12px14px16px18px

Tofiq Abdinin kostyumu

Orxan ARAS
00:20 / 06.03.2012
 
Qoqolun “Şinel” hekayəsini, yəqin ki, bilməyən yoxdur. Yazıçının xüsusi üslubla qələmə aldığı hekayədə adi, sadə, etinasız yanaşılan bir adamdan bəhs edilir. Hekayədə insanların sıxıntıları, məruz qaldıqları qeyri-bərabərliklər və çəkdikləri ağrı-acılar əsərin baş qəhrəmanı Akaki Akakiyeviçin timsalında göz önündə canlandırılır. Qoqolun bu əsəri Çar Rusiyasında böyük reaksiyaya səbəb olmuş və əksər tənqidçilər yazarın guya rus insanını aşağıladığını söyləyərək, bu möhtəşəm əsəri yerdən-yerə vurmuşdular. Amma çox keçmədi ki, Dostoyevski kimi dahi qələm ustası həmin romanın haqqını qoruyaraq, “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq” – dedi.
Bizim Tofiq abi – Tofiq Abdin keçən həftəsonu “525-ci qəzet”də elə bir yazı yazmışdı ki, həm həftə boyu bütün dərd-sərimi unudub doyunca güldüm, həm də Qoqolun “Şinel”iylə Tofiq abinin vilvet kostyum məsələsini müqayisə etmək imkanım oldu.
Bəzən bir insanı güldürə bilmək üçün lətifələr söyləyir, mimikalar göstərir, çeşidli zarafatlar edirsən. Bəzən də gülmək üçün sadə bir görüntü və ya bir cümlə bəs edir. Məşhur İsrail yazıçısı Efraim Kişon şəxsi həyatından bəhs edən “Gülməli bir şey yoxdur” adlı kitabda, ən çox, sinəsi medalla dolu, yekəqarın generalın əsgərləri təftiş edərkən ayağı sürüşərək yıxılmasına çox güldüyündən söz açır. Bu həqiqətən çox gülməli bir səhnədir və Çex yazarı Yaroslav Haşekin romanı üzrə çəkilən “Əsgər Şveyk” filmində də belə bir səhnə var. Zatən usta yazarlar üçün bir kəlmə belə ən zəngin komediya yaranması üçün yetərlidir.
Tofiq abinin keçən həftə çap olunan “Hesablamalarım fıs çıxdı” başlıqlı yazısındakı bir cümlə də komediyanın, məncə, şah əsəri sayıla bilər. Tofiq abi “Kulis” saytından böyük bir ümidlə gözlədiyi, ancaq heç cür ala bilmədiyi qonorarını düşünüb, hər gün vitrində gördüyü, bəyəndiyi bir kostyumun xəyalını qurmaqdadır və pul almayıb xəyalı gerçəkləşməyincə də özlüyündə bir çözüm yolu tapır, iş yoldaşlarına üz tutur. Davamını öz yazısından oxuyaq: “Dedim ki, yoldaşlar bir kostyum var, gəlin belə eləyək, kimə şalvar lazımdırsa o kostyumu alaq, şalvarı o götürsün, pencək də mənə qalsın. Bir nəfər təkliflə razılaşdı, məlum oldu ki, ona da pencək lazımdı, şalvar istəmir. Bu da belə fıs çıxdı”.
Təbii ki, insanların əmək haqlarına, xəyallarına və xəyal qırıqlıqlarına gülmək insana yaraşan iş deyil. Amma nə etməli, bəzən ən böyük acıların içində də komiklik vardır və insan inildəyə-inildəyə gülə də bilir. Məsələn, qarda yürüyərkən yıxılıb bir yerimiz əziləndə gülmürükmü? Bu da eynilə belə bir vəziyyətdir.
Tofiq abi çox mütəvazi bir insandır. Bütün yazılarında və şeirlərində həyatdan, insandan, taledən, özündən, hətta inanmadığı Tanrısından belə şikayət edər. Şikayətlərin bir faydası olmadığını da çox yaxşı bilir, amma yenə də şikayətlənir. Bu son yazısı da şikayət dolu bir yazıdır. Amma bu kiçikhəcmli yazı film ola biləcək qədər zənginliyə malikdir. Bir yazarın əməyi, əməyinin gətirəcəyi gəlirlə qurduğu xəyallar, xəyalların puç olması, yaşadığı evin, məhəllənin, şəhərin və münasibətdə olduğu insanların ziddiyyətləri, bəlkə də harmoniyasıdır... Sonra çarəsizliyi və partlatdığı bir komediya bombası...
Özünün bilib-bilmədiyindən xəbərim yoxdur, amma Tofiq abinin təkcə bu yazısında deyil, bütün yazılarında dərin bir yumor gizlənir. Məsələn, yetmiş yaşı ilə bağlı yazdığı yazılar silsiləsindən bəzilərini mən burda – Almaniyada olan dostlarıma oxumuşdum və doyunca gülmüşdük. Məncə, Azərbaycanda heç kimin ad günü bu qədər qalmaqala səbəb olmamışdır.
Təbii, onu da qeyd etməliyəm ki, əksər komediyaların arxasında da bir hüzn, bir dərd gizlənir. Tofiq abinin yazılarına güldükdən sonra gözlərim dolur, ürəyim sıxılır. Bunun səbəbi isə bu toplumun hələ də 70 yaşını haqlamış bir sənət adamına bir kostyum ala biləcək imkan yarada bilməməsidir. Ah Şərq, ah! Bu qocaman Şərq nə vaxt düzələcək, bilmirəm!
Tofiq abi dostumdur deyə demirəm, amma Türkiyədə deyildiyi kimi, “aha şuraya yazıyorum”, onun həftəlik yazdıqları oxunduqdan sonra zibilliyə atılacaq yazılar deyil. Gün gələcək, o yazılar yaşadığımız zamanın şahidləri olacaq və bəlkə də gələcəkdə tələbələrə, 21-ci yüzillikdə yaşayan bir yazarın həyata və cəmiyyətə baxışı altında dərs kimi oxudulacaq. Çünki o yazılar nə qədər bəzi adamlar tərəfindən “qəzet yazısı” olaraq görülsə də, içində müdhiş bir dram vardır. Bu dram ömrünün çoxunu yaşadığı bir sistemin çökməsi ilə çırıl-çılpaq ortada qalmış, yönünü itirmiş, röyaları, dili, kimliyi qarışmış, bayrağı, qanunları, hətta ümidləri, arzuları belə dəyişdirilmiş bir insanın həyat yollarındakı çırpıntılarıdır.
Biz elə bir cəmiyyətin insanlarıyıq ki, dəyərlərimiz itib getdikdən sonra onun dəyərini anlayır və ah-vay edirik.
Nə isə... Dərd çox, həmdərd yox... Əslində bu vəzifəni yerinə yetirmək o yazıda xatırlananların öhdəsinə düşür, amma vallahi-billahi, Tofiq abi, mən orda olsaydım, o dediyin şalvarı sənə alardım...
 Orxan ARAS
 
 
 



Bu yazı ( 947 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar