12px14px16px18px

SƏS

KAMİL VƏLİ
00:06 / 19.03.2011
 
(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr
(Əvvəli ötən şənbə saylarımızda)
ƏSRİN SƏSİ
XX əsrdə Stravinskinin, Qara Qarayevin polifonik çoxsəsli musiqisi səsin yeni həqiqətlərini ortaya qoydu.
Eurovijen şərqi yarışmasında fəxri 3-cü yer tutan Aysel xanımın səhnə mədəniyyəti, səmimiyyəti, ən başlıcası istedadı sevinc doğurmaya bilməz.
Ayselin açdığı pəncərə Azərbaycan şou bazarının keyfiyyət dəyərini ortaya qoydu və hay-küyün iç üzünü göstərdi.
Bütün həqiqətlər kimi səsin də həqiqətini inkar etmək, görməzlikdən gəlmək mümkün deyil.
Əzizə Mustafazadənin səs dünyasındakı böyü uğurları öz sözünü dedi və əminik ki, sözünü deyəcək də.
lll
Bizim əsl Vətənimiz yaddaşımızdır. Hansı boyutda olursa olsun yaşadığımız, oxuduğumuz, qoxladığımız, toxunduğumuz, daddığımız, gördüyümüz hər şey, istər gerçək, istər sanal hər şey bizim yaddaşımızdadır. Torpaq da, doğulduğumuz, yaşadığımız yer-yurd da yaddaşın bir parçasıdır.
Boyutlar, ölçülər dəyişə bilər, fəqət yaddaş dəyişməz.
Səs yaddaşı da böyük yaddaşın bir hissəsidir. Eşitdiyimiz, çıxardığımız səslər, musiqi qanadlarında öz varlığını ifadə edən səslər – bizim səs yaddaşımızdır.
Alışdığımız və alışa bilmədiyimiz bütün səslər eyni dərəcədə bizim üçün önəmlidir. Sadıcı həyat, həyati faktorlar səsin yuvasını, qollarını, qanadlarını müəyyən edir.
Səsin yaddaşına toxunmayaq. Qoy hər kəs üçün o öz varlığını istədiyi şəkildə qoruyub saxlasın və ya unudub tərk etsin.
lll
Mən yorulub usanmış duyğuların, yıpranmış sevgilərin, unudulmuş eşqlərin, tərk edilmiş yurdların, övlad xəyanətinə uğramış ataların, anaların, haqsız ölümlərin, atasızlığa, anasızlığa məhkum edilmiş yetim balaların, çörəyi daşdan çıxanların, barmaqları sabaha qədər göyüm-göyüm göynəyən atamkimilərin, balalarının xatirinə özgələrin uşaqlarının əskisini yumağa məcbur anamkimilərin, haqqını ala bilməyənlərin, qurbanların şəhidlərin müğənnisiyəm. Onların səsiyəm. Onların nəfəsiyəm.
Günlər keçəcək, aylar-illər dolanacaq. Ölən öləcək, qalan qalacaq. Mən yanğısını, həsrətini, deyə bilməyənlərin, dilinə gətirə bilməyənlərin səsiyəm, nəfəsiyəm.
Nə qədər canımda can var, damarlarımda qan var, boğazımda səs, bağrımda nəfəs onların müğənnisi olaraq qalacağam. Onlarla oyanacam, onlarla uyuyacam. Onların ağrısını-acısını göylərə misqal-misqal mən daşıyacağam.
Məni məzara Cabbar Qaryağdıoğlunun səsi qoyacaq. Üstümə torpaq deyil, Seyid ustanın, Xan əminin, Ağabala kişinin, Rəşidin, Bülbülün, Əbülhəsən xanın, Rübabə xanımın, Şövkət xanımın səsi töküləcək. Üstümdə Yasinin mübarək kəlamları, Üzeyir bəyin son səfər xeyir-duası səslənəcək. Və mən ölməzliyə qovuşacağam, ana!
Bu dünyada nə üstümə tökülən səslərdən doydum, nə təbiətin nəfəsindən doydum.
Bu dünyada doymadıqlarımdan o dünyada doyacağımdan heç sönməyən ümidim var.
...Günəş batacaq. Ay doğacaq, göylər ulduzlarla dolub daşacaq. Gecənin bir aləmində mənim qəbrimdən bir səs gələcək. O səsi yalnız Allah eşidəcək. Əlini uzadıb o səsin göz yaşlarını sildi, uzun-uzadı o səsi dinlədi.
Səs nalə çəkirdi:
Bax qəlbimə gör məni,
Yandırıb da yax məni.
İstəmirsən bu eşqi,
Otur başdan yaz məni...
Allahın ovcu yavaş-yavaş açıldı və bir bəyaz kəpənək Allahın ovcundan qopub süzülə-süzülə uçub getdi. Səsin son fəğanı Allahın ovcundan damla-damla yerə düşdü:
Mən aşiq söndürdülər
Od vurub söndürdülər.
Gördülər ki, sönmürəm
Üfürüb söndürdülər...
SƏSİMƏ SƏS VERİN
Həmkarlarımın ifasını sevə-sevə dinləyirəm. Zaman-zaman heyran oluram, hətta özümün özümə yazığım gəldiyi zamanlar da az olmayıb. Rəhmətlik böyük tarzənimiz Hacı Məmmədovun “Çoban bayatı”sını göz yaşları içində dinləmişəm. Qədir ustadımın “Sona bülbüllər”ini bəlkə min dəfə dinləmişəm, hələ də doymamışam. Sabir Mirzəyevin “Çahargah”ını, Arif Babayevin, Yaqub Məmmədovun, Ağaxan Abdullayevin muğamlarını heyranlıqla dinləmişəm, heyranlıqla dinləyirəm.
Mən hələ klassiklərimizi demirəm. Bu ayrı bir böyük söhbətdir. Kimdən nəyi öyrənmişəm sualının cavabı bir kitaba sığmaz. Adlarını bildiklərim qədər də bilmədiyim ustadlarım var. Bəzən hasar dibində, tut ağacının başında, sükan arxasında dinlədiyim və tək bir dəfə gördüyüm, eşitdiyim və tanımadığım insanları unutmaq nankorluqdur.
Yer ilə göy arasında çırpına-çırpına yaşayan, məni sevən, mənə sayqı göstərən insanla içində yalqızlığa məhkum olmaq mənim taleyim, qismətimdir. Amma mən dostlarımı, mənə uzaqdan – yaxından sayqı, məhəbbət duyanlara özümü borclu bilirəm.
Mən məni sevməyənləri də sevirəm. Onları da anlamağa çalışıram. Axı dünyada səbəbsiz heç nə yoxdur. Birinin nifrəti içində dəhşətli bir məhəbbət yatmadığını və ya üzdən, zahiri bir vurğunluğun altında soyuq bir etinasızlıq olmadığını kim bilir?
Eşq kimi vurğunluq “Nə üçün”, “Niyə?” sualına cavab verə bilmir.
Hər halda mən Allahın xoşbəxt bəndəsiyəm ki, bu səs-sənət dünyasında doğulmuşam, bu ustadlardan sevdalanmışam, bu sənətçilər içindəyəm.
Haqlı olaraq sora bilərsiniz ki, bu hay-küyly zamanda şou-biznes deyilən bu həlməşik – qarışıq ortamda hər şeyin dəyəri, qiyməti eynidirmi? Sən canını bu vurhavurda necə hifz edə bilirsən?
Məncə, tarixdə hay-küyü olmayan zaman olmayıb. Əlbəttə ki, nisbətin bağlamı, dərəcəsi nəzərə alınmaqla. Qarışıq ortamlar sənət üçün təbiidir. Əgər bu qarışıqlığın içindən bir ustad bəstəkar və ya müğənni çıxırsa, bir dahiyanə şeir, hekayə, heykəl, rəsm... doğulursa, nəticə, məhsul da odur.
Mən elə hesab edirəm ki, dünyada da, Azərbaycanda da bu yüksək dəyərlərə layiq sənət nümunələri var. Az da olsa yox deyildir.
O ki, qaldı özünü qorumağa, varlığını hifz etməyə siz haqlısınız. Bu o qədər asan məsələ deyil. Və yalnız mənə də aid deyil.
Çox vaxt musiqi məclislərindən, konsertlərdən, hay-küylü tədbirlərdən, ifaçılardan qaçmağım bir eqoizm, özünəvurğunluq da deyil. Dünyada elə canlılar var ki, onların yaşama qarantı, varolma səbəbi yayınmaq, uzaq durmaq, ayrılmaqdır. Mənim bütün problemlərim, düyünlərim özümlə, öz ailəmlə bağlıdır. Ətraf, kənar ictimai mühit mənim üçün şərtidən də şərtidir. Hər bir insan təbiətcə aktyordur və həyatda öz rolunu aynayır. Bəli, mən də canımı qurtarmaq, özümü öz dünyama saxlamaq üçün oynayıram, gərəyi lazım olanı edirəm. Sevmədiyim ifaya əla dediyim, məni əsla duyğulandırmayan, hətta xəyal qırıqlığına uğradan musiqiyə, müğənniyə “yaxşıdır” da demişəm. Buna istəyir ikiüzlülük, riyakarlıq deyin, istərsə də qeyri-səmimiyyət deyin, bu, sizin işinizdir. Ancaq mən cüyürü, ceyranı onu ovlayandan qurtarmaq üçün etdiyini etmişəm və edirəm. Mənim başqa çarəm yoxdur: ya ölüm, ya oyun. Hər halda bəzən oynamasan yaşamağa vida deməlisən.Əgər içimdəki müqəddəs bir şeyi qorumaq üçün kimi isə aldatmışamsa (ya az, ya çox – fərqi yoxdur), özümü heç vaxt aldatmamışam, Allahıma da yalan deməmişəm, oynamamışam. Əgər mən bunları etmiş olsaydım, əsla səsim çıxmazdı və bir ağız belə oxuya bilməzdim. Mən bunu bütün səmimiyyətimlə söyləməyi özümə borc bilirəm.
lll
Şair, müğənni bu və ya digər işğal etmir, əksinə azad edir. İşğal sözündəki aqressiya ruh aləminə o qədər yaddır ki, mən həmin anlayışdan qorxuram, içimə bir hürkəklik, yadlıq qonur. Sənət adamı insan ruhundakı bağlı qapıarı açandır, işğal olunmuş əraziyə azadlıq gətirəndir, bütöləşdirəndir, Allaha qovuşdurandır. Mən ona da inanıram ki, hər ifa muğamı, mahnını yenidən doğur, yenidən yaradır. Hər sonrakı ifa əvvəlkini həm təkrar edir, həm də unutdurur. Hər sonrakı əvvəlkinin həm təsdiqi, həm də inkarıdır. Əgər əvvəlki ifanın içində boğulursansa, demək sənin ifana ehtiyac yoxdur, çünki sən yoxsan, artıq boğulmusan. Yox, əgər ifanda iddia, inkar varsa, o zaman sən boğulmursan, ölmürsən və mücadilədə ortaya çıxırsan, özünü təsdiq edirsən və nəticədə sənin ifan özündən əvvəlkilərin fonunda ya qəbul olunur, ya da qəbul olunmur. Mən tam səmimiyyətlə etiraf edirəm ki, ifamın qəbul olunmağının, ya olunmamağının fərqində deyiləm. Çünki mən özümlə çarpışıram və məndən əvvəlki hər qiymətli və ya qiymətsiz ifa dışarıda deyil, içimdə tərcümeyi-halımdır. Və açıq deyirəm ki, bu mücadilənin ağırlığını, təfərrüatını təsvir etmək mənim üçün ağırdır, olduqca ağır.
Bəzən kameradan özümə baxıram. Özümü qıraqdan, yad adam kimi öyrənməyə çalışıram, araşdırıram. Bəzən oxuyan bülbül susan kimi səsimi, hənirimi kəsib ətrafı dinşəyirəm və eşitdiklərimi araşdırıram. Hər dəfə görürəm ki, mən diriyəm, yaşayıram. Ölə-ölə olsa belə yaşayıram. Dinlədiyim hər şeydə öz əksimi gördüyüm kimi, hər ifamda da minlərlə səsləri eşidirəm, ilhamın, zəhmətin, eşqin nəfəsini duyuram.
Bütün sənətlər, sənət olmayan dünya işləri də belə deyilmi?
Dünya, həyat, tarix, sənət insan təkrarın və təkrarsızlığın harmoniyasıymış, deyəsən...
AZADLIQ
Birdən qışqırmaq, bağırmaq istəyirəm: “Ay həmvətənlər, vallah-billah mən sağam, yaşayıram, yazıram, yaradıram, hər gün özümü, həqiqətimi təsdiq etmək üçün savaşıram”.
Amma məni dinləyən, görən, ciddiyə alan yoxdur ki, yoxdur. Sonra anlamağa, dərk etməyə başlayıram ki, ölən mən deyiləm, bu canım, gözüm Vətəndir, həmvətənlərimdir. Qanunsuzluq, özbaşınalıq, hərkə-hərkəlik, abırsızlıq, hay-küy, əxlaqsızlıq içində boğulan bu Vətən məni hardan görə bilər, məni necə dinləyə bilər?!
Vətən və həmvətənlərimə rəhmim gəlir və küçədəki kimsəsiz uşaq kimi Vətəni bağrıma basıb öpmək, sığal çəkmək istəyirəm. İstəyirəm o körpəcik yetim uşağın göz yaşlarını silim və onu bu mənfur adamlardan, küçə itlərindən, bayır canavarlarından xilas edim. Onu səsləyirəm, səsimi eşitmir, ona əlimi uzadıram, əlimi görmür.
Körpə, yetim, sərsəri uşağı bu amansız küçə çoxdan yeyib bitirmişdir. Qalan onun quruca canıdır. Elədən beləyə gedir, belədən eləyə...
Nəfəsim tıxanır və səsim kəsilir. O kimsəsiz, yetim uşağın elə mən özüm olduğunu anlayıb susuram. Anlayıram ki, insan özündən azad ola bilməz. Buna onun gücü çatmaz.
lll
El içində bir neçə ifadə, deyim var ki, onları xatırlamaya bilmirəm. Səsin batsın, səsin gəlsin, səsinə səs vermək, səsi kəsilmək, səsini kəsmək, səsini səslərə qoşmaq, bir quruca səsin bəsdir, səsin gəlsin. Səsini almaq, səs ver, sirr vermə, səs-küy ilə iş aşmaz...
Bu ifadələr səsin ictimai dəyərindən, ruhi-psixoloji rənglərdən xəbər verir. Səsi olmaq, səslənmək sözün müəyyən mənasında var olmaq, mövcudluq, fəaliyyət deməkdir.
SİRRİ-XUDA
Muğamın dəhşət dolu qüvvəsini onu yaşayanlar bilir. Muğama girməzdən öncə həyat, insanlar ətrafımda baş verənlər mənə müdhiş çətin və anlaşılmaz gəlir. Sanki mübhəm bir meşənin qaranlığı, qarışıqlığı qarşısındayam. Dağlar keçilməz, sular dağıdıcı təsir bağışlayır. İnsanlar mürəkkəbliyi, məkri, hadisələr çözülməzliyi ilə önümdə dayanır. Mən ağır insanlardan, qarışıq olaylardan, axıntılı sulardan, uca dağlardan, qaranlıq meşələrdən qorxuram. Bu qorxunu da kimsədən gizlətmək istəmirəm.
Elə ki, dəraməd başlayır, elə ki, ayağımı muğamın ilk pilləsinə basıram, dağlar kiçilməyə başlayır, sular sısqalaşır, meşələr seyrəkləşir, insanlar sayalaşır. Addım-addım qalxıram və elə bir zirvəyə qalxıram ki, bütün yer üzünə, bütün insanlara yazığım gəlir. Yer üzünün zavallılığına elə rəhmim gəlir ki, sanki əlimdəki yer şüşə kürə kimi haralarasa düşüb parça-parça olacaq. Yerin dərdini inim-inim inləyərək anlatmağa çalışıram. Yanıram, oxuyuram, içimdən qara-qara qanlar axır, oxuyuram özümü ovutmaq istəyirəm, oxuyuram. Və yavaş geri dönürəm, yenə qayıdıram. Muğam bitdikcə dünya da böyüyür, insanlar mürəkkəbləşir, meşələr qaralır, dağlar ucalır, sular axıb gedir.
Bilmirəm, muğamın sirrini, bilmirəm, qardaş.
Redaksiyadan:Kamil Vəlinin “Səs” esse-kollajı bugünlərdə tam variantda
kitab halında çapdan çıxacaq.
KAMİL VƏLİ
 



Bu yazı ( 496 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar