12px14px16px18px

SƏS

KAMİL VƏLİ
03:50 / 15.01.2011


(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

(Əvvəli ötən şənbə saylarımızda)

“Dünyanın hər yerində insan ruhunu tutmaq üçün tor toxunur” – hansı bir dahininsə dediyi bu sözün arxasında böyük həqiqət dayanır. Dünya ölçüləri ilə dəyərləndirilən müstəviyə çıxmaq istəyən və çıxan hər sənətkar dünyada nə toxunduğunu və necə toxunduğunu bilməlidir. Böyük professionallıqla içində yaşatdığı saf, təmiz uşağı bir yerdə yaşatmalıdır. Professionallıq böyüməli, qanda-canda yaşayan o uşaq isə elə o təmizlikdə, o sadəlövhlükdə, uşaqcığaz olaraq qalmalıdır.
Milli olanın bəşəri olanla birləşməsi o qədər təbii və canlı, diri bir hadisədir (məhz hadisə!) ki, dünyanın özü də, dünyanın mədəniyyəti də, mahiyyəti də bu hadisədən baxanda olduğu kimi görünür.
“Seğah” və ya “Şur”, yaxud “Rast”la “Alimin segahı”, “Alimin Şuru”, “Alimin Rastı” arasındakı fərq Füzuli ilə Azərbaycan türkcəsi arasındakı fərq qədərdir. Buna mütləq mənada fərq də demək olmaz. Dil ilə nitq arasındakı münasibəti bilənlər “Segah”la “Alimin Segahı”nın fərqini (və ya özünəməxsusluğunu) bilir.
Muğam torpaqdır. Bu torpaqda əkilən ağac həmin ağacı əkənin bağıdır. Həmin torpağın bağı...
Alim, əzizim!
Həyat da, dünya da bivəfadır. Allah sənin ömrünü uzun eləsin, ancaq ömür su kimi axıb gedir. Nə isə yaranırsa, dünyaya gəlirsə o suyun axdığını görürsən, hiss edirsən.
Mən də sənin minlərlə-milyonlarla dinləyicin kimi istərdim ki, sən Füzuli “Leyli-Məcnun”unu başdan-başa oxuyasan.
Üzeyir bəyin “Leyli və Məcnun” operası bizim milli operamızın əzəlidir. Bəlkə də özüdür. “Koroğlu” qüdrətli sənət əsəri olsa da, Avropa musiqi poetikasındadır.
Biz milli operamıza yenidən “Leyli və Məcnun”dan başlayacağıq. Əli Kərim demişkən, şəxsən mənim buna dəli bir ümidim var. Amma bu bir xülya da ola bilər.
Şəxsən mənim istədiyim şey Quran, Tövrat, İncil, “Manas”, “Mahabharata” kimi Füzuli “Leyli və Məcnun”unun görüntülü (bayram, toy, xalça, miniatür, şəbeh...) və görüntüsüz (söz və səs) şəkildə ifasıdır.
“Leyli və Məcnun”un söz tərəfi ayrı bir zənginlikdir və biz filoloqlar rəhmətlik B.Çobanzadənin, A.Surun, H.Mazıoğlunun, Ə.Çölpınarlının, H.Araslının, S.Əlizadənin, S.Əliyevin, M.Adilovun... təcrübəsinə söykənərək sizin üçün lazım olan hər şeyi etməyə, bir yerdə çalışmağa, hətta həftəlik seminarlar, söhbətlər keçirməyə hazırıq.
Bunu da nəzərə alaq ki, füzulişünas-alimlər Sabir Əliyev və Nurəddin Rzayev bu ölməz poemanı nəsrlə çağdaş Azərbaycan türkcəsinə çevirmişlər.
Sən Füzuli sözündən çoxdan su içmiş bir ustad olsan da, bu söhbət və məsləhətlərin faydasız olmayacağını düşünürəm.
Füzuli sözü o qədər dərindir ki, nə qədər getsən ayağın yerə çatmayacaq.
Füzuli sözü yanında biz çox kiçiyik. O ki qaldı məsələnin musiqi tərəfinə, orda musiqiçi-ustad ifaçıların Arif Babayevin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun, Ağaxan Abdullayevin, Əlibaba Məmmədovun, İslam Rzayevin, eləcə də musiqiçi alimlərimizin köməyinə, çox böyük ehtiyac var.
Vaxtilə böyük sənətkarımız Bülbülün “Leyli və Məcnun”dan oxuduğu bir parça əslində yeni ifa yolunun başlanğıcıdır.
“Leyli-Məcnun” dastanını oxuyan aşıqlar da bir qaynaqdır.
Üzeyir bəyin “Leyli və Məcnun”unda indiyə qədər oxumuş bütün müğənnilərimiz ayrı bir məktəbdir.
Xalqın dediyi “Füzuli dərd əlindən dağa çıxdı. Dedilər bəxtəvər yaylağa çıxdı” ifadəsi də bir başlanğıcdır.
Qədimlərdən gələn Ə.Marağayi, S.Urməvi, M.Nəvvabdan, Dədə Əfəndidən gələn notlu Şərq musiqi məktəbinin Alimin yaradacağı “Leyli və Məcnun”a işıq salacağı şübhəsizdir.
Amma əsl başlanğıcı böyük muğam ustası sən Alim Qasımov “Leyli-Məcnun”u oxuyarkən tapacaqsan. Bu başlanğıcdan sonra gələn silsilə 25-50 və daha artıq saat toplanacaq hissələrin yaratdığı böyük və monumental sənət əsəri olacaqdır. Hansı parçanın (məsnəvi və ya qəzəl olmağından asılı olmayaraq) hansı muğam üstə hansı ovqat, temperamentlə oxunmasını sənin öz ürəyin tapacaq. Harada nəyin və necə olmasını o ürəkdən yaxşı kim bilər ki?
Sən söhbətində gözəl bir söz dedin. Dedin ki, hərdən oxuyanda səsimin hardan gəldiyini bilmirəm. Bilirəm ki, bu səs ağ ciyərimdən gəlmir. Dünyanın, yerin, göyün hansı tərəfindən gəldiyini anlaşdıra bilmirəm.
Bu muğam – operanın və ya dəstgahın içində oxunacaq təsniflər, çalınacaq zənglər, səslənəcək parçalar (Bülbül, Xan Şuşinski, Əbülhəsən xan...) üzvi şəkildə elə bağlanacaq ki, muğam fəlsəfəsi ilə Füzuli fəlsəfəsi əriş-arğac kimi bir-birinə bağlanacaq.
Bu ifa əslində sənin Üzeyir bəylə, Cabbar Qaryağdıoğlu, Ələsgər Şəkili, Əlövsət Sadıqovla, Bülbüllə, Seyid Şuşinski ilə, Ağabala Abdullayevlə, Qədir Rüstəmovla, Yaqub Məmmədovla, Zeynəb xanımla, Arif Babayevlə, Səkinə xanımla, Mənsimlə, Zahidlə, Şəfa ilə salamlaşman, üzbəüz görüşündür.
Tamaşaçı-dinləyici ustadlarına sayğı ilə təzim edən Alim Qasımovla tələbələrinə yeni yol göstərən ustad Alim Qasımovun eyni adam olduğunu görəcəkdir.
Əslində Nəvaini, Hafizi, Füzulinin... söz kimi yox, muğam kimi oxunması ehtimalı həqiqətə daha çox yaxındır. Söz və musiqi ritminin üzvi bağlılığı Şərq musiqisini səciyyələndirən amillərdəndir.
Haqqı tapmaq üçün gərək haqdan başqa hər şeyi unudasan.
Füzuli dünyasına daxil olmaq üçün gərək Füzulidən başqa hər şeyi unudasan.
Füzuli sözünə düşən Tovrat, İncil, Quran, mif, əfsanə, fəlsəfə işığı Füzuli sözünün içindədir. Füzuli özü heç bir təlimin, baxışın, dinin, təriqətin içində deyil. “Leyli və Məcnun” da belədir, Alim qardaş.
Füzulinin “Leyli və Məcnun”u əslində mənzum roman, bədii-poetik xüsusiyyətləri baxımından türkcənin şah əsəridir. Füzulidən sonra qələmə alınmış bütün “Leyli və Məcnun”lar onun təsiri altında yaranmışdır.
Türk modernizminin, psixoloji romanın ilk mükəmməl örnəyi kimi Füzuli “Leyli və Məcnun”u dünyanın bir sıra dillərinə çevrilmiş (ingilis, alman, rus...), şərq poetikasının isnad etdiyi ən böyük qaynaqlardan biri olmuşdur.
“Leyli və Məcnun”un məsnəvi qisminə Füzuli əruzun həzəc bəhrində yazmış, (Məfulü-Məfailün-Fəulün) bu bəhrin variantlarını işlədərək səqti-məlih ahənginin 3054 beytə sığışdırmış 260 beyt isə üç rübaini, üç qəsidəni, 24 qəzəli, iki mürəbbəni və bir müsəccanı əhatə edir. Poemanın dibaçəsi böyük bir elmi araşdırmanın mövzusu olacaq qədər zəngindir.
Ustadları Əbunəvası, Nizami və Nəvaini xatırlayan Füzuli “Bilmək bu yetər ki, bilmək olmaz” fəlsəfəsi ilə Allahın böyüklüyünü, Allahı idrakın sonsuzluğunu, peyğəmbərlərin əzabını və dünyada insanların yoluna tutduqları işığı vurğulayaraq qədim və yeni, həzin və həyəcanlı, sevinc və kədər dolu hekayətinə başlamış və dünyada misli-bərabəri olmayan eşq dastanını yaratmışdır.
Əziz qardaşim alim!
Öyrətmək kimi olmasın, səndən mənim bu təklifimi üzərində düşünməyini xahiş edirəm.
Füzulinin “Leyli və Məcnun”unu başdan-başa oxumaq, onu dünyaya bir daha vermək sənin missiyandır.
Allah bu böyük işdə sənin yardımçın olsun.
Böyük hörmət və məhəbbətlə,
Söhbətimizi yazdığım üçün məni bağışla.
EŞQ
Dünyada həyata bənzəyən bir həyat da var. Adı qumardı, əsrardır, içkidir. Şeytan yaradıb bu kvazi-dünyaları. Eynən həyata bənzərlər – mücadilə, həzz, arzu, ehtiras, cəsarət, risk, uduş, məğlubiyyət...
Böyük-böyük insanları aldadıb oynadan qumar, əsrar, içki... Dahilərin həyat konsentratı – cövhəri bildiyi, tale, aqibət, bəxt axtardığı bu şeytan qazanı ağlı başdan alır, hissləri quduzlaşdırır, insanın içindən ən murdar duyğuları – acgözlüyü, hərisliyi, dünyagirliyi, xəsisliyi, dirildib insanı gözəl, təkrarsız edən hər şeydən məhrum edir.
Qumar da, əsrar da, içki də eşqdir. Amma bu eşq şeytan eşqidir.
Onlar da ehtirasdır, ancaq saxta, yalançı ehtiras.
Zarafatla, nəşə ilə, ümid və gözlənilməzlik, risk atəşi ilə başlar, xainliklə, özünəxəyanətlə, özünüaldatma ilə bitər. Yox, bitməz. Ertəsi gün gecə yenə davam edər. Sonra da, sonra da... İnsan həyatına damla-damla yayılan zəhər kimi dincəldə-dincəldə uyudur, uyuda-uyuda öldürüb heç edir, şəxsiyyətsiz, heysiyyətsiz bir çürük qoza, ayaq altına atılan cındıra çevirir.
Mənim qumar oynayan, əsrar düşkünü olan, içkiyə qurşanan, qumar məclislərini bəy məclisi sayan dostlarım olub. Hər dəfə onların gözlərinə baxanda onların gözlərinin dibində o müdhiş uçurumu görüb Allaha onları bağışlamaq, əfvə sığınmaq üçün dua etmişəm. Bəzən bacarmışam, bəzən də aciz qalmışam. Səsdən başqa əlimdən nə gəlir ki...
Səsimlə şeytanı dağlamışam. Həyatın bu murdar oyunla heç bir əlaqəsi – filan olmadığını isbat etməyə çalışmışam.
Həyatın cövhəri Allah eşqidir, yerdən bir gözəlin baxışından, yerişindən, duruşundan, nazından, qəmzəsindən, sevdasından başlayıb Allahın ucalığını yüksələn eşqi şeytanın uydurduğu heç bir xülya, içki, qumar, əsrar... əvəz edə bilməz. Əvəz etməməlidir.
Səsin möcüzəsi hər cür süni sərxoşluğun, meyxoşluğun, qənimidir. Hissləri aldatmaqla, süni şəkildə qıcıqlanmaqla, beyni uyutmaqla şeytan Allaha insanın naqis və yaramaz olduğunu isbat etmək istəyir.
Müqəddəs səslər insanı təmizləyib pak edir. Şeytanın ölümü insanın təmizənməyində, nəfsin məhvindədir.
Əzan da səsdir, dua da. Şeir də səsdir. Eşq də. Çoşqunluq və bayqınlıq içində Allahımı səsləyirəm:
Ya Rəbb! Bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni...
lll
Mən hər dəfə Məcnunu oynayanda Leylinin məhəbbəti qarşısında xəcalətdə qalmışam.
lll
İnsan 2-3 min hers tezlikdən 20 min hersə qədərki səsi eşidə bilir (Allah orta məktəbdəki fizika müəllimimə rəhmət eləsin. Bütün fizika elmindən yadımda qalan elə budur). Biz atom, elektron, molekul səslərini eşitmədiyimiz kimi, kainatdakı dəhşətli səsləri də eşitmirik, eşidə bilmirik. Çiçəklərin, otların da səsini duymuruq.
Biz bu məhdud səs sınırında özümüzü sonsuz sayırıq. Eşitmədiyimiz səslərin qapısı bizə bağlıdır. Allah rəhm elədiyinə, əlindən tutub qaldırdığına o səsləri duyurur. Mənə də o səsləri eşitmək nəsib olub, o səslərin qüdrəti ilə oxumaq qismət olmasa da.
SƏS DƏ GÜNƏŞ
ZƏRRƏSİDİR
Mən oxuyandan min dəfə artıq dinləyirəm, ustad olmaqdan min dəfə çox tələbəyəm, öyrənənəm. Bir ağıllı adam gözəl deyib ki, dünyanın hər yerində insan ruhunu tutmaq üçün tor toxunur. Bütün sənət adamları kimi də o zərif toru toxuyanlardanam. Ustalıq dünyada toxunan bütün torların zərifliyini, sənət incəliyini bilməkdir. Bütün dünyada o tor toxuma sənətinin tək bir önəmli örnəyinin bilinməməsi yarımçıqdır, naqislikdir. Mən nəyi yaradacam onu Allah bilir. İnsanın bildiyi bilinənləri bilmək zərurətidir.
Bədahət təcrübədən, zəhmətdən doğulur. İlham əməyin çiçəyidir.
Cabbar Qaryağdıoğlu muğamı mənim üçün dərslikdir. Ağabala kişinin “Zabul”u ilk ayaq açdığım doğma kənd məktəbidir.
Qədir ustanın “Sona bülbüllər”ini bəlkə min dəfə dinləmişəm. Doymamışam. Doymaq olarmı?
Bir ustad deyərdi ki, bütün səslər hardansa gəlir, Qədirin səsi harasa gedir. Aydınlıqdan zülmətəmi, zülmətdən aydınlığamı, bu dünyadan o dünyayamı, o dünyadan bu dünyayamı... Allah bilir. Vallah bunu Qədir ustanın özü də bilmir. Elə bilməməyi yaxşıdır.
lll
Dünyanın böyük bəstəkarları ki, mən onların hamısına bir yerdə Üzeyir bəy deyirəm. Heç fərqi yoxdur – Urməvi olsun, Marağayi olsun, Şopen, Bethoven, Motsart, Çaykovski, Şostakoviç, Qara Qarayev... olsun. İlahi səsləri duyub, sıraya düzüb uyumu-harmoniyanı, uyumsuzluğu – disharmoniyanı yaradanlar hansı millətdən, coğrafiyadan, mədəniyyətlərdən olursa olsunlar mənə yaxınlığı, doğmalığı baxımından mən onların hamısına bir yerdə Üzeyir bəy deməkdə haqlıyam.
Təbiətdən – yazdan, yaydan, payızdan, qışdan, ağacdan, otdan, çiçəkdən, aydan, günəşdən... aldığı səsləri xalqın yaratdığı musiqi ilə birləşdirən, doğmalaşdıran Üzeyir bəy səsin ruhunu öz ruhu ilə qaynaşdırıb yeni bir dünya düzəni yaratmışdır. Bu dünya düzənində hökmdar da, hakim də, məhkum da, sevən də, sevilən də, ölən də, qalan da, əbədi də, keçici də, eşq də, nifrət də yalnız və yalnız səsdir.
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ




Bu yazı ( 547 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar