12px14px16px18px

Qatar...

01:53 / 26.05.2012
İlk tanışlığımızı xatırlaya bilmirəm. Nə vaxt, harda, necə görüşdüyümüz də yadımda deyil. Haqqında qardaşım Hacı Məhəmməd Astanbəylidən eşitmişdim. Məhəmməd, Rüstəmin haqqında ağız dolusu danışmışdı. Bizim İncə dərəsində, Kəmərlidə müəllim işlədiyini bilirdim. Məhəmməd demişdi ki, o, sıradan bir müəllim deyil. Fərqli və çox maraqlı adamdı. Sonralar “Ulduz” dərgisində Rüstəm Kamalın “Qazaxda bir payız səhəri...” adlı yazısını oxudum. Yazı Məhəmməd Astanbəyli və onun şeirləri haqdaydı. Mən o vaxtacan bu üslubda bir yazı, şeirə və şairə bu məzmunda münasibət görməmişdim. Sonralar başqa yazar dostlarımın da bu mənada mənimlə həmfikir olduqlarını duydum: Ədəbi tənqidimizə, ədəbiyyatşünaslığımıza yeni nəfəs gəlirdi. Bu nəfəsin dərinliyi, ətri bambaşqaydı. Bu nəfəs ümumən ədəbiyyatımıza bir tərəqqi vəd edirdi... Və zaman gəldi... Rüstəm Kamal imzasıyla maraqlananların, onunla tanışlığa can atanların, əsərlərinə Rüstəm Kamal münasibətini öyrənmək istəyənlərin sayı da günü-gündən artmağa başladı. Azərbaycanın ən məşhur yazarlarından tutmuş ədəbi gəncliyə qədər hər kəs belə bir istəkdə bulunmaq üzrəydi. Rüstəm özünün gözləmədiyi halda(mənim bildiyim qədər o bunu istəmirdi də) diqqət mərkəzinə adlamışdı. Bütün bunlar Rüstəm Kamal imzasının yüksək reytinqindən xəbər versə də, eyni zamanda onun üçün bolluca çətinliklər də vəd edirdi. Axı burası Azərbaycandır... Mən bu qənaətimi onunla olan dostyana dərdləşmələrdən hasil etdim. Dostum istəsə də, istəməsə də artıq bir vaqonu süslü, beş vaqonu hisli XX əsrin sonlarından yola çıxan Azərbaycan ədəbiyyatı qatarının sərnişiniydi. O, bu qatarda özünü çox rahatsız hiss eləyirdi. Bu rahatsızlıqdan qurtulmağın yeganə yolu isə hisli vaqonların qurumlarını almaqdan, o vaqonların sərnişinlərini təmizliyə dəvət eləməkdən, hətta yeri gələndə onların üstünə qışqırmaqdan keçirdi. Qışqırmaq Rüstəmin xarakterinə yad olan nəsnədir. Amma o, sözünü deyirdi... “A kişilər, belə olmaz. Üstünüzə-başınıza(yazdığınıza-pozduğunuza) fikir verin” deyirdi. Eşidən eşidirdi, eşitməyən də eşitmirdi. Hətta: “Belə daha yaxşıdır, gəl sən də bizim kimi ol” deyənlər də tapılırdı... Mənim Rüstəmlə dostluğum belə bir ərəfədə başlamışdı və buna görə də saatlarla bu zalım qatar bizim söhbətlərin ağrılı bir mövzusuna çevrilirdi. Rüstəm əli çıraqlı yaxşı şeir, sanballı nəsr əsərləri axtarırdı. Kitab dükanlarını ələk-vələk eləyirdi. İşıqlı bir şey tapanda sevincindən yerə-göyə sığmırdı. Bakıdan vaxtaşırı Sumqayıta gəlirdi. Burda yaşayan şair dostlarla tanış olur, onların şeirlərini dinləyir, istedadlı qələm adamları ilə həmsöhbət olmaqdan ləzzət alırdı. Bir müddət Şəki və Mingəçevir həyatı yaşayandan sonra Rüstəm yenə də Bakıya döndü. Əslində buna Rüstəmdən çox Bakının ehtiyacı varıydı. Rüstəm bu gün də bu qarşılıqlı ehtiyacların tarazlığını qorumağa çalışır. Amma cəsarət edib onu da deyim ki, Bakı buna çalışmır. Bakı bu tərəzinin gözünü əymək istəyir... Rüstəm Kamal deyir ki, Azərbaycan yazıçılarının çoxunun qəlbini “mətbəx piyi” basıb, ona görə möhtəşəm əsərlər yaza bilmirlər. Amma bu həqiqəti heç kim etiraf eləmək istəmir. Hamı deyir “aydan arı, sudan duruyam”. Mən də deyirəm ki, əgər “aydan arı, sudan duru”yuqsa bəs onda “aydan arı, sudan duru” əsərlərimiz niyə yox dərəcəsindədir? Niyə biz xarici ölkələr ədəbiyyatını oxuduğumuzun yüzdə biri qədər xarici ölkələrdə oxunmuruq? Öz millətimizə öz ədəbiyyatımızı yetərincə sevdirə bilmirik?.. Rüstəm Kamalın başqa ədəbiyyatşünas və tənqidçilərdən fərqi bundadır ki, o, yazılmış əsərlərə bəsirət gözü ilə baxa bilir. Rüstəmin bəsirət gözü həmişə açıqdır. Onu aldatmaq mümkün deyil. Rüstəm Kamal, şairin, yazıçının özü qədər duyğusaldır. Müəlliflərin enerji imkanlarını, harda və nədə özlərinə güzəştə getdiklərini dəqiqliyilə müəyyənləşdirə bilir. O, sözü təkcə bilmir, bütün varlığıyla duyur. Sözün rəngini, dadını, ölçüsünü, çəkisini, quruluşunu bilir və onunla necə rəftar etməli olduğumuzu söyləyir bizə. Buna görə də mən həmişə Rüstəmə şeir oxuyanda, kitab verəndə böyük məsuliyyət hissi duyuram. Həyəcanlanıram. Rüstəm Kamalın timsalında mən ilk dəfə özüm üçün “Alim necə olmalıdır?” sualının cavabını müəyyən etdim. Rüstəm qan yaddaşımızın çox dərin qatlarından gələn bir alimdir. Böyük türk əxlaqının ləyaqətli daşıyıcısıdır. O, bəlli atalar sözümüz olan “Alim olmaq asandır – adam olmaq çətindir” düşüncəsinin fövqündə dayanan, filosofluğa, ədəbiyyatşünaslığa əvvəlcə adamlıq elmini mənimsəyib gəlmiş bir alimdir. Elmiylə bərabər Tanrıya tapınmağıyla, yaradılışa inancıyla, insanlara münasibətiylə, özünə və sözünə inamıyla, sadəliyiylə, səmimiyyətiylə, sevgisiylə mənim gözümdə həmişə ucalıqda dayanan bir türk kişisidir Rüstəm Kamal. P.S. Bu günlərdə alim qardaşımın 50 yaşının tamam olması sorağını aldım. Ömrünün bu hissəsini şərəflə, ləyaqətlə yaşayıb, ilk növbədə doğmalarını, sonra dostlarını – onu sevənlərin cəmini sevindirdi. Ömrünün ikinci yarım əsrini də beləcə qəddi-qaməti şax, gözü-könlü tox yaşa, qardaşım!- deyirəm. Sən genəlliklə mədəniyyətimizin oluşmasında böyük əməllərə imza atmısan. Qarşıda isə hələ görəcəyin çox böyük işlər durur. Sənə bəlirlədiyin bu mübarək yolda uğurlar diləyirəm, uca Tanrı eşq payını bol və bərəkətli eləsin!
İbrahim İlyas


Bu yazı ( 217 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar