12px14px16px18px

Ümidimiz, arzumuz

Orxan ARAS
01:30 / 30.01.2010


Azərbaycan illər boyu böyük sınaqlardan keçib. Torpaqlarının zənginliyi, gözəlliyi və yerləşdiyi coğrafi məkanın strateji önəmi həmişə qonşularının iştahını artırıb və fürsət düşən kimi ölkəmiz işğallara, qətliamlara məruz qalıb.
Xalqın inancları, qədim kimliyi və yox olmamaq uğrunda apardığı mübarizələr ölkəmizi bütün işğallardan qurtarsa da, bu yabançılıq xalqımızın yaddaşında və mənəviyyatında dərin izlər buraxıb.
Xaricdə yaşayan bir azərbaycanlı kimi xalqımızın varlığında, dilində, adında hələ də bu izləri gördükcə, hiss etdikcə, üzülsəm də ümidimi heç vaxt itirməmişəm. Xəyalımda həmişə milli kimliyinin fərqində olacaq gənc nəsilləri görmüşəm və bütün ümidlərimi onlara bağlamışam.
Milli şair Məhmət Akif Ərsoy Türkiyənin ən qaranlıq günlərində, minlərlə türk gəncinin cəbhələrdə şəhid olduğu, bəzilərinin isə mərhum Hüseyn Cavidin “Uçurum” pyesində yazdığı kimi “fransızlaşaraq” yabançılaşdığı bir vaxtda gələcəkdə millətini qurtaracaq yeni bir nəslin ayaq səslərini eşidir və o nəslin xəyalı ilə yaşayırdı. O nəslə xəyalında bütün mükəmməlikləri yüklədiyi “Asımın nəsli” adını vermişdi.
Asımın nəsli diyordum ya,
nəsilmiş gerçək,
İştə, çiğnətmədi
namusunu, çiğnətməyəcək!
Azərbaycan üçün də mərhum Məhmət Akifin yazdığı namuslu, cəsur, millətinin şərəfini bütün varlığı ilə duyan və kim olduğunu bilən “Asımın nəsli” mütləq bir gün ortaya çıxacaq. Buna qəti əminəm. O nəslin işarətlərindən, bəlkə də öncüllərindən biri gənc tədqiqatçı, sosioloq Əbülfəz Süleymanlıdır.
Yazılarını bəzən “525-ci qəzet”də oxuduğum bu gənc tədqiqatçı yazar doktorluq işini Türkiyənin İstanbul Universitetinin Ədəbiyyat fakültəsində müdafiə edib. Azərbaycanda olarkən mənə verdiyi “Millətləşmə sürəcində Azərbaycan türkləri” kitabı mənim stolüstü kitablarımdan biri oldu. Türkiyənin ən önəmli nəşriyyatlarından olan “Ötüken yayınları”nda çıxan bu kitab təkcə Azərbaycanda deyil, Türkiyədəki universitetlərdə də əlavə dərs vəsaiti kimi tədris olunmalıdır.
Kitab Azərbaycanın hansı mərhələlərdən keçdiyi, işğalların, qarışıqlıqların milli kimliyimiz, dilimiz, həyatımız üzərində necə təsirlər buraxdığı və aydınlarımızın, xalqımızın iki daş arasında qalmasının hələ də davam etdiyini çox elmi şəkildə ortaya qoyub. Yazar öncə kimlik məsələsiylə bağlı səsləndirilmiş baxışları anlatdıqdan sonra Azərbaycanın tarixinə keçir, Monqol istilası, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri, uzun sürən Səfəvi iqtidarı dönəmlərindəki dəyişikliklər inkişaf və geriləmələr ətraflı şəkildə təhlil olunur. Milli kimliyə ən çox diqqət yetirilən dövr - 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri, kitabın əsas tədqiqat mövzusudur.
Türkmənçay müqaviləsi nəticəsində işğalçı rusların bölgəyə gəlmələri ilə sifəti tamamilə dəyişdirilməyə çalışan Azərbaycanda ilk etirazlar, oyanışlar, cəhdlər, aydınların təsirləndikləri fikirlər, bu məqsədlə çıxarılan qəzetlər, qurulan dərnəklər, ilk modernləşmə çalışmaları kitabda geniş şəkildə işıqlandırılıb.
Milli kimliklə bağlı və millət olmağın vacibliyinin şüuruna yetişdiyimiz dönəmlərdəki sıxıntılar, qarşıdurmalar, yabançı təsirlər kitabda şahidlərin dili ilə verilib ki, bu da əsərin dəyərini daha da artırıb. Məsələn, ana dilimizdə ilk qəzeti çıxaran mərhum Həsən bəy Zərdabinin 19-cu əsrdə söylədiyi bu sözlər hələ də aktuallığını itirməyib: “Hər millət, onun dirəkləri hesab olunan və millət olmağı formalaşdıran iki şeyi heç zaman unutmamalıdır. Bunlardan biri dil, digəri isə dindir. Bunlardan birinin olmaması durumu isə o millətin belinin qırılması anlamına gəlir. İkisinin də olmaması o milləti yox edir, digər millətlərin içində əridir”.
Mərhum Zərdabi yüz il öncə belə millət olmağın şərtlərini və dəyərini çox gözəl bir şəkildə izah edib. Yenə kitabda Rəsulzadənin indi gündəmə gələn soyadlarının dəyişdirilməsi məsələsiylə bağlı hələ 1914-cü ildə nələr yazdığını oxuya bilirik. Rəsulzadə məlum mövzu ilə bağlı “Dirilik” məcmuəsində belə yazıb: “Əgər milli kimliyimizin şüurunda olsaydıq, türk səhnəsinin opera sənətçisi olmaları ilə öyündüyümüz insanların soyadlarının, Ağdamski, Sarabski yerinə Ağdamlı və Sarablı şəkildə çağırardıq”.
Kitabda 19-cu əsrdəki ruslaşdırma siyasəti və ona qarşı azərbaycanlı aydınların mücadiləsi ilə yanaşı Sovet dönəmindəki yoldan sapmalar və aldatmalar da dəlillər və faktlar vasitəsilə verilib.
Sovet rejiminin yabançılaşdırma siyasətində Çar Rusiyasından əsla geri qalmadığı, hətta 1934-cü ildən etibarən bu siyasətin zülm siyasətinə çevrildiyi geniş şəkildə kitabda şərh olunub. Təbii ki, işğalçı siyasətini yeridəndə onu nədən və haradan başlayacağını çox gözəl bilir. Kitabda da deyildiyi kimi ilk dəyişiklik dilimizdəki anlayışlardan başlayıb. Bir yazımda da yazmışdım. Konfutsinin çox məşhur bir sözü var. Filosofun fikrincə, bir milləti dəyişdirməyin ən birinci yolu onun dilindəki anlayışları dəyişdirməkdən başlayıb.
Ruslar da “qardaş millət” adıyla eyni siyasəti yürüdüb və hələ də dilimizdə qalan anlayışları bir anda sovetləşdirmə adı altında ruslaşdırıb. Bu məsələylə bağlı 9 iyul 1934-cü il nömrəsində məşhur “Pravda” qəzeti yazırdı. “Pantürkizm qoxuyan türkcə təbirlər və birləşmələr sosialist mədəniyyətinin yaratmış olduğu saysız anlayışlarla əvəz olunmalıdır”.
Bu cümlələri oxuyanda “Türkiyə türkcəsindən gələn anlayışları istəmirik. Dilimizdəki anlayışlar olduğu kimi qalsın” – deyən yaşlı professorlarımızın qulağı cingildəsin, dedim öz-özümə! Demək “Pravda”nın əmri hələ də bəzilərin yaddaşında qalıb.
Bütün bu yabançılaşdırma siyasəti Mircəfər Bağırovun “Dədə Qorqud” dastanını yasaqlaması ilə getdikcə sürətlənir və “türk” adı, sözü bütün dərs kitablarından, qanunlardan, hər cür rəsmi sənədlərdən çıxardılır və Azərbaycan üçün yeni bir kimlik formalaşdırılır.
Əbülfəz bəy bu dəyərli kitabını çox gənc yaşda itirdiyi atası Davud Süleymanlının xatirəsinə ithaf edib. Bu ithaf belə milli kimlik məsələsində bir xəbərdarlıqdır, məncə. Biz dilimizə ana dili, yurdumuza ana yurdu, evimizə də ata ocağı demişik. Bütün bu adqoymalarda çox incə və zərif bir nüans var. Babalarımız belə deyib ki, biz anamızdan, atamızdan uzaqlaşıb, soysuz və kimliksiz manqurt olmayaq!
Bu kitabdan bir ədəd hər evdə və hər gəncin stolunun üstünə mütləq olmalıdır ki, o gənc haradan gəlib, hara getdiyini bilsin!
Gənc tədqiqatçını - Əbülfəz Süleymanlını isə təbrik edir və yeni işlərini səbirsizliklə gözləyirəm.
Orxan ARAS Almaniyadan yazır [email protected]




Bu yazı ( 927 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar