12px14px16px18px

SƏS

KAMİL VƏLİ
01:08 / 12.02.2011
 
 (Əvvəli ötən şənbə saylarımızda)

(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

Muğam ifaçının mənliyini əlindən alır və öz içinə qatır. Usta müğənnilər öz mənliyini təslim etməz və ifaları ilə həmin muğamın ömrünə yeni bir ömür qatmaqla həm öz-özlərini, həm də ifa etdikləri muğamı təzələmiş olarlar.
Bu mənada gedilən yola bənzəyən muğam fərqlidir. Yolçu yolu keçib gedər, gedərkən düşünər, ağlayar, gülər, dərdlənər, sevinər... fəqət yola ömrünü, taleyini qatmaz. Fəqət muğam ifaçısı oxuduğu muğama canını, qanını, varlığını, yoxluğunu verər.
Bu mənada mənim canımın, ruhumun hər parçası bir muğamda əmanətdir. ”Çahargah”da gözlərim, “Segah”da ürəyim, “Rast”da əlim-qolum, “Şahnaz”da dodaqlarım... qalıbsa mənim borcum o əmanətlərin olduğu məbədi ziyarət etməkdir. O məbəddə nə əmanətlər var...

MAİLƏ XANIM

Mənim haqqımda yazılan yazıları oxumaq həvəskarı deyiləm. Allah rəhmət eləsin Mailə xanıma – Mailə Muradxanova - onun təşəbbüsü və yardımı ilə 3-4 il öncə mənim haqqımda yazılan yazıların müsabiqəsi keçirilirdi.
Düzünü deyim ki, sevindim və o müəlliflərin bəzisi ilə ilk dəfə görüşdüm. Oxumadıqlarımı mütləq oxuyacam.
lll
Dərd-kədər dənizində boğulanları tarix unutmur, millətin, insanlığın yaddaşına yazır.
lll
Hər böyük sənətçi tarixin gizli şahidi, tanrının casusudur.
lll
Ən təhükəli yalançı öz yalanına inanan yalançıdır.

DÜNYADA...

Dünyada son çiçək qalana qədər həqiqət əhdi qalacaq.
Dünyada son bülbül qalana qədər sevda ehtiyacı qalacaq.
Dünyada son damla su qalana qədər ümid qalacaq.
Dünyada son Günəş ziyası qalana qədər həyat nəfəsi qalacaq.
Dünyada son qığılcım qalana qədər yaşamaq inamı qalacaq.
Dünyada bir ovuc torpaq qalana qədər bərəkət sevinci qalacaq.
Dünyada son kəlmə qalana qədər dil qalacaq, ünsiyyət qalacaq.
Dünyada son nəfəsə yetəcək qədər hava qalana qədər eşq qalacaq.
Dünyada son eşq, gözəllik, ayrılıq, həsrət qalna qədər səs qalacaq.

ƏZIZ DOST!

Əziz dost, bu yazı səs haqqında bir dinləyicinin düşüncələridir. Bu düşüncənin janrı yoxdur. Kim istəyirsə buna esse də deyə bilər, hekayə də, şeir də, məqalə də.
Heç fərq etməz.
Mən bu yazını Alim Qasımov səsinə üz tutub yazmışam və Alim dostuma ithaf etmişəm.
Amma Alim Qasımovun həyatı-yaradıcılığı, səhnə böyüklüyü haqqında əsər yazmamışam.
Alim Qasımov haqqında ayrı-ayrı zamanlarda yazdığım məqaləni verməkdə məqsədim obrazı bir şəkildə tamamlamaqdır.
Bu yazılarda bu düşüncələr arasındakı əlaqə də, əlaqəsizlik də məni çox maraqlandırır.
Məqsədim səs haqqında oxucu üçün yazılmayan söz yazmaq idi, onu da yazdım.
lll
Sənətkar bütün zamanların bütün hökmdarlarına müxalifdir. Bu hökmdar padşah da ola bilər, kral da, demokratik respublikanın prezidenti də. Yaxşı da ola bilər, pis də, ədalətli də ola bilər, ədalətsiz də. Qətiyyən bu deyilənlərdən və deyilməyənlərdən asılı olmayaraq sənətkar vicdanın səsi olmalıdır və mütləq sıradan insanın sözünü, fikrini deməlidir. Bunun siyasətçi olub-olmamaqda əlaqəsi yoxdur.
Mən bacardığım qədər siyasətdən qaçıram. Yaltaqlığa, yalaqlığa nifrət edirəm. bir mahnım haqqında tənqid yazısı var idi. Hörmt etdiyim dostum yazmışdı. Onun haqlılıq payını da qəbul edirəm. amma o mahnı məzmunu, melodiyası ilə mənə doğma idi. Mənə o mahnını o doğma musiqi, sakit söz oxudub.
Sənətkarın etirazı və ya üsyanı siyasətçininki deyil. Bilmirəm. Allah hər kəsi eyni yaratmır, eyni qabiliyyət, eyni missiya da vermir. Doğrusu, bu barədə çox danışmaq istəmirəm.
lll
Mən bildiyim qədər sənətdə, deyilənə görə həm də elmdə sütun, kanon yaradanlar, bir də sütunları, kanonları dağıdanlar var. Bunların hansı yaxşıdır, hansı pisdir mübahisəsini açmaq istəmirəm.
Mən dağıda-dağıda yaratmağın tərəfdarıyam. Bir şeyi dağıdanda yeni bir şey yaratmayan və ya yarada bilməyəni mən ciddi qəbul etmirəm.
Mən Azərbaycan muğamlarının hamısını klassik kanonla başdan-başa oxumuşam. Bu, mənim yaradıcılığımın, böyük çıxmasın, birinci mərhələsidir. Əgər ikinci mərhələdə mən muğamı ürəyim istədiyi şəkildə oxuya bilirəmsə, bu mənim yaradıcılıq haqqımdır. Buna sənət elitasının, xalqın münasibəti təbiidir. Amma əsil qiyməti zaman verir.
Heç bir tənqidə cavab vermirəm. Məncə, ehtiyac yoxdur.
lll
Mən tənqidi sevirəm, – desəm düz olmaz. Tənqid məni çox incidir, – desəm yenə düz demərəm.
Yer üzündə tənqid oluna bilməyən heç kəs yoxdur. Biz nə peyğəmbərik, nə də imam. Biz sənət adamıyıq. Tənqid, fikir, mübahisə təbiidir.
Tənqidi təhqir əvəz etməsə hər şey normaldan da normaldır.
lll
Tarın səsi mənə atamı xatırladır. Tarı dinlədikcə onun öyüdünü, tövsiyyəsini, danlamasını, sevinməsini, kədərlənməsini, sözünü, söhbətini dinləyirəm. Kamançanın səsi əmimin səsidir. Baxtsız, talesiz əmim ömrünü daşlara çırpıb sınıq-sınıq etmişdi. Və hər dəfə kaman səsi bədbəxt əmimin uğursuz sevgisini, uduzulmuş həyatını, ayrılıq qoxuyan nəfəsini xatırladır. Kamança hər sızladıqca onun xəlvət ağlamaqdan şişmiş, qızarmış gözlərini görürəm.
Əmim Qarabağın ən gözəl kamança ustası idi. Amma nə fayda kamança mənim üçün bədbəxtliyin, hüznün səsidir.
lll
Muğamın qatları halın qatlarıdır. Əslində muğam kəlməsinin bir mənşə mənası da məqamdır. İnsanın ayrı-ayrı zaman vahidi içərisindəki halı deməkdir. Hər halın öz haləti var. Yəni öz rəngi, öz istiliyi, öz biçim və dəyişən özəllikləri sistemi var. Bu da səsin tərcümeyi-halıdır. Filan səsin tərcümeyi-halı deyə bildiyimiz kimi, filan muğamın tərcümeyi-halı demək də məqbuldur.
lll
Muğamat da güzgü kimidir. Hər müğənni o güzgüdə özünü görür. Öz halının əksini muğamda görən müğənni öz qədrini bilmiş olur. Bu güzgü eyni zamanda həmin muğamı heç olmasa bir dəfə oxumuşların da aynasıdır. Hər müğənni bu qoca çinara öz səs naxışını, adını qoyub getmişdi. Güzgünün yaddaşı olmaz. Muğamınsa yaddaşı var. Hətta yazılmamış, yığılmamış muğam belə onu ifa edənlərin onun üçün tikdiyi libası özünün qədim sandığında qoruyub saxlayır. Heç təsadüfi deyil ki, “Çahargah”ı kim necə oxuyub? – sualının cavabı kimin muğamın harasını necə bir ustalıqla oxumasıdır.
Hər sonrakı ifaçı özündən əvvəlkilərə salam verir, bağır basır sonra keçir meydana. Sonda da özündən əvvəlkilərə və əlbəttə, dinləyənlərə bağır basıb təzim etməklə ehtiramını bildirmiş olur.

SƏSIN VƏTƏNI

İşıq Allahın nəfəsidir. Hər yerdə işıq aradım, işıq axtardım.
İşıq eşqi ilə alışıb yandım.
...Sonra gördüm ki, işıq mənim özümdəymiş.
lll
Səsin hansı çirkinlikdən gəldiyini bilsən heyrət edərsən. Mevlana bunu insana, Puşkin şeirə aid edib.
Bu dünyaya işıq, ümid, gözəllik gətirən körpənin hansı çirkinlikdən gəldiyini izah-şərh etməyə ehtiyac yox.
Ahəng, uyum, ritm içində ilahi özünüifadənin də söz xarabazarından, söz xaosundan gəldiyini isbat etməyə hacət yox.
Səsin də min bir qarışıqlı havadan, qan, öd, iylənmiş su içindən gəldiyini uzun-uzun təsvir etməyə lüzum yox. Səsin bəxtiyarlığı, hicranı, vüsalı, ehtizazı, zili, bəmi... gözəllikdir, təkrarsızlıq və özünüifadədir.
Bu bir vəcddir. Yandırıb yaxar, qaçıb qovuşar.
Bu bir əhya gecəsiydi – dirilmə, oyanma, görünməyənləri görən, eşidilməyənləri eşitmə məqamı yetişmişdi.
lll
Səs havadan nəm çəkər. Aldığımız havanın ağırlığından, nəfəs borusundan, xırtdəkdən, ağız boşluğuna daxil olması və səsin formalaşması qandan, candan, ürəkdən beyindən keçən min bir yolun mərkəzi insandır. Səs insanla kainat, dünya arasındakı bağlılığın ifadəçisidir. Bu bağlılığın bildiyimiz və bilmədiyimiz rəngləri, çalarları maddi olduğu qədər də, mənəvidir, ruhidir.
Qulağına səs dəymək çox geniş anlamlı bir deyimdir. Cəmiyyətdən, təbiətdən, uzaqdan, yaxından gələn hər xəbər, hər ismarıc səsdə reallığını tapır.
Ölən dillərin lüğət tərkibi, qrammatikası olduğu kimi qalır. Şumerlərin də, Xettlərin də, elatların da, Midiyalıların da, latınların... da dilinin ölməsi onların səslərini qeyb etmişdir, kitabələrdə lövhələrdə onlar yaşamaqdadır.
lll
“Fatiha” surəsi Quranın cövhəridir. Cəmi 7 cümlədir.
Ümmil-kitab adlanan “Fatiha”nı 7 nəfəsdə oxuyursan. 7 nəfəs 7 rəngdir.
Səddül-məsani də adlanan “Fatiha” surəsi digər ayələrdən fərqli olaraq iki dəfə nazil olub: Məkkədə və Mədinədə.
Bilmirəm nədənsə “Segah” oxuyanda “Fatiha” surəsi içimə çökür. Və bir də Həzrət Əlinin nəfəsini ürəyimin başında duyuram.

XƏRABƏT ƏHLI

Hər muğam bir xərabətdir. Dağılmış, batmış şəhərlər, qurumuş çaylar, dənizlər, qara torpağa qarışmış qəhrəmanlar, adları qəbir daşı üstünə həkk olunmuş gözəllər, xanımlar, xatınlar... muğamlara hopub, muğamların içində daşlaşıb.
Hər muğam tarixdir. Qalibiyyət də, məğlubiyyət də, yüksəliş də, çöküş də, uğur da, uğursuzluq da bu tarixi muğamın köksünə qanla, su ilə, süd ilə yazılmış səhifələridir.
Hər muğam bir macəra, bir sərgüzəştdir.
Hər muğam bir mif, bir nağıl, bir dastan, bir roman, bir şeirdir.
Bəlkə səs dünyasında nağılın, dastanın, şeirin özü yox kölgəsi yaşayır, quru bir nəfəs bu kölgəni dirildir, canlandırır, yenidən həyata, insanlara qaytarır.
Bəlkə də səs göy ilə yer arasında körpüdür. Bu körpünü keçməsən göydən yerə enə bilmirsən, yerdən də göyə ucala bilmirsən.
Siz elə bilməyin ki, bu xərabəti, tarixi, mifi, nağılı, dastanı, romanı, şeiri... bilib muğam oxuyuram.
Nə mən, nə də muğam oxuyan ustadlarım, nə də tələbələrim, nə sənət dostlarım bunları bilmədən muğam oxuyur. Muğamın dəramədindən başlayan, ilk səsin insan bağrından qopmasından nəşət tapan muğam hər dəfə yeni bir xərabətdən, tarixdən, mifdən, nağıldan romandan, şeirdən bəhs edir. Muğam öz-özünü ifadə edir, öz-özünü nizamlayır. Hər ifaçı muğama öz səs cizgiləri ilə gəlir. Səs cizgisi də əl cizgisi kimi təkrarsızdır.
lll
Ədəbiyyat da insan kimidir – doğulur, yaşayır (pis ya yaxşı, xoşbəxt ya bədbəxt...) və ölür.
Ədəbiyyatın da xəstəlikləri də insanın xəstəlikləri kimidir. Keçici, öldürücü, yüngül, ağır, əlaclı, əlacsız...
Bu yaxınlarda bir məşhur yazıçı və metafora ustası televizorda danışırdı.
Hıqqandı, hıqqandı, sonra dahiyanə bir poz alıb koramal kimi fısıldadı “Allah bu kəndi mənim zövq almağım üçün, mənim üçün yaradıb”.
O danışandan 1-2 saat sonra qadın alt paltarının reklamı verilir. “Təbiət bu gözəlliyi mənə sənin sevgini qazanmaq üçün verib”.
Yaltaqlıq iliyinə işləmiş yazıçı reklam metaforası səviyyəsindən də aşağı idi.
Yazıçının qucaqda oturub dörd bir tərəfə namus suçlaması yağdırması da bir dəhşətli xəstəlikdir ki, onun adını demək istəmirəm. Pırsımış sözlər, tapdaq ifadələr, qomu beş quruş olan ucuzdan ucuz məcaz fəlsəfəsi ürəyimi bulandırdı. Nifrət və kədərlə televizora tüpürdüm.

ALLAHIN ZƏRRƏSI

Eşq də ruh kimi Allahın zərrəsidir. İnsan yarandığı gündən bu sirri anlamır, dərk etmir. Hiss etdiklərinin, duyduqlarının nə səbəbini bilir, nə də nəticəsini. Bəlkə elə eşqin gözəlliyi, hüsnü də bundadır.
Eşq atəşdir. Bu atəşi yanan bilər. Atəş kimi görünsə də, eşq bir nurdur. Atəşdə yanan nura qovuşandır.
Mən səsimin zaman-zaman haqqa qovuşduğunu hiss edirəm. Allah mənə o tək sevgiliyə qovuşmaq mərhəməti göstərsə, orada öz səsimin alnından öpəcəyəm və gətirdiyi məqamda onun qarşısında diz çökəcəyəm. Çünki o səsin də, özümün də o küllün zərrəsi olduğunu bilirəm. Bilmədiklərimi səsim mənə öyrədəcək – buna əminəm.
Səsimin bu uca aləmə bələd olduğu ruhuma dinclik verir. Ruh dilinin də, səs dilinin də bir başqa olduğu uca aləm qollarını açır və məni ağuşuna alıb aparır. Şükürlər olsun, şükürlər, bu dünyadan, bədənimdən azad oluram və Haqqa qovuşuram.
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ



Bu yazı ( 436 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar