12px14px16px18px

SƏS

KAMİL VƏLİ
00:34 / 25.12.2010


(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

(Əvvəli ötən şənbə saylarımızda)

Ya insan dərinləşir, Allahın özü kimi, Hz. İsa kimi... hər şeyi bağışlamaq səviyyəsinə yüksəlir. Ya da insanın içindəki güc azalır və seytnot durumu çox şeyləri silib atır. Sərtlik də güc deməkdir. Sərt köşə-bucaqlar da qüvvət, zaman istəyir. İnsan yaşlandıqca artıq olan hər şeyi atmağa və ya bir-bir, yavaş-yavaş atmağa məhkumdur.
Nuh gəmisinə hər canlıdan bir cüt götürdüyü kimi insan da hər şeyi atır və sona yaddaşını saxlayır. Lap axırda – son nəfəsində onu da qeyb edir və bu dünyanı tərk edir. Bunu düşünə-düşünə, bir az da özünəbəraətə gülə-gülə o xanımı xatırladım. Onun ipək kimi yumşaq dərisi, yayda buz kimi sərin, qışda od kimi isti bədəni mənə o qədər doğmalaşmışdı ki, mən onun qəhvəyi-boz gözlərini, incə dodaqlarını, uca boyunu, itaətkar intim davranışlarını elə bil min il idi ki, tanıyırdım. Yox, bu sevgi deyildi. Bu münasibətin və bağlılığın səbəbini uzun-uzadı düşüncələrdən sonra tapa bilmişdim.
Bu qadın mənə bənzəyirdi və mənim dünyaya gələn qadın şəklim idi. Bəlkə mən qadın olsaydım, elə onunku kimi olardım və ya o kişi olsaydı mənim bənzərim, təkrarım olardı. Bu sözləri yazanda bir az utanıram və xəcalət çəkirəm. Nəyə lazım bu cinslər arasındakı sərhədləri götürmək, transform yapmaq...
Biz özümüz haqqında səmimi, təmənnasız düşünə bilmirik. Özümüzə kənardan baxmaq və kənardan baxanın obrazını yaratmaq bizi təhrif edir və əslində özümüz haqqındakı bütün həqiqətləri içimizdə eə basdırırıq, örtürük ki, daha sonralar onu nəinki başqaları, heç özümüz də tapmırıq, görmürük və unuduruq. Özümüzü unutmaq, özümüzü əbədi tərk etməkdən başqa bir şey deyil.
Və mənə elə gəlirdi ki, o qadın nə vaxtsa bir ev ilanı olub. Heç kəsə zəhərini tökməyən bu sevimli ilan yaşadığı evin ruhu kimidir. O ruh bu evi qoruyur, bu ocağı qutsallaşdırır. Günlərin bir günü boz çöldən gələn bir erkək ilan ona sarmaşır. İlanların haça dilləri bir-birinə pərçimlənir və bu dillərdən bir-birinə zəhər deyil, eşq axır.
Dişi ilan sevir və o evin qutsallığına ləkə salmamaq üçün o erkək ilana qoşulub çöllərə, səhralara gedir. Səhra təbii seçim deməkdir. Səhra azadlıq, eşq və ölüm deməkdir. Aşiq dişi ilan zəhərini tanıyır. O zəhərlə müdafiə olunur, yaşayır, varlığını sürdürür.
...İlan gözlərinə bənzəyən gözlərini yumardı və baxışlarını məndən qəddarlıqla gizlədərdi. Tək bir dəfə iki can bir can olduğu anda o gözləri görmüşdüm və ilan çalmış kimi dik atılmışdım. O gözlər erkəkliyini isbat etməyə çalışan tərli kişiyə deyil ana bətnində gözü yumulu əl-ayağını qarnına tərəf yığmış körpəyə baxırdı. Bu körpə onun taleyi idi. O körpə onu özünə cəzb edirdi. Ən dəhşətlisi o idi ki, gözü qapalı körpə də o qadına baxırdı. O qadın mənə dəhşətli dərəcədə doğma idi.
Qarnında olan qadından – anasından da doğma, əziz idi.
...Sonra titrək həyəcanlı bir səslə “Səndən tək bir ricam var, mümkünün olsa məni uzaq bir səhraya apar. Ərəb səhrasına, Afrika çölünə, Türkistan bozqırına”.
“Sən orda neyləcəksən?”
O pıçıldayırdı. Pıçıltısı gecənin səssizliyində ilanın xışıltılı sürünməsi kimiydi – zərif, əyri-üyrü, soyuq olduğu qədər isti, isti olduğu qədər isti-naməlum. Qorxulu və sevimli, adi və qeyri-adi...
“Səhrada sarbansız bir dəvəyə minmək istəyirəm. Sənə gəlmək istəyirəm. Səninlə qol-boyun olub bu dünyada olan hər şeyi unutmaq istəyirəm. O gecə bətnimə sənin zərrəni almaq istəyirəm. Doqquz ay sonra sənə oğlan doğmaq istəyirəm. Yarı ilan, yarı oğlan. İlan mən olacam, oğlan sən. Mən oğlumla o səhrada yaşayıb öz ölümümü gözləyəcəyəm. İlan oğlan yaşayacaq və mənim arzularımı həyata keçirəcək. Bu dünyanı o qurtaracaq. Bizim günahlarımızı o yuyacaq...” Sonra susdu. Heç bir şey demədi. Hiss etdim ki, atəş sönmüş, qadın yuxudan ayılmış, göydən yerə enmişdi.
Mən o qadının hisslərini, duyğularını yaşayıram və onu səsə çevirmək eşqi ilə yanıb qovruluram. Amma heç vaxt alınmır. O duyğular səsə gəlmir, sözə gəlmir. Axan ulduz kimi çaxan ildırım kimi bir anda gəlir və gedir.
O halı yaşamaq mənim xoşbəxtliyimdir. O haldan çıxmaq, yerə düşmək – bədbəxtliyim.
Mən bədbəxtliklə xoşbəxtlik arasında vurnuxan yollar yorğunu biçarə dərvişəm, qardaş. İstər inan, istər inanma. Bu dünya Sənin, mənim, hamının gördüyü, eşitdiyi, toxunduğu, duyduğu, dərk etdiyi dünya deyil. Dünya – bizim həyat boyu bir neçə an hiss etdiyi ani olaraq gördüyü, yuxu kimi, eşq kimi yaşadığı, yoxluq dilində, biçimində varlıqdır. Varlıq deməyə də dilim gəlmir. O varlıq bu varlıqdan deyil. O başqa bir şeydir. Hərdən xəstələnirəm. Qızdırma içində yanıram. Ölümün nəfəsini üzümdə hiss edirəm və o anlarda gördüyüm, hiss etdiyim dünya bax həmin o varlıqdır.
Bəzən o varlığı yuxuda görürəm. Uçmaq, fəzalanmaq hissi məni özümdən alıb aparır. Uşaq vaxtı kənddə bizdən yaşlı qızlar, gəlinlər hulumçaq qurardılar. Uca dağdağan ağacından asılmış hulumçağı ucadan gülə-gülə, şaqqanaq çəkə-çəkə bu başdan o başa yellədirdillər. Ürəyim az qalırdı ağzımdan çıxsın. Qızışmış, havalanmış qızlar “Nişanlımın adını de” deyib qışqırıb çikkə çəkdikcə sanki havada içim düşür, başqa dünyaya köçürdüm.
Sonralar dərk etdim ki, o anlar da bu dünyanın anları deyil.
Yetişmiş, ərəmik qızların iri, bərk döşləri, uşağı belə riqqətə gətirən çığlıqları, şeytanla mələyin sərhədlərinin itdiyi o məkanın aurası, o hərəkətin, o çəkisizliyin səsə çevirmədən ifadə etməyi mümkünsüz sayıram.
Hal həmişə sözə çevrilmir. Əslində səsə də çevrilməyi möcüzədir. Amma səs maddi olduğu qədər ruhidir. Konkret olduğu qədər də abstraktdır. Ələ gəldiyi qədər də ələgəlməzdir.
AYRILIQ SANCISI
Bu evdə məni böyük dünyadan ayıran və bağlayan iki oyuncaq-alət, cihaz var – bilgisayar və televizor. Axşam onlarla yatıb, səhər onlarla oyanıram.
Sanal-virtual deyilən bu dünya məni həm yalqızlaşdırmış, dörd divarın arasına sıxışdırmışdı.
Bu aldadıcı dünya həqiqət, gerçək qiyafəsində yalandan başqa bir şey deyil.
Yalqız, qərib adamın bu yalan dünyaya daxil olub yaşamaqdan başqa əlacı yoxdur.
...Bugün də yuxudan duran kimi elə yerimdəcə televizorun pultunu basdım. Heyrətdən donub qaldım. Televizorda gedən film mənim 10-15 dəqiqə əvvəl gördüyüm yuxunun davamı idi.
Mən möcüzələrə inanan adamlardanam. Elə buna görə də yuxu ilə sanal dünyasının çulğalaşmasına tez pöyrəşdim. Yuxuda gördüyüm 70-ci illərin Bakı Universiteti, filologiya fakültəsinin Elmi şurası, partiya iclasları, Lenin cümə günü mərasimi ürəyimi elə üzür ki, nə müəllimlərimin doğma siması, nə yuxudakı cavanlığım mənə təsəlli ola bilmir. Mən yuxuda universitetə qayıtmaq istəyirəm. Hətta rektorluq yuxarılarla danışıb razılıq verib. Amma mən ziddiyyət içindəyəm. Bu doğma və yad yerə dönmək istəyirəm də, istəmirəm də. Doğmalıq məni cəzb edir, yaltaqlıq, məddahlıq, durğunluq məni ordan qəti şəkildə uzaqlaşdırır. Bu ziddiyyətlər içində boğula-boğula oyanıram və televizorda Şərqi Avropa ölkələrinin birində bir dissident professorun çəkdiyi məşəqqətlər göstərilir. Vətənində alçaldılan, təqib edilən, tənhalaşdırılan, uzaqlaşdırılan professorun psixiatriya xəstəxanasındakı üzücü istintaqdakı depressiyalarlı məni yaxın keçmişə çəkir və əzabımı, tənhalığımı, əlacsızlığımı qabarda-qabarda məni kiçilməyə məcbur edirdi.
Hirslə pultu basıram və sanal qutu məni Azərbaycana atır. Səsin hüznü mənim kədərimi yuyub aparır. Sən oxuyursan. Yavaş başlayırsan, bir az könülsüz, biraz da qorxa-qorxa, hürkə-hürkə.
Sənin üçün oxumaq diş ağrısı kimi bir şeydir. O ağının içinə girməkdən başqa əlacın yoxdur.
O ağrı artdıqca qorxaqlıq, hürküklük, könülsüzlük yox olub getməyə başlayır.
Gedən mənfi enerjisini, ağırlığını da qoyub gedir.
Kimsə deyib məhəbbət – ürəyin diş ağrısıdır.
Nəhayət, ağrı başladı və sənin ayağın yerdən üzüldü.
Gedən nə bilir, vay qalıb zərrə-zərrə ölənin halına...
lll
Dəli bir nalə – yetməz.
Qanı göz yaşı – yetməz.
Yuxusuz gecələr, sitəm, ağrı... yetməz ki, yetməz. Əgər bunlar yetsəydi dərdi çəkməyə nə vardı ki...
Dərd çəkilməzlikdir, çəkdiyin yükə vurğunluqdur, məhkumluqdur.
Dərd çəkənlə çəkilən arasında sonu olmayan eşqdir.
O bu dünyadan gedirdi. O, Allahın yaratdığı dünyadan deyil, özünün yaratdığı dünyadan gedirdi.
Hər şey bitmişdi. O dərdi, dərd də onu yemişdi. Onlar elə qovuşmuşdu ki, artıq heç kəs onları ayıra bilməzdi. Qızılı-sarı bir yarpaq lap ağacın təpəsindən qopmuş, valeylənə-valeylənə uçmağa başlamışdı. Son uçuş, son eşq, bu son dərd dünyaya dünya, insana insan olmağı öyrətmişdi.
Cisim ruh olmuşdu. Ruhun səs dili yenə insana, dünyaya qalmışdı.
İnansan da, inanmasan da...
lll
Mən sənin dərdini bölüb tən ortasından keçərəm. Fəqət orda sənin qədər qala bilmərəm.
Mən sənin dərdini dadaram, baxıb görərəm. Ancaq sənin qədər yaşaya bilmərəm.
Sənin kimi dərdin dibinə üzümü sürtə bilmərəm. O dərdin naləsini sənin kimi heç kəs çəkə bilməz. Dərdin içində dərdin özü olmaq, onun daşına, divarına, axan qanına, tökülən göz yaşına çevrilmək səndən başqa heç kəsə müyəssər ola bilməz.
Bu dərdi sən çəkməlisən. Bu dərdi dünyaya sən bəlli etməlisən.
Səni zülüm-zülüm ağladan o dərddir. Səni göylərə qaldıran da, yerə çırpan da o dərddir. Dərdin səsi sənsən. Dərdin səsə çevrilmiş ağrısı da, acısı da sənsən.
Əl atıb körpə uşaq kimi çırpınmağın, gözlərini yumub dibsiz boşluğa quylanmağın, çıtır-çıtır yanmağın, bir ovuc külə dönməyin sənin oxuduğun dərdin özüdür.
Anan səni o dərdi çəkmək üçün doğdu.
Atan səni dərdə bağışlamaq üçün əkdi.
Bunlar öz yerində. Min il idi ki, Allah özü səni – o dərdi yaratmağa başladı. Min il idi ki, o dərdə sarı yavaş-yavaş gələn sən idin.
Bəlkə Allah səni o dərddən də əvvəl yaratmışdı. Dönüşü olmayan yolda yalqız gəlirdin.
O dərdin sevgisi sənin könlünə çoxdan düşmüşdü. O sevginin eşq olacağı günə hələ çox vardı. Amma Allahın əlində zaman da, məkan da nədir ki...
Dəli bir eşq onun könlünə ilan kimi sarılmışdı. Yollar qapı kimi qapanmış, nəfəs kimi tıxanmışdı. Nə sağa, nə sola, nə irəliyə, nə geriyə yol yox idi. Heç əzəldən olmamış kimi.
Tək bir yol var idi: səma yolu, göylər, göylər və yenə göylər. Onu göylər çağırırdı. Onu sevgilisi göyün hansı qatındaysa min il idi ki, səbirsizliklə gözləyirdi. Allah ona uçmağı öyrətdi, sevgini öyrətdiyi kimi sevə-sevə öyrətdi.
Sən uçdun. Uçduqca uçdun. Torpaq üstə yeridiyin günlərə o qədər heyrət etdin ki, özünün özünə yazığın gəldi. Uçmadığın üçün, uça bilmədiyin üçün keçmişinə rəhmin gəldi. Yetim körpə kimi keçmişini bağrına basıb ağlamaq istədin. Keçmiş əlindən balıq kimi sürüşüb düşür. Qara paltar sabunu kimi əlindən qaçıb yaxındakı uzaqlara gedirdi.
Uçurdun və özünü dünyanın ən xoşbəxti sayırdın.
Yerimirdin, uçurdun və ucalardan baxıb alçaqları, kiçikləri, yerdəkiləri görürdün.
Xoşbəxtliyin adı nədir, ilahi?! Bunu düşünməyə-düşünməyə, düşünməməyin içində duya-duya uçurdun. Heç ağlının ucuna da gəlmirdi ki, adına şərti olaraq xoşbəxtlik deyilən bu meyxoşluq, rahatlıq, çəkisizlik onu daş kimi ağır, qərtran kimi zil qara, dilsiz-ağızsız dərd onu elə həsrətlə gözləyir ki, bir anlıq uçmağı, ucalığı, çəkisizliyi unutdu. Xoşbəxtliklə bədbəxtliyin bir gerçəyin iki üzü olduğunu anladı. Və hiss etdi ki, onun azadlığı o gözəl xoşbəxtliyin içində deyil, o iyrənc, ağır, çəkilməz, izahedilməz bədbəxtliyin içindədir.
Onun həyatı xoşbəxtlikdən görünən, sevilən, bədbəxtlikdən də uzaq olmayan ikiüzlü bir uçurumdur. Həyat onun üçün xoşbəxt görünüb bədbəxt olmaq üçün verilmiş zəhərli şərbətdən başqa bir şey deyildi.
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ




Bu yazı ( 467 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar