“Dindirir əsr bizi...”
ANAR
02:02 / 26.05.2012Keçən əsrin ibtidasında Mirzə Ələkbər Sabir yazırdı:Dindirir əsr bizi, dinməyiriz,Açılan toplara diksinməyiriz.Əcnəbi seyrə balonlarla çıxır,Biz hələ aftomobil minməyiriz...Bu misraların yazıldığı günlərdən yüz il keçib. Bakı dünyada ən çox əcnəbi avtomobillər olan şəhərlərdəndir indi. Hava balonları çoxdan sıradan çıxıb, uçaqlara gəlincə Milli Aerokompaniyamız “AZAL”ın təyyarələri dünyanın dörd tərəfinə uçur.Amma tarixin öz qanunları var,texniki inkişaf çox vaxt mənəvi təkamüllə üst-üstə düşmür.Bu şəhrdə çoxdur, görürəm elm oxuyanlar,Onlar nə tapıblar?Divanədilər malını bu yolda qoyanlar,Guya ki,yatıblarÇoban çoluq oğlu bəy ilə bahəm olubdur,Hamunu bəyənməzGahi şaha bir tənə vurar,gahi vəzirəBax,bax,səni tarı!Sabir bəlkə təsəvvür belə etməzdi ki, onun keçən əsrdə istehzayla, kinayəylə, rişxəndlə yazdığı bu sözlər bu əsrdə həyatımızın acı gerçəkliyinə dönəcək.Vəkil: Həqsizə həqli deyib,bir çox günaha batmışam,Şair: Bülbülə,eşqə,gülə dair yalan fırlatmışamQəzetçi: Mən cəridəm dolmaq üçünmətləbi uzatmışam– sözlərini haçan deyiblər, o vaxtmı, bu günmü?Bəs bu aşağıdakı sözlər kimə aiddir – Sabirin müasirlərinəmi, bizim çağdaşlarımızamı?İntelligentik, bu ki böhtan deyil,Türki danışmaq bizə şayan deyil,Türk dili qabili-irfan deyil,Biz buna qail olan insanlarıqAy bərəkəllah, nə gözəl canlarıq!Türk qəzeti versə də əqlə ziyaMən onu almam əlimə mütləqaÇünki müsəlmanca qonuşmaq banaEybdir. Öz eybimizi anlarıq!Ay bərəkallah, nə gözəl canlarıqSabirin cəhaləti, nadanlığı, avamlığı görməyə gözü yox idi, amma yalançı ziyalılığın, yarımçıq savadlılığın, qınından çıxıb qınını bəyənməyən “intilligentlərin” də barışmaz düşməni idi. Yerində deyirdi ki,Mənəm, mənəm deyənlərin inanma çox da qövlünəGərəkli gündə onların qıçındakı fərarı gör!Bu inteliktlərin sözün gətirmə heç aralığaOları görmək istəsən, şərabı gör, qumarı gör!Palitqadır hər işləri, alışları, verişləri,Olarda bir əməl fəqət quru boş iftixarı gör!Televiziya ekranlarından,mətbuat səhifələrindən heç kəsi inandırmayan şit təbliğat axın-axın axdıqca yenə Sabirə rəhmət oxuyuruq:Vəz etdiyin inandı, sən amma inanmadın!Rüşvət haramdır, dedin, aldın, utanmadın!Azərbaycanın qədim olsa da o zamanlar kiçik əyalət şəhərində sabun bişirərək külfətini dolandıran Sabir İranın, Türkiyənin, Rusiyanın, ümumən bütün dünyanın problemlərindən peşəkar siyasətçi qədər, dərin mütəfəkkir kimi baş açır, ölkəsini şəxsi ciftliyi kimi görən, “mən şahi-qəvişövkətəm, İran özümündür, İran özümün, Rey, Təbəristan özümündür” –deyən Məmdəlini ifşa edir, “osmanlılar aldanmayın, Allahı sevərsiz, iranlı kimi yanmayın, Allahı sevərsiz” deyə Anadolu türklərinə xəbərdarlıq edirdi.Dindar müsəlman olan Sabir qarşısına çıxan haqsızlıqları, hər zülmə dözən canları və daş qəlbli insanları gördükdə Tanrının özünə belə üsyan edirdi:Daş qəlbli insanları neylərdin, İlahi?!Bizdə bu soyuq qanları neylərdin, İlahi?!Artdıqca həyasızlıq olur el mütəhəmmil,Hər zülmə dözən canları neylərdin, İlahi?!Qeyrətli danosbazlarımız iş bacarırkanTənbəl dəli şeytanları neylərdin, İlahi?!Tacirlərimiz Sonyalara bənd olacaqmış,Bədbəxt Tükəzbanları neylərdin, İlahi?!Sabir türk dünyasını bütövlükdə görə bilən,vəhdətdə dərk edən, onun daxilindəki çəkişmələri tarixi ardıcıllıqla qələmə alan ilk şairlərdəndir:Turanlılarıq, adiyi-şüğlü-şərəfiz biz!Öz qövmümüzün başına əngəlkələfiz biz,Əlyövm uruslaşmaq ilə zişərifiz bizÖz dinimizin başına əngəlkələfiz biz,Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz.Öz qövmumuzun başına əngəlkələfiz biz,Bu qanlı qardaş qırğınlarından şairin çıxardığı nəticə əbədi düstur kimi dəqiq və dürüstdür:Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,Qırdıqca yorulduq və yorulduqca qırıldıq.Sabirin böyük dostu Abbas Səhhət “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz” deyirdi. Gerçəkdən də vətəni sevməyən insanı, illah da vətəninə biganə şairi təsəvvür etmək çətindir. Amma sevginin də çeşidləri var. Şair var ki, ölkəsinin dağlarını, bağlarını, şərəfli keçmişini, işıqlı gələcəyini vəsf edir. Şair də var ki,Ey dərbədər gəzib ürəyi qan olan çocuq,Ey ehtişami-milləti talan olan çoçuq.– deyir.Səttarxanı tərənnüm edən Sabir yenə də Səhhətin təbiriycə “İran məşrutəsinə bir ordudan ziyadə xidmət göstərmişdir”.Sabir haqqında çox yazılıb, amma məncə onun sırf ədəbi şücaətini ən gözəl səciyyələndirən yenə də Abbas Səhhətdir. “Hophopnaməni” toplayıb gələcək nəsillərə çatdırmaqda da Səhhətin xidməti misilsizdir. Səhhət yazırdı:“Sabir...köhnə şeirlə yeni şeirlər arasında bir əsrlik qədər uçurum yaratdı ki, bir daha geri dönüb də bu uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı”Ey alnın ay, üzün günəş, ey qaşların kəmanCeyran gözün, qarışqa xətin, kakilin ilan-tipli ənənəvi şərq poetik təşbehlərini təkrar edib şeirini“Qah,qah!Qəribə gülməlisən xaniman xərab!”– sözləriylə bitirən Sabir epiqonçu şeir ənənəsinə öldürücü zərbə endirmişdi.Sabir böyük Füzulini sevməyə bilməzdi, özünün də füzuliyanə lirik qəzəlləri az deyil. Amma Füzulinin ən incə qəzəllərini satirik məqsədlərlə istifadə edən şair, çox sonralar dəbə düşmüş postmodernist inkarçılığını inkarçılıq naminə yox, konkret bədii vasitə kimi istifadə edirdi.“Öz vətəni özünə zindan kəsilən şair”:Əşhəddü billahi Əliyyül əzim,Sahibi-imanəm, a şirvanlılar.Yox yeni bir dinə yəqinim mənim,Köhnə müsəlmanam, a şirvanlılar– desə də, möminlərin gözündə “dinü imanı danıb, yoldan azıbdır, babıdır” – damğasıyla yaşadı və ona görə də qəlbinin ən dərin guşələrindən gələn acı bir fəryadla:Harda müsəlman görürəm qorxuram– dedi.O dövrdə, o mühitdə, o şəraitdə belə sözləri dilə gətirmək nə böyük cəsarət tələb edirdi! Amma axı Sabir həyatdakı qismətini də bilirdi, vəzifəsini, missiyasını da dəqiq dərk edirdi.Şairəm çünki vəzifəm budur əşar yazım –deyərək onu da qeyd edirdi ki,Necə mən dörddə birin yazmağa eymən deyiləm.Qorxur on dörddə birin yazmağa həm əhli-qələm.Düşünən, öz dəyişməz əqidəsinə sadiq qalan, külək hansı səmtə əssə o səmtə dönməyən bütün böyük sənətkarlar kimi Sabirin də qəlbinin ən böyük dərdi – anlamaq dərdi idi.O,yaşadığı mühitin tələblərini qəbul edərək “görməməyə, dinməməyə, eşitməməyə, gülməməyə” razı olurdu – amma qanmaya, anlamaya bilmirdi.Mən belə əsrarı qana bilmirəmQanmaz olub da dolana bilmirəmDerlər utan, heç kəsə bir söz demə,Həq sözü derkən utana bilmirəmDerlər usan, hərzəvü hədyan demə,-Güc gətirir dərd, usana bilmirəm!.Məsələ bundadır. Dərd güc gətirəndə necə usanasan? AmmaEylə bilirdim ki, dəxi sübh olub,Mürğü səhər tək bir ağız banladım.Səng şikəst eylədi balu pərim,Banlamağın hasilini anladım.Sübh olduğun düşünüb ötən quşun qanadlarını daşlayıb şikəst edirlər və o, “banlamığın hasilini anlayır”, “banlamaram, banlamaram bir daha” – deyib əlavə edir:Banlamamaqdır sizə əhdim mənimSöyləmirəm: anlamaram bir daha.Anlamaq – insana Tanrı tərəfindən verilən elə bir nemət və elə bir əziyyətdir ki,– onu heç bir təzyiqlə, heç bir təqiblə, yuxarıdan ya aşağıdan edilən heç bir hücumla yasaqlamaq olmur. Anlamamaq üçün yalnız bircə çıxış yolu var:Derlər, a qanmaz, de yıxıl, öl, qutar!Hə, balam, doğrusu, ay dadaş, mən dəxiMəsləhət ondan o yana bilmirəm!Amma ömrünü məşəqqətlər içində yaşamış Sabir ölümün də nazını çəkməli oldu :İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl,Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.Ölümqabağı acıdan acı etiraflar:Arizi qəmlər əlindən ürəyim şişmiş idiZənn edirdim edəcəkdir ona çarə ciyərimBəxti mənhusimə bax, mən bu təmənnada ikənBaşladı şişməyə indi üzü qarə ciyərim...Mənə bəd keçdi şəhri ŞirvandaMərəzim şiddət etdi hər yanda.Bir tərəfdən təvərrümi ciyərim,Bir tərəfdən ürəkdəki kədərim.Düzdür, ürəkdəki kədəriylə, qəmlər üzündən şişmiş vərəmli ciyərinin əziyyətləriylə bərabər Sabir öz gələcəyinin böyük həqiqətini də bilirdi, ədəbi və əbədi taleyini də bilirdi, ölümsüzlük həddində yerini də ...Döysə də canımı minlərcə məlamət ləpəsi,Zövrəqi-himmətim əvvəlki təmənnada durar.Seyli-tən oylə təməvvüclə alıb dövrü bərim,Bənzərəm bir qocaman dağa ki, dəryada durar.Nə qəm uğratsa da bir gün məni ifnayə zəman,Mən gedərsəmsə, məramım yenə dünyada durar.“Hophopnamə”dəki bütün şeirlər mənə əzizdir, doğmadır, ürəyimdən xəbər verir, amma bunların arasında elə misralar var ki, ən çətin anlarımda dadıma çatır, mənə təsəlli verir, ağrılarımı ovudur. Sanki Sabir bu sözlərlə bütün zamanların bədxahlarını, dələduzlarını, paxıllarını, böhtançılarını həmişəlik və birdəfəlik damğalayıb:Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,Doludur lənət ilə, qeybət ilə söhbətimiz.Oxumaqdan payımız yox, yazıdan qismətimiz,Bu avamlıqla belə hər sözü təfsir edərik,Mümkün olduqca müsəlmanları təkfir edərik.Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq,Harda bir nur görərsək, ona qarşı olarıq,Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq,Bizə hər kəs çörək atsa onu təqdir edərik!Danışıb-söyləşərik hər necə ünvan olsun,İftira, ləğv, əbəs, hərzəvü hədyan olsunQoy bizim din evimiz olsa da viran olsun,Güc verib zikrə, cinan qəsrini təmir edərik.Möminik, keflənərik arizuyi-cənnət ilə,Oxumuşlar adını yad edərik lənət ilə,Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə.Biz bu əfsanələri cəhl ilə tənfir edərik,Mümkün olduqca müsəlmanları təkfir edərik.Allah sənə min rəhmət eləsin, Sabir!24 may 2012Bu yazı ( 328 ) - dəfə oxunmuşdur