12px14px16px18px

Muğam üstə...

Mina RƏŞİD
01:15 / 25.05.2012
 
Qarabağ torpağının – Ağdamın havasını udub, suyunu içəsən, amma muğamı sevməyəsən – mümkünsüz görünür, inanmaq olmur! Necə inanmaq olar ki buna? Uşaqlıqda qonşuluqdan ustad xanəndə Şahmalı Kürdoğlunun canlı, şirin avazını dinləyib muğama aşiq olmamaq mümkün deyil axı! Sara Qədimovanı, Qədir Rüstəmovu, Arif Babayevi, Səxavət Məmmədovu, Mənsum İbrahimovu, Nəzakət Teymurovanı, Aygün Bayramovanı və neçə-neçə dəyərli xanəndəni bir inci kimi bizə bəxş edən bu əsrarəngiz diyarda doğulub, boya-başa çatıb muğamın sehrinə düşməmək ağla və məntiqə sığmır!
...Bugünlərdə doğma Ağdama üz tutdum. Düşmən əsarətində olan gözəl kəndimizə – Qiyaslıya gedə bilməsəm də, doğmalarımızın məskunlaşdığı kəndlərimizə yollandım. Beləcə, qoynunda ilin bütün fəsillərində sanki bir bahar nəfəsi duyulan Baharlı kəndinə, bacımgilə getdim. Qəsəbədə bir neçə ilin içərisində bu bərəkətli torpaqdan boy verən cavan ağaclar, yaşıllıqlar və gül-çiçəklər, bəzək kolları adamın könlünü-gözünü oxşayır. Quşların nəğmələri, toyuq-cücənin, arxlardan gələn qurbağa səsləri belə, insana ayrıca, xoş ovqat bəxş edir. Həyətdəki buz kimi kəhriz suyu isə yanan qəlbi sərinlədir, bu torpağın əsl can dərmanı olmasından xəbər verirdi.
...Bir səhər saat on radələrində gözümü açdım ki, bacım bir muğam oxuyur, gəl görəsən! Səsi bütün evi bürüyüb. Suqranın doğrudan gözəl səsi varmış. O, hələ gənc yaşlarında Bakıda keçirilən muğam müsabiqəsinin laureatı da olub. Bu səsi səhərin saf havasında dinlədikcə düşünürdüm ki, bəs axı müğənnilər deyirlər, guya səhər-səhər oxumaq mümkün deyil. Bəs bu necə olur belə? Sonra da özüm-özümə cavab verdim: axı bura Ağdam torpağı – muğamın beşiyidi.
Muğamı sevmək daxili bir zənginlik, incəlik və yüksək musiqi duyumu, musiqi zövqü olmaq deməkdi. Elə məhz bundandır ki, hər kəs bu musiqinin sirrini anlayıb, sehrinə düşə bilmir. Yəqin ki, indi işğal altında olan Ağdam şəhərində bir vaxt möhtəşəm muğam məktəbinin olması təsadüfi deyildi...
...Bir gün evdə uşağa nəyisə başa salanda özümdən asılı olmadan gördüm dilimdə muğam səslənir və elə həmin anlarda bu şeir yarandı:
 
 
Yenə könlüm qəm üstədi,
Qəmə könül bağladım.
Muğam üstə dindi dərdim-
Muğam üstə ağladım.
 
 
Dindi könlüm pərdə-pərdə,
Bəmdən zilə – yuxarı.
Bu haqq savaşında zəfər
Bizimkidir axırı...
 
Dolama yolları qalxıb,
Dinlədim Xan avazın.
Ürəyim atlanıb getdi,
Dindi könlüm yaz ağzı...
 
Muğam millətimizin elə bir qiymətli sərvəti, elə bir mənəvi dəyəridir ki, düşmən özünü öldürsə də, onu özününküləşdirə bilməz. Bu ilahi musiqinin gücü insanı düşündürməklə qalmır, həm də ona qol-qanad, yaşamaq-qurmaq eşqi bəxş edir. Və içimizdə yaratdığı sonsuz təlatümlə bizi qələbə qazanmağa səsləyir.  
Mina RƏŞİD  



Bu yazı ( 318 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar