12px14px16px18px

Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

Kamil VƏLİ

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR

11:45 / 07.04.2012
Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...

(Əvvəli ötən şənbə saylarımızda)

...Mən ilahiyyat alimi deyiləm. Din məsələlərində fitva vermək haqqım da yoxdur. Mirzə Fətəli kimi dahi də deyiləm. Sadə bir qələm əhli, müəlliməm. Müsəlman kişisiyəm, Allaha inamım sonsuzdur. Allaha inananlara sayqım da sonsuzdur. Müsəlman qardaş-bacılarımı sevirəm. Öz millətimə, Vətənimə dərin bir eşqlə bağlıyam. Hər gün bir neçə dəfə oxuduğum dua budur: “Allahım, məni, ailəmi, millətimi, hümmətimi, insanları qoru. Biz nankoruq. Sənin əfvinə sığınmışıq”.
Mən Mirzə Fətəlinin ömrünün sonlarında tövbə etdiyini bilmirəm. Tövbəsinin qəbul olunub-olunmamasını heç bilmirəm. Allah bağışlayandır və tövbə qapısı həmişə açıqdır hökmünün Mirzə Fətəliyə şamil olub-olmadığı da mənə məlum deyildir. Mənim bildiyim və mənə məlum olan odur ki, el duası müstəcəb olur, yəni Allah tərəfindən xalqın duası qəbul olunur. Xalqın, elin bir zərrəsi olaraq Mirzə Fətəli üçün dua edənlərdən biri də mənəm, desəm, təəccüb etməyin, Allahsız da bağışlanarmı deyib, qəzəblənməyin. Unutmayın ki, Allah böyükdür və əbədidir. Təkrar etməyə borcluyam, Allah bağışlayandır.
Mirzə Fətəlinin çəkdiyi əzablar, göstərdiyi xidmətlər, yazdığı ədəbi əsərlər və əlbəttə ki, zamanın şərtləri onun bəraəti ola bilməzmi?
Yenə Allah bilər. Yalvarmaq, dua etmək bizim borcumuzdur, bağışlamaq Allahın iradəsidir.
XX əsrin insanı 30-cu, 50-ci əsrin insanı qarşısında da məsuliyyət daşıyır. Gələcək nəsillər öz tarixini dəyərləndirərkən Mirzə Fətəlini də, biz sıradan insanları da dəyərləndirəcək. Mən istəmirəm ki, o uzaq və doğma nəsil bizlərə və Mirzə Fətəliyə baxıb köks ötürsün.
İnanıram ki, Allah bağışlamağı özündən, özünə qarşı olanlardan başlayıb. Çünki o, çox böyükdür. Ağıla sığmayacaq qədər böyük varlığı tiranların, şahların, prezidentlərin məntiqi ilə ölçüb dəyərləndirmək olmaz. Allah bu qədər böyükdürsə, onun zərrəsi olan insan niyə böyük olmamalıdır?!
Sevə-sevə, həm də qorxa-qorxa üzümü göylərə tutub yalnız ulu yaradanın eşidə biləcəyi bir səslə deməyi borc bilirəm:
Allahım, Mirzə Fətəliyə rəhm elə. Onu sənətinə, zəhmətinə, iradəsinə, Vətəninə, millətinə, sevgisinə bağışla. Bizi bağışla. Sənin böyüklüyünə sığınmışıq, Allahım...
Mirzə Fətəli xəstə cəmiyyətin yanında nə qədər sağlamdırsa, Allah yanında o qədər xəstədir.
Sağlamlar xəstənin halını bilməz. Ona baxa-baxa, bəzən ağlaya-ağlaya özünü düşünər. Sağlamlar heç xəstələnməyəcəkləri qənaətində olarlar.
Mirzə Fətəli kinin, nifrətin içində deyil, əksinə kin, nifrət onun sevgisinin içindədir.
Mirzə Fətəli duyduqları, düşündükləri ilə deyil, düşündükləri ilə də yaşayan, mücadilə edən qəribə bir varlıqdır. Adı böyük hərflərlə yazılmağa layiq insandır. Hər şeyi ilə...
Mirzə Fətəlinin fəlsəfi dünyagörüşünün qiymətli məqamları az deyil. Amma ümumiyyətlə bu materialist fəlsəfənin müddəaları klassik alman fəlsəfəsindən, fransız ensiklopedistlərindən bəllidir. Qiymətli olan bir Şərqli mütəfəkkirin islam əhlinin bu fikirləri ifadə etməsi, sistemləşdirməsi idi. Şərqdə təşəkkül tapan ideoloji sistemin kontekstinə yorumunu da tam qəbul etmək çətindir. Onun “Kəmalüddövlə məktubları”ndakı ehtiyatkarlığı, verdiyi bilgilərin gələcək üçün dəyəri açıq-aydın şəkildə ifadə edilmişdir. Mirzə Fətəli altı komediyasından böyük və təkrarsız həqiqəti sanki ikinci, üçüncü dərəcəli bilir.
M.F.Axundzadə yaradıcılığına bütöv baxılmazsa, zamanına görə yanlışına, doğrusuna tənqid süzgəcindən keçirilməzsə, onun obyektiv tarixi qiyməti verilə bilməz.
Əgər Mirzə Fətəli çox böyük mütəfəkkir, yazıçı, şair, dramaturq, filosof olmasaydı ondan bu qədər uzun-uzadı danışmağa, yorum yapmağa ehtiyac olmazdı.
Amma bu ehtiyac var və həmişə olacaq.
Mirzə Fətəli bizim həm keçmişimiz, həm bugünümüz, həm də gələcəyimiz olduğu üçün işıqlı və qaranlıq, doğru-düzgün tapdıqları ilə incələnməli, yorumlanmalıdır qənaətindəyəm.
Mirzə Fətəli haqqında fikirləşərkən mənim ilk qənaətim onun Allahsız olmamasıdır.
Sonrakı qənaətim onun Füzuli düşməni olmamasıdır. “Mən külli-ədyanı puç və əfsanə hesab edirəm” deyən adam necə Allahsız olmaya bilər? Və ya söz dünyasını gözəl bilən adam Füzuliyə “nazimi-ustad” – yəni nəzm ustası, sözü-sözə qoşan şair deyə bilər?!
Messiya və ya missiya deyilən şey Allahdan olduğu kimi sosial şərtlərdən və ya insanın öz daxili əmrinə də bağlı ola bilər.
Mirzə Fətəli Hz. Məhəmmədi dərk edə bilməyəcək səviyyədə ola bilməzdi. Quranın vulqar yorumu da ona əsla yaraşmır.
Amma Avropaya pəncərə, sonra qapı açan adam Şərq cəhaləti fonunda Avropa fütuhatını gördüyü, dərk etdiyi üçün o daşıdığı missiyaya böyük qurbanlar verənlərdən və daxilində, vicdanında o qərarların ağrısını yaşayanlardandır.
Mirzə Fətəli böyük ziddiyyətlərin övladıdır – desək yanılmarıq. Böyük ziddiyyətlər yaşamayan adamın dahi ola bilməyəcəyinə inananlardan biri də mənəm. Bu ziddiyyət yaradıcılığın təkanvericisidirmi, impuls verənidirmi, – deyə bilmərəm. Ziddiyyətin və ya əksliklərin vəhdəti və mübarizəsi adlanan dialektika qanunlarının da üzərində basa-basa durmaq istəmirəm. Nə qədər açıqlasam da, dərinə getmək istəsəm nə Heraklitdən, nə Hegeldən, nə də Marksdan dərinə getməyəcəyimi gözəl bilirəm.
Ziddiyyət “hər gün yeni adam kimi doğulanları” (Vaqif Bayatlı Odər) yetişdirən ana bətni kimidir. Ziddiyyət ikili başlanğıcdır. Hərəkətin, hərəkət edən gücün mayasıdır, – desəm səhv etmərəm (insanın çox qəti dediyi şey onun ən az inandığı gerçəklərdir).
Hər kəsin içində Allah da var, şeytan da. Bu da bir əkslikdir. Həm də vəhdətdir.
Öz Vətənini, xalqını sevənlərin bir qisminin şeytanla iş birliyi ideal üçün fədakarlıqdır. Yüz acını yeyərlər bir şirinin xatirinə. M.F.Axundzadənin də, Mirzə Kazım bəyin də, Mirzə Cəlilin və Sabirin də amalı xilas olmuşdur. Bu çətin anlaşılan sosioloji proses üçün “xilas” sözündən uğurlusunu tapa bilmədim. “Xilas” anlayışının içində inqilab da var, islahat da, dağıtmaq da var, qurmaq, yaratmaq da, haqlılıq da var, haqsızlıq da (dünyada hər şey nisbidir həqiqətini yaddan çıxarmayaq).
XIX əsrdə fransız inqilabı dünyaya inqilab, üsyan, millətçilik gətirmişdi. Rasional elmlər və texnika sürət və keyfiyyət, savaş və rahatlıq gətirmişdi.
Mədəniyyət, özəlliklə ədəbiyyat xəyal dünyasını yerə yönəltmiş, gerçəklik havası dünyanı tutmağa başlamışdı.
XIX sər müstəmləkəçiliyin də, yarımmüstəmləkəçiliyin də, istismarın və kapital qanunlarının mürəkkəb bir əsr kimi ortaya çıxarmışdı. Və nəhayət XIX əsr mədəniyyətin, sənətin, xüsusilə ədəbiyyatın modern adlanan yeni zamanını və zəminini yarada bilmişdir. Renesansın təbii-realist ədəbiyyatın desək ciddi səhv etmərik (uzaqbaşı bir az subyektiv olarıq).
Söylədiklərimizə və söyləyə bilmədiklərimizə görə XIX əsr meteor yağışına düçar olmuş zavallı yer kürəsi olduğu qədər də, dünyanı dərindən dərk etməyə başlamış, yuxarıda bəhs etdiyim xilas yollarını araşdırmağa, nələriysə tapmağa çalışan insan mərkəzli dünya əsridir. Əsr hüdudlu zamandır, onun doğuşu da, ölümü də, davamı da, davamsızlığı da heç kəsin bəlli-başlı dərk və izah edə bilmədiyi zaman qavramı müəyyən mənada izahedilməzdir, mücərrəddir. Nə riyaziyyat və fizika, nə din, nə də ədəbiyyat bu qavramı bütünüylə aça bilməyib və aça bilmir. Mənim bildiyim odur ki, zaman Allahın adı və özü deyil. Olsa-olsa xassəsidir və ya varlıq səbəblərindən biri, bəlkə də birincisidir. Ruh kimi zaman da dərkedilməzdir.
Mirzə Fətəli bu zamanın doğma övladlarından biri idi. Mirzə Fətəli həm Şərqli, həm də Qərbli idi. O, öz millətinin, dininin övladı olduğu qədər də dünyalıydı.
Mirzə Fətəlinin yaşadığı məmləkət bölünmənin, parçalanmanın faciəsini yaşamağa başlayan ağrı-acılı ölkə idi. Quzeydə Rusiya şərtləri içində, Güneydə İran şərtləri içində yaşamaq bu məmləkətin taleyi idi. “Hər millət öz taleyinə məhkumdur”, – həqiqətinə inanmayanlardan biri də Mirzə Fətəli Axundzadə idi.
Nə işlədiyi çar canişin dəftərxanası, nə dayısı Hacı Ələsgərin ona cikini-bikini öyrətdiyi ərəb-fars, hind – bir sözlə Şərq dünyası, nə müəllimi Mirzə Şəfinin, müasirləri Seyid Əzimin, Qasım bəy Zakirin, Natəvanın, ondan yaşlı xələfləri Bakıxanovun, Qutqaşınlının... dünyası onun dünyası deyildi.
Mirzə Fətəlinin yaşadığı, dostluq etdiyi, sevdiyi və əlbəttə ki, sevmədiyi insanların yolu onun yoluyla kəsişsə də, kəsişməsə də Mirzə Fətəli şair, dramaturq, nasir, filosof, inqilabçı, islahatçı.... varlığıyla özündə dəhşətli bir enerji daşıyan başqa bir planet idi. Bu planet alışıb yanır, göy sularının ağuşunda dincəlir, yaşıl meşəlik və səhra yanğısının içində idi. Həmin planet həm sələflərinə, nə də xələflərinə, həm də ki, müasirlərinə bənzəyən və əsla bənzəməyən qərib bir mövcudluq idi desəm məni anlaşılmazlıqla qınamayın.
Mirzə Fətəlinin bədbəxtliyi də, xoşbəxtliyi də bir mərkəzdə birləşirdi.
Mənə elə gəlir ki, Mirzə Fətəli elmi, tənqidi, fəlsəfi əsərlərini, ictimai-siyasi mahiyyətli əsərlərini həyatının mənası hesab edirdi. Buraya əlifba islahatı problemini də daxil etsək, o öz missiyasını bu fəaliyyətdə görürdü və dəyərləndirirdi. Fəqət insanın özünü həsr etdiyi fəaliyyət aldadıcı ola bilir.
Mən şəxsən ərəb əlifbasının birləşdiriciliyinin və 1000 illik ünsiyyət gücünün tərəfdarıyam. Əlifba elm məsələlərindən daha çox siyasi məsələdir. Bir modernistin, inqilabçının, islahatçının ərəb əlifbasını dəyişmək istəyi toplumun və sivilizasiyanın ciddi səhvlərindən biri idi. Minlərlə heroqliflə yazıb-yaradan çin xalqı, yapon xalqı modernizmdən də, elm-texnikadan da, insanlıq dəyərlərindən uzaqda qalmayıb.
Məni tənqid atəşinə tutmaq istəyənlərə XX əsrin 20-ci illərindəki latın əlifbasını dəstəkləyənlərdən, onun uğrunda mübarizə aparanlardan biri də mənəm, Mirzə Fətəliyə bu mücadiləyə öygü yağdıranlardan da biri mənəm. Bu başqa bir məsələdir. İnqilabçı siyasətçilərin (Lenin, Stalin, N.Nərimanov, Atatürk...) artıq qərar verdiyi bu inqilabı önləmək mümkün deyildi. Əlbəttə, bu inqilabda Atatürkün məqsədi birləşdirmək (söhbət türk dünyasından gedir), Lenin-Stalinin amalı ayırmaq idi (“ayır-buyur” siyasəti).
Bu mücadilənin sıra nəfəri kimi mən də Mirzə Fətəlinin İ.Qaspıralının, Atatürkün... yanında səf tutanlardanam.
Bu proses tarixlə, sosioloji şərtlərlə bağlı olduğu üçün baş verən mənfiliklər də, müsbətlər də labüd idi – zəfərləri ilə, faciələri ilə ... (Sovetlər Birliyində 30-cu illərin əlifba ilə bağlı soyqırımı, sürgünləri, 10 ildən sonra (1928-1938) latından kirilə keçidi, 1991-də Sovetlər Birliyi dağıldıqdan sonra yenidən latın əlifbasının bərpasını xatırlamağı xahiş edirəm...)
Mənim demək istədiyim şey məsələnin kökü ilə bağlıdır. Bu kök türk-islam mədəniyyətindəki 1000 illik yaşı, təcrübəsi, ölməz abidələri olan ərəb əlifbasıdır. Məncə, əlifba məqsəd deyil, vasitədir. Unutmayaq ki, dili Allah, əlifbanı insan yaradıb. Allahın yaratdığını deyil, insanın yaratdığının dəyişilməsindən və ya dəyişilməməsindən söhbət gedir. Hər əlifba dəyişməsi millət üçün faciədir.
İnqilabçıların bəzən faciəni görməməsi, diqqətə alması əşyanın təbiətinə uyğundur. Bu mübahisədə mən Orxon-Yenisey əlifbasının ortaq ola biləcəyini ciddi hesab etmirəm. Dilin təbiətinə uyğun olmaq əlifbanın yazı üçün primitiv olduğunu gizlədə bilmir üstəlik, türk-islam birliyi və başqa siyasi sosial faktlar və prinsiplər əhəmiyyətlidir.
Mirzə Fətəlinin modern təfəkkürü Avropa yolu seçimi və inqilabçı təbiəti ərəb əlifbasına qarşı idi ki, buna sayqı duymamaq haqsızlıq olardı. Paradoksal görünən bu açıqlamada mən öz fikrimdə qalmaqla Mirzə Fətəlinin uzaqgörənliyinə, cəsarətinə, zəhmətinə sayqı duymağa məcbur və məhkumam. Müvəffəqiyyət hər şeyə haqq qazandırır. Yeni zaman Mirzə Fətəlinin zəfərini təsdiq etmişdir. Bu inkaredilməzdir. Amma Qaliley demişkən, hər halda yer fırlanır...
Bir az mətləbdən uzaq düşsəm də, məncə, Mirzə Fətəlinin xoşbəxtliyi də, zəfəri də onun birnəfəsə (yəni beş-altı ilə) yazdığı altı komediyası, özü dediyi kimi təmsilatıdır. Şübhəsiz ki, bu altı komediya Mirzə Fətəli dahiliyinin birinci dərəcəli təsdiqidir. Altı komediya ilə Mirzə Fətəli yalnız çağdaş Azərbaycan dramaturgiyasının deyil, modern Azərbaycan şeirinin, nəsrinin – bütöv Azərbaycan ədəbiyyatının əsasını qoymuşdur. Bu fikri mənə dedirdən yalnız dili deyil, təfəkkürüdür, düşüncədir (əlbəttə ki, bu mənada dil ilə düşüncəni bir-birindən ayırmaq doğru deyil).
(Ardı var)
Kamil VƏLİ



Bu yazı ( 282 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar