12px14px16px18px

“Bənzərəm bir qocaman dağa ki...”

Aygün ƏZİMOVA
00:21 / 23.05.2012

Azərbaycan jurnalistlərinin ağsaqqalı Şirməmməd Hüseynovun belə bir sözü var: “Böyük şəxsiyyətlərdən yazmaq üçün öncə özün şəxsiyyət olasan gərək”. Bu gün ədəbiyyatşünaslığa, mətbuatşünaslığa dair faydalı və məhsuldar araşdırmaları ilə tanınan Alxan Bayramoğlunun böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirə müraciət etməsi məntiqlidir və başa düşüləndir. “Bənzərəm bir qocaman dağa ki...” monoqrafiyası Sabir şəxsiyyətinin və ədəbi irsinin bir çox məqamlarını araşdırmaq, elmi təhlil süzgəcindən keçirmək, şairin yaradıcılığına yeni prizmadan nüfuz etmək baxımından və M. Ə. Sabirin qarşıdan gələn 150 illik yubileyinə qiymətli töhfədir. Alxan Məmmədovun əvvəllər işıq üzü görmüş “Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından 1918-ci ilə qədərki ədəbi mühit)”, “Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat”, “M. Ə. Sabir (qısa tərcümei-halı)”,. “Azərbaycan mühacirət mətbuatına dair mühazirələr”, “Y.V.Çəmənzəminli: Müstəqilliyimizi istəyiriksə...” və s. kitabları onun araşdırıcılıq məharətindən, geniş böyük həvəs və yüksək erudusiya sahibi olmasından, böyük elmi potensialından, zəngin mənəviyyat sahibi olmasından xəbər verir.
Əsl məharət özünü onda göstərir ki, həm yaşadığın dövrün, həm də gələcəyin nəbzini tuta biləsən. Yazdığın, qələmə aldığın bir söz belə qiymətdən düşməsin, bütün dövrlərdə şüurlara təsir edəcək bir gücə malik olsun. Sabir dühası, Sabir sənətkarlığı, Sabir sözünün qüdrəti məhz bu keyfiyyətlərə malikdir. Professor Alxan Bayramoğlunun “Bənzərəm bir qocaman dağa ki...” tədqiqatını da böyük söz ustadının bioqrafiyası ilə yazıları arasındakı boşluğu, şəxsiyyət və sənətkar tandeminin uyarlığını təsdiqləmək baxımından çox uğurlu alınmış yaradıcılıq nümunəsi kimi qiymətləndirmək olar. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində ilk dəfə olaraq M. Ə. Sabirin timsalında ədəbi şəxsiyyətin həyat tərzi, ailəsi, yaxınları, müasirləri, onlarla əlaqələri və münasibətləri, maraq dairəsi, məişəti, ictimai mühitlə, ədəbi aləmlə əlaqəsi və s. ardıcıllıqla izlənilir. Maraqlı faktlar, materiallar əsasında təhlil olunur.
A. Bayramoğlu M. Ə. Sabirin elmi tərcümeyi-halını yazarkən “qiymətli tarixi sənəd” kimi ədibin öz əsərlərinə də müraciət etmişdir. Belə ki, şairin həyatında baş verən ən mühüm hadisələr ədibin müxtəlif mətbuat orqanlarında dərc edilmiş əsərlərində bu və ya başqa şəkildə öz əksini tapmışdır. Tədqiqatçı alim də elmi tərcümeyi-halın yazılmasında bunun vacibliyini önə çəkir və qeyd edir ki, “...avtobioqrafik notlar satirik şeirlərdə tipin ifşası zamanı, lirik əsərlərdə isə qəhrəmanın lirik-psixoloji əhval-ruhiyyəsi fonunda özünü biruzə verir”. İctimai məzmunun üstünlük təşkil etdiyi bu satiralarda şairin “mən”i dayanır.
M. Ə. Sabiri köhnə şeirlə yeni şeir arasında bir əsrlik uçurum yaratdığı üçün inqilabi satiranın banisi adlandırırlar. Bu da ədibin yeni mövzularda yazması, yeni poetik forma və üslub yaratması ilə əsaslandırılır. A. Bayramoğlu bu məsələyə bir qədər fərqli yanaşır. O, bu fikri müdafiə etməklə yanaşı, sənətin qarşıya qoyduğu vəzifəni həyata keçirməkdə onun bədii-estetik keyfiyyətini başlıca göstərici hesab edir. Sabiri müasiri olduğu şairlərdən fərqləndirən əsas keyfiyyət də məhz qələmə aldığı mövzuları yüksək ideya-bədii səviyyədə işləyə bilməsi, yəni ictimai həyatda baş verən keyfiyyət dəyişikliyinə uyğun olaraq ayrı-ayrı sinif və təbəqələrin, qrup və zümrələrin keçirdiyi sosial-psixoloji prosesin ideya-bədii rəsmini qabarıq surətdə verməsi ilə bağlıdır.
Kitabda ədibin “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Tazə həyat” “Səda” qəzetlərində, “Molla Nəsrəddin” jurnalında fəaliyyətinin əsas xüsusiyyətləri, onun naməlum müxbir yazıları tədqiq edilir, həm də digər tədqiqatçıların araşdırmalarından kənarda qalan məqamlara aydınlıq gətirilir. Məsələn, Sabir “Şərqdə özünü göstərən söz günəşi” kimi dəyərləndirdiyi” “Şərqi-rus” qəzetinə münasibət bildirir, bu qəzetin nurundan bütün “Şərq və Qərb əhlinin elm və bilik ziyasına bürünəcəyi”ni öz şeirində belə ifadə edir:
Çıxdı bir gün ki, təl’ətindən edə
Məşriqü məğrib əhli kəsbi-ziya.
Oldu bir nur satehü lame’,
Ola rövşən bu nur ilə dünya.
Burada ədibin “Şərqi-rus” qəzetinə münasibəti, rəğbəti şairin mətbuat orqanlarına münasibətinin ilkin təzahürü kimi qiymətləndirilir.
O dövrün digər mətbuat orqanları – “Həyat”, “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “İttifaq”, “Səda”, “Həqiqət”, “Yeni həqiqət”, “Günəş” və s. vətəndaş şairin həyatına, şəxsiyyətinə və yaradıcılıq taleyinə biganə qalmamış, onun həyat və fəaliyyətinin müxtəlif məqamlarını işaqlandırmaqla ədibin elmi tərcümeyi-halının yazılmasında, eləcə də bugünkü sabirşünaslıqda qiymətli mənbəə rolunu oynamaqdadır.
Tədqiqatda M. Ə. Sabirin “Həyat” qəzeti ilə əməkdaşlığı, onun qəzetdəki poetik və publisistik əsərləri, sonuncu nömrəsindəki müxbir yazısı, Ə. Hüseynzadə və Ə. Ağaoğlu ilə yaradıcılıq əlaqələrinə aydınlıq gətirilir. Vətəndaşlıq siması təqdir olunan şairə qəzetin münasibəti, “Həyat”ın taleyi ilə bağlı ədibin keçirdiyi narahatlıqlar və bunların satira və məqalələrində xüsusi yanğı ilə ifadəsi kitabda öz əksini tapmışdır.
A. Bayramoğlu Sabirin öz satira ədəbi məktəbinin poetik “manifestini” hələ “Molla Nəsrəddin” jurnalının nəşrindən xeyli əvvəl-10 fevral 1906-cı ildə “Həyat” qəzetində dərc olunan “Bir məclisdə on iki kişinin söhbəti” satirası ilə elan etdiyi qənaətinə gəlir. Həmin satirada oxucuya təqdim olunan tiplər–vəkil, həkim, tacir, mola, sofi, şair, əvam, qəzetəçi və s. rüsvayçılıq kürsüsünə çıxaraq hərəsi təmsil etdiyi ictimai zümrəni oxuculara təqdim edir. “Sabiranə poeziya üslubu” adlandırılan bu vasitə öz geniş meydanını “Molla Nəsrəddin”də tapdı. Müəllif yazır: “Sabir dərhal öz yaradıcılıq proqramını həyata keçirməyə başladı. Onun “Molla Nəsrəddin”in oxucularına təqdim etdiyi ilk əsərdə satira oxuna hədəf olan tip on iki kişinin məclisində qəbul olunan qərara uyğun olaraq, özünü oxuculara öz dili, satirik monoloqu ilə təqdim etdi”. Burada şairin “Millət necə tarac olur olsun, nə işim var?!” satirasından da söhbət açılır, hər iki satirik əsər (“Bir məclisdə on iki kişinin söhbəti”, “Millət necə tarac olur olsun, nə işim var?!”) arasında mövzu, ideya-bədii və üslub əlaqələrinin möhkəmliyindən söhbət açılır, Sabirə məxsus keyfiyyətlər– bütün hadisələrin, ifşa hədəfinin daxili aləminin özünün bütün eybəcərlikləri ilə satirik tipin dialoq və monoloqları ilə açılması qabardılır və eyni poetik təfəkkürün –Sabir sənətkarlığının təcəssümü kimi qiymətləndirilir.
Yeni kitabda “Həyat”, “İrşad” və “Tazə həyat” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olmuş M. Ə. Sabirin Şamaxı və ətraf obalarda baş verən hadisələrə dair diqqətdən kənarda qalan müxbir yazılarına həsr edilən təhlillər də maraq doğurur.
Tədqiqatda Şamaxıda açılan ilk müsəlman kitabxana-qiraətxanasının tarixi haqqında müxtəlif araşdırmalarda özünə yer tapan anlaşılmazlıqlara aydınlıq gətirilir. Bununla əlaqədar “Həyat” qəzetində dərc olunmuş bir müxbir məktubundan söhbət açılır və tədbirdə M. Ə. Sabirin də çıxış etməsi diqqətə çatdırılır. Kitabxanə-qiraətxana “Molla Nəsrəddin”, “Türk”, “Tazə həyat”, “İrşad”, “Tərcüman”, “Bürhani-tərəqqi”, “Vətən”, “Həblülmətn”, “Kaspi” və s. mətbuat orqanlarını alırdı. Sonralar dövrün tələbi ilə əlaqədar bəzi mədəni – kütləvi tədbirlərin təşkilində fəallıq göstərən, cavanların boş vaxtlarında mütaliə ilə məşğul olduqları bu ilk qiraətxanə-kitabxananın naməlum səbəbdən bağlanmasını “Molla Nəsrəddin” və eləcə də digər mətbuat orqanları tənqid edərək yazırdı: “Şamaxıda müsəlman qiraətxanasına yığılan pullar nagəhan düşdü bir cavanın cibinə”. Tədqiqatda qiraətxana-kitabxananın işinin davam etdirilməsi yolunda dövrün ziyalıları tərəfindən atılan addımlar, bununla bağlı qaraguruhçular tərəfindən təqib olunan, maddi və mənəvi cəhətdən sıxışdırılan həmin ziyalıların aqibəti, eləcə də M. Ə. Sabirin qarşısına çıxan çətinliklər barədə kifayət qədər yeni məlumatlar öz əksini tapıb.
1906-1907-ci illərdə Bakıda müsəlman müəllimlərinin iki qurultayı olmuşdur. M.Ə. Sabirin həmin qurultaylara olan marağının bir çox cəhətlərini işıqlandıran A. Bayramoğlu ədibin maarifçilik sahəsində xidmətlərini yüksək qiymətləndirir. Qafqaz məktəblərində müntəzəm bir proqram olmadığından şagirdlərə öyrədilən dərsdən bir fayda hasil olmadığını öz yazılarında göstərən Sabir bu mühüm işin nizam və intizam dairəsinə sığmadığını vurğulayır, problemi aradan qaldırmaq üçün təkliflərini verir.
1906-cı ildə müəllimlər qurultayının qəbul etdiyi qərarlardan sonra yeni tipli dərsliklərin tərtibi və nəşri məsələsində canlanma hiss olunur. Bu işdə yaxından iştirak edən Sabir həmin dərsliklərdə çap olunmaq üçün “Uşaq və buz”, “Yaz günləri”, “Cütçü”, “Qarğa və tülkü” və s. klassik uşaq əsərlərini qələmə alır. A. Bayramoğlu ədibin “Dəbistan”, “Rəhbər” jurnallarının fəal müəllifi kimi bu sahədə atdığı addımlardan söhbət açır. O, “Zaman nə istəyir? Amma biz...” məqaləsinin M. Ə. Sabir tərəfindən yazıldığını və ədibin ictimai-siyasi və mədəni-maarif məsələlərinə, bu sahədə baş verən hadisələrə, görülən işlərə fəal müdaxiləsini qeyd etməklə yanaşı, həmin məqalənin məhz müəllimlər qurultayı ilə əlaqədar yazıldığına bizi inandırır. Sabir həmin məqalədə millətin tərəqqisi və inkişafı üçün çalışmağın vacibliyindən yazarkən aşağıdakı vacib bir məqama toxunur: “Məlumdur ki, əfradi-insan başlıca üç sinfə təqsim olunur. Birinci sinfi uşaqlar, ikinci sinfi cavanlar, üçüncü sinfi qocalardır”. Cəmiyyətin, millətin tərəqqi və inkişafı işinin cavanların öhdəsinə düşdüyünü yazan şair “Amma hansı cavanlar?” sualına özü də cavab verir: “Burası böyük sualdır. ...o cavanlar ruhi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilər ki, oxumuş olalar, ali mədrəsələrdə təhsili-elm, təhsili-kəlamət etmiş olalar. Ana dillərindən, dini əmrlərindən ziyadəsincə də olmasa, kafi qədər xəbərdar olmuş olalar”. Oxumuş cavanlarımızın ana dillərindən və “əqaidi-diniyyələrindən” lazımınca xəbərdar olmamalarından təəssüflənən Sabir milli məktəb açmağı, özü də “hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə məktəb açmağı” mühüm bir vəzifə kimi irəli sürür. “Müəllimlər syezdi” satirasında milli məktəbləri kimlər açmalıdır sualına da özü cavab verir – bu işi ziyalı cavanlar yerinə yetirməlidirlər: “Çünki islam millətində məktəbi pul açmaz, pullular da açmaz. Nə tövr olsa da, oxumuş, ziyalı cavanlar açarlar. Zira pullularımız əksəriyyətlə avam olduqları üçün məktəbin faidəsini, mənfəətini, xeyrini kəmalınca düşünməzlər. Düşünmədikləri üçündür ki, bu yolda sərfi-himmət edib pul da xərcləməzlər”. Tədqiqatda yer alan bu yazılar dahi şairin Azərbaycan müəllimlərinin ilk iki qurultayına fəal vətəndaş münasibətini çox gözəl əks etdirir.
Sabirşünaslıqda M. Ə. Sabirin məktəbdarlığı, o cümlədən şairin Şamaxıda açdığı “Ümid” məktəbi, ədibin pedaqoji fəaliyyətindəki bir sıra uğurlar haqqında söhbət açılır. Bu barədə yazan tədqiqatçılar heç bir sənəd və mətbuat materialı əldə etmədiklərindən “Ümid” məktəbinin açılması və fəaliyyətində Sabirin oynadığı rəhbər rolu Haşım bəy Vəzirovun “Yol qeydləri” məqaləsi və Şamaxıdan göndərilən müxbir məktubları əsasında aydınlaşdırmağa çalışırlar. Bu boşluğu A. Bayramoğlunun tapıntısı–M. Ə. Sabirin “Təşəkkür” məktubu aradan qaldırdı. “Şamaxı “Ümid” məktəbinin müəllimi və müdiri Ələkbər Sabir Tahirzadə, lisani-rus müəllimi Hacıbala Zamanov” imzası ilə “Tərəqqi” qəzetinin 17 dekabr 1908-ci il tarixli 129-cu nömrəsində dərc edilən bu məqalə bir çox məsələlərə aydınlıq gətirir. “Ümid” məktəbinə məhz Sabirin müdirlik etdiyini təsdiqləyən bu imzanın əhəmiyyətini vurğulayan A. Bayramoğlu qeyd edir ki, məktubun imzasındakı təqdimat Sabirin “Ümid” məktəbini Hacıbala Zamanovla şərikli açması haqqında ehtimalı puça çıxarmış olur və Hacıbala Zamanovun adının qarşısında yazılan “lisani-rus müəllimi” sözləri məktəbdə rus dili dərslərinin də tədris olunduğunu təsdiq edir.
Uğurlu tapıntılardın biri də M. Ə. Sabirin tədqiqatlardan kənarda qalan, “Tazə həyat” qəzetinin 2 iyun 1908-ci il tarixli 125-ci sayında redaksiyanın “Xüsusi müxbirimizdən. Şamaxıdan” qeydi ilə çap olunan “Cümə” məqaləsidir.
Monoqrafiyada Sabirin banisi olduğu poeziya məktəbi, onun xüsusiyyətləri, nümayəndələri, həmçinin şairin irsinin nəşr tarixi, tədqiqi mərhələləri, sabirşünaslığın uğurları və problemləri haqqında da maraqlı mülahizələr irəli sürülür. Şübhə yoxdur ki, “Bənzərəm bir qocaman dağa ki...” monoqrafiyası oxucular tərəfindən rəğbətlə qarşılanacaq və müəllifə böyük şöhrət gətirəcəkdir.
Aygün ƏZİMOVA, filologiya üzrə fəlsəfə doktoru



Bu yazı ( 143 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar