12px14px16px18px

Azərbaycan və dünya mədəniyyətində Firəngiz Əlizadə fenomeni

01:51 / 26.05.2012
Hər bir insanın həyat yolu müəyyən mərhələlərdən ibarət olur. Arxaya dönüb baxanda bu yolda olan məşəqqətli günləri, uğurları, sevincləri, axtarışları görürsən. Görürsən və istər-istəməz özünə sual verirsən ki, daha nələr etmək olar, daha nələrə nail olmaq, hansı zirvələri fəth etmək olar. Mən bu kiçik yazımda Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin yaradıcılıq yoluna nəzər salmaq, onun həyat mərhələlərini izləmək istərdim. Firəngiz Əlizadə – bu ad Azərbaycana nə qədər tanışsa, onun hüdudlarından kənarda, qat-qat artıq tanınan bir addır. Ona YUNESKO tərəfindən təqdim olunan “Dünya artisti” fəxri adı buna bariz nümunədir: “Sülh uğrunda YUNESKO artisti”. Dünyaya yayılan, hər kəsə aydın olan F.Əlizadə musiqisi – Azərbaycan musiqisi. Mən onun Azərbaycan musiqisini dünyada tanıtması rolunu, idmançıların olimpiadalarda qazandıqları uğurlar zamanı, dövlətin bayrağının ucalması və himninin səslənməsi ilə bir tuturam. Çünki hər bir əsərinin adlarında Azərbaycanın məkanı var, muğamının nidaları var, xalq çalğı alətləri var. Adlara diqqət verin: “Xəzər”, “Yanardağ”, “Abşeron” kvinteti, “Atəş”, “Azərbaycan pastoralı”, “Dərviş”. Bu adlar xarici dinləyicilərə musiqi vasitəsilə Vətənimizi tanıdır. Onu da qeyd etmək lazımdır ki, bu əsərlər xaricdə ifa olunsa və ya onların sifarişilə yazılsa belə, əsərə verilən adlar məhz Azərbaycan dilində səsləndirilir. Bütün bu əsərlərdə Azərbaycan xalq musiqi alətlərindən tar, kamança, qoşa nağara, balaban və s. istifadə olunur, bu da bizim musiqi alətlərimizin yenə də xaricdə təbliğidir: baxın, görün, bu bizim alətdir, Azərbaycana məxsusdur. Bəzən də verdiyi konsertlərdən sonra təşkil olunmuş konfranslarda bəstəkar bir-bir əsərlərinin adlarını şərh edərək bu adların harada yerləşdiyini, Azərbaycan məkanını dinləyicilərə anladaraq, öz vətənini bir daha onlara sevdirməyə çalışır. Yəqin çoxları bilir ki, F.Əlizadə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə üzrə bitirib – bəstəkarlıq və fortepiano. Fortepiano fakültəsini gözəl müəllim olan Urfan Xəlilovun sinfində, bəstəkarlığı Qara Qarayevdən öyrənmişdi. Hər iki fakültəni fərqlənmə ilə başa vurmuş, Ü.Hacıbəyov adına təqaüd almış, daha sonra isə ali məktəbin yeganə tələbəsi idi ki, o vaxt ən yüksək tələbə təqaüdü olan Lenin adına təqaüdə layiq görülmüşdü. İnsanın həyatının mərhələlərində valideynləri qədər müəllimlərinin də böyük rolu var. F.Əlizadəyə də bu xoşbəxtlik üz vermişdi. Zəmanəmizin görkəmli bəstəkarı Q.Qarayevlə ünsiyyətdə olmaq, onun dərslərini dinləmək və nəhayət sevimli tələbəsinə çevrilmək ona nəsib olmuşdur. Q.Qarayevin bir müəllim kimi dahiliyi ondan ibarət idi ki, o, öz tələbələrinin nəyə qadir olduğunu, fərdiliyini görərək, onların istedadını yönləndirərək istiqamətləndirə bilirdi. Q.Qarayevin hər tələbəsi individual şəxsiyyətdir. Tələbəsi F.Əlizadənin hələ gənc yaşlarından müasir musiqiyə həvəsini görən müəllimi, onu bu yolda ilk dəstəkləyənlərdən biri olmuşdu. Lakin bununla yanaşı o, tələbəsinə Azərbaycan muğamlarına daha dərindən fikir verməyi də məsləhət vermişdi. Əgər Qarayevin bu məsləhəti olmasaydı da, yəqin F.Əlizadə yenə də muğama, xalq musiqisinə üz tutacaqdı. Çünki xalq musiqisi atasının çaldığı tarın sədalarında onun qan yaddaşında yer almışdı. Məhz muğam onun yaradıcılığında sonralar bir qırmızı xətt kimi keçəcək. Bu istər “Habilsayağı” olsun, istər “Muğamsayağı”, istər “Dərviş” əsəri, “Abşeron” kvinteti və s. əsərlər. Firəngiz xanımın oxuduğu dövrlərdə müasir bəstəkarlar Şönberq, Keydc, Vebernin əsərlərini tapmaq, dinləmək və ifa etmək olduqca çətin, müşkül bir iş idi. Firəngiz xanım nəinki bu əsərlərin incəliyilə maraqlanırdı, sonralar Konservatoriyada “Müasir musiqi tarixi”ndən dərs dediyi zamanlarda tələbələrinə yüksək səviyyədə bu müəllifləri sevdirirdi. Mən bir haşiyə çıxmaq istərdim. Konservatoriyada Firəngiz xanımın açıq dərslərində deyərdim ki, tələbələrdən çox müəllimlər onu dinləməyə gəlirdilər. Baxmayaraq ki, biz onunla həmkar idik, bir dövrdə oxumuşduq, bu dərslərə böyük həvəslə gedib, o məruzələri, ifaları dinləyirdim. Çünki müasir ədəbiyyat demək olar ki, o zamanlar yox dərəcəsində idi. Firəngiz xanım isə hər getdiyi ölkələrdən qucaq-qucaq notlar gətirib, onları ifa edirdi. XX əsr avanqard musiqisinin klassikləri olan Arnold Şönberq, Alban Berq, Vebern, Missian, Keydcin Azərbaycanda ilk ifaçısı məhz F.Əlizadə olmuşdur. Şönberq musiqisi isə onun ifasında xüsusi yer tutur. Uzun illər sonra Amerikanın Los-Ancels şəhərində Şönberq universitetində dahi bəstəkar Şönberqin qızı F.Əlizadənin atasının əsərlərinin ifasından və öz əsərlərindən vəcdə gəldiyini söyləyəcək. 70-ci illərdə artıq onun əsərləri müasir musiqiyə həsr olunmuş nüfuzlu festivallarda, ABŞ, Almaniya, İngiltərə, Hollandiyada səslənir. Elə o dövrlərdə alman mətbuatında belə bir kəlməyə rast gəlirik: “Çingiz Aytmatovun kitabları kimi F.Əlizadənin musiqisi də Qərb üçün Şərqi kəşf eləyir.” 2000-ci illərdə isə məşhur Amerikalı musiqiçi Yo-Yo-Ma Bakıya gələrkən “Rostropoviç və F.Əlizadənin vətəninə gəldiyim üçün özümü xoşbəxt hiss edirəm” – deyəcəkdi. Onun haqqında Nikolay Slonimski deyəcəkdi: “Firəngiz Əlizadə – təbiətin möcüzəsidir”. 90-cı illərdə F.Əlizadə yaradıcılığının Türkiyə mərhələsi başlayır. Türkiyənin Mersin şəhərinin Opera və Balet Teatrının açılışı üçün ona balet yazmaq sifariş olunur. Necati Cümalının poeması əsasında 2 pərdəli “Boş beşik” baleti yazılır. Əsəri tamaşaya qoymaq üçün Moskva Böyük Teatrından, Yuriy Papko və Marj Skott dəvət olunur. Nəhayət, 1993-cü il yanvarın 3-də Azərbaycan dirijoru N.Rzayevin rəhbərliyilə əsərin ilk tamaşası böyük uğurla keçir. Uzun zaman repertuardan düşməyən bu balet Türkiyənin başqa şəhərlərində də göstərilir. Daha sonra F.Əlizadə bu teatrla uzun bir müddət ərzində əməkdaşlıq edir. 50 illik yubileyində Mersin şəhərinin valiliyi tərəfindən Firəngiz Əlizadə Günləri təşkil olunur. Bu tədbirə dünyanın bir çox yerlərindən – Almaniya, Yaponiya, Moskva, Tiflis, Bakı və b. şəhərlərdən qonaqlar, ifaçılar gəlir. Mersin həmin günlər F.Əlizadə musiqisiylə böyük bir konsert həyatı yaşayır. Türkiyədən sonra Almaniyaya işləməyə dəvət alan F.Əlizadə, yaradıcılığında yeni bir mərhələyə qədəm qoyur. Həyat və yaradıcılığının on iki ili Almaniyanın Berlin şəhəriylə bağlanır. Burada o, müasir musiqi araşdırmaları aparır, açıq dərslər verir. Onun Almaniyadakı açıq dərsləri – “Master-class”ları bu günə qədər də davam edir. Dünyanın hər yerindən yaz-yay aylarında F.Əlizadə dərslərini dinləməyə musiqiçilər gəlirlər. Bu açıq dərslər, San-Diyeqoda, San-Fransiskoda da böyük auditoriya yığmışdı. Artıq dünya səhnələri, dünya ifaçıları öz repertuarında F.Əlizadənin musiqisini görmək istəyirdilər. Qeyd etməliyik ki, F.Əlizadə yeganə Azərbaycan bəstəkarıdır ki, xaricdən ona opera, balet, konsert və s. əsərlər yazmaq üçün sifarişlər verilir. Məsələn, Berlin filarmoniyasının 12 violençel çalanlar ansamblı üçün “Şüştər”, violençel çalanların M.Rostropoviç adına Beynəlxalq müsabiqə üçün “Oyan”, Dünyanın məşhur “Kronos” kvarteti üçün “Muğamsayağı”, “Oazis”, “Abşeron kvinteti”. Hətta bu kollektiv tamamilə F.Əlizadə əsərlərindən ibarət disk-albom da çıxarmışdı. Londonda albomun təqdimatında diskin üzərində yazılan sözlər – “Biz Azərbaycanı Nizaminin Leyli və Məcnunu ilə tanıyırdıq, indi isə F.Əlizadənin musiqisiylə sevdik” kəlmələri bir daha təkrarlanmışdı. Amsterdamda keçirilən III Beynəlxalq flamenko festivalı üçün Muğam-Flamenko-Muzflamenqo əsərində Əliağa Vahidin qəzəlləri ispan-holland dillərində səslənmişdi. F.Əlizadə bu əsərdə azərbaycan muğamını ispan flamenkosu ilə qarşılaşdıraraq muğam ifaçısı Zabit Nəbizadəni məşhur musiqiçi Karlos Moreno Denia Artura Ramokayla bir səhnəyə çıxarır. Flamenqo musiqisinə Azərbaycanın tar alətini də əlavə edir. Belə bir qarşılaşma onun bundan öncə yazdığı “Dərviş” əsərində də rast gəlinir. Amerikalı musiqiçi, məşhur violençelçalan Yo-Yo-Ma və görkəmli muğam ustası Alim Qasımov Amerikada bir səhnəni paylaşmışdılar. Muşam və müasir musiqi “Muğam və avanqard”. Bütün bunlar böyük Muğam Dünyası proyektinin başlanğıclarıydı. Heç də təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçən “Muğam dünyası” Beynəlxalq Festivalının musiqi rəhbərliyi məhz F.Əlizadəyə həvalə olunur və biz nəhayət köhnə steriotipləri yıxan hökumət konsertlərinin yeni müasir, professional quruluşunun şahidi oluruq. Qərb və Şərq arasında vasitəçi olan F.Əlizadə Xyuston Qrand Operanın təklifi və sifarişi ilə “Sənin adın Dənizdir” operasını yazır. Özünün librettosu əsasında yazılan operada azərbaycanlı xanəndə Seymur ilə amerikalı rəssam qız Dəniz arasında məhəbbətdən bəhs olunur. Hər zamankı kimi Azərbaycan muğamının və müasir musiqinin sintezindən əmələ gələn tamaşada muğam ifaçıları , Babək Niftəliyev (Seymur), Mələkxanım Əyyubova (Seymurun anası), tarzən Möhlət Müslümov, kamançaçalan Fəxrəddin Dadaşov da iştirak etmişlər. F.Əlizadənin müasir opera janrında yazdığlı “İntizar” operasını xüsusilə qeyd etmək istərdim. Professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan bu əsər, Azərbaycanın bu günkü reallığına görə ən aktual məqamlara toxunan bir mövzudur. Bu əsərdə yazıçı-bəstəkar tandemi biri-birini çox dolğun şəkildə tamamlamışdır. Bu qədər gərgin yaradıcılıq işlərinin arasında F.Əlizadə ictimai işlərdən də geri qalmır. O, Avstriyada V.A.Motsart adına keçirilən müsabiqəsinin jüri üzvü kimi – Berlin İncəsənət Akademiyasını təmsil edir. Müsabiqənin vacib əsəri kimi F.Əlizadənin “Dastan” pyesi proqrama daxildir. F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi də çox böyük işlər görür. Onun gəlişiylə, İttifaqın köhnə-yeni binasına qayıdışıyla, gənc bəstəkarların musiqi həyatında bir canlanma əmələ gəlmişdi. Gənclərə öz köməyini əsirgəməyən F.Əlizadə, Azərbaycan musiqisinin inkişafı naminə maraqlı proyektlərlə imza ataraq, Azərbaycan Bəstəkarkar İttifaqında yaradıcı insanlarla görüşlər, musiqi gecələri təşkil edir. Bəstəkarların əsərlərindən ibarət plenumlar, festivalların keçirilməsi də İttifaqın gərgin işinin bir parçası, F.Əlizadə həyatının bir mərhələsidir. İnsanın həyatı davam etdikcə bu mərhələlər davam edir. F.Əlizadənin də yaradıcılıq yolunda hələ uzun bir mərhələlər dövrü var. Yeni zirvələrə, yeni mərhələlərə addımlayan bu yolda biz də öz növbəmizdə Firəngiz xanıma uğurlar arzulayırıq.
Həcər BABAYEVA əməkdar incəsənət xadimi


Bu yazı ( 200 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar