12px14px16px18px

SƏS

KAMİL VƏLİ
00:21 / 12.03.2011 (Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr (Əvvəli ötən şənbə saylarımızda)
SIRR
Mən yaşadığım məqamı, anı əbədi hesab edənlərdənəm. Sevinc anında elə bilirəm ki, bu sevinc heç vaxt bitməyəcək. Dərd girdabına düşəndə elə sanıram ki, bu dərdin ömrü əbədiyyət qədərdir. Mənim üçün eşq, gözəllik qədər intizar, ayrılıq, eybəcərlik də bitib tükənməzdir. Hər məqamın mənim içimdə olan quyusu ağzını açıb məni gözləyir. Mən o təzad dolu məqamların, dibsiz quyuların qurbanıyam. Mən nəsli kəsilməyə məhkum olan ağaclar, çiçəklər, heyvanlar, canlılar kimiyəm. Dünyaya son dəfə baxıb bu dünyanın sirrini o dünyaya aparan son adamam. lll Klassik dövrün pianoları (Şopen, Çaykovski, Raxmaninov... dövrü pianoları Karsala (Kartəhər) yeni dövr pianoları isə daha səsli, şaqraqdır. Hüseyn Saracli, Aşıq Əmrah sazının səsi ilə Ədalətin sazının səsi də fərqlidir. Rəqslər, ritmlər, ahənglər zamana, zamanın dəyişimlərinə (elmi kəşflər, ixtiralar, texnika formaları...) ifadəsi kimi gerçəkləşir. Səs hissiyyatı, səs psixologiyası həyat kimi epoxalar kimi yalnız dinamika deyil, kainatda hər şeydə, düşüncədə, duyğularda, dünyabaxışda baş verən təbəddülatın ifadəsidir. Dəyişən səs dəbləri də sözün geniş mənasında baş verən dəyişmə sürəcinin bir hissəsidir. Yeni keyfiyyətdə təkrarlar da istisna edilməməklə həmin sürəc o qədər zəngin və mürəkkəbdir ki, oradakı etnik, coğrafi, ritual, ənənəvi modern, postmodern... özəllikləri əhatə etmədən prosesin tam dərk edilməsi olduqca çətindir. Həzin valsdan roknrola, bitlzə, metalikə... gələn yollarla, hind, Afrika, Asiya... ritm və melodiyalarının qabararaq üzə çıxması, dəbə çevrilməsi, unudulması və yenidən başqa zənginliklərlə reallaşması həyatın özü qədər təbiidir. Səs içində səslə yaşayan sənətçinin bu sayaq düşüncələrini də təbii hesab etməmək olmaz. Bu mənada mən yalnız oxumuram, səsimin əcdadını düşünürəm, taleyini yaşayıram. lll Bülbül bülbül səsinə, qaranquş qaranquş səsinə, şir şirin səsinə daha həssasdır. Çünki bu səs eyni növün ünsiyyət formasını gerçəkləşdirir. Araşdırmalar göstərir ki, körpə uşaqlar bir-birinə daha çox həssasdır. Özəlliklə qız uşaqları. Səsin bir möcüzəsi də budur. Bütün ehtiyaclarını səslə ifadə edən körpələrin səslərinə olan həssaslığı bəlkə ünsiyyət bənzərliyi ilə bağlıdır. Bəlkə də instinktiv çağrışımdır. Körpənin ana səsinə, ana nəvazişini ifadə edən kəlmələrə, laylalara, musiqiyə ilahi bağlılığı ana bətnindən başlayırsa, bu sirri-xudanın köklərini açmaq, çözmək sizə o qədər də asan gəlməsin. Hər halda səs dünyası bizim ilk günlərimizdən min illər boyu gələn gerçəkdir və biz ölüb getdikdən sonra da yaşayan, var olan, təbiətə həkk olub qalır. Məncə, musiqi aləminin, səs dünyasının heyrətamiz zənginliyi, tükənməzliyi bu sonsuzluqla bağlıdır.
DÜŞMƏNÇILIK
Həqiqəti görməyi və yazmağı bacaran erməni yazıçısı A.İsahakyanın söylədiyi bu sözlər bir çox həqiqətin üstündəki pərdəni götürür: “Mən uşaqlıq çağlarımdan Azərbaycan mahnısını öz vətənim kimi duymuşam”. Məncə, bu sözlər “Sarı gəlin” kimi yüzlərcə musiqi əsərinin etnik mənsubiyyətini göstərməklə yanaşı, musiqinin ortaqlıq yollarını, mədəniyyətlərin sərhədsizliyini də göstərir. Əslində səs kimi söz sənəti də qapalı hüdudlar tanımır. Əski erməni dilinin (aşqrabar) yeni erməni dilinə çevrilməsi prosesi türkcənin təsiri altıda olmuşdur. Bu elmi gerçəyə erməni dilinin etimoloji sözlüyünün müəllifi, görkəmli dilçi-alim A.Acaryan hələ 1926-cı il I Bakı türkoloji qurultayında isbat etmişdir. 300-dən artıq erməni aşığı (qusanı) türkcə yazıb yaratmışlar. Onlarca erməni atalar sözü var ki, orada islam dininin, türk törəsinin, türk sözlərinin varlığı hifz olunub. Məncə, burada qısqanmaqdansa, əsəbləşməkdənsə, mədəniyyətimizlə, sözümüz və səsimizlə iftixar etməliyik. Kim nə götürür götürsün, qaynaq qurumaz, daha çox aşıb-daşar. Bu həqiqəti S.Paracanov da, H.Matevosyan da dəfələrlə göstərmişlər. Məşhur erməni bəstəkarı Aram Xaçaturyan türk-Azərbaycan musiqisindən, Üzeyir bəydən aldıqlarını gizlətməyib və bu böyük musiqidən istədiyini alıb və yaradıcılığında onlardan eninə-boyuna istifadə etməyi bacarıb. Hər bir böyük müğənni, bəstəkar, şair... düşmənçilikdən, məkrdən, qandan deyil, dostluqdan, məhəbbətdən, mənəvi qida alır. İlham eşq olan yerdədir. Təəssüf, min təəssüf... Nə qədər ki, kin və nifrət var, bu axar sular durulmayacaq. lll Mahnılar, türkülər küçələrdə, tinlərdə yazılan hekayələr, romanlardır. İlk sevgilərin, ilk yanğıların, çarəsizliyin, yerə-göyə sığmayan duyğuların, kədərlərin, sevinclərin canlı ifadəsi mahnılardır, türkülərdir. Demirəm saraylarda mahnı, türkü olmur. Hissin, duyğunun vətəni insan ürəyidir. İnsan ürəyi sarayda olar, malikanədə də, daxmada da, küçənin ortasında da, ucsuz-bucaqsız çöllərdə də, dağda, ormanda da. Fəqət mən əkilmədən, boyu bəslənmədən bitən ağaclara, küçədə yetişən, daxmaya Allahın əli ilə qoyulan dahilərə vurğunluğumun səbəbini izah, şərh etməkdə acizəm. Mən özümü dahi-filan hesab etməsəm də, özümü əkilmədən, boyu bəslənmədən bitib böyüyən, balaca kölgəsi, özünə görə meyvəsi olan ağaclardan biri hesab edirəm. Əgər bu bənzətmədə reallıq duyğusunu, təvazö sərhədlərini aşıramsa, mənim sadəlövhlüyümü bağışlayın. Quldan xəta, Allahdan əta – deyib atalar.
SƏSLƏRIN NAXIŞI
Səsin həm yaşı var, həm də yoxdur. Bu mənada səs həm böyüyən ağac, həm də yaddaşlanan söz kimidir. Türkiyə televiziyalarının birində uşaq səs yarışmasında Fındıqqurdu deyilən 10 yaşlı qızcığaz var. (Səhv etmirəmsə adı Bərnadır) Allah bu qızcığaza elə bir istedad vermişdir ki, həmin bapbalaca qız səsiylə, hərəkətləri ilə o böyük səhnəni elə doldurur ki, elə bil səhnədə oxuyan ustad Zəki Mürəndir Dədə Əfəndidən oxuyur və ya məlahət anası Hamiyyət Yücəsəsdir “Makber” oxuyur. Və ya Bakıda muğam yarışmasında hamını heyran edən yenə 10 yaşlı muğam ifaçısı (gələcək muğam ustası olacağına inandım) səsin yaşı olmadığı təəssüratını oyadır. Musiqi səsi səslərin naxışı, balıqların üzdükləri suya qarışmayan göz yaşı, qızıl gülün adam görəndə üzünə çökən allıqdır. Muğamın içində dolaşarkən mən o zərif naxışların əsrarını, balıqların göz yaşlarını, qızıl gülün utancaq allığını da görürəm və dəliyə, çılğına dönürəm. O çılğınlıq, dəlilik olmasa mənim minlərlə oxuyandan nə fərqim var ki?.. Bəli, səs həm yaşlıdır, həm də yaşsız, həm körpədir, həm qoca. Həm fidandır, qələmdir, həm də qosqocaman çinar, salxım söyüd... lll Ölüm ayaqdan gəlir, səs ciyərdən. Can boğazdan çıxır, səs də. Oxuyarkən mənim hiss etdiyim ölüm duyğusu bəlkə bu yaxınlıqdandır. Mən səsin ruhun şəkli olduğuna inananlardanam. Bədən heç vaxt insanın varlığını, gizliliyii ifadə edə bilməz. Bu mənada səs sirrini Allahdan başqa heç kəsin bilmədiyi Ruhun işarələnmiş kodu, xristian məntiqi ilə desək ikonasıdır. Ruhun ölməzliyi ilə səsin itməzliyi arasındakı təbii əlaqəni yadırğamağın yanlışlığına inanıram. Bir adamın səsi vasitəsilə onun dəyanətinin, sədaqətinin, etibarının, cəsarətinin... dərəcəsini öyrənmək mümkündür. İfadə olunmuş fikrin boğazdan yuxarı, gerçək, yalan olduğunun da təzahüri səsdir. Kor insanların eşitdikləri səs vasitəsilə ünsiyyətdə olduqları insanlar haqqında çarpıcı düşüncələr, hissetmələr heyrətamizdir.
QÜRBƏT CƏNNƏT OLSA DA...
Heç siz yad ölkələrə gedəndə oradakı ağacların ölkəmizdəki ağaclardan, oradakı suların ölkəmizdəki sulardan fərqli olduğunu düşünmüsünüzmü? Əslində bu hiss qəribliyin, yadlığın doğurduğu tühaf bir duyğudur. Dünyada Allahın yaratdığı hər şey bir-birinə doğmadır. Bu mənada əcnəbi musiqi alətlərinin səsini doğma saymayanların yanıldığına inanıram. Mən səs həyatımı qaboysuz, saksafonsuz, pianosuz... təsəvvür edə bilmirəm. Doğrudur, mən bu alətlərin müşayiəti ilə oxumuram. Amma hər an oxuya biləcəyimə inanıram. O səslər həmişə mənim içimdə, qanımda, canımdadır. Nə vaxt o səslərin üzə çıxacağını isə bilmirəm. Bu da bir taledir – səsin taleyi. lll Mən rəssam görmüşəm ki, kətan üzərində gözəl bir portret, mənzərə çəkdikdən sonra onun üzərinə siyah rəng çəkmiş və o siyah rəngin üzərinə bəyaz boya ilə tamam başqa bir şəkil çəkmişdir. Və o anda mənə elə gəlib ki, ilk şəkil qəbirdir. Üzərinə çəkilmiş şəkil qəbrin üstündə tikilmiş imarətdir və o qəbir imarətin yaddaşıdır. Əslində rəssamın çəkdiyi şəkil bir bütövdür: görünən və görünməyən tərəfləri ilə. Muğam da elədir. Hər ifa bu muğam dəfn olunmuş əvvəlki ifaların üstündə ucalan bir imarətdir. Bu imarəti özündən əvvəlkilərdən ayırmaq imkansızdır. KAŞ KI... Yüzlərlə rol oynayan aktyorlar var. Amma onların böyük əksəriyyəti ayrı-ayrı rolları ya uğurla, ya da uğursuz oynamışlar. Amma elə aktyor var ki, o yüzlərlə rolu deyil, yalnız özünü oynayıb. Bütün rollar, bütün talelər onun varlığının bir parçasıdır. Kimsə, bəlkə Allah özü o, büllur şamdanı daşa çırpmış və onu çilik-çilik etmişdir. Amma hər çilik o büllur şamdanın əli, qolu, gözü, qaşıdır. Və hər qəlpənin yaddaşında bir bütöv büllur şamdan var. Bu bütöv büllur şamdan həyatda olduğundan daha gözəldir, füsünkardır. Çünki o yoxdur və heç vaxt da olmayacaqdır. Hər gün Allaha dua edirəm ki, kaş bir xoşbəxt gün Tanrı məni də daşa, qayaya çırpıb yüz parça edəydi. Və hər parçam oxuya bilmədiyim muğamı oxuyaydı. Kaş ki... lll Heç yaşlanmış, üzünə qırışlar qonmuş, beli azacıq əyilmiş qoca aktrisa görmüsünüzmü? O aktrisanın yaşıdlarının çoxu həyatda yoxdur. Onun ehtiras dolu yerişindən gecələr yata bilməyənlər, onun atəşdən yoğrulmuş baxışlarından alovlananlar dünyanı çoxdan tərk ediblər, onun nəfəsindən, səsindən bihuş olan yüzlər, minlər artıq bu dünyadan köçüb gediblər. Səhnədən əlləri titrəyən, gözləri eynəkli, beli azacıq əyilmiş, səsini qeyb etmiş ağsaçlı bir qadın baxır. O qadın da öz gözəlliyini çoxdan unudub. Bu dünyadan köçüb gedənlər onun füsunkarlığının, təkrarsızlığının bir parçasını özləri ilə aparıblar. İndi yaşayanlar və indi bu aktrisanı görənlər elə bilir ki, bu qadın elə belə də doğulub. Və ən qəribəsi də budur ki, o qadın da özünün elə beləcə doğulduğuna inanır. Hər şey yuxu kimi gəlmiş və yuxu kimi də çıxıb getmişdi. Mənim oxumaq istədiyim tale bu əsrarəngiz yuxular deyil, səhnədə gül-çiçək içində dayanmış ağsaçlı aktrisadır, titrək əlli, titrək səsli qadındır. Mənim oxumaq istədiyim getmiş, itmiş və geri dönməyəcək gözəllikdir. lll “Mən kimi sevirəm?” – deyə soruşsanız, əlbəttə, mənim sevdiklərim sevmədiklərimdən qat-qat çoxdur. Sevmədiklərimdə haqsız da ola bilərəm. Mənim ürəyimin dalğalarına düşməyən demək sevmədiklərim deməkdən daha dəqiqdir. Bu da bir ruh halıdır. Dinləyənlə oxuyan arasında qəribə bir ruh ünsiyyəti olur və ya olmur. Professionallıq, sənətkarlıq, texnika – bir tərəfə, ruh ünsiyyəti başqa bir tərəfə. Mən ikinci tərəfi vurğulamaq istərdim. Mənim ruh halıma Könül Xasıyevanın da, Aygün Bəylərin də, Aygün Bayramovanın da səsi məni həyəcanlandırırsa, bu həmin o ruh ünsiyyəti ilə bağlıdır. Klassiklərimizi, ümumi insanlığın səs ustalarını dinləyərkən mən başqa bir dünyaya köçürəm. həyatını, varlığını səsə, musiqiyə təslim edənlər qarşısında baş əyməyi özümə borc bilirəm.
SƏS AILƏSI
Səs dünyasını mən öz evim, öz yurdum, öz ailəm sayıram. Sənin doğma olduğun, sənə doğma olanlar da bir ailədir. Bu ailəni qan qohumluğu deyil, ruh əqrabalığı birləşdirir. Bu mənada mən sələflərim qədər də xələflərimlə, səs dostlarımla, qardaş və bacılarımla bağlıyam. Məni Cabbar usta, Xan müəllim, Seyid ustad... kimi bugünün, 10 yaşlı Elməddini də, Güllüsü də, Təyyarı, Ruslanı da, İlkini də... da həyəcanlandırır. Dünənin Qurban, Hacı, Əhsən ustaları kimi Malik, Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Ağasəlim Abdullayev, Nazim Əsədullayev, Firuz Əliyev, İsmayıl Həmidov, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, Toğrul Əsədullayev kimi tar-kaman ustaları da heyran edir. Nə qədər ki, muğam var, səsimiz, sözümüz var, sənətimiz də var olacaq. Deyirlər ki, sonuncu ümid ölür. Mən də ümidlə yaşayanlardanam. Pənah Allaha... KAMİL VƏLİ (Ardı gələn şənbə sayımızda)


Bu yazı ( 564 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar