12px14px16px18px

Sərkisyanın “Der Spiegel”dəki sayıqlamaları

Orxan ARAS
16:32 / 09.04.2010
 
İşğalçı Ermənistanın başçısı Sərkisyan Almaniyanın populyar “Der Spiegel” (“Ayna”) dərgisinə bir müsahibə verib. Azərbaycanda 31 Mart Soyqırım Günü anılarkən “Der Spiegel” dərgisinin belə bir material yayımlaması bəlkə də bir təsadüfdür. Biz hər şeyə tez inanan bir xalq olduğumuz üçün belə “təsadüflərə” də o dəqiqə inanırıq. Çünki bir neçə il öncə Avropanın düz göbəyində, hər kəsin gözləri önündə cərəyan edən, Bosniya müsəlmanlarına, eyni zamanda, 1905-18-ci illərdə Bakıda, Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırıma Avropanın, dolayısıyla bütün dünyanın göz yummasını da bəlkə də təsadüf olaraq qarşılamışdıq.
“Der Spiegel” dərgisinin müxbiri ermənilərə “bərəkallah” dedirdəcək suallar verməkdə kimsədən geri qalmır. Məsələn, müxbirin Ağrı Dağının Türkiyədən alınıb-alınmayacağından tutmuş, Qarabağın hazırkı vəziyyətinə qədər hər şeyi, bütün məsələləri, bilməyənlərin hadisəyə erməni gözüylə baxmasını təmin edəcək bir tərzdə xatırlatması bir jurnalist kimi “gözlərimi yaşartdı”. Bu cür “təsirləndirici” suallar qarşısında Ermənistanın başçısı Sərkisyan, təbii ki, centlmenlik (!) göstərərək, Ağrı Dağını mənimsəmək fikrində olmadıqlarını, amma “həmin dağın hər erməninin ürəyində olduğunu və heç kəsin onu ermənilərdən ala bilməyəcəyini” söyləyir.
Azərbaycan-Ermənistan münasibətlərində də Sərkisyan o qədər “sülhsevər və sakit” bir görüntü sərgiləyir ki, az qala mən özüm Azərbaycanı günahlandırmaq məcburiyyətində qalacaqdım! Təbii ki, “Azərbaycan dərhal Qarabağın müstəqilliyini tanısa, Ermənistan da o dəqiqə sülh müqaviləsini imzalayacaq və bununla məsələ həll olunmuş sayılacaq”. Belə deyir Sərkisyan! Onun dediyinə görə, guya anlaşmaya maneə törədən əslində Azərbaycan imiş, çünki “1923-cü ildə Stalin tərəfindən Ermənistanın əlindən alınıb Azərbaycana hədiyyə (!) edilən Qarabağ Ermənistan tərəfindən deyil, Azərbaycan tərəfindən işğala məruz qalıb!” Utanmazlığın dərəcəsinə baxın! Qarabağın adı belə, onun kimə aid olduğunu təsdiqləyir, amma bunu eşidən və buna inanan kimdir ki?! Bir dövlət adamının, guya XXI əsrin mədəni bir üzvü olan kəsin utanmadan bu cür yalanları çox sakit şəkildə söyləyə bilməsi üçün xüsusi bir ruha malik olması şərtdir. Təəssüflər olsun ki, bu ruhlar günümüzdə milyonlarcadır və bu ruhlar fanatizm və kin dolu erməni diasporunun əsəridir.
Təbii ki, Sərkisyanın ardıcıl olaraq bu yalanlarını “doğruymuş kimi dünyaya çatdıran “Der Spiegel” dərgisi hər zaman mövzu türklər və müsəlmanlar olanda bu cür dindaş tərəfkeşliyi fürsətini əldən buraxmır. Halbuki “Der Spiegel” kimi bir Avropa dərgisinə yaraşan iş, dindaş tərəfi tutmadan, öz səhifələrində Azərbaycan prezidenti cənab İlham Əliyevin də fikirlərinə yer verməsidir. “Der Spiegel”in səmimi olub-olmadığı yalnız o zaman ortaya çıxar.  
Orxan ARAS Almaniyadan yazır  [email protected]
 



Bu yazı ( 558 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar