12px14px16px18px

Elbadan keçərkən...

Orxan ARAS
02:32 / 12.02.2011

 


Elba... Avropanın ən uzun çaylarından biri... Tam 1144 kilometr uzunluğa sahib. Çex Cümhuriyyətinin Polşa sərhəddinə yaxın Giant dağının qarlı zirvəsindən doğan çay , Avropanı sulaya-sulaya gedib Quzey Dənizinə tökülür.
Mən harada bir çay görsəm, ağlıma dərhal doğulduğum torpaqların nazlı gəlini Araz çayı gəlir. Araz çayı mənə və mənim kimilərə o qədər yaxın və məhrəm sanki beynimizdən doğulub qəlbimizə axır. Bəlkə də yanıbaşında dünyaya gözlərimi açdığım Araz çayı səbəbiylə mən çayları bu qədər sevirəm.Uzandıqca qıvrılan bir ipliyə dönüşən sular, bir torpaqdan başqa torpaqlara daşınan sevdalar, həsrətlər; umudları yaşıllandırıb böyüdən sərinlik ruhlarımıza dostluq və insanlıq mayası qatmışdır. Elbanın buzlu sularına baxarkən də eyni duyğular içindəydi düşüncələrim.
Qarlı bir qış günündə mən Elbanın üzərindən keçərkən eyni çayın o biri sahilində bir memarlıq incisi olan “Elbphilharmonie” isimli filarmoniyada dirijor Christoph von Dohnanyinin yaratdığı Hamburq mərkəzli Quzey Alman Radio Sinfonik Orkestri hüznlü Şopenin Nocturnes 2 –sinden parçalar ifa edirdi. Qışın hüznü bir başqa olur. Ucsuz – bucaqsız bəyazlıq, qıvrım – qıvrım qıvrılan yollar və vətən həsrəti...Bu havada və burada Şopeni dinləmək də ölümə bədəl. Amma olsun! Yetər ki qəlbimiz döyünməyə davam etsin.
Buradan, yəni soyuq Elbanın üzərindən Stalinin məşhur marşalı Jukov da keçmiş. Savaş dəlisi Hitlerin son günlərində bir siçan kimi gizləndiyi Führerbunkeri və Reichskanzleri elə Elbadan keçən bu Jukov bombalamış. Marşal Jukovun yanında o sırada neçə azərbaycanlı əsgər vardı, bilmirəm. Amma həm Elbadan keçərkən, həm də Berlinin mərkəzində ünlü uçuq kilsə Kaiser Wilhelm Gedichniskirchenin ətrafında gəzərkən dəyərli yazarımız ustad İsa Muğannanın mənə anlattığı atası Mustafa Hüseynovun Sovet Ordusu ilə Berlinə girişini xatırladım. Qazaxdan yol alıb Berlinə qədər gəlmiş gənc bir insan bu küçələrdə gəzərkən nələr düşünmüş, nələr xəyal etmiş, əcaba? İsa Muğanna mənə atasının buralarda səkkiz aya qədər qaldığını və hətta Berlində məskən salmağı belə düşündüyünü anlatmışdı. Demək ki, o qara yoxluq günlərində belə gənc Mustafa buraları sevmiş və isinmiş. Amma o bizim milləttin ürəyindəki vətənə bağlılıq, məsuliyyət hissi gənc Sovet əsgəri Mustafanı geriyə çağırmış. Bəs, ata ocağındakı yetimlərə, qəriblərə kim baxacaq? Mustafa qürurla sinəsindəki I dərəcəli böyük Vətən Müharibəsi ordeni və medallarla geriyə dönmüş.
Mustafa yurduna yuvasına qovuşmuş qovuşmağına da, yurdu da ona yar olmamış. Minlərcə düşmən əsgərinin qurşunlarından qurtulan Mustafa, bir avtomobil qəzasından qurtulammamış və gənc yaşında, Qazağın məşhur Ömər Koxasının yuvasını yetim qoyaraq bu dünyadan köçüb getmiş. Onun anlattığı Berlin, Elba çayı, Seelow təpələri övladlarının dilində tanış məkan adları kimi yaşamağa davam etmiş.
Gənc Mustafanın hekayəsi bir nağıl deyilmi? Hansı sevdamız, hansı həsrətimiz, hansı yasımız, hansı şənliyimiz nağıl deyil? Bu yurdun övladları nağıllardakı kimi doğulub, nağıllardakı kimi sevdalanıb, nağıllardakı kimi ölmürmü ?
Mustafa aramızdan ayrılmış, amma yerinə nağılını davam ettirəcək övladlar qoymuş...Dilimizin ustad qələmi İsa Muğanna, Bakıda möhtəşəm Televiziya qülləsini tikdirən rabitəçi mühəndis, böyük qardaşı kimi Azərbaycanın önəmli şəxsiyyətlərindən biri, ruhu atasının ruhuna qovuşmuş Ömər Hüseynov... Ustad İsa Muğanna bu nağılın davamını romanlarında, hekayələrində- “Saz”, “Quru budaq” kimi əsərlərində necə də gözəl anlatmış...Hələ “Tütək Səsi” ində... O əsərdə bir kəndin ruhunu almış və minbir çiçəkli bir bağ kimi düzənləyərək, bəzəyərək gözlərimizin önünə sərmiş.
Ustad İsa müəllimlə duyğulu bir payız axşamı evində görüşmüşdük. Daha söhbətə başlar başlamaz ilk Türkiyə ziyarətindən və ürəyində heç sönməyən Türkiyə sevdasından anlatmışdı. Coşqulu və sevincliydi.Türkiyə, İstanbul deyincə necə də gözləri parıldayırdı, Allahım! Təkrar oraları görmək arzusu dilindən əksik olmurdu. “İnşallah, Türkiyəni sizinlə bərabər gəzərik, ‘ dediyimdə səksən iki ilin təcrübəsi və ağırlığı üzündə əks olunmuşdu. Qarışıq duyğularla, ‘Bilmirəm ürəyim tab gətirə bilərmi?” demişdi. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən Nəsimini günümüzə qədər gətirən bir ürək bir sevdaya niyə tab gətirməsin ki, Ustad?
Nə isə...Mən və gənc Sovet əsgəri Mustafa hələ də Elbanın üzərindəyik. Marşal Jukovun qarşısında Seelow təpələrində müdafiə xətti quran alman generalı Heinrici, 20 aprel 1945- də Sovet topçusunun aramsız atəşi qarşısında Elbanın arxasında saplanıb qalmış. İnsanın məğlubiyyəti qəbul etməsi asan deyil. Boş qürur və xəyalpərəstlik insanı necə də məhv edir! Nə general Heinrici, nə də Jukovla işimiz yox. Allahdan ideoloji yaxınlığımız da yox. Amma həm Elbadan keçərkən, həm də Berlinin Wedding, Tempelhof, Tiergarten bölgələlərində gəzərkən o lənət olası savaş, yıxıntılar, ölümlər bir film səhnəsi kimi gözlərimin önündə canlandı. Və Azərbaycan... Başqaları üçün verilən canlar, qürbət ellərdə tökülən qanlar və göz yaşları...
Berlin təbii ki, əski Berlin deyil.1990 – cı ilə qədər ikiyə bölünmüş bu şəhər özüylə yenidən qucaqlaşmış və sürətlə yaralarını sarmış, gəlişdikcə gəlişmiş. Alman qayda – qanunu və düzəni hər yerə hakim. Birinci Bəyaz Rusiya topçusu 20 apreldən etibarən Berlinin mərkəzini yerlə-yeksan etsə də, küçələrdə hələ də naxışlı, yüksək tavanlı, heykəlli evlərə rastlamaq mümkündür.
Marşal Jukov, gənc Mustafa və coşqulu, yorğun azərbaycanlı əsgərlərlə bu şəhərə girməsəm də eyni yollardan mən də keçdim və yuxarıda anlatdığım naxışlı, heykəlli, yüksək tavanlı evlərdən birinə mən də yerləşdim və hər sabah pəncərədən dışarıya baxarkən bu şəhərin küçələrində gəzmiş Mustafaları, Xəlil Paşaları, Tələt Paşaları düşünmədən durammadım.
Düşüncələr nə qədər canlı olsalar da, mən hələ də Berlini doyunca gəzmədim. Türkiyədən götürülən Zebs badəsinin də sərgiləndiyi və şəhərin mərkəzindən keçən Spree çayının üzərindəki “Museuminsel” muzeylər adası,Charlattenburg sarayı,operalar teatrlar məni gözləyir. İldə 2 milyon turistin gəldiyi bu şəhərdə ildə 2.500 teatr əsəri oynanılarkən, 7 min də opera oyunu səhnələnir! İnanılmazdır deyilmi?!
Digər inanılmaz xəbər isə Berlində də bir İstanbulun olması...Türklərin kafeləri, lokantaları, paxlavaçıları, çiçəkçiləri ilə bəzədikləri Kreuzberg səmtinə almanların qoyduqları isim “Kiçik İstanbul.” Yəni həm Berlindəyəm, həm də İstanbulda...Elba axmağa davam edir və mən burada şəhid düşmüş azərbaycanlı əsgərlərin ruhları ilə birlikdə Elbadan keçirəm...
Orxan ARAS




Bu yazı ( 1007 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar