12px14px16px18px

Ağdamardakı kilsə, Ağdamdakı məscid və bizim kədərimiz...

Orxan ARAS
01:04 / 29.04.2010
 
Kədərlənirəm! İnsanların haqsızlığa uğramalarına, təzyiqə məruz qalmalarına, haqlarının əllərindən alınmasına, öz doğma yurdlarından didərgin düşmələrinə kədərlənirəm!
Kədərlənmək, ağlamaq, qorxmaq, sevinmək, gülmək kimi xüsusiyyətlər çox təbii və insana xas olan duyğulardır.
Hamımız həyatımızın müəyyən mərhələlərində, təbii ki, çox kədərlənmişik, qorxu hissləri keçirmişik, eyni zamanda sevinmişik də.
İnsana xas olan daha bir xüsusiyyət də var ki, o özü üçün nə kədərlənər, nə də sevinər. İnsan yalnız ailəsi, əqrabaları, tanışları, vətəni və digərləri – hətta təbiət, heyvanlar, quşlar üçün üzülüb, qayğılana bilər. Heç kimsəni bu mövzuda qınamaq və hisslərə məhdudiyyət qoymaq olmaz.
Son günlərdə – 24 Aprel qondarma “Erməni soyqırımı” günü üçün qələm oynadan bəzi Türkiyə jurnalistləri köşə yazılarında ermənilərin uğradıqları haqsızlıqlar mövzusunda məyus olduqlarını dilə gətirirlər. Yuxarıda da qeyd etdiyim kimi heç kimin şəxsi hisslərinə embarqo qoymaq fikrimiz yoxdur. Amma bütün bu yazılanları oxuyarkən məni narahat edən bir mövzu ortaya çıxır. Əgər insanda mərhəmət hissləri bu dərəcədə inkişaf edib və həssas hala gəlib çatıbsa, nəyə görə mövzu Azərbaycan və ya azərbaycanlılar olanda həmin insanlar eyni münasibəti göstərə bilmirlər? Həqiqətən də bunu anlamaqda çətinlik çəkirəm!
Bu jurnalistlərdən biri Hadi Uluengin “Bu gün 24 Aprel” başlıqlı yazısında sadəcə kədərlənmir, sanki ağı deyir. Halbuki, 1890-cı illərdən bəri azərbaycanlıların dedikləri ağıların sayı-hesabı yoxdur.
Uluengin öz yazısında bir mahnımızdan bəhs edir:
 
Bahçelerde mor beni
Verem ettin sen beni
Ya sen islam ol, Ahçik,
Ya ben olam ermeni.
 
Və bu günə qədər çəkdiyimiz əzab-əziyyətlər, ahlar niyə birdən-birə yox oldular deyə soruşur, yazar.
Lazım gəldikdə bu sualları cavablandıra bilirik. Bu cavablar bəzilərini qane etməsə də, bəzilərinin xoşuna gəlməsə də, ən azından bu mövzularda bizim cavab vermək hüququmuz vardır.
Amma sadəcə yüz il əvvəl deyil, yüz ildən bəridir ki, yurd-yuvalarından didərgin düşən müsəlman türklərinin ağrı-acılarına, suallarına cavab vermək bir kənara, heç kim onlara reaksiya belə vermir.
Kaş ki, H.Uluenginin bu ağısını bir kərə də olsun yurdundan sürgün edilmiş, ata-anasının məzarından belə uzaq düşmüş, körpələrini itirmiş gözü yaşlı, qarabağlı bir qadının dilindən eşidə biləydik:
 
Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedirsən, tez qayıt gəl,
Gözü yolda qalan var
 
Ermənilər yüz ildən bəridir ki, durmadan-dayanmadan, yorulmadan, utanmadan o məsum insanların yurdlarını talan ediblər, günahsız insanların gözlərini yolda qoyublar. Həsrət, kədər, göz yaşları onların alın yazılarına çevrilib!

Onların günahı nədir?
Onlar insan deyillərmi?
 
Ermənilərin kədərləri kədərdir, ürəkləri ürəkdir, bəs o günahsız insanların çəkdiyi ağrı-acılar necə olsun? Niyə onların sahib olduqları haqdan bəhs etmirsiniz, niyə onlar üçün də bir sətir belə yazmırsınız?
Sadəcə ermənilərə deyil, hər hansı bir insana görə məyus olmağı, göz yaşı tökməyi bacarırıq biz.
Bəs siz? Bəs dünya? Bəs ermənilər? Bizə, bizim acılarımıza niyə üzülmürsünüz? Niyə?
Yazıqlar olsun ki, Hadi bəy kimilər, hansı şəhərdə nə qədər erməninin olduğunu bilir, amma bu yüzilliyin əvvəlində İrəvanda on mindən artıq türkün yaşadığını və hamısının ya doğrandığını, ya da sürgün edildiyini əsla bilmirlər.
Humanizm xatirinə ermənilər üçün kədərləndikləri çatdırılır, amma indiki Ermənistanın dünyanın ən faşist dövləti olduğu və orada ermənilərdən başqa hansısa bir millətin yaşamadığının səbəbini heç kim soruşmur. Ağdamardakı kilsəni qürurla təmir etdirdik. Hətta ibadət üçün açılıb-açılmayacağı müzakirə edilir. Amma 17 il öncə işğal edilən Ağdamdakı tarixi məscidi ermənilər tövlə halına salıblar. Bizdə bu öz dərdinə yabançılıq qaldıqca Qərbdə də bizə qarşı bu qorxunc ədalətsizlik qalmaqda davam edəcək. İndi halına ağı deməli olduğumuz soydaşlarımızın işğal altındakı yurdları qərib və sahibsizdir. O yurdlara həsrət qalan gözüyaşlı azərbaycanlı qadınlar öz dərdlərini hələ gənc yaşlarında xarabaya dönmüş ürəklərində saxlayır və yəqin ki, bir daha qovuşmayacaqları insanların yolunu gözləyirlər:
 
O görünən – Ağdamdı,
Qara damdı, ağ damdı.
Yar yoluna baxmaqdan
Gözlərimə ağ damdı... 
 
Orxan ARAS Almaniyadan yazır [email protected]
 



Bu yazı ( 604 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar