi universitet rektorlarını da təbrik etmək lazımdır.
Kölndəki dostlarla 28 May Respublika Gününü, Azərbaycanı və mədəniyyətimizi aləmə tanıtmaq üçün televiziya proqramı hazırlamağı qərara aldıq. Çünki zamanımızın ən iti silahı media idi və biz də gördüyümüz işlərin dörd divar arasında qalmasını istəmirdik.
Günəşli bir bazar günü Kölndən Duisburqa getdik. Kölnlə Duisburqun arasında 70 kilometr məsafə var. Yollar geniş və yamyaşıl idi. Yolda sürəkli ölkəmizdən, ölkəmizin gələcəyindən, gənclərimizdən və keçmişimizdən söhbət etdik. Öz könlümüzə ayna tutmaq, özümüzü tanımağa çalışmaq, zəifliklərimizi, yanlışlıqlarımızı təsbit etmək, gözəlliklərimizlə sevinmək çox gözəl anlar idi.
Duisburq da Köln kimi Şimal Vestfalen əyalətində böyük bir sənaye şəhəridir. Ətrafındakı fabriklərdə çalışan minlərcə işçi həftə sonları Duisburqun ortasından keçən Ren çayının sahilindəki çayxanalarda əyləşib həm çaylarını içir, həm də yorğunluqlarını çıxarırdılar. Həm də Duisburq çox önəmli bir tarixi yer olmasıyla yanaşı, məşhur alman şairi Henrix Heynenin gənclik illərinin şəhəridir. Çingiz bəylə və Bella xanımla Henrix Heynenin yaşadığı evin önündən keçərkən onun məşhur “Lorelay” şeiri dilimdən töküldü və həmin şeirdəki sevgini, təbiətin gücünü yenidən içimdə hiss etdim. Almaniyaya 1959-cu ildən etibarən gəlməyə başlayan türklərin çoxu o dövrdə Türkiyədə işsiz və məsləksiz insanlar idi. Çoxunun da oxuma-yazma qabiliyyəti yox idi. Amma bu oxuma və yazma qabiliyyətindən məhrum olan insanlar çox qısa bir zamanda Almaniyanın inkişafına böyük qatqılarda bulundular və ailələrini də buraya gətirərək Almaniyaya yeni bir rəng qatdılar. Onların uşaqları ən gözəl universitetlərdə oxudular və Almaniyada ən yüksək vəzifələrə yiyələndilər. Bu insanlardan biri də mənim dəyərli dostum Ali Paşa Akbaşdır. Bir işçi uşağının Avropanın ortasında böyük bir televiziya kanalına sahib çıxması qürurverici bir vəziyyətdir. Bəli, Ali Akbaş “Türk Sat” üzərindən dünyanın hər tərəfinə yayınlanan Avropa kanalının sahibidir.
Ali bəy bizi Avropa kanalının studiyasında böyük qayğı ilə qarşıladı. Trabzonlu bu insanın Azərbaycan və türk dünyasına könüldən bağlılığını izah etmək mümkün deyil. Ora bizdən başqa dostum Mehmet İrmak, siyasətçi Adəm Umay, Cənub azərbaycanlı türkoloq İşık Ufuk da gəlmişdi. Avropa saatı ilə saat 16:30-da studiyaya daxil olduq. Veriliş canlı olaraq yayınlanacaqdır. Azərbaycanın adını eşidən Duisburqdakı Azərbaycan sevdalıları əllərində bayraq studiyaya doluşmuşdular. Veriliş başlayarkən hamımız həyəcanlıydıq. Verilişdə Azərbaycan tarixindən, mədəniyyətindən bəhs etdik. Xüsusilə də Çingiz Abdullayevin Azərbaycanla bağlı söylədikləri ürəyimizə su səpdi. Ümidləndik, sevindik. Bella xanımın Moskvadan gətirdiyi görüntüləri izləyən tamaşaçılar olduqca həyəcanlandılar. Mənim daha öncədən gördüyüm, Moskvadakı rus tələbələrinin 28 May gününə həsr olunan reportajların televiziya ekranlarında əks olunması çox maraqlı səhnələr yaratdı. Həmin səhnələri Avropa kanalında rejissorluq edən Tariyel bəyin daha professionallıqla hazırlaması proqramı daha da canlı vəziyyətə gətirmişdi.
Türkiyədən, İqdır universitetinin müəllimlərindən Turqut Öcal verilişə telefon əlaqəsi ilə qoşuldu və bizi İqdırda böyük bir sevinc hissiylə izlədiklərini söylədi və Türkiyədəki bu kiçik Azərbaycan şəhərinin Azərbaycana olan könül bağlarından söz açdı. Oradakı həsrəti, coşqunu özünəməxsus üslubu ilə anladarkən Turqut bəy studiyadakı seyirçilər tərəfindən xüsusi alqışlarla qarşılandı.
Turqut Öcaldan sonra Ankarada vəzifə sahibi olan və Türkiyə Radio və Televiziyasının Azərbaycan bölümünün sədri Seyfəddin Altaylı verilişə telefon vasitəsilə bağlandı və daha çox Cənubi Azərbaycandan bəhs etdi. İçimizdən gələnləri xalqa çatdırmaq üçün təbii ki, verilən vaxt kifayət etmədi. Amma Adəm Umay kimi gənc bir araşdırmaçının Azərbaycan tarixindən nümunələr təqdim etməsi, Mehmet İrmakın zəngin təcrübələrinə söykənərək xaricdə Azərbaycanla əlaqədar aparılan işlərin əhəmiyyətini vurğulaması, professor Çingiz Abdullayevin bizlərə ümid və güc gətirməsi, prof. Bella Musayevanın Moskvadan ana dilimizin istiliyini ruhlarımıza iqtibas etməsi və türkoloq İşık Ufuk bəyin Cənubi Azərbaycanın qəribəliyini yenidən səsləndirməsi hamımıza tam bir Azərbaycan festivalı yaşatdı.
Veriliş bitdikdə hamımızın ürəyi Azərbaycan eşqiylə dolu idi. Dili dilimizdə, sevinci ürəklərimizdə, həsrəti dodaqlarımızda və gələcəyinin aydınlığı gözlərimizdəydi. Dostlarla ayrılarkən qarşımızda sanki üçrəngli bayrağımız dalğalanırdı. Nə deyib atamız Rəsulzadə?
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
Bu bayraq qiyamət gününə qədər başımızın üzərində dalğalanacaq, buna əmin ola bilərik!
Orxan ARAS




Bu yazı ( 685 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar