12px14px16px18px

İqdırı və Azərbaycanı qucaqlayan uca bir çinar

Orxan ARAS
01:56 / 08.05.2010

 
“Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm”.
Füzuli



İnsan kimdən vəfa istəyər? Və ya niyə vəfa istəyər? Füzulinin deyimiylə desək, bivəfa dünyada hansı vəfalı insandan söhbət gedə bilər ki?
İnternetdə kəndimizin bir şəklinə rast gəldim. Upuzun bir yol və hər iki tərəfini bürüyən, yarı uçmuş vəziyyətdə olan evlər... Suvağı qopmuş divarlardan tökülən kərpic parçaları və çürüməkdə olan qovaq ağacları... Sağ tərəfdə Məhbub əminin evidir, deyə özüm-özümə düşündüm. Sonra gözlərimdən iki damcı yaş süzülüb köynəyimə axdı və içimdə sanki bir yanar dağ partladı. Bu yol, bu evlər, bu toz-duman, bu torpaq və qürbətdə ürəyi həsrət acısı ilə yanan, qovrulan mən... Bu yollardan kimlər gəlib-keçdi əcaba? Kimlərin ayaqlarına bulaşdı bu toz, bu torpaq!
Daha iki damcı... Bilirəm artıq, yaş özünü göstərir. Uşaqların və yaşlı insanların ürəkləri incə, kövrək olur, deyilmi?
Bu sol tərəfdəki ev isə Musa əminin evi idi. O qapının qarşısında saatlarla durub gözlədiyim anlar düşdü yadıma. Çünki o evdə mənim yaxın dostum Bəylər yaşayırdı. Hər dəfə qapıdan çıxarkən çöhrəsini bürüyən o xoş təbəssümü hələ də gözlərim önündə canlanır.
Yox, məqsədim kəndimizdən bəhs etmək deyil. Əsas məqsədim insanlıqdan, vəfadan və bizə məxsus olan bir çinardan bəhs etməkdir. Biz əlimizə qələm aldığımız andan bu günə qədər çox şeydən yazmışıq. Bəzən ipin ucunu qaçırıb bilmədiyimiz, anlamadığımız mövzularda da qələm oynatmışıq. Amma bir dəfə də olsun özümüzdən bəhs etmədik yazılarımızda. Bu da bir növ vəfasızlıq deyilmi? Nə isə... Özüm bu cür vəfasız ürəyə sahib olduqdan sonra, başqalarından nəsə ummağa nə haqqım var ki?
Nə vaxtdan bəridir ki, onu tanıyıram. Daha doğrusu özümü tanıdığımdan bəri... O vaxtlar İqdır indiki qədər geniş deyildi. Nə çoxmərtəbəli binalar var idi, nə də İqdırı İqdır olmaqdan çıxaran bu qarışıqlıq... Kiçik, yamyaşıl, mehriban şəhər idi İqdır. Ayrıca, İqdır Türkiyədə sanki Azərbaycanın kiçildilmiş, bir şəhərə sığışdırılmış nümunəsi idi sanki. Sanki hamı bir-birini tanıyırdı. Dükanların qarşısında oturan insanlar gəlib-keçənlərlə söhbət edərdi. Nə qədər dost qəlbli və istiqanlı idi o insanlar!
Biz kənddən gələn uşaqlar üçün, İqdır sanki bir İstanbul idi. Halbuki tək əyləncəmiz kino idi və çox vaxt pulumuz olmadığından o kinolara da gedə bilmirdik. Bir az böyüdük, oxuyub-yazmaq nədir öyrənməyə başladıq. Bax, elə həmin o zamanda da o və onun kimilər qarşımıza çıxdı. İqdır liseyinə yaxın bir ərazidə çayxana var idi, alim Turqut Öcalın olduğunu deyirdilər. Utana-utana ora gedərdik. Kimlər gəlirdi ora? İbrahim Bozyel! İqdırın yaraşıqlı, gülər üzlü, saf qəlbli və ya gənclərin müraciət kimi desək, İbrahim abi. Ədəbiyyatçı Zeynalabdin Makas, din xadimi mərhum Həmzə Göləli, Haqmemet köyündən və başqaları ilə bir küncdə oturub, maraqlı söhbətlərini həvəslə dinləyirdik. O çayxanada nələrdən söhbət gedirdi, hansı mövzulardan bəhs edilirdi, düzünü desəm xatırlamıram. Amma ruhumuza axardı o sözlər və insanlığın, vətənə, xalqa bağlılığın vacibliyini anlayardıq. Özümüzü xoşbəxt sayardıq, kiçik çiyinlərimizdə qəribə güc hiss edərdik, göylərə yüksələn Ağrı dağına dönərdi ümidlərimiz.
O, çayxanada gözümüzə sataşmırdı, bəlkə də biz görmürdük. Amma adını hər zaman eşidirdik. Mövzu İqdır olunca, həmişə onun adı çəkilərdi. 1970-ci illərdən bəri xalq ədəbiyyatı haqqında yazılan ədəbi araşdırmaları əldən-ələ gəzərdi. Məsələn, Turqut Öcalın 1970-ci ildə yazdığı “İqdır folkloru və etnoqrafiyası” tezisiylə özünü tanıtdırarkən, o da 1971-ci ildə “İqdırda dini mərasimlər” adlı məqaləsi ilə dərgilərdə özünəməxsus yer almışdı.
Təbii ki, o vaxtlar internetdən istifadə edilmirdi. Bu cür məqalələr, aşardırmalar bizdən çox əvvəl yazılıb və dərgilərin səhifələrində əks olunmuşdu. Biz isə həmin məqalələri yalnız kitabxanalardan əldə edə bilərdik.
Çox keçmədən eyni dərgilərdən birində onun nağıllar toplusuna da əl atdığını gördüm. “Təpəgöz” adlı nağılı “Kars Eli” dərgisində nəşr etdirmişdi. Nağıl haqqında məlumatım olsa da, bu nağılı yenə xüsusi həvəslə oxudum. Amma onunla heç görüşməmişdim.
Gənclər arasında onun yazılarından daha çox bəhs edilirdi. Qulaqdan-qulağa onun Azərbaycana getdiyi söylənilirdi. O vaxtlar Azərbaycan bizim üçün əlçatmaz Tanrı dağı kimi bir yer idi. Azərbaycanın adı gəlincə hamımız həyəcanlanırdıq, gözlərimiz dolurdu. Toylarda səslənən Şeyx Şamil şeiri hansımızı atlara mindirib Arazın o biri tərəfinə aparmazdı ki?! Ah, bir dəfə onu görüb, Azərbaycanı onun dilindən eşitsəydik... Azərbaycanı görən gözlərinə biz də baxa bilsəydik deyə, ümid edərdik! Amma o yox idi. Harada olduğunu da bilmirdik.
Çox keçmədən sanki qanlı bir əl bizə sarı uzandı və biz gənclərin hamısını o qorxunc qarışıqlığın içinə çəkdi. Artıq nə ədəbiyyata marağımız qalmışdı, nə də folklora... Bütün dərdimiz siyasət idi və hər birimiz bir komandir kimi ölkəni xilas etməyin yollarını axtarırdıq. O vaxtlar onu bir müddət unutdum. Gördüyü işlərdən də xəbərsiz qaldım. Daha sonra ölkədən ayrıldım.
Qürbətçiliyin kədərli bir günündə bir şeir kitabı əlimə keçdi – “Ümid damlaları”... Üz qabığında Ağrı dağının şəkli var idi. İçindəki şeirlərdə İqdıra, Azərbaycana olan məhəbbət geniş ifadə olunmuşdu. Əvvəllər ona qarşı hiss etdiyim duyğular yenə də canlanmağa başladı. Amma hardaydı o?
Şeir kitabından sonra bir kitabı da nəşr edildi – “Göyçə mahalından olan Aşıq Ələsgər...” Bu aşığı hansı azərbaycanlı tanımaz ki? Hansı aşıq ruhlu bir insan Aşıq Ələsgərdən bir misra bilməz ki?
İqdır və ya Azərbaycanda aşiq olub, yarına onun diliylə müraciət etməyən varmı görəsən?
Səndən ayrı şad olmuram,
gülmürəm,
Canımdan bezmişəm ölə bilmirəm.
Nə müddətdi qulluğuna gəlmirəm,
Bağışla təqsirim, səhv eyləmişəm.
Qürbətə gedən, həsrət atəşində alışıb yananlar Aşıq Ələsgəri xatırlamırlarmı heç?
Həsrət qoyma gözü gözə, amandı,
Yandı bağrım, döndü közə, amandı,
Keçən sözü çəkmə üzə, amandı,
Hədyan danışmışam, laf eyləmişəm.
Bir ara Almaniyada Bielefeld şəhərində yaşadığını öyrəndim. Azərbaycanda müstəqillik hərəkatı başlamışdı. Azadlıq meydanı adını alacaq meydanlar yüzminlər toplandıqca bizlər də Avropada toplanırdıq, Azərbaycanın adıyla təşkilatlanırdıq. Abbas Bozyel, Mehmet İrmak, İsmail Nefis, İlhan Alim, Gündüz Varol kimi dostlarla sanki bir dövləti də Avropada biz qoruyurduq. Elə həyəcanlı, elə ümidliydik ki... Fransadan, İsveçrədən, Hollandiyadan Belçikadan Azərbaycan sevdalısı iqdırlılar səsimizə səs verir və dünyada ilk dəfə Avropa-Azərbaycan Türkləri Federasiyası qurulurdu. 1990-cı il idi. Hələ də onunla tanış olmamışdım.
Bir gün dostum Mehmet İrmak məni yaşadığı şəhərə, Bielefeldə dəvət etdi. Bielefeld Almaniyanın şimal-şərqində yerləşən, üç yüz min əhalisi olan köhnə bir şəhər idi. Bu gözəl şəhərdə gəzərkən onunla tanış olmaq mənə nəsib oldu. Orta boylu, qarayanız, qalın qaşlı, bığlı biriydi. Yaraşıqlı və cana yaxın insan idi. Atam yaşındaydı, o da 1937-ci ildə dünyaya gəlmişdi. Tanışlığımızın ilk günü söhbətimiz çox qısa oldu. Utuna-utana ona ilk çıxan kitablarımdan – “Azərbaycan davamız” adlı kitabımı hədiyyə etdim. Sonralar Mehmet İrmak vasitəsilə bir neçə dəfə görüşdüm onunla. Hər dəfə onunla rastlaşanda İqdırı, Turqut bəyin çayxanasını, İbrahim abini, Şeyx Həmzəni xatırlayırdım və gözlərim dolurdu.
O, təbii ki, boş dayanmırdı. Ardıcıl olaraq kitablar nəşr etdirirdi – “İqdır və civarında erməni məzalimi”, “Kafkasyadan Anadoluya İqdır tarixi”, “Araz boyu saz şairləri” “İqdırın qurtuluşu” “Zəlimxan Yaqub”, “Qaraqoyunlu”...
Hər kitabında tarix, folklor, ədəbiyyat, İqdır və Azərbaycan var idi. Bizlər, İqdır və Azərbaycan ona çox şey borcluyuq. O, hələ də ürəyi bizim üçün, mədəniyyətimiz üçün, İqdırımız üçün, türk dünyası üçün döyünən birisidir! O, İqdırı qucaqlayan uca bir Çinardır!
O – Nizaməddin Onkdur!
Orxan ARAS




Bu yazı ( 875 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar