12px14px16px18px

Mirzə Fətəli Axundzadə: Qərb mədəniyyətləri sintezi, yenilik hərəkatları, inqilab və ziddiyyətlər

Kamil VƏLİ
03:56 / 04.02.2012

Mirzə Fətəli Axundzadə haqqında söz
 
 
“Və məndən ancaq əndazə və nümunə
göstərmək idi və baniyi-kar olmaq”
(M.F.Axundzadə)
 
Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...
Yazı akademik düşüncə ilə essə üslubunun qovşağında yazılmış, elmi araşdırma ilə ədəbi-fəlsəfi düşüncənin bir-birini tamamlamasına çalışılmışdır.
Bugünkü Türkiyədə və Azərbaycanda aktual olan ateizm və dindarlıq, dini inanç və fəlsəfə , mövhumat, cəhalət və dünyəvilik və dini rejim kimi məsələlərə münasibət baxımından da ayrı-ayrı ciddi məsələlərə münasibət bildirilmişdir.
Bu yazını ziddiyyətli dahi haqqında ziddiyyətli bir adamın yazısı kimi də oxuya bilərsiniz, sevgi və nifrət elegiyası kimi də. Fərq etməz. Söhbət yalnız dəyərləndirməkdən və təhlil, tənqid etməkdən deyil, 200 il əvvəl baş verənlərdən və 200 il sonra baş verəcəklərdən, düşüncə burulğanının sonsuzluğundan, tarixin seçim yollarından, insanın, millətin və dünyanın taleyindən gedir. Görsək də, görməsək də, inansaq da, inanmasaq da.
80-ci illərin əvvəllində M.F.Axundzadə haqqında iki məqalə yazmışam. O illərdə ən yeni ədəbiyyat uğrunda mücadilədə Mirzə Fətəli məktəbini (Mirzə Cəlil, M.Ə.Sabir, H.Üzeyir bəy, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə...) maarifçiliyin, demokratizmin, yeni ədəbiyyatın təməli olaraq aldığımız üçün ayrı-ayrı yazılarda, Mirzə Fətəliyə istinad etmiş, onun elmi və bədii düşüncələrindən çox bəhrələnmişəm.
Bu yazı bir növ o qeydlərin davamı və bəlkə də sonudur. Əlbəttə, Mirzə Fətəli yaradıcılığı bir yazıya sığacaq və ya tükənəcək qədər hüdudlu deyil. Bu mənada Mirzə Fətəli haqqında düşüncələr nisbi mənada bitə bilər. Çünki Mirzə Fətəli həmişəyaşardır. O, hər zamankı kimi bugün də öyrədir, öyrənir, düşünür və düşündürür.
Həyatım boyu çox dinsiz tanıdım, inanan qatil də gördüm, imansız molla ilə, əliəyri, vicdansız namaz qılan da. Allahsızları oxudum, söhbətlər etdim. Keçirdiyim ilk hiss onlara qəzəblənmək, nifrət oldu. Bir az keçdi Allahsızlığı və yalançı “Allahlılığı” dərk etməyə çalışdım. Səmimi Allahsızla, səmimi olmayan dindarı ayırd etməyə cəhd etdim. İmanı, məzhəbi, şəriəti, təriqəti, məərifəti, həqiqəti öyrənməyə, özüm üçün aydınlaşdırmağa çalışdım. Qəzalini, Əl-Ərəbini, Mövlananı, Füzulini oxudum. Renessansı və Avropa maarifçilərini anlamağa cəhd etdim və çox şey də anladım. Tövratı, İncili, Quranı həm inanan və həm də inanmayanların önyarqısı ilə oxudum, haqqın yolunu tapmağa çalışdım. İdrak yolunda o Allahsızlara və yalançı Allahlılara yazığım gəldi.
Deyə bilərsiniz ki, Allahsızların da Allahlılara yazığı gəlir. Haqlısınız. Sən avama nə qədər nifrət edirsənsə, avam onun on qatı sənə nifrət edir. Kimi isə mühakimə etmək istəmirəm. Özünütəsdiq, axına qarşı üzmək, fərqlilik duyğularını da anlayıram. Səmimi dinsizləri də dərk etməyə çalışıram. Allah və insan araşdırmasını elmi və bədii müstəvidə gerçəkləşdirən dahilərin elmi və bədii araşdırmalarından çox şey öyrəndiyimi söyləməyə borcluyam. Bu mənada özəlliklə, Qəzalidən, Füzulidən, Dostoyevskidən çox şey öyrəndim.
Bütün bu təcrübə mənim Mirzə Fətəliyə yenidən üz tutmağıma rəvac verdi. Dinlinin dininə, dinsizin dinsizliyinə sayqı ilə düşüncələrimi qələmə almaq yeni nəslin inanc araşdırmalarına işıq tutmaq, dinsizliklə dini, fanatizm və cəhalətlə din fəlsəfəsinin nə qədər uzaq olduğunun üzərində dayanmaq istədim. Yeni nəslin arayışlarına, axtarışlarına Mirzə Fətəli mövqeyindən aydınlıq gətirilməsini faydalı bildim. Vicdan və din azadlığı kontekstində tarixlə, tarixi şəxsiyyətlərlə söhbəti üz tutduğum gənclər üçün vacib bildim.
Bu yazını həm də gedənlərlə gələnlərin, əbədi dəyərlərlə zamanı bağlı keçici dəyərlərin dialoqu kimi də oxuya bilərsiniz. Hər kəs istədiyi hər şeyi qəbul etməkdə və əlbəttə ki, qəbul etməməkdə azaddır, oxucum.
...Göydə ulduz olmayanda ürəyim nəhayətsiz dərəcədə sıxılır. Göydə ulduz olmayanda özümü hədsiz bir tənhalıq, yalqızlıq içində hiss edirəm. Göydə ulduz olmayanda elə bilirəm ki, Allah məni görmür, eşitmir, dinləmir.
...Bir millət, bir Vətən ikiyə ayrıldıqdan sonra dünyanın xəritəsi də, insanı da büsbütün dəyişdi. Modern adlanan yeni çağ dünyaya başqa bir baxış, fərqli bir düşüncə gətirmişdi. Dünya başqa bir dünya olmağa başladığı bu vaxtda yer üzünə gələnlərdən biri də Mirzə Fətəli idi – Mirzə Fətəli Axundzadə.
Bəzən həyatda elə təsadüflər olur ki, (təsadüfmü?!), o təsadüf insanın taleyini dəyişir, ona tamam başqa yön, istiqamət vermiş olur.
Balaca Fətəlinin Güney Azərbaycanın Xamnə bölgəsindən, atasından ayrılıb, anası ilə Quzeyə – Şəkiyə gəlməsi qəzavü-qədərin cilvəsi idi. Mən İran üçün Şərq istibdadı, dini-fanatizm ölkəsi kəlmələrini işlətmək istəmirəm. Trafaretləşmiş bu basmaqəlib kəlmələr bir az siyasət, bir az da önyarqı qoxuduğu üçün bu kəlmələri işlətməyəcəyəm və ya çox az işlətməyə çalışacağam. 
Kəlmələr də uşaq kimidir. Hansı mühitə, zamana düşürsə, onun valideyni də o mühit, zaman olur.
O zamanın Xamnəsi ilə Şəkisi arasında tarix, mənəviyyat, mədəniyyət fərqi o qədər də böyük deyildi, sərhəd-filan da indiki sərhədlərdən deyildi. Fəqət tarixən bir yurdun iki yöndə gələcəyi var idi ki, o zaman doğulan uşaqlar bu yolların fərqsizliyindən dəhşətli dərəcədə böyük fərqin olacağını bilmədən, dərk etmədən onu yaratmalı, qurmalı idilər.
Bir şeyi yaratmaq,  qurmaq Allahın verdiyi missiyadır. Sonralar Mirzə Fətəli bu missiyanı Allahın deyil, zamanın, şəraitin, şərtlərin verdiyi qənaətinə gələcək.
Amma hələ o zamana xeyli var və balaca Fətəli böyük olmaq üçün dayısı Hacı Ələsgərin dizinin dibində oturub Sədini oxuyur, Quranı öyrənməyə, əzbərləməyə çalışır, ərəb-fars dünyasının bağlı qapılarını açmaq üçün açar arayır,  idrak dənizindəki sularda çırpınırdı. Atasız böyümək hər bir uşaqda böyük bir kompleksin içində çırpınmaq deməkdi. Dayısı Hacı Ələsgərin atalıq qayğısı atanı əvəz etmirdi. O, Fətəlinin doğma süd qohumu, daha çox müəllimi idi. Hacı, bacısı oğlunun simasında böyük bir din alimi yetişdirmək istəyirdi.
Sən saydığını say, gör fələk nə sayır, ay Hacı Ələsgər kişi... Sən haradan biləydin ki, bu sarışın uşaq öyrətdiyin əlifbanın, ehkamların, nəsihətlərin barışmaz düşməni olacaq. Sənin açdığın qapıdan dünyaya girməyəcək, bu dünyaya heyrətlə baxan uşaq. Bu uşağı anası Gündoğanda, Şərqdə doğub, ancaq onun fikir qisməti Günbatandaymış. Şərqdə doğulub, Qərb təfəkkürü yolu tutmaq da bir qisməti-ilahidir. Orta əsrlərdə Batı ilə Doğu yer dəyişdirdi. İbn Sina, Fərabi, İbn Rüşd Batıya köçüb Batılı oldu, onların yerini cəhalət tutdu. Xaçlı yürüşləri ilə Kopernikləri, Qalileyləri edama, həbsə məhkum edənlər Rafael oldu, da Vinçi oldu, Şekspir oldu. Bu sürəc 4-5 əsr içində tamamlanmağa doğru getdi. Müsəlman renessansının, Quran elminin, fəlsəfəsinin yerini Batı renessansı, insan mərkəzli düşüncə tutdu. Hegel Şərqin böyüklüyü qarşısında diz çöküb səcdə edəndə, cəhalətin tüstüsü Şərqi bürüyəndə kəşf edilən kəsif qoxulu buxar maşını dünyaya başqa bir yön – istiqamət verdi.
Modern çağ renessansın çiyinləri üstə yarandı. Batı fəlsəfəsi, siyasi, iqtisadi texnologiyası, ədəbiyyatı, mədəniyyəti yüksəldikcə Osmanlı imperiyası çöküşə doğru gedir, Şərq sömürü meydanına çevrilirdi. “Tüfəng çıxmış, mərdlik bitmiş”, yeni dünya yaranmağa başlamışdı. Çağdaş Avropanı qurub yaradan Adam Smitlər, Dürkhaymlar, Kantlar, Hegellər, Nyutonlar, Erazmlar, Napoleonlar, Volterlər, Didrolar, Molyerlər, Balzaklar, Dikkenslər, Tolstoylar, Dostoyevskilər... yeni Avropanın, “yengi dünya” adlanan Amerikanın memarı olaraq ortaya çıxanda feodal hərc-mərcliyi içində çarpışan, bir-birini yeyən Şərq yaddaşını qeyb edir, mövhumat ehkam, cəhalət, fanatizm içində boğulmaya başlayırdı.
Şərqin örnək kimi Qərbə üz tutması, Qərbin model kimi Şərqə gəlməyə başlaması daha acı fəsadları yetişdirirdi. Şərqin gələnəyi içində hazırlanmamış formatlar ictimai-siyasi həyatda da, elmdə və sənətdə də, düşüncə həyatında da böyük ziddiyyətlər doğurmağa başlayırdı...
Azərbaycan türkü Mirzə Fətəli bu ziddiyyətlərin insan şəklindəki ən böyük və canlı ifadəsidir. Mirzə Fətəlinin Gülüstandan, Bustandan, Qurandan başlayan yolunun Volterə, Didroya, Monteyə, Molyerə... gəlməsi həm çox təbii, həm də çox qeyri-təbii sürəcin ifadəsiydi. İnsanın ata-anası ilə bərabər həm də öz zamanının övladı olmasının canlı ifadələrindən biri də yenə Mirzə Fətəlidir. Demokratiya, inqilab, rasionalizm... kimi dəyərlər Vətən, zaman və zəmin tanımayan qavramlardır.
...Mirzə Fətəlinin Şərq ədəbiyyatında ən çox bəyəndiyi şəxsiyyət Mövlanadır. Hegelin də vurğunu olduğu Mövlana fəlsəfəsi ilk növbədə Qurana söykənir. Mövlananın söykəndiyi xalq təfəkkürü, xalq ədəbiyyatı da çox böyük bir qaynaqdır. “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”- deyən Mövlananın fəlsəfi düşüncəni şeirin, hekayətin, ibrətli kəlamın içində ifadə etməsi Şərq fəlsəfəsi yoludur. Bunu Qərb fəlsəfəsinin etiraz və qəbul etməsi zərurətdir. Çünki ağlın yolu birdir. Quran.
Mövlananın din və özəlliklə Quran hermenevtikası ilahi varlığın və gerçək dünyanın ən gözəl dini-fəlsəfi yorumlarından biridir.
Qurana qarşı olan Mirzə Fətəlinin Mövlana sevgisi və təqdiri də bir paradoksdur. İnqilabçı Mirzə Fətəli ilə mütəfəkkir Mirzə Fətəlinin fərqi də elə bundadır.
Xalqın mənəviyyat tarixi göy üzünü andırır, böyük və ucsuz-bucaqsız boşluğun hüdudu, mənzərəsi xalqın içindən çıxan övladlarıdır. Dünyaya gəlib-gedən, əməlləri ilə yandırdıqları işıqla göy üzündə xalqın ruhu kimi yaşayan bu ulduzlar həmişə xalqladır, bizimlədir, mənimlədir. Hər nə dağılarsa-dağılsın, işığının bir ucu mənim və hamının ürəyində olan ulduzlar göydədirsə, demək, dünya yerindədir, dünyanın nizamı pozulmayıb, demək, dünya ulduzların üzünə hələ yaşayır.
Göy üzünün ulduzlarından biri də sübh ulduzumuz, xalqının tale ulduzu Mirzə Fətəli Axundzadədir. Hələ Mirzə Fətəli doğulmamış tarix onun üçün kifayət qədər ağır ziddiyyətlər, barışmaz qüvvələr, mürəkkəb vəziyyətlər doğurmuşdu. O, dünyaya göz açmamış, onun dağlar qədər dərdi, ələmi dünyaya göz açmışdı.
Mirzə Fətəli haqqında danışmaq xalqın tarixinin elə bir dövrünə qayıtmaqdır ki, o dövr haqqında bütün nəsillər öz sözünü demiş və deyəcəkdir. Hər nəslin özünüidarə, özünütanıma, tarixə qayıtmaq və özünü diriltmək, yaşatmaq ehtirası var. Və hər nəsil Mirzə Fətəlidəki dərinliklərə gedib çıxan qatları öyrəndikcə, dərk etdikcə öz duyumunu, öz tapıntısını, öz Mirzə Fətəlisini təqdim edəcək.
Bu mənada Mirzə Fətəlinin həyatı və yaradıcılığı öz tərcümeyi-halından çox-çox genişdir, xalqın tarixi inkişafının bütöv bir mərhələsidir.
Ancaq Mirzə Cəlil demişkən, “Mirzə Fətəli Axundovun barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.
Mirzə Fətəli Axundovun barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.
Mirzə Fətəliyə böyük bir sayqının, müqəddəs bir ehtiramın ifadəsi olan bu sözləri oxuyanda inandım ki, Mirzə Fətəli haqqında onun özunə layiq sözü biz hələ deməmişik. Ümid var, gələcək nəsil bu sözü desin, necə lazımsa, necə layiqsə elə desin.   
(Ardı var)
Kamil VƏLİ
 



Bu yazı ( 395 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar