12px14px16px18px

Köhnəlməz dostluq

Orxan ARAS
01:03 / 25.05.2011
 
Sabir abinin 65 yaşı tamam olub! Altmış beş yaş! Onun altmış beş yaşına qədəm qoyduğuna doğrusu heç cür inanmağım gəlmir. O, mənim gözümdə hələ də 21 il əvvəl onu ilk dəfə gördüyüm kimi uzun, qara saçlı və parlaq gözlü bir gəncdir!
Mən Sabir abini hələ onunla görüşməmişdən öncə də tanıyırdım. İqdırın gözəl simalı, təmiz ürəkli abisi İbrahim Bozyel hər dəfə söhbət zamanı bizə Abbas Zamandan, Məmməd İsmayıldan və bir də Sabir Rüstəmxanlıdan uzun-uzadı bəhs edərdi. O vaxtlar Sabir bəyin 42 yaşı var idi, amma İbrahim abi onu həmişə gənc şair kimi təsvir edirdi.
1988-ci ildə mən Azərbaycandaydım. O il İqdıra tətilə getdikdə bütün gənclər Azərbaycandan gəlmiş türkçü bir şairin söylədiyi şeirlərlə ovsunlanmışdılar. Onun şeirləri dillər əzbərinə çevrilmişdi. Şeirləri dillərə düşən bu şair Sabir Rüstəmxanlı idi. Həmin il İbrahim abi Sabir bəyi Türkiyəyə dəvət etmiş, Anadolunu qarış-qarış gəzdirmiş, o da gəzib dolaşdığı hər yerə şeirləri, maraqlı söhbətləri ilə Azərbaycandan bir səs, bir nəfəs qatmışdı. Həmin dövrlərdə Azərbaycandan Türkiyəyə qonaq getməyin nə qədər əlçatmaz bir duyğu olduğunu sözlə təsəvvür etmək mümkün deyil. 1990-cı il Azərbaycan üçün çox kədərli il idi. Mənim üçün isə həmin il həsrətini çəkdiyim sevgiliyə qovuşma ili oldu. İllərin həsrəti içimdə o qədər böyümüşdü ki, artıq hər nəfəs alıb-verdiyimdə Azərbaycanın adı ağzımdan bir fəryad kimi püskürürdü. Mevlana deyir ki:
“Durma, tez gəl, gəlməyim demə.
Nə bəli demək yaraşır sənə, nə xeyir,
Dostum, sənin şanına yalnız gəlmək yaraşır!”
Artıq gözləmək vaxtı deyildi. O il yaralı sevgilinin qucağına atıldım. Hər yer yas içində idi. Küçədə dolaşanların simaları hüznlü, ürəkləri yaralı idi. Amma hər tərəfdən müstəqillik küləkləri əsirdi.
İlk gecə səhərə qədər yatmayıb otel otağının eyvanından Bakını seyr etdim. Aradan 21 il keçməsinə baxmayaraq hansı duyğuları yaşadığımı ən incə detalına qədər xatırlayıram. Sevinc, hüzn, təlaş, qarışıqlıq bürümüşdü içimi. Bütün gecə Bakının neft qoxuyan havasını və “müstəqillik” deyə hayqıran işıqlarını qoxladım, öpdüm.
Ertəsi gün otel müdirinin köməkliyi ilə Sabir abini tapdım.
– Oteldə gözlə, dərhal gəlirəm, – dedi.
Saat yarım keçmədi ki, gəldi. Digər dostum Zeynəlabdin Makas da yanında idi. Bir-birimizi ilk dəfə görməyimizə baxmayaraq qırx illik dostlar kimi görüşdük.
Təxmini on gün Sabir abinin evində qaldım. Demək olar ki, günümüz o vaxtlar xüsusi rəğbəti olan “Azərbaycan” qəzetinin redaksiyasında keçirdi. Fürsət düşdükcə də Sabir abi ilə Azərbaycanın digər şəhərlərinə gedirdik. Yol boyu hər ikimiz keçmişdən, gələcəkdən ağız dolusu danışırdıq. Keçmiş günlərimizin, ailəmizin, ətrafımızın nə qədər bir-birinə bənzədiyini təsbit etdikcə heyrətlənirdik. Xəyallarımız sərhədsiz idi. Azərbaycanın müstəqilliyi, türk dünyası və gələcəkdə bizi gözləyən gözəl günlər söhbətimizin ana mövzusu idi. Nazim Hikmət demişkən;
Gözəl günlər görəcəyik uşaqlar!
Şükürlər olsun, gördük də.
On gün doyulmaz bir röya kimi ötüb keçdi. Bakı hava limanında təyyarəyə minərkən hələ də yuxuda olduğumu düşünürdüm. Təbii ki, bu ömrümün ən gözəl yuxularından biri idi.
Mən Almaniyaya qayıtdıqdan sonra Avropada yaratdığımız Azərbaycan Türkləri Federasiyası Sabir abini Almaniyaya dəvət etdi.
1990-cı ilin payız axşamlarının birində Sabir abini Frankfurt hava limanında qarşılamalı oldum. Dayanmadan 6 saatlıq Berlin səfərinə çıxdıq. Oradakı dostlar Sabir abiyə çox duyğulu bir sürpriz hazırlamışdılar. Səhər saat dörd idi. Biz onlarla avtomobildən yellənən Azərbaycan bayraqlarının kölgəsi altında Berlinə qədəm qoyurduq. Hamımızın gözləri dolmuşdu.
Sabir abi iki həftə Avropada qaldı. Getdiyimiz hər yerdə o, Azərbaycanı layiqincə təmsil etdi və davamızı haqlı bir qürurla nəql etdi. Almaniyanın hörmətli qəzetlərindən olan “Frankfurter Algemeine Zeitung”un o vaxtkı redaktoru Volfqanq Günter Lerch Sabir abini xüsusi heyranlıqla dinlədi və ilk dəfə Azərbaycanın məsələləri haqqında fikir sahibi oldu.
Sabir abi ilə çox gəzib-dolaşdıq, çörək kəsdik, çox güldük, çox hüznləndik... Bəzən neçə il bir-birimizi heç görmədik, xəbər almadıq. Amma aramızda elə bir dostluq əlaqələri qurulmuşdu ki, bir-birimizi unutmaq imkansız bir şey idi. O mənə – mən səni bir dost kimi, hər zaman qardaşım olaraq xatırlayıram – demişdi. Mən də ona eyni gözlə baxırdım.
1990-cı illər geridə qaldı. Yollarımız bir-birindən ayrıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Sabir abi bir partiya yaratdı, başı işlərə qarışdı. Sonra DAK-ın sədri seçildi. Hər yerdə adını eşidir və onunla qürur duyurdum. Zamanın bir su kimi axıb getdiyini, ikimizin də illəri geridə buraxdığımızı qətiyyən düşünmürdüm. O hələ uzun, qara saçlı, duyğulu bir şair kimi qalmışdı yaddaşımda.
Bəzən Avropaya gəldiyini başqalarının dilindən eşidib öz-özümə küsürdüm ondan. Bəzən də mən Bakıya ondan xəbərsiz gedirdim və o, eşidincə mənə qarşı küskünlük yaranırdı içində. Amma qardaşlığımıza əsla kölgə düşmürdü.
Zaman-zaman bir yığıncaqda qarşılaşır, köhnə günlərdən danışırdıq, xatirələr təzələndikcə bəzən hüznlənir, bəzən də gülüşürdük.
Bu yazının mövzusu təbii ki, Sabir abinin şairliyi, yazıçılığı deyil. Bu yazı yalnız dostluq dənizindən alınmış bir ovuc sudur. Bir ovuc su ilə bir dostu izah etmək o qədər çətindir ki...
Sabir abinin indi harda olduğundan xəbərsizəm. Amma mütləq hardasa bir yerdə Azərbaycanın dərdini, kədərini izah etməkdədir. Hələ inanmadığım altmış beş yaşın müdrikliyi içində sevimli abimin ölkəmizi, türk dünyasını daha neçə-neçə illər layiqincə təmsil etməsi və bir-birindən dəyərli əsərlər yazması ən böyük arzumdur.
Neçə-neçə illərə qovuşsun sevimli abim!
Orxan ARAS
Almaniyadan yazır
[email protected]



Bu yazı ( 1045 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar