12px14px16px18px

SƏS

KAMİL VƏLİ
00:41 / 26.02.2011
 
(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli düşüncələr          (Əvvəli ötən şənbə saylarımızda)
Hər şeyə şübhə edirəm – Allahdan başqa, hər şeydən razıyam – başda Allah olmaqla. Mən insani-kamil deyiləm, fəqət bu böyük yolun yolçusuyam. Bu yolun sonuna gedəcəyəm, getməyəcəyəm, bilmirəm. Bu, Allah qismətidir. Versə də, verməsə də haqq onundur.
Heç “mən” demədim, təvazö libası geydim. Maddi olana tapınmadım. Qismətimlə kifayət etdim. Kamal-əhli ilə durub oturmağa çalışdım. Hər kəsi bütə çevirmədim. Hz. Əli uşaqkən Məhəmmədin əmri ilə onun çiyninə çıxıb camidəki bütləri qırır. O, illər sonra insanın içindəki bütləri Allahın lütfü ilə yaratdığı elmlə-fəlsəfə ilə qırıb dağıtdı.
ALİM QASIMOV – İNSAN,
SƏNƏT, DÜNYA HAQQINDA DÜŞÜNCƏLƏR
“Səs insanın xasiyyətini, xarakterini güzgü kimi göstərir”. Bu sözləri çox-çox illər bundan qabaq bir dostum söyləyib.
Əlbəttə, bu söz bütün insanlara – danışanlara aiddir. Amma mənim haqqında söhbət açmaq istədiyim səs adi səs deyil, müğənni səsidir, oxuyan insan səsidir.
Bu səs Alim Qasımovun səsidir. Mən Alim haqqında, onun səsi və sənəti haqqında danışanda səs haqqında, oxuyan insan səsi haqqında bildiklərim, duyduqlarım fikrimdə vərəq-vərəq çevrilib və balaca radiomuzda uzaq, tənha Cəbrayılda eşitdiyim səslər bədənimdə, qanımda iynə-iynə gəzir.
Qonşumuz Həqiqətin, bacısı 10-12 yaşlı Yaqutun səsi, “Qazamat istidir, yata bilmirəm” deyən, hamını ağladan Zalxa Rüstəmovanın səsi, bizim yerlərin ürəyimdə ağrı-acı qəmi qalan dağlarının, daşının, suyunun, ağacının gücündə oxuyan Ağabala kişinin “Zabul-Segah”ı, ona Arazın o tayından hər gün saat 12-yə 15 dəqiqə qalmış əks-səda verən Mustafa Payanın səsi.
Sonra balaca radiomuzda nalə kimi titrəyən Rübabənin səsi, Yaqubun, Rəşidin, Bülbülün səsi...
Qədir Rüstəmovun dünyanın bu başından o başına, işıqdan qaranlığa, ölçüdən ölçüsüzlüyə, var olandan yox olana uzanan zülmət rəngli məchul səsi...
Hər hansı bir hekayə olan Zəki Mürenin səsi, mələklərin ünsiyyətini xatırladan Əməl Sayının səsi.
Və bu səslərin içində Alimin səsi. Bu səslərin davamı olan Alimin səsi.
Alimin səsi vəcdin, bayğınlığın, özünü unudub şüurundan o tərəfə olanlara qovuşmanın səsidir.
Alimin oxumalarında bir məqam gəlir ki, fiziki-bioloji şəkildə hiss edirsən, duyursan və varından yox olursan.
Hələ sənin üçün var olan gücün, gerçək olan fikrin, sözün sənin ixtiyarından çıxıb başqa bir anlamadığın, dərk etmədiyin varlığın gücünə, fikrinə, sözünə çevrilir. Hiss edirsən ki, o səs gözünü bağlayıb öz dünyasındakılardan söhbət aça-aça səni də oralara aparıb. Sən dünyanın, o zamanın, o məkanın adamısan. Özündə deyil, oralısan, oranın vətəndaşısan.
O səs sənin xatirəndir. Ancaq bu xatirə-hadisələr insanlarla deyil. Bu xatirə yaz günü ilk dəfə qoxladığım bənövşənin xatirəsidir. İtkin düşən oğlunu gözləyə-gözləyə ağlını itirib dəli olan Hüsnü arvadın xırıltılı qəhqəhəsinin səsidir. Bu səs qarşı dağa dəyib yenidən geri qayıdan Ağoğlan dağından Arazacan axıb gedir. Bu səs həm də yeniyetmə oğlunu şəhərə pulsuz-pənəsiz yola salan bir ananın “- Özündən muğayat ol, bala, Allahdan başqa heç kimimiz yoxdur, Allah səni qada-baladan qorusun” – səsidir.
Bütün bunları Alim bilirdi, ya bilmirdi – demək çətindir. Amma Alim çiynini sıxıb, gözlərini yumub qavalına qısılanda onun içindən qopan səs bütün bunları o qədər gözəl danışır ki, inanmaya bilmirsən, Alim bütün bunları sənin kimi, sənin yanında olub görür. Deyirlər, hər şey kimi dünyada səs də itmir. Bəlkə o səslər bir vəhy kimi Alimin səsində yaşamağa qismətli olub? Bəlkə Alimin səsi keçmiş, olmuş əhvalatların, insanların tarixi deyil, onların tarixidir, onların səsidir...
Alimin səsi vicdan səsi, vətən səsi kimidir. Hərdən mənə elə gəlir ki, bütün bunlar bəlkə heç olmayıb. Bəlkə o səslər də olmayıb.
Və ya bəlkə bütün bunlar yüz dəfə, min dəfə, yüz minlərlə, milyonlarla dəfə olub. Ey tək Allahım, nə yaxşı ki, Sən hər şeyə şahidsən. Sən olmayan yerdə şeytanın, iblisin etdiyini Sənə bu səslər xəbər verib. Bu səslər dünyanı dağılmaqdan qoruyub. Minlər, milyonlarla insanı, ananı, balanı qoruyub, yüzlərlə vətəni, milləti qoruyub. Bu səslər olmasa, nələr olarmış, İlahi. Şükür böyüklüyünə, böyük Tanrım. Çox şükür. Böyüklüyünə qurban olum.
Ermənilər Cəbrayılı alanda gecənin zülmətinə günahsız insanların qarğışı, nəhayətsiz, ölçüsüz əzabı, məşəqqəti, ağrısı, vida səsi, dua səsi, ölüm səsi qarışıb. Hər şey unudulur, səs qalır.
İŞIQ
...Alim danışır. Özündən, atasından, anasından, övladından, sənətindən.
Televizorda çox az danışan Alimi danışdıran aparıcı qız heç Alimin ruhundakı adam deyil. Sualın biri ala dağdan, o biri qara dağdan... Sensasiya, reytinq davasından çox uzaqda olan Alim öz səmimiyyətinə, öz ürəyinə sadiqdir. Əslində, aparıcı qızla yox, özü ilə danışır, Alim. İnsanın özündən yaxşı müsahibi kim ola bilər?
“Oxuyanda özümdən asılı olmayaraq gözümü yumuram, özümdən başqa heç kəsi görmürəm. Öz aləmimin, öz dünyamın qonağı oluram. Hərdən qaranlıq içində işıq görürəm. O işıq məni özünə çəkir, durmadan özünə çağırır. Bir dəfə o işığa doğru getdim. Çox yaxına getdim. Az qaldım ki, o işığa çatıb ona qovuşum. Sonra birdən üşəndim, öz-özümə dedim ki, ay zalım, hara gedirsən. Və geri döndüm. İndi dönməyimə peşmanam”.
O qaranlığın içindəki ölümdürmü, həyatdırmı, O, biri dünyanın başlanğıcı və ya bu dünyanın sonudurmu, deyə bilmərəm.
Amma hər kəsin gözünə görünməyən o işığın bir gün Alimi özü ilə aparacağını qəti bilirəm. Əslində, o işıq Alimi doğub. Həmin işıq da Alimi aparmalıdır. Oxuyanda, ucalanda, yerdən üzüləndə o işıq görünür. Olumun və ölümün özüdür o işıq.
lll
Alim qardaş, könül istər sənin səsinin işığına düşüb bir qərib məchul yola girsin.
Bu yolda ömür yolumuzun yol yoldaşlarından bir neçəsi haqqında söz demək fürsətini itirmək insafdan deyil.
Sənin “Cahargah”ın mənim yadıma mərhum dostum Vidadi Məmmədovu salır. O Vidadi ki, “Tərtər quruyub, mən necə yazım” deyib için-için ağlayırdı. Mən Tərtərə baxıb dünyanı duydum, yuxulu-yuxulu dörd bir yana baxıb ürəyimə dünyanı, insanları yığdım. Tərtərin üstündə bir qız sevdim. İndi Tərtər quruyub. Tərtərlə birgə addaşım, xatirələrim, varlığım quruyub. Bu dünya dərdinən doğulub. Ağabala Abdullayev oxuduğu gücdə yazmıramsa, niyə yazmalıyam?”
Bir gün dünyanın ən dərdli və dərdsiz insanı olan Vidadi o zamanlar qəbul imtahanlarının keçirildiyi avqustu nəzərdə tutaraq universitet müəllimi olan dostunu tələsən görüb “- Deyəsən avqustu gözləməyə səbrin çatmadı, özün avqusta gedirsən” deyib ürəkdən, kinsiz-xltslz güləndə onun gözlərindəki dibsiz, nəhayətsiz dərdi o qədər aydın gördüm ki, o aydınlıq həmişəlik yadımda qalıb. “ Məni də başqalarının xəcalətini çəkmək öldürəcək” – deyən Vidadi, Ağabalanın “Zabul”una, Qədirin “Sona bülbülləri”nə, Alimin muğamlarına qulaq asanda özündə olmurdu.
Handan-hana “ – Qardaş, Allah adama elə istedadlı edəydi ki, bu səsin gücündə yazaydı. İlahi, o səsin gedib qayıtdığı yerə çata biləydim” – deyirdi...
Alimin səsi mənim üçün türk şeirinin böyük səsi Ramiz Rövşənin görüşüdür. Alimin səsindəki insanın özünün o tayına hayqırışı nədənsə mənə hamıdan çox Ramizi xatırladır.
Ramiz də Alim kimi vaxtilə quş kimi qanadlı olub uçan adamların sonuncularındandır. Adamın uçmağı, əlbəttə ki, təyyarənin uçmağından fərqli bir şeydir. Adamın uçmağı yalnız məkanla-fəza ilə bağlı deyil. Bu uçuş zamanla məkanın, fəzanın birləşməsidir. Zamanda əriyən isə yalnız təbiətin oğlu deyil, o həm də Allahın seçdiyidir. Bu uçuşda Allahın insana lütf edib verdiyi çox şey var. Və Ramizin hər uçuşu yerə göndərilən vəhylərin səsidir. Bu səs nə deyir bizə? Bu səsin pıçıltıdan hayqırışa səslənən varlığında nələr var və ya nələr yoxdur? Bütün bunları söyləmək, xırdalamaq o qədər də asan deyil.
Muğamın mürəkkəb əlvanlığı ilə şeirin çoxqatlı, çoxlaylı zənginliyi bir ilahi başlanğıcda və bir ilahi sonluqda birləşib üs-üstə düşür.
Səslə sözün ilahi birliyi Füzulidən gələn birlikdədir.
Alim Ramizin birliyi haqqa canatmanın, içindən ucalmağın, Allaha doğru uçuşun birliyidir. Bu uçuşda zaman məkandır, məkan da zaman. Bu uçuş zərifliyin, incəliyin güc üzərindəki qələbəsidir.
Və nəhayət, Alimin səsində mənim gördüyüm insan əqidə mücahididir. Həyatını, varlığını millətin yolunda qurban qoyan böyük insan Əbülfəz ELÇİBƏYDİR. Alimin “Rast”ında çox şeylə yanaşı, bir dövlət əzəməti, bir milli qürur da yaşayır. Bu səs Vətən oğlunun səsidir. Bu səs azadlığa əsrlərcə susamış böyük bir xalqın səsidir. Alimin səsindəki həzinlik, qəriblik, dərd, kədər öz içinə qapanan millətin özünə tapınması, yığılmasıdır. “Rast”ın bu əzəmətini duymadan əqidə adamını anlamayacaqsan. Doğma balalarını elinin azadlığına qurban deyən böyük əzabkeş bu gündən çox-çox qabaqlara baxır. Baxdıqca çox şeyi görür. Gördükcə sevinir.
Milətin qanı hesabına qazanılan böyük Azadlığın özü kimi səslənir.
Bu böyük siyasi mücahidin sufi təbiəti, təmənnasız təmizliyi, zora sevgi cavabı Alimin səsindəki dupduru təmizliklə, şəlalə çağlayışı ilə səslənir.
Yenə də Alimin səsindəki etirafın poetik-fəlsəfi gücü, siqləti o siyasi mücahidin sınaq dolu ağır həyatının şəklidir, ideala həsr olunmuş insan ömrünün mənzərəsidir.
Tarixi ilə, insanı ilə, mübarizə yolu ilə, əzmi, qüdrəti ilə Azadlığa layiq olan Azərbaycan xalqının müstəqil dövlətçilik yolunun canlı mücəssəməsi olan mücahidin ağır, şərəfli həyatı Alimin oxuduğu bütöv bir muğam kimi dərin, anlamlı və ibrətamizdir.
Sevgisi xalqının Azadlığı olan insanın ürəyində yatan Füzuli eşqi, Nəsimi fədailiyi, Qorqud müdrikliyi Alimin muğamatını dinlədikcə gözəl görünür, yalnız qulaqla eşidilmir, könüllə, ürəklə duyulur.
Özgə cür düşünmək, dissident sözlə, fəaliyyətlə bağlıdır. Söz sənəti ilə bağlı olan dissidentliyin “suçunu” sovet dövründə şairlər, yazıçılar daşımışlar və bunun olmazın cəzalarını da almışlar.
Musiqidə dissidentlik ələ gəlmir, göz ilə görünmür və mücərrəd olduğu üçün ittiham dəlilinə çevrilə bilmir. Dövrün naləsi olan dərviş musiqisi də, muğam da belədir. Ahı, naləni, fəryadı əl ilə yaxalamaq müşkül məsələdir. Əgər bu mümkün olsaydı, Arazın bu tayında rəhmətlik Ağabala Abdullayevin “Zabul-Segah”ı, o tayında Mustafa Payanın hicran yanğısı ilə dolu “Segah”ı həbs ediib zindanlıq olardı. Bu qərib səsləşmə bir-birindən ayrı düşmüş iki doğma qardaşın, Azərbaycan türkünün nalə-nisgil dialoqu tarixin dəhşəti kimi yaşayacaq. Rəhmətlik Rübabə Muradovanın ürək dolu, sinə dolu oxuduğu “Qaragilə”si, ayrılığın, bölüşdürülməyin fəryadı kimi yaşayacaq.
Rəşid Behbudovun və Ququş xanımın fəraq himni kimi oxuduğu “Ayrılıq” yaraya basılmış duz deyil, bəs nədir?
“Qəbrimin üstündə Ədalət “Yanıq Kərəmi”, Kamandar “Baş Sarıtel” çalsın” – deyən rəhmətlik Firudin Şuşunski deyə bilmədiyi, yaza bilmədiyi həyəcanı, qiyamı ifadə etməmişmi?..
Qara Qarayevin parlaq musiqisi rejimin təsdiqindən daha çox inkarıdır”. 
ALİMİN SƏSİ...
Alimin səsi yaddaş ağrısıdır. Bütövlük həsrətidir. Azadlıq yanğısıdır. Xoşbəxt olmaq üçün yaradılmış millətin bədbəxtlikdən səadətə canatmasıdır.
Alimin səsi dar ağacı altında dayanan mücahidin düşüncə, duyğu selidir.
Alimin səsi uğursuz sevgi naləsidir.
Qara sevda təşnəliyidir.
Alimin səsi ayrılıq yanğısıdır. Bölünən Vətən, bölünən millət, bölünən insan fəryadıdır.
Alimin səsi sənin, mənim, onun içində yetişən duyğu tumurcuğu, fikir fidanıdır. Bu səs mən qədər, sən qədər, onun qədər böyüyə biləcək böyüklükdə, uzana biləcək uzunluqda, gözəlləşə biləcək gözəllikdədir.
Bu səs əcdad səsidir, kökdən gələn el, ulus səsidir. İçində at, qopuz, qımız, saz, alaçıq olan dünyanın səsidir. Bir də bu səs dünyada itən varlıqların taleyidir. Uçmaq, Allaha yaxınlaşmaq cəhdidir. Allaha oxşamaq, ona uyğunlaşmaq təlaşıdır. Uçmaq Allahla ünsiyyətin nadir yollarından biridir.
Və Alimin zilində bu ünsiyyətin bir monoloq – hayqırışı var. Cavab həsrətli, söhbət ehtiramlı bu cəhd həmişə monoloq olaraq qalacaq yəqin ki. Və yerə enən sonsuzluğun göylərə körpüsü olacaq.
Yerdə – bəmdə yaşamaq da göy təşnəliyinin yerdəki halətidir. Qızmış dəmirin üstünə tökülən su onu qızğın varlığından ayırır, ancaq soyuq dəmirin yaddaşında qalır. Bəmdə söylənən sözlər zildəki kəlmələrin kölgəsidir: titrək, qərib, soyuq. Zildən bəmə düşən epilepsiyalı xəstənin (və ya fövqəlbəşərin) transdan adi, normal hala keçməsidir.
(Ardı gələn şənbə sayımızda)      KAMİL VƏLİ



Bu yazı ( 554 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar