12px14px16px18px

SƏS

KAMİL VƏLİ
01:28 / 29.01.2011


(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr
(Əvvəli ötən şənbə saylarımızda)

İSAQ KİŞİ
“Sən müğənnilər üçün müğənnisən” – dedi son görüşümüzdə İsaq müəllim mənə. Sonra əlavə etdi: “Oğlum mən həyatı ədəbiyyatdan yaxşı bilirəm. Çünki həyat adamıyam. Savaşda olmuşam, müxtəlif yerlərdə işləmişəm, kasıb ailədən çıxdığım üçün həyatın dibində yaşayanları da, orta firqəni də, qulluqçu deyilən zümrəni də, ziyalıları, xüsusilə yaradıcı ziyalıları yaxşı tanıyıram. Keyf əhlini də, dərd əhlini də yaxşı tanıyıram. Amma bütün bunlarla bərabər mən ədəbiyyat adamıyam. Çexovun “Qara rahib”ini, Dostoyevskinin “Netoçka Nezvonava”sını tərcümə edəndən sonra ikinci həyat – sənət həyatı mənim üçün önəmli olmuşdur. Yazıçılar da iki yerə ayrılır: xalq üçün yazanlar, yazıçılar üçün yazanlar, başqa sözlə şairlər və şairlərin şairi.
Məsələn, rus ədəbiyyatında Tütçev, Mandelştam şairlərin şairidir. Bizdə Müşfiqi şairlər şairi sayıram. Cavanlar arasında sənin də tanıdığın Vaqif Cəbrayılzadə də şairlər şairidir. Bu başqa bir şeydir. Mən sənin də müğənnilər müğənnisi olacağına əminəm. Sənin ifanda yeni məktəbin, sənət üçün sənətin cizgilərini görürəm. Bu böyük və ağır məsuliyyətdir. Hər xalın, hər bədahətin hesabı sorulacaq, arası kəsilməyən müzakirələr, fikir toqquşmaları olacaq. Bunlar olsun. Olmağı da yaxşıdır. Axmaz sular tez qoxuyar. Bu hərəkət, arayış, təzə-təzə düşüncələrə, yollara, ölçülərə, biçilərə aparacaq. Köhnə təslim olmayacaq, yeni özünə yol arayacaq.
Sütunlar həmişə vacibdir. Amma sütunların sökülməyi, dəyişməyi bu bir gerçəyin ifadəsidir. İnkar həmişə yeni deyil. Sənətdə adamlar deyil, sənətin örnəkləri mübarizə aparır. Bu meydan başqa meydandır. Allah sənə lazım olan hər şeyi verib. Vergin var, ruhun var, təmizliyin var, zəhməti sevirsən... Amma bunlar yetərli deyil. Missiyası olan bəndələr ayrı həyat yaşayır. Bu həyatın əzablarına qatlaşmaq, bəzən elə bu meydanda şəhid olmaq, onun taleyi olur. Sən Azərbaycan muğamlarını başdan-başa oxudun. Mütləq proqramın bitdi. İndi sən nisbi olan, sütunları yaralayan, dağıdan, yeni biçim, yeni üfiq sorağındasan. Nə qədər müvəffəq olacaqsan, deyə bilmərəm, onu Allah bilir. Sənin yalnız Azərbaycan muğamı ilə deyil, bütün dünya ifa sənəti ilə bağlı borcun var. Bu borc səni qoşa qanadlı mələk kimi, iki metrlik qara torpaq kimi gözləyir. Yolun açıq olsun. Allah kölgəsi üstündə olsun!”
Bu sözləri kəlmə-kəlmə xatırlayıram və anladığım, anlaya bilməkdə çətinlik çəkdiyim məqamları açmaq, dartışmaq istəyirəm. bəlkə də mən bir hörümçək həyat yaşayıram və nə toxuduğumu bilmirəm. Açılan çiçəyəm, bitən otam, axan suyam. Gecələr dərdini 14 gecəlik aya danışan təzəcə çiçəklənmiş güləbrişin ağacıyam. Günəşdən qızarmış qayayam, çöldə yovşan koluyam, gecələr müqəddəs ocaqda sürünə-sürünə Allaha duasını eləyən ilanam, gözü hələ açılmamış bülbül balasıyam, dünyayam, göylərəm, zərrəyəm, külləm və bütün bunları təsdiq edən səsəm.
Ehey-y-y-y....
Eşi-dir-sən-mi?
KƏPƏNƏK
Bu yaxınlarda meşə vəhşiləri haqqında bir sənədli filmə baxırdım. Nəhəng fillər, meşə hökmdarı aslanlar, zəhərli ilanlar, hiyləbaz tülkülər, güzəştsiz canavarların... mübhəm, qəribə və olduqca şəffaf, aydın həyatına heyran olmuşdum. Güc hökmdarlığında, filin, aslanın, ilanın... yanında qayğısız, qorxusuz-hürküsüz uçuşan alabəzək kəpənəklər bu meşənin ən azad canlıları idi. Şirin burnunun ucundan, filin xortumunun üstündən, ilanın başının ucundan meyxoş-meyxoş uçan kəpənəklər nədənsə mənə tarixin zülmətlərində süzülə-süzülə, süzə-süzə gələn muğamları xatırlatdı.
Kəpənək gücünün azadlıq, gözəllik olduğunu anladım.
Muğamların da bu azadlığın, gözəlliyin ifadəsi olmasına olduqca sevindim.
lll
İçimə sinib özüm-özümü ovlamaq istəyirəm. Özümü yox edib özümdən yenidən doğulmaq istəyirəm. Bu həyatı yenidən yaşamaq istəyirəm. Ağrısız, dəhşətsiz bir həyatı yaşamaq istəyirəm. İstəyirəm hamı kimi yeyim, içim, kef eləyib, saatlarca gəzim, günlük işlərdən başqa heç bir dərdim, qayğım olmasın... Bütün bunları düşünürəm və düşünə-düşünə özümə yazığım gəlir. Sonra istəyirəm ki, yaralarımı bağlayım. Özümü sevim, diz çöküb məni olduğum kimi yaradan Allaha dua edim, yalvarım, yaxarım.
Sənət üçün doğulanlardan xoşbəxt kim ola bilər ki? Oxumaq üçün dünyaya gəlmişəm, özümü, özümünküləri, oxumalıyam. Son nəfəsimə kimi səsin içində olmalıyam və səsin bağrında da ölməliyəm...
XALÇA DİLİ
Bəlkə də dünyanın dili yoxdur, ona dili insan verir. Dünyanı insan danışdırır. Tütəyə, saza, neyə, tara... da dil verib danışdıran insan nəfəsidir. Allah bizə bir nəfəs qədər yaxındırsa, bu nəfəs elə səsin özüdür. Susan, danışmayan, oxumayan adam üçün nəfəs, bir ahdır, sözə, səsə gəlməyən intəhasızlıqdır. Səsə, sözə çevrilən nəfəs daşın içində gizlənmiş heykəldir, mənəvi olanın maddiləşməsi, dirilməsi, intəha qazanması və ikinci həyata qədəm basmasıdır. Çox zaman xalçaya dönmüş musiqi deyirlər. “Neyləyim, bu dəryanın kənarı yoxdur yox” deyib fəğan edən şair nəfəsi 6 sözə, bir cümləyə çevirib. Bu bir cümlənin dediyini musiqi – muğam könül yanğınına, qəlb tufanına çevirir.
lll
Xalça səsin şəklidir. Səsdən söz yaranır. Sözün şəkli damğadır, hərfdir, əlifbadır. Səsi, sözü Allah yaradıb, damğanı, yazını, əlifbanı – insan.
Naxışları, rəngləri, ornamentləri səsə çevirsən, eşidəcəyin aləmin adı muğamdır. Muğamın içindəki miniatürü görməyən qəflətdədir.
Dünyanın bütün böyük şairləri sözlərini, misralarını səsə hesablayıblar. Homer dənizin səsini, ərəb şairləri gecələrin sərinliyində səhrada ağır-ağır irəliləyən dəvə karvanını, qum üzərindəki aram dolu ayaq səsini, türk ustadları at yürüşünü, akınları, farsın sözünü yaradanlar şirin nərəsini, gözəlin ahını... sözə çevirənlərdir...
Səsdən baxanda dünyadakı bütün şeirlər doğmadır, birtəməllidir, universal qanunauyğunluq içindədir. Yeni səsdən baxanda Mevlanə da, Şekspir də, Füzuli də, Yunis İmrə də, Puşkin də, Rustaveli də, Müşfiq də... bir-birinə doğmadır, bir bütün, bir ruh, bir candır.
lll
Gözlədi, gözlədi yaz gəlmədi, özü getdi yaza
Bülbül üşüdü gəldi,
Dərdə tuşudu gəldi.
Bülbül gül havasına
Hələ qış idi gəldi...
O bülbül kimi mən də gül həsrətlisiyəm. Payız uzanır, qış da bitmir ki, bitmir. Daha səbrim tükəndi yaza getməsəm ölərəm, bağrım çatlar. Qoy məni şaxta vursun, boran vursun, don vursun. Yar yolunda, gül yolunda ölmək də bir savabdır. Əslində məni düşündürən ölmək deyil, gülə yetişmək, onun qarşısında diz çöküb “Mənsuriyyə” dilində onsuz yaşaya bilməyəcəyimi, onunla bu fani dünyada var ola biləcəyimi zikr etməkdir.
Bunun adı fənafillahdır – Allahda yox olub getməkdir... Uzaq ellərdən gülün qoxusu gəlir, Allahım...
YALNIZLIĞIN SƏSİ
Dünyada hər şey öz yaradanına bənzəyir. Təbii ki, yaradılan da yaradanın övladıdır.
Bu iç-içə bağlılıq, muğam sənəti üçün də doğrudur. Azərbaycan xalqı öz yaratdığı muğamlara bənzədiyi kimi muğamlarımız da onları yaradan xalqın bənzəridir. Bizim gücümüz də, gücsüzlüyümüz də, gözəlliyimiz də, çirkinliyimiz də, həssasiyyətimiz də, duymazlığımız da, mücadiləmiz də, ağlayıb sızlamağımız da muğamlarda rəsm olunub. İnsanın xisləti, temperamenti, xarakteri təbiətin mövsümləri kimidir – baharıyla, yayıyla, payızıyla, qışıyla. Və hər xislətin – mövsümün öz səsi var. Muğamın şöbələri, keçidləri, bəmi, zili bu mövsümlərin zaman və zəmindəki addımlarıdır.
lll
Bir dəfə məni baletə dəvət etmişdilər. Gənc idim, bir az baletlə mənim aramda məsafə var idi, bir az da kompleks. Bir az keçəndən sonra orkestrin ehtişamı içində çılğın, titrək səslər eşitdim. İnsan səsi olmayan səhnədən eşqin, ayrılığın, təmasın ifadəsi olan hərəkətlər, plastika, xoreoqrafik təfərrüat və sürət mənim beynimdə adekvat səs biçiminə çevrilmiş və mən o hərəkət dilini səs dilinə tərcümə etmişdim. Xatırladım ki, akvariumda səssiz-səmirsiz üzüşən rəngarəng balıqlar da məndə eyni hissi, təəssüratı oyatmışdı: mən balıqların səslərini, pıçıltılarını, hayqırışlarını duymuşdum.
Kökü bir qaynaqdan gələn sənətin, özünüifadənin, ünsiyyət zənginliyinin ortaq ritual təməl keçidləri təbii həssaslığın, dalmağın, qapılmağın bu keçid qapılarını insanın üzünə açması doğaldır.
ƏZAN
Muğam ifasında müşayiət başlı-başına böyük bir məsələdir. Musiqi alətləri ifaçı üçün o qədər önəmlidir ki, hətta ifaçı ilə müşayiəti ayırmaq belə olduqca çətindir.
...Bir dəfə filarmoniyada bir gecəyə dəvətliydim. Bir az xəstəhal idim və mənə də söz vermək istəyəndə xəstə olduğumu söyləyib üzr istədim. Az keçəndən sonra yavaş-yavaş qalxıb çıxışa yönəldim ki, evə gedim. Elə qapıdan çıxırdım ki, gözüm asqıda bir qavala sataşdı. Kimsə qoymuşdu ki, çıxanda götürsün. Eləmədim tənbəllik içimdəki marağın fitvası ilə qavalı əlimə aldım və vurdum. Bir də gördüm ki, səhnədəyəm və oxuyuram. Vəcd məni nə zaman səhnəyə çıxarıb, nə oxumuşam, necə oxumuşam – xatırlamıram. Xatırladığım qavala ilk təmasımdır.
Amma bir də müşayiətsiz ifa da var ki, onun ən bariz örnəyi əzandır, Quran qiraəti, ümumən İslam musiqisinin önəmli bir hissəsi müşayiət istəməz.
Açığını deyim ki, bəzən mən də müşayiətsiz oxumaq istəyirəm. Öz səsimdən başqa hər şey mənə mane olur. Allaha təkcə, təkbaşına imtahan vermək istəyirəm.
İfanın fasilələri musiqi ilə dolmadığı üçün dəhşətli bir duyğu yaradır.
Əzan cəmi 5-6 cümlədir və yalnız səs ifası var.
Amma mən dünyada əzan qədər duyumal, təsirli, müqəddəs musiqi tanımıram.
Müşayiətin rolunu, əhəmiyyətini kimsə inkar edə bilməz.
Müşayiətsiz musiqinin öz yeri, məqamı və missiyası var.
Məsələn, rəhmətlik Hacıbaba müəllim müşayiətsiz gözəl oxuyardı.
Qədir Rüstəmova Əhsən Dadaşov müşayiəti misilsizdir. Amma Qədirin müşayiətsiz ifasını eşidənlər o zövqü başqa heç nədən, heç bir yerdən ala bilməz.
lll
Kainatın harmoniyası və təbiətin titrəşimi mənim ilk səs müəllimim olub. Səs olan, səsə çevrilən hər şeyi dinləməyə, başa düşməyə başladıqdan sonra dünyada hər şey dəyişdi. Təbiətə qovuşdum və mən özüm də səs oldum, səsin bir parçası oldum. Söz olmazdan əvvəl səs var idi. Sözün qurtardığı yerdə yenidən səs başlayırsa biz səslə doğuluruq, səslə məhəbbəti tapırıq, səslə dünyaya əlvida deyirik, səslə Allaha qovuşuruq.
Bəlkə Bethovenin qulaqları dünyaya qapatıb, bağlayıb özünü dinləməsə idi, dünyada 9-cu simfoniya da olmayacaqdı.
Üzeyir bəyin Şuşadan yığıb bağrında gizlətdiyi o möcüzə dolu səslər olmasaydı “Leyli və Məcnun” da olmazdı.
Səs haqqında düşünmək xoşbəxtlik olduğu qədər də bədbəxtlikdir. Mən bədbəxtliyi seçdim. Çünki mənim bu dünyada axtardıqlarımın hamısı orada idi.
lll
Səsim də mənim övladımdır. Mən bu övladın əzabını-əziyyətini çəkməyə məhkumam.
O məni dərdləndirir, sevindirir, ağladır, güldürür.
Səsimin doğulmağı, böyütməyi, özünü təsdiq etməyi günbəgün yadımdadır.
Səs elə mənim yaddaşımdır. O yaddaşdan bir kərpiç, bir övlad qopsa hər şey bitəcək və dünyaya zülmət çökəcək.
lll
Kainata qovuşduğum anda, özümü Allahın haləsində olduğumu bilən məqamda bir də ayılıb görürəm ki, hökmdar deyilən bir cahilin ovcundayam. Və dəqiq hiss edirəm ki, o mənə həşərat kimi baxır. İstədiyi zaman ovcunu sıxıb məni xurd-xəşil edə bilməsi ona sonsuz zövq verir. Mənim çəlimsiz varlığım ona gülməli gəlir. Göyərçinin uçmağına nifrət edən koramal kimi anlaya bilmirlər ki, axı göyərçin niyə uça bilir. Və bunu anlamırlar ki, onlar heç vaxt uça bilməyəcəklər.
Barmaqsız və soyuq əllərində göyərçinin ala gözlərinə baxa-baxa onu divara çırpmaq istəyirlər və çırpırlar. İstəyəndə göyərçinin ağappaq üzünə tüpürə bilirlər və tüpürürlər.
Dərk etmədikləri, anlamadıqları göyərçin taleyin qəhqəhəsi kimi hökmdarın üzünə çırpılır və onun yoxluğunu, heçnəliyini təsdiq edir.
Səsin dünyası içində bir toz belə olmayan bu varlığın işıqsız, nursuz sifəti məni qorxutduğu qədər də iyrəndirir.
Günlük güc, keçici qüdrət, öləri dəbdəbə əbədi həyatın, gözəlliyin yanında nəkarədir ki...
(Ardı gələn şənbə sayımızda)
KAMİL VƏLİ




Bu yazı ( 461 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar