12px14px16px18px

Peyğəmbərin alim ada

Ağacəfər HƏSƏNLİ
01:11 / 25.05.2012
 
Qüdrətli loğman və filosof Əbu Əli İbn Sina (Avesta) tərcümeyi-halında yazır: “Mən dahi Aristotelin “Metafizika” (yəni, “Fizikadan sonra”) kitabını oxuyub heç nə başa düşmədim. Təkrarən oxudum, yenə sirr açılmadı, gizli qaldı. Və yenə inadımdan dönmədim, dönə-dönə oxuyub, axırda bu nəhəng kitabı əzbərlədim, amma əvvəlki kimi heç nə anlaya bilmədim. Axırda məyus olub öz-özümə pıçıldadım: bu kitab dərkolunmazdır.
Bir dəfə bazarda cildçinin bir kitabı bərkdən təriflədiyini eşitdim. Ona yaxınlaşdım, satıcı kitabı mənə təklif etdi. Mən almaq istəmədim. O, az qala yalvaracaqdı, mən etinasız surətdə kitabı əlimə götürdüm. Baxıb gördüm ki, Əbu Nəsr Fərabinin “Metafizika tezisləri”dir. Tez cildçiyə üç dirhəm pul uzadıb kitabı götürdüm, tələsik evə yüyürdüm. “Metafizika tezisləri”ni oxuyan kimi aylar-illər uzunu dərk eləyə bilmədiyim kitabın (“Metafizika”) bütün sirləri üzümə açıldı, bütün müəmmaların kələfi yırtıldı”.
Hər bir obyektiv müqayisə mətləbi açmaq üçün açardır. Ona görə, bu epizodu söyləyib yazmaqla nə özümü İbn Sina ilə tən tutmaq niyyəti güdürəm, nə də Hacı Musa Bədəlovu qədim yunan folosofu Aristotellə eyniləşdirirəm. Çünki təbiət Tanrı tərəfindən yaradılmış bütöv bir harmoniyadır. Bu möcüzəli harmoniyanın daxilində kiçicik böcəyin də, əhəmiyyətsiz görünən yabanı bitkinin də özünəməxsus rolu var, hər bir məxluqun da, Allah bəndəsinin də yaranma missiyası var. Ancaq etiraf edim ki, Lerikdə doğulsam da, bu yerin təbiəti, ekologiyası, bitki örtüyü, ab-havası – faunası və florası mənim üçün sirli bir dünyaydı. Mənim duyğularım, həssas hisslərim təbiəti anladırdı. Mənə kor-koranə oxutdurur, başa salırdı və həqiqətən elə bilirdim, payızda “şəlalə qəhqəhə çəkib uğunur”. Və “arı ansamblı bal kimi şipşirin nəğmələrini” qulağıma pıçıldayır. Şanapipiyin, torağayın, kəkliyin notsuz mahnılarını yüz illərdir əzbərləmişəm. Lerikin dağ yamaclarına qoyun-quzu dalınca dırmaşanda “sıldırım cığırı elə keçmişəm, qarışqa qalmayıb ayağım altda”. Bu torpaqda doğulmuş bioloq-alim Musa müəllimin “Əllərin sirri”, “Göbələklər təbiətin ecazkar aləmidir”, “Lerikin faunası”, “Meyvə və toxumlar müalicə edir”, “Arıçılara məsləhət”, “Xalq təbabəti” və digər kitablarını oxuyarkən haqqında dəfələrlə düşündüyüm pırtlaşıq təbiət hadisələrinin üstünə bir işıq düşdü, dərk edə bilmədiklərim, yalnız təbii şairanə duyğularla müşahidə etdiklərim fikirlərə bir aydınlıq, duruluq gəldi, mahiyyəti açıldı. Bu alim ağlının, alim zəkasının, daim hərəkətdə olan təbiətlə təmas quran fədakar insan təcrübəsinin və müşahidəsinin ziyası idi...
Otuz beş ildən yuxarı tanıdığım, sovet dönəmində “Arıçı Musa Bədəlov” adlı haqqında yazdığım məqaləylə mətbuatda çıxış etdiyim bu insan elə qoynunda doğulduğu torpağın bir münbit canlı parçasıdır. O, həqiqətən dipdiri təbiət ensiklopediyasıdır. Ünsiyyət kəsdiyim gündən qət etmişəm ki, Musa Əbdülhüseyn oğlu qaya parçası ilə qədim daş dilində, min yaşlı ağacla ağac dilində, bal arısı ilə arı dilində, hər hansı bir yabanı çöl bitkisi ilə çiçək dilində, axar sularla öz ləhcəsində çətinlik çəkmədən danışır. Bu nadir şəxsdə fəhm, təbiəti görmə, hissetmə, ətraf mühitə özünəxas reaksiya adi adamınkından qat-qat yuxarıdır.
Ortaya yazıb qoyduğu kitablarından və göstərdiyi fəaliyyətindən göründüyü kimi, Musa müəllim adi təbiət seyrçisi deyil, müdrik 80 yaşı ötənəcən uzun bir yol keçib. Bu bitib-tükənməz yol sərt Rusiya qışından adlayıb, Moskvada, Bakıda elmi-tədqiqat axtarışlarından bəhrələnə-bəhrələnə, qidalana-qidalana taleyinin bütöv ömür fəlsəfəsini müəyyənləşdirib. Neyləməli, qismətdi, bəzən amansız tale seçdiyi yolda ona acı da dadızdırıb. Özündən yaşca kiçik həkim-alim qardaşını – Əli Bədəlovu itirib, lakin ağır dərd belini bükməyib, qəmin-kədərin üstünə şax, mərdi-mərdanə yeriyib və onu kor-peşman qoyub. Bu, yalnız dağ şəraitində böyüyən, qol-budaq atan insanlara məxsus xüsusiyyətdir.
Hacı Musanın Lerik şəhərində yerləşən həyət-bacası bütün səliqə-səhmanıyla, zahiri gözəlliyi ilə bahəm, həm də sanki bir vəhşi gül-çiçək oylağıdı, bağ-bağat yeridir. Bu kiçicik “Gülüstani-İrəm”də nə desən bitir. Şahid olanlar isə deyirlər ki, axşam qaş qaralan kimi, dünyanın bütün bülbülləri yığılıb bu həyəti özlərinin müvəqqəti seyrəngahına çevirirlər. Musa müəllim təbiətin bu dəymə-düşər, şıltaq quşları barədə vaxtilə mənə nağılabənzər bir əhvalat danışıb.
“Rusiyadan bir bioloq-alim bizə qonaq gəlmişdi. Gündüzlər dostumu Lerikin müxtəlif yerlərinə gəzməyə aparır, axşamlar yenə də evə qayıdırdıq. O, təbiət aşiqiydi və bizim meşələr, çılpaq dağ yamacları onu ovsunlamışdı. Qərib qonaq israrla Lerik təbiətinin unikallığından danışır, “çox yerlər gəzmişəm, bu orijinallıqda təbiət görməmişəm” – söyləyirdi. Bir dəfə isə səhər tezdən durub məni çağırdı. Elə başa düşdüm ki, ya vətəni yadına düşüb, ya da vacib nəsə istəyir, məni yuxudan oyadır. “Dobrıy utro” dan sonra qonaq dil-dil ötməyə başladı: “Siz həyətinizdə nə qədər bülbül saxlayırsınız? Səhərəcən onların nəğmələrinə qulaq asmışam. İstədim quşların səsini yazım, sizdən icazə almadığıma görə bunu ədəbsizlik saydım. Əgər izn versəniz, bu gecə də şirin yuxuma haram qatıb onların xoş avazını, cəh-cəhini lentin yaddaşına köçürərəm. Qardaşım, ansambl, orkestr yalandı...” Qonağımın bu sadəlövhlüyü məni bərk güldürdü. Cavabında “onlar təkcə mənim bülbüllərim deyil, həm də səninkidi, hamınındı. Mən onları öyrətməmişəm və heç çağırmamışam, özləri hər gecə yığılıb gəlir. Görünür, burada nəsə onları cəlb edir, axı vəhşi quşlar da həssaslığı, normal mühiti sevir” – dedim. 
O, yenə inanmadı, coşan, çağlayan vəhşi çöl quşlarıdı. Mən dedim ki, qonağa qurbandı, nə istəsən, şərait yaradaram, qarşında yaşıl işıq yanır. Növbəti dəfə axşam düşən kimi kirimişcə ayırdığım qonaq otağına keçdi. Gecə yarısı isə diktofonunu qurmuşdu, bülbüllərin bənzərsiz ifasını lentə köçürdürdü. Doğrusu, bu əyləncə əvvəlcə məni açmadı, gedib yıxılıb yatdım. Sübh tezdən ayılanda alma ağacının altında mürgülü vəziyyətdə diktofonla əlləşən qonağı gördüm. O, şövqlə düyməni basdı, bir andaca bülbüllərin “gecə konserti” təkrarlandı, ətrafa yayıldı. Qonaq sonra diktofonu söndürdü: “Hər şey əla alındı, bu kəşfimi Moskvaya aparacağam, dostlarıma, övladlarıma sürprizdi”,-söylədi.
Lerikdə adlı-sanlı Bədəlovlar nəslinin ən say-seçmə, adlı-sanlı nümayəndəsi Hacı Musa cavan çağlarında dissertasiya yazıb rəsmən alimlik mərtəbəsinə yüksələrkən Bakıda qala bilərdi. O zaman gənc mütəxəssisi saxlamaq üçün dilə tutdular: ya elmi tədqiqat işini davam etdirmək şərtiylə akademiya sistemində çalışsın və yaxud pedaqoji cəbhədə qüvvəsini sınasın. Çılğın xarakterli dağlar oğlu “mərkəzdə qalıb alim olmaq asandı, Lerik kimi ucqar dağ rayonunda bu işin öhdəsindən gəlmək çətin. Ona görə mən də çiynimi çətinliyin altına çəkirəm” – dedi. Doğrudur, o elə Lerikdəcə yazıb-yaratmağa başladı, məqalələri müxtəlif nüfuzlu jurnalların bəzəyinə çevrildi. Sanballı kitablar yazıb nəşr etdirdi. Məsələ isə bundaydı ki, Musa müəllimin bütün yaratdıqlarının mənbəyi möcüzəli Lerik torpağı və bu torpağın yetirdiyi əsrarəngiz ətraf aləmdir.
Müəllifin “Arıçılara məsləhət” kitabı təkcə tövsiyə xarakteri daşımır, bu tədqiqat işi bütöv elmi əsərdir. Heç təsadüfi deyil ki, orijinal həyat tərzi keçirən bu canlılar hərtərəfli araşdırılır. Həssas arı ailələrinin bir sıra mövsüm xəstəliklərə yoluxmasını, onların pətəklərdə müalicə üsullarını dəqiq göstərən bioloq-alim təmiz balın insan sağlamlığında oynadığı vacib rolu faktlarla, detallarla təsdiq edir. Lerik – Zuvand bölgəsini əsas tədqiqat obyüktinə çevirən kitab müəllifi arıçılığın tarixinə nəzər salır, hətta 800-1000 il öncə dədə-babalarımızın bu nadir məşğuliyyət növünü yüngül əyləncə saymır, hamımıza miras qalmış sahəni qorumağa, inkişaf etdirməyə çağırır. Fikrini əsaslandırmaq üçün qədim yunan filosofları Aristoteldən, Hippokratdan, Pifaqordan misallar çəkir. Ümumiləşdirmələrini yenə Lerik – Zuvand nahiyyəsində 150 ildən artıq ömür sürmüş planetimizin ən qocaman sakinləri Mahmud Eyvazovdan və Şirəli Müslümovdan gətirdiyi ibrətamiz epizodlarla yekunlaşdırır. Görünür, bütün bunlara görədir ki, Azərbaycanın və Rusiyanın görkəmli alimləri Musa Bədəlovun öz tədqiqatlarında elmə xeyli yeniliklər gətirdiyini, bunların arıçılığa səmərə verdiyini, bu istiqaməti zənginləşdirdiyini etiraf etmişlər.
Məlum olduğu kimi, insanların ən qədim qida növlərindən biri də təbii göbələklərdir. Ancaq göbələklər iki yerə bölünürlər: zəhərli növlər və insanların işlətdikləri növlər. Musa müəllim “Göbələklər təbiətin ecazkar aləmidir” əsərində bu vitaminlə zəngin bitkini yüksək dəyərləndirir, onun vaxtilə həm çörəyi, həm də əti əvəzlədiyini yazır, on minlərlə növünün mövcudluğundan dönə-dönə bəhs edir. Müəllif öz araşdırma və təcrübələrində göstərir ki, göbələklərin təbabətdə rolu danılmazdır, müxtəlif dərman preparatlarının hazırlanmasında onlardan geniş şəkildə istifadə olunur. Bioloq-alim kitabında göbələklərin istifadə qaydalarının təsnifatını verir, duza və sirkəyə qoyulmuş göbələklərin hazırlanması texnologiyasını göstərir. O cümlədən, göbələklərdən bişirilən xörəklərdən hazırlanan salatlardan həvəslə söz açır: göbələk düşbərəsi, göbələkli bulyon, göbələkli kartof supu, göbələkli xarço, göbələkli dolma, göbələk kababı, göbələk kotleti, göbələk piroqu, şappion salatı, pomidorla göbələk salatı, yumurtalı və xamalı göbələk salatı və s.
“Meyvə və toxumlar müalicə edir” haqqında söhbət açdığımız alimin daha bir kitabıdır. Adından bəllidir ki, müəllif nədən söz açır, nəyi minlərlə oxuxunun diqqətinə çatdırmaq məqsədi güdür. Girişdə oxuyuruq: “Azərbaycanda dərman bitkilərinin öyrənilməsi xalq təbabəti ilə sıx bağlıdır. Xalq təbabəti çox-çox keçmişdən inkişaf edib, bu günə gəlib çatmış zəngin təcrübədir. Qədim insanlar dərman bitkilərinin təsirini heyvanlar və insanlar üzərində öyrənmişlər, onlar müşahidə etmişlər ki, bəzi bitkiləri yeyəndə insan zəhərlənir, qusma, ishal əmələ gəlir. Maral kökü bitkisi yorğunluğu alır, qəhvə kolunun budaqları keçini kefləndirir, məst edir. Ayı murdarça bitkisinin meyvələrini yeməklə təbii şəkildə həzm sistemini təmizləyir, normallaşdırır: Kitab müəllifi əlavə ədəbiyyatlardan istifadə etməklə meyvələrin, tərəvəz məhsullarının təsnifatını verir və təbabətdə faydası barədə konkret qənaətini bölüşdürür.
“Lerikin faunası” kitabı əsrarəngiz bölgənin həşərat-böcək və heyvanat aləminə həsr olunmuşdur. Eyni zamanda müəllif kitabında hörümçəkkimilərdən, kəpənəklərdən, sürünənlərdən, quşlardan da bəhs edir. Hər növün yaşam tərzi, çəkisi, əsas səciyyəvi cəhətləri konkret faktlarla oxucunun diqqətinə çatdırılır. Musa Bədəlovun istər haqqında qeyd etdiyimiz kitabları, istərsə də, digər əsərləri elmi sanbalına, məlumatın bolluğuna görə heç də bu sahənin görkəmli alimlərinin yazdıqlarından geri qalmır. Bu kitablardan orta və ali məktəb tələbələri dərslik kimi də istifadə edə bilər. Mütəxəssislər, təbabətlə, heyvanat aləmi ilə maraqlananlar oxuyub müəyyən bilgi də götürə bilərlər. Müəllif adi misallarla, sadə dildə fikirlərini çatdırır. Necə deyərlər, oxucunun anlaşmaması üçün heç bir başqa bəhanə yeri qalmır.
İnsan əlləri bədənin ən böyük fəaliyyət vasitəsidir, lakin biz yalnız işgörmə qabiliyyətinə görə zahirən onları qiymətləndirməyə qadirik. Tanınmış alim “Əllərin sirri” elmi-publisistik kitabında əllərin fəlsəfəsinə varır, mahiyyətini gətirdiyi dəlillərlə, müşahidə və sübutlarla açır. Müəllif bürclər, ruhlar, möcüzələr, ordan-burdan və maraqlı əhvalatlar başlıqları altında təkcə astronomik bilgilər deyil, həmçinin qocaman alim tanınmış sərkərdələr, elm-sənət xadimləri, ayrı-ayrı ölkələrdə baş verən hadisələr haqqında maraqlı epizodlar toplamış, “Əllərin sirri”nə daxil etmişdir.
“Xalq təbabəti” isə Hacı Musa Bədəlovun 2011-ci ildə “Nərgiz” nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılmış ən son kitabıdır. Təbiət aşiqi, bitkilər sərrafı ləqəbini qazanmış müəllif sanki bütün elmi-tədqiqat işlərini yekunlaşdırır, uzun illərin zəngin təcrübəsini başa çatdırır, sanballı, möhtəşəm araşdırmalar, axtarışlar toplusu ortaya qoyur. “Xalq təbabəti”nin qiyməti ona görə yüksəkdir ki, mayasını, qidasını “ana təbiət” adlandırdığımız ətraf mühitdən götürüb. Müəllif ustalıqla hamının həmişə gördüyü, dünyasından xəbərsiz olduğu bitkilər aləmini dərdlər dərmanı, məlhəmlər məlhəmi hesab etməklə iç aləmini açıb göstərir, sirrini “faş edib” canlandırır. Bu zaman insan təbiətlə qalır üz-üzə, göz-gözə, insan təbiətlə daha asan anlaşır, ünsiyyət qurur, dil tapır.
 
lll
 
Lerikdə bir müdrik el ağsaqqalı yaşayır. O, müəllimlər müəllimi, ağsaqqallar ağsaqqalıdır. Dərs dediyi, bilik verdiyi məzunlarının sayı yüzlərlədir, indi onların xoş sorağı dünyanın dörd tərəfindən gəlir. Subtropik bölgədə, haqqında danışdığımız qəhrəmanımıza “Musa müəllim” deyirlər, el arasında “arıçı Musa” və ya “təbiət vurğunu” ləqəblərini də özü üçün sığortalayıb. Direktoru olduğu Lerik şəhər internat orta məktəbini indi varisi Asəf Bədəlova etibar edib. Bir neçə il öncə təhsil ocağında olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev orta məktəbi əsaslı təmir etdirmək üçün sərəncam imzalamış və qısa müddət ərzində bilik müəssisəsi yenidən qurulmuş, müasir texnoloji vasitələrlə təmin olunmuşdur.
Təvazökar insan Musa Bədəlov müqəddəs Məkkə ziyarətində olub, rayonda Hacı kimi tanınır. Ziyalı qohumu, yazıçı-publisist Qəhrəman Əliyev deyir ki, Hacı Musa nəinki bizim nəslin-nəcabətin, bütün bölgənin fəxridir. Allah-Təala ona narahat, lakin işıqlı bir ömür yolu bəxş edib, axı hər kəsin hünəri deyil, Lerik kimi balaca bir dağ rayonundan çıxasan, ömrün boyu bu yerlərə bağlanasan, qapılıb qalasan, elmi yaradıcılığından əl çəkməyəsən. Böyük bioloq-alim səviyyəsinə qalxasan. Bu, əlbəttə, hünər, dözüm istəyir. Musa müəllim elmlər doktoru da, professor da ola bilərdi, buna potensialı çatardı, bu yalnız eləmədiklərinin rəsmi tərəfidir. Bizim nəzərimizdə o elə bu səviyyəyə çatmış kamil elm xadimidir. Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Hacı Musa şux qamətlu, çinar boylu, nurani görkəmli Azərbaycan kişisidir. Səksən yaş qətiyyən onu səksəndirməyib, yerindən oynatmayıb, yerişi də əvvəlki yerişdi, duruşu da həminki duruşdu, adamlara səmimi münasibəti də həmişəki kimidi.
Musa Əbdülhüseyn oğlu Həzrəti Musanın adaşıdır. Deyilənlərə görə, Musa peyğəmbərin çoxlu möcüzələri varmış və o, iman gətirməyənlərə bu möcüzələrdən göstərirmiş, kafirləri səhv yoldan çəkindirirmiş. Həzrətin sehrli-sirli əsası isə çox məşhur imiş, yiyəsi əmr eləyən zaman ilana, qorxulu timsaha, hətta, əjdahaya çevrilirmiş. Dünyaya çox Musalar gəlib-gedib. Bizim Lerikdə ömrünün səksənini başa çatdıran dağ vüqarlı, əsl Allah adamı Hacı Musa möcüzələrinin mənbəyini təbiətdə – nəbatatda, təbabətdə axtarıb tapıb.
Ağacəfər HƏSƏNLİ  
 
 



Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar