12px14px16px18px

Yenə yağır yalan yağışları...

Orxan ARAS
00:38 / 24.04.2010



Bir neçə il əvvəl Almaniyanın Ştudqart şəhərində Türkiyə və türk tarixi ilə bağlı sərgi düzənlənmişdi. Böyük maraq və həyəcanla evimizdən həmin şəhərə qədər olan 300 kilometrlik yolu qət edərək, həmin muzeyə getdim. Bir-birindən zəngin və dəyərli Səlcuq və Osmanlı imperiyalarının əsərlərini həm gözlərimlə seyr etdim, öpdüm, həm də diqqətlə nəzərdən keçirərək keçmişimizlə qürurlandım. Muzeyin giriş qapısından başlayan sərgi ən arxadakı geniş salona qədər davam edirdi. Əlyazmalar, qılınc və qalxanlar, rəngarəng əsgər geyimləri, Səlcuq imperiyasının dövründən bu günümüzə qədər köhnəlməyən, əl ilə düzəldilən məişət alətləri, qapılar hamını ovsunlayırdı. Muzeyin çıxış qapısına doğru isə başqa bir sərgi düzənlənmişdi. Müzeyə gələn ziyarətçilər o bölümə baxmadan muzeyi tərk etmirdilər. Orada divarlar qorxunc şəkillərlə əhatə olunmuşdu. Yüksək dərəcədə böyüdülən şəkillərdə qətlə məruz qalan qadınlar, uşaqlar və yaşlılar təsvir olunmuşdu. Şəkillərə baxan hər kəs dərin kədərə qərq olurdu. Şəkillərin üzərində isə alman dilində həmin insanların günahsız ermənilər olduğu və yarım milyon insanın eynilə bu şəkildə türklər tərəfindən qətlə yetirildikləri yazılmışdı.
Rəsm əsərlərinin qarşısında çaşqınlıqla donub qalmışdım.
Bu necə qəribə bir düşüncə tərziydi, Allahım?
Belə bir təqdimat hansı ağla və vicdana xidmət edə bilərdi?
Əcəba, Türkiyədə və Azərbaycanda alman tarixinin nümunələri sərgilənsəydi, bu şəkildəmi təşkil ediləcəkdi?
Muzeydə türk tarixinin zəngin nümunələrini görüb təsirlənən insanlar o şəkilləri gördükdən sonra böyük nifrət və sarsıntı ilə evlərinə qayıdırdılar.
Ştudqartdan evimə qədər olan 300 kilometrlik yolu necə qayıtdığımı dəqiqliyi ilə xatırlamıram. İçimdə dərin bir təəssüf hissi var idi və hirsimi necə soyudacağımı bilmirdim. Çünki insanlıq, insani duyğular bunu qəbul edə bilməz. Sadəcə öz dinindən olanlara sahib çıxıb, başqa insanların faciələrinə göz yummaq hansı humanist düşüncənin nəticəsi ola bilərdi?
İndi aprel ayıdır, aldadıcı yağışlar kimi, yalanlar da yağmaqda davam edir. Artıq hər yerdə ağlayan, sızlayan erməniləri görürük. Millətimiz haqqında dindaşlarının köməkliyi ilə ağlasığmayan böhtanları bir-bir sıralayırlar.
Ötən gün Almaniyanın dövlət kanalı olan ARD-də yayımlanan “Soyqırım” yalanı da həmin yalanlardan biriydi. Orada bir saatdan artıq yüzlərcə saxta şəkil və sənədlər verilərək, türklərə qara yaxıldı. Hətta 1919-cu ildə çəkilmiş rəsm və sənədli filmləri, utanmadan 1915-ci ildə çəkilmiş kimi qələmə verdilər. Eyni verilişi bugünlərdə başqa bir alman kanalında da göstərmək istəyirlər.
Bəs o dövrdə öldürülmüş minlərcə müsəlman? Onlar insan deyillərmi? Belə də ədalət olar? Belə də humanizm olar? Hələ də pərişan halda yaşayan, öz yurd-yuvalarından didərgin düşən Azərbaycan türklərinin ağrı-acılarına, məruz qaldıqları hazqsızlıqlara tamaşa etmək hansı ədalətin, hansı mədəniyyətin, hansı humanizmin məqsədi ola bilər ki? Bu cür saxta və yalançı ədalət fəlsəfəsi görən nə qədər sürəcək?
Bizim tarixi, bizim yaşlı nəslin söylədiyi acı yaşantıları, çəkdiyi zülmləri, üzləşdiyi soyqırımları bir kənara qoyaq. Amma elə avropalıların özləri tərəfindən yazılmış məqalələrdə, kitablarda belə, haqsızlığın hansı səviyyədə olduğu gün kimi aydındır.
Baxın, alman protestant missioneri, xanım Kathe Ehrhold Vandakı erməni qiyamından 22 il sonra, 1937-ci ildə, çəkdiyi vicdan əzabı ucbatından bir kitab yazdı. Savaşın ilk iki ilini, yəni 1914 və 1916-cı illərdə Vanda yaşayan, şəhərdəki Erməni Yetimlər Evində qalanları xristian etmək üçün çalışan protestant missioner tibb bacısı erməni üsyanı vaxtı gördüklərini xristian erməni təşkilatlarının Vanda törətdikləri vəhşiliklərdən utanaraq belə qələmə alıb:
“Gec də olsa, Vanda gördüklərimi yazmamaq, Tanrı qarşısında gizlədib, içimdə saxlamaq haqqım yoxdur”. Və o yazır: “Rusların köməkliyi ilə (20 aprel, 1915) ermənilər gizlədikləri silahları çıxararaq müharibəyə başladılar. Şəhərdə böyük bir vətəndaş müharibəsi başladı. Günlərlə küçə qarşıdurmaları davam etdi. Ruslar şəhərə yaxınlaşınca, türklər oranı tərk etmək qərarına gəldilər. Və bir gecədə hamı, o cümlədən əsgərlər şəhərdən çıxmaq məcburiyyətində qaldılar. Təkcə qadınlar, yaşlılar və xəstələr qaça bilmədilər.
Ertəsi gün şəhər erməni quldurlarının və rusların əlinə keçincə, ermənilər qaça bilməyən qadın, yaşlı və xəstə türkləri qətlə yetirdilər. Dindar bir xristian olaraq öncə onlara bu günü bəxş edən Tanrıya şükr etməli idilər. Fəqət onlar bunu etmədilər...
...Ruslar gəldikdən sonra savaş müxbirlərinin yazdıqları yalanları görəndə bu qəzetçilərin yazdıqlarına inamım qalmadı. Ermənilər türklərin geridə buraxdıqları mala və mülkə sahib çıxaraq, özlərininki kimi istifadə etməyə başladılar.
Yetimxanaya indi erməni kəndliləri yerinə ətraf kəndlərdən türk qadınlar gəlməyə başladı. Rusların bölgədə tapıb topladıqları bu qadınları yetimxanada himayəyə aldıq. Erməni quldurlarından çox pis rəftar görmüş, namuslarına təcavüz edilmiş bu qadınlar qorxudan tir-tir əsirdilər”.
Təbii ki, tibb bacısı Kathe Ehrholdun yazdıqları daha uzun və qorxuncdur. Amma hadisələrin sadəcə bir şəhərdə cərəyan etdiyini izah etmək baxımından qısa olmasına baxmayaraq, bu sətirlər olduqca əhəmiyyətli və tükürpədicidir. Təbii ki, biz məsələnin əsl üzünü bilirik. Bu gerçək bir xalqın haqqını arama məsələsi deyil. Belə olsaydı, bir türk olaraq əsla bu qədər əsəbiləşməz və bu qədər kədərlənməzdik. Əsl dindaşlıq, tərəfdaşlıq başqa insanları insan saymaqdır. Özlərindən olmayanların ölümlərinə, faciələrinə göz yummaq ən böyük haqsızlıqdır. Bu məsələdən onların nələr umduqlarının da fərqində olmayacaq qədər səfeh deyilik. Gün gələcək, bütün həqiqətlər Günəş kimi aydın görünəcək. Mən buna əminəm!
Orxan ARAS




Bu yazı ( 661 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar