12px14px16px18px

Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

Kamil VƏLİ

(MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR)

15:16 / 25.02.2012
(Əvvəli ötən şənbə saylarımızda)

Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...

“Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq”
(M.F.Axundzadə)

İndi dünya ədəbiyyatında boy göstərən fantasmaqoriya, psixologizm, mifoloji realizm, şüur axını (T.Vulf, V.Vulf, U.Folkner, X.Borhes, Q.Markes, K.Kastaneda, U.Eko, Y.Kavabata, O.Pamuk...) kimi üslub-poetika qurğuları, təsvir üsulları birdən-birə ortaya çıxmayıb. Ədəbiyyatın havasının haradan, necə, nə zaman gəldiyini müəyyənləşdirmək çox çətindir. Təsirlərin, intibahların xəritəsini də cızmaq imkansızdır. Metafora sənəti kimya olduğu qədər də əl-kimyadır. Həm birbaşadır, həm də dolaylı. Bu mənada da sənət bəşəridir, universaldır.
Hər halda biz Mirzə Fətəlinin ədəbi yaradıcılığını, xüsusilə komediyalarının sirlərini açmamışıq, dünya səviyyəsində dəyərini verməmişik,- desəm, Axundovşünasların qəlbinə toxunmasın. Buna böyük ehtiyac və tələb olmasa deməzdim.
Eşq aləmində qul olmaqla zülm və zalimə qul olmaq eyni deyil. Eşqdə qul olmaq iradəsini, varlığını haqqa təslim edib Tanrı ilə qovuşma yoluna girmək deməkdir. Zülm və zalim qarşısında diz çökmək zülmü görə-görə, bilə-bilə susmaq təslimçilikdən başqa bir şey deyil. Qul anlayışının bu iki qütbü bir-birindən o qədər uzaq və yaddır ki... Gül-bülbül poeziyasının, eşq əzablarının ifadəsi olan şeirin əksinə olan, ictimai ədəbiyyat tərəfdarı, mübarizi Mirzə Fətəlinin praqmatik estetik baxışları eşqdə də qul olma əxlaqını qəbul etmir.
Sosial həyatın elə məqamları var ki, o ədəbiyyat tarixinin özünə lazım olan şəxsiyyətlərini, örnəklərini tapır, ona istinad edir. Qalanlarını haqlı-haqsız inkar edir.
Bu gerçəyi gözəl bilənlərdən biri də Mirzə Fətəlidir. Günümüzdə “ərəb baharı” başlayanda nədənsə Mirzə Fətəlini tez-tez xatırladım və onun bir sözündəki sarkazma heyrətləndim: “Dünyada əfsanə uydurmaqda ərəblərin, əfsanəyə uymaqda farsların misli-bərabəri yoxdu”. Ürəyimdə ustada dedim ki, bəs türklər?
Hər halda Şərq dünyası dəyişdikcə Mirzə Fətəlinin xatırlanacağı şübhəsizdir (fərqi yoxdur, ya elə, ya belə...).
Mirzə Fətəlinin missiyası dini inkar, islamı yorum, Füzulini rəddetmə deyldi. Onun missiyası xalqı xalqa göstərmək, gündəlik danışma dilini, Avropadan geri qalmayan ədəbi dilə çevirmək, teatr, mətbuat üçün zəmin yaratmaq idi. Və o, bu missiyanı şərəflə yerinə yetirirdi. Bu qədər böyük tarixi xidməti olan insanı arayış və axtarışlarına, ifratlarına görə damğalamaq haqsızlıqdan başqa bir şey sayılmaz.
Yalan da həqiqətə gəlməyin və ya həqiqəti almağın yollarından biridir. Avropa mənşəli maarifçiliyin yaranması, yayılması, uğurlar qazanması həm də yalandan keçir. Şərq özünü unudub irtica girdabına düşdükcə bu yalanlar da təsirli olmuşdur. Mirzə Fətəlinin həyatı və fəaliyyəti bu sürəcin bir növ aynasıdır. Avropa Birliyinə getdiyimiz bu mürəkkəb zamanda M.F.Axundzadəni anlamaq, dərk etmək tənqidi şəkildə idrak etmək bizim üçün hava, su qədər zəruridir.
Bu mənada Axundovun 170-180 il öncə başlatdığı təcrübə, ictimai həyat, ədəbi yaşam, fəlsəfi arayışlar baxımından olduqca önəmlidir. Ancaq ehkam deyildir.
Ehkamların Şərqdə vurduğu yaralar hələ sağalmayıb. Bunu unutmayaq. Həmin kontekstdə Mirzə Fətəlinin böyük ədəbi, elmi kəşflərini də, yanlış ədəbi-fəlsəfi eksperimentlərini də unutmayaq. Yaddaş xalqın gələcəyə aparan yolunun potensialıdırsa tarixin, mədəniyyətin dərsləri həmişə canlı və diridir.
Mirzə Fətəlinin əsərləri 140 ilə yaxındır ki, səhnədədir. Bu illər ərzində Mirzə Fətəlini səhnələşdirən rejissorların, onun qəhrəmanlarını oynayan aktyorların neçə-neçə nəsli dəyişmişdir. O rejissorlar və aktyorlar öz zamanlarını, ağrı və acılarını, arzu və ümidlərini, estetik ideallarını Mirzə Fətəlinin yazdıqlarına yükləyərək öz zəmanələrini ifadə etmişlər.
Bu mənada Mirzə Fətəli həmişə bizim müasirimizdir.
Mirzə Fətəlinin inqilablarından biri də əlifba ilə bağlıdır. Əlifbadan danışarkən bir vacib məsələyə diqqətinizi çəkmək istərdik. Rus rəsmi idarələrinin yüksək məmuru olan Mirzə Fətəli Azərbaycanın taleyinin Rusiya ilə bağlı olduğunu düşünmürdü. Əgər elə olmasaydı əlifba layihələrini qoltuğuna vurub İstanbula gəlməzdi, ən yüksək səviyyəli dövlət məmurları ilə görüşməzdi, yüksək məcidiyyə nişanını da almazdı. Doğrudur, Osmanlı Türkiyəsi əlifba reformasına getmədi və gedə də bilməzdi. Ancaq 1926-cı il I Bakı Türkoloji Qurultayından sonra Türkiyədə və Azərbaycanda (eləcə də bir sıra türk respublikalarında) latın əlifbasına keçildi. Doğrudur Sovetlərin, başda Stalin olmaqla qurduğu siyasi oyunların nəticəsi olaraq türk respublikalarında, o cümlədən Azərbaycanda latın əlifbası qaldırıldı və kiril əlifbasına keçildi. Nəhayət, Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan birdəfəlik latın əlifbasına keçdi.
Bu, ilk növbədə Mirzə Fətəlinin zəfəri idi. Onun idealı gerçəkləşmişdi, əlifba oyunları hələ də bitməmişdi. Və bu oyunlar Mirzə Fətəlinin sümüklərini sızladır. Artıq hər kəs anlamağa borcludur ki, ortaq latın əlifbası qəbul edilməlidir. Türk dillərinin hər birinin öz əlavələri ortaqlığı pozur və onun praktik funksiyasına zərbə vurur. “x”, “ə”, “q” “milliyyətçiliyi” kiçiklik kompleksindən başqa bir şey deyil. Qloballaşan dünyanın, onun tərkibi olan Türk Dünyasının əlavələrsiz ortaq əlifbası təhsildə, uluslararası ünsiyyətdə həlledici rol oynayacaqdır. Çağdaş internet sistemi, texnoloji inkişaf, əlaqələrin yeni mərhələsi ortaq əlifba ilə qırılmaz şəkildə bağlıdır. 1926-cı ildən sonra əlifba siyasətinin mahiyyətcə dəyişdiyinin altını cızaraq söylədiklərim həm də ərəb əlifbasını müdafiə edərək söylədiklərim 1922-ci ilə qədər – yeni əlifba hazırlıqlarına başlayana qədər doğrudur. 1926-cı ildən sonra yeni dövr başlayır. Bu yeni dövrün adı latın əsaslı ortaq əlifbadır. Mirzə Fətəlinin ruhu köməyimiz olsun.
Mirzə Fətəlinin poetik arayış və təcrübələri bir ədəbi təsirdən daha çox fitri tapıntıdır. “Aldanmış kəvakib”dəki ulduzların aldadılması mifik-astroloji məntiqlə sosio-psixoloji müşahidəninin vəhdətidir. Keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyət dəyişikliyini yeni hakimiyyət zamanı parlamentdə şərh edən yazıçı İ.Şıxlı mövcud vəziyyəti “Aldanmış kəvakib”dəki durumla müqayisə etdi.
“Müsyo Jordan...” komediyasında Parisin dağıdılması qurğusu dünya ədəbiyyatının dahiyanə səhnələrindən biridir. Bu tragikomik durumun bədii-poetik mahiyyəti Mirzə Fətəli qələminin qüdrətini göstərir.
Təəssüf ki, Mirzə Fətəlinin fliqran poetik ustalığı, dünya ədəbiyyatı kontekstində, çağdaş, yeni metodların işığında yetərincə öyrənilməyib. Yeri gəlmişkən, mən keçmiş tələbəm Arif Məmmədovun yazılarını qeyd etməyi özümə borc bilirəm.
Ədəbiyyatşünaslar Mirzə Fətəlinin “Hacı Qara”sını çox təhlil etmiş, maraqlı fikirlər söyləmişlər. Molyerin, Balzakın və başqa yazarların xəsisləri ilə müqayisələr də çox aparılmışdır. Məncə, nə qədər maraqlı olsa da, Hacı Qaranın yeni sosial tip – yaranmaqda olan ticarət burjuaziyasının təmsilçisi kimi araşdırılması daha çox önəm daşıyır. Hacı Qaranın bütün ictimai çırpınışları, sərmayə toplama ehtirası Adam Smitin “bazar iqtisadiyyatı” daha çox əks etdirir. Mirzə Fətəli K.Marksı da tanımamış olmazdı. Ancaq Mirzə Fətəlidə Marks-filan izi yoxdur. Amma kapitalizmin təbiətini açmaqda “Hacı Qara” örnək əsər sayıla bilər. Bunun səbəbi canlı həyatın özüdür. Azərbaycanda XIX əsrin ortalarına doğru baş verən ictimai proseslərdir. Cəngavərlik, qəhrəmanlıq dövrü bitmişdir. Heydər bəy bu sosial bitmişliyin canlı tipajıdır. Servantesin “Don Kixot”unu xatırlamaya bilmirsən. Ayrı-ayrı zamanların da bu iki tipini birləşdirən ümumi bir psixoloji təməl olduğunu inkar etmək çətindir.
Odlu silahın çıxması Koroğluya və koroğluluğa son qoyduğu kimi ilkin sərmayə toxumu, burjuaziya cücərmələri də cəngavərliyin axırına çıxmaq üçün ictimai meydana çıxmışdır.
Balzak XIX əsr fransız həyatının ensiklopediyası, hər cür ictimai təhlilə zəmin yaradan qaynaq olduğu kimi, Mirzə Fətəli də Azərbaycan, ümumən Şərq həyatının mükəmməl mənzərəsinin yaradıcısıdır, – desək haqsız olmarıq.
Və ya “Aldanmış kəvakib” hekayə deyil, Azərbaycan ədəbiyyatında ilk realist romandır söyləsək, həqiqəti ifadə etmiş olarıq. “Aldanmış kəvakib”dəki qurğu sənətkarlığı, süjet və kompozisiya strukturası, sosial-psixoloji dərinlik roman janrının tələbləri səviyyəsindədir. Doğrudur, “Aldanmış kəvakib”ə hekayə və ya povest (onu da deyim ki, rusların bu uydurma janrı da uydurma ədəbi növlərdəndir – K.V.) demək onun ədəbi-estetik dəyərini azaltmır. Ancaq müasir roman janrının dünyadakı örnəkləri (özəlliklə ispan dilli Güney Amerika nəsri və ya “Qətl günü”nün yazarı Yusif Səmədoğlu, postmodernist yazı təcrübələrini xatırlayıram, ancaq mətləbdən yayınmamaq üçün geniş təhlil apara bilmirəm və bunu gənclərə həvalə edirəm) Mirzə Fətəlinin irsinin bizə nə qədər yaxın və doğma olduğunu göstərir. Bu mənada Mirzə Fətəli ədəbi məktəbini xüsusilə, Mirzə Cəlilin və Üzeyir bəyin yaradıcılığı olduqca əhəmiyyətlidir. Bu qeydləri “yeri gəlmişkən” silsiləsindən söyləyirəm.
Razılaşsanız da sağ olun, razılaşmasanız da. Mənim məqsədim sizi razı salmaq deyil, oxucum. İstəyim düşündüklərimlə Mirzə Fətəli arasında bağlılıq tapmaq, hiss etdiklərimi adam dilində qələmə almaqdır...
Yeri gəlmişkən mən, Mirzə Fətəlinin dili və üslubu milli ədəbi dilimizin formalaşması üzərindəki qeydlərimə bir neçə şey əlavə etməkdir. Onu da deməyə bilmərəm ki, müəllimimiz Ə.Dəmirçizadənin Mirzə Fətəlinin dili və dilçilik görüşləri haqqında yazısı, M.Cahangirovun milli ədəbi dilimizin yaranmasında Mirzə Fətəlinin xidmətləri haqda dəyərli araşdırmaları S.Murtuzayevin M.F.Axundzadənin deyim xəzinəsi haqqında monoqrafiyası... nə qədər əhəmiyyətli olsalar da kəmiyyətcə və keyfiyyətcə yetərli deyildirlər. Əvvəla zaman dəyişmiş və dəyişən zaman içində Mirzə Fətəlinin dili – üslubu ilə bağlı yeni problemlər ortaya çıxmışdır. Söhbət dil interpretasiyasından getmir. İndi Mirzə Fətəlinin ədəbi dilimizin milliləşməsi sürəcində yaşadığı bölünmüşlüyü (1813-1828-dən sonra) diqqətə alaraq çoxüslubluluğu, normalılığı (Azərbaycanın quzeyi) normasızlığı (Azərbaycanın güneyi), yazı ənənəsinin oturuşma prosesinin incələnməsi, özü də mətn dilçiliyi metodları ilə araşdırılması, psixolinqvistik, etnolinqvistik prinsiplər diqqətə alınaraq öyrənilməsi yalnız Mirzə Fətəlini, onun dil-üslub məktəbini deyil, ümumən bütöv Azərbaycan ədəbi dilinin öyrənilməsi üçün məhək daşı sayıla bilər.
Bir sözlə, Mirzə Fətəlinin tənqidi yaradıcılığı, estetik baxışları özünün ictimai-siyasi, ədəbi-estetik-fəlsəfi göruşlərinin ayrılmaz parçası, üzvi tərkibidir desək, həqiqəti ifadə etmiş olarıq.
(Ardı var)
Kamil VƏLİ



Bu yazı ( 351 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar