12px14px16px18px

Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

Kamil VƏLİ

(MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR)

23:43 / 18.03.2012
 
Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...
(Əvvəli ötən şənbə saylarımızda)

İlk qəzetimiz haqqında ilk elmi-tənqidi söz daha çox ana dili problemləri ilə bağlı idi. Və Mirzə Fətəli “Təmsilat”ı yazmaqla əslində, Azərbaycan ədəbi dilinin sonrakı taleyini həli etmişdi. Ancaq böyük maarifçi Azərbaycan dilinin zənginliyini saflığını, gözəlliyini bir ictimai xadim kimi, bir qələm əhli kimi bütün ömrü boyu qorumuşdu. Ana dilinə Vətən kimi baxan böyük Mirzə Fətəli elə bir məktəbin müəllimi idi ki, orada ana dilinin böyük ustadları və fədailəri yetişəcəkdi: Nəcəf bəy, Mirzə Cəlil, Əbdürrəhim bəy, Sabir, Üzeyirbəy, Firudinbəy...
Mirzə Fətəlinin tənqid üslubu ardıcıllığı, dəmir məntiqi, cəsarəti və yeri gəldikcə sərtliyi ilə seçilir. O, Şərq filosoflarının “qorxaqlıq və cəsarətsizlik” etdikləri üçün xalqdan uzaq düşdüklərini göstərir. Axundzadə“Kəmalüddövlə məktubları”nı nəzərdə tutaraq yazır: “Hicrətdən bu günə qədər bu sərtlikdə (kursiv bizimdir – K.V.) bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən sonra dünyanın hər tərəfində biri digərinin ardınca, bundan daha sərt (kursiv bizimdir – K.V.) əsərlər yazılacaqdır”. Süruşun şeirlərini tənqid edərkən Mirzə Fətəli qələmi sərt və amansızdır, yeni əlifba düşmənlərinə qarşı Mirzə Fətəli sözü bıçaq kimi iti və kəskindir. Sənətin və elmin ictimai-əxlaqi, siyasi-məfkurəvi rolunu ön planda görüb götürən dahi yazıçının sərt ifadə tərzi apardığı əməliyyatın düzlüyünə, doğruluğuna qəti inanan cərrahı xatırladır: çürümüş hər şeyi kəsib atmalı, orqanizmi qoruyub saxlamalı!
Özünə qarşı da tələbkar olan Mirzə Fətəli mübarizə meydanına cəsarətlə girirdi. O, məktublarının birində yazır: “...etiqadımızca elmdə qüvvətli olanlara təklif etməlisiniz ki, bacarsalar Kəmalüddövlənin, istər politika işlərinə və istərsə dini işlərə aid olan bütün fikirləri haqqında kritika yazsınlar, görək bu fikirləri qəbul edir, yaxud dəlillərlə rədd edirlər. Kəmalüddövlənin də məqsədi budur. Lakin kritikada nəql və nəssi dəlillər qətiyyən qəbul olunmayacaq və iltifata layiq görülməyəcəkdir”.
“Nəss” (aşkar) və nəql (nağıl) kritikasını qəbul etməyən Mirzə Fətəli böyük mübarizənin böyük adamı idi...
Dahi sənətkarın, böyük mütəfəkkirin, yorulmaz, maarifçi-demokratın “ədəbi tənqidi” estetik baxışları yeni Azərbaycan ədəbiyyatının bünövrəsini qoymaq işində misilsiz rol oynadı, eyni zamanda bu məqalələr, əsərlər milli elmi tənqidin ilk təməl daşı oldu.
İllər keçəcək, bu təməl daşı üzərində böyük və möhtəşəm abidə ucalacaq. Bütün Şərqə məktəb olacaq bu əzəmətli abidə bir adı öz yaddaşında əbədi saxlayacaq və zaman-zaman bu ada qayıdacaq: Mirzə Fətəli Axundzadə.
lll
XIX əsr. Şərq ağlayır, ağladıqca üzü eybəcərləşirdi. Eybəcərləşmiş üz islamın nurunu yansıda bilmirdi. Qoca Şərqin dizləri titrəyir, beli bükülür, nəfəsi tıncıxırdı. Qoca Şərq böyük islamı daşımaz hala gəlmişdi. Elmi mövhumat, cəhalət, yaradıcılığı ehkamlaşdırma, sömürü boyunduruğu ilə təpəyə dırmaşan xaçpərəstlər Şərqdən qoca Şərqin qanını sümürürdülər. Dünya birləşmiş qablar kimidir: Şərq güclənəndə Qərb zəifləyir. Qərb güclənəndə Şərq.
İndi zaman da, fürsət də Qərbin əlində idi. Mirzə Fətəli qoca Şərqi müalicə etmək üçün çırpınırdı. O, Şərqi Şərq üsulları ilə deyil, Qərbin çarə yolları ilə sağaltmaq, ayağa qaldırmaq istəyirdi.
Hədəf İslam dini idi. Çarə Qərb fəlsəfəsi, ədəbiyyatı və texnologiyası çıxış yolunun təməli idi. II Mahmuddan başlayan və Tənzimat fərmanı (1839) ilə zirvələşdirilən və Sultan Əbdülməcidlə geri dönülməz yola girən Avropalaşma sürəci. Modernləşmə yalnız Batılaşma deyil. Çox sonralar Cəmaləddin Əfqani Şərqi islam yolu ilə sağaltmaq yolunu araşdırdı. Yenə də olmadı. Əli bəy Hüseynzadə və onun davamçıları (Ziya Gökalp, M.Rəsulzadə...) islami baxışla, modernləşməni və millətçiliyi bir araya alaraq daha mükəmməl çoxtərkibli ideologiya sistemi yaratdılar. M.Rəsulzadə bu ideologiyanı qısa müddətli olsa da dövlət sisteminə daşıdı və millət azadlığın, hüququn, öz kökünə, dilinə, dininə bağlılığın dadmış oldu. Sonra Atatürk Osmanlı külləri içində Türkiyə Cümhuriyyətini yaratdı və onun əbədiyyətinə imza atdı.
Şərq yeni bir ideoloji təcrübəni gerçəkləşdirdi. Atatürkün inqilablarından biri də hərf-əlifba inqilabı oldu.
Açıq şəkildə söyləmək gərəkir ki, bu ideologiyanın təməlini yaradanlardan biri də Mirzə Fətəli Axundzadə olmuşdur. Məncə, İslam dini ilə barışmazlıq Mirzə Fətəlinin gücü deyil, gücsüzlüyüdür. Amma ziddiyyətləri Mirzə Fətəlinin tarixi rolunu əsla inkar edə bilməz.
İnsanlığın fikir, düşüncə tarixi dünyaya mükəmməl şəkildə gəlmir. İnsanlarla bərabər hər şeyi zaman da dəyişir, cilalaya-cilalaya sabahlara daşıyır.
Sabahkı ideologiyanın nə olacağının nə olacağını mən bilmirəm. Bildiyim odur ki, gələcəyin ideoloji barışlar sistemində Mirzə Fətəlinin də, Ə.Hüseynzadənin də, M.Ə.Rəsulzadənin də, Atatürkün də duzu olacaqdır. Duz yəni Şərqi Şərq edəcək əlac.
Çağdaş demokratik dünyanın bir sıra anlayışlarını Azərbaycana, Şərqə ilk dəfə gətirən Mirzə Fətəli olmuşdur. Onun şəriət dövlətinə hüquq dövləti şüuru Şərqin inqilablarından biridir.
Dünyəvi (sekulyar, laik) dövlət qavramı da dini dövlət anlayışı ilə əvəz olunmuşdur ki, bu da vətəndaş cəmiyyətinin təməllərindən biri olmaqla Şərq dünyası üçün olduqca əhəmiyyətli idi. Ümumən Şərqdə yerləşməsində, oturuşmasında Mirzə Fətəlinin qoyduğu ilk daşlar zəmin rolunu oynamışdır.
Mirzə Fətəli ilk Avropa təfəkkürlü Şərqli, Şərq təfəkkürlü Avropalı xarakteri olduğu üçün onun səpdiyi toxumlar beyinlərdə cücərmiş, ürəklərə yol tapa bilmiş, ictimai-siyasi həyatı dəyişə bilmək gücündə olmuşdur.
Təkrar etməyə borcluyam ki, Şərqdə ilk teatrın, ilk yeni ruhlu mətbuatın baniləri Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov da bilavasitə Mirzə Fətəli şəxsiyyəti və əsərləri ilə bağlı olmuşdur. Böyük mütəfəkkirə Avropa düşüncəsinin və təcrübəsinin təsiri inkar edilməzdir. Fəqət Mirzə Fətəlinin tarixi rolu Şərq mühitində ağır şərtlər və prinsiplər içində bu düşüncəni yaratmaqdır. Yaratmaq kopiya etmək, mexaniki gətirmə də deyil. Yaratmaq təsirləndiyini başqa şəraitdə canlandırmaq, ona yeni həyat verməkdir. Bu mənada Mirzə Fətəli Molyerdən təsirlənmişdir. Ancaq Molyer klassizmindən fərqli bir dünya yarada bilmişdir. Onun yaratdığı məktəbə realist və ya tənqidi realist məktəb deyə bilərsən, onun qurğulamasında novatorluqla ənənənin dialektikasını da aşkar edib incələyə bilərsən, dinə, Füzuliyə münasibətini kəskin tənqid edə bilərsən, ancaq Mirzə Fətəlinin sənət təkrarsızlığını dahilik səviyyəsində olan fitri istedadını, əldə etdiyi sənət dəyərlərini inkar edə bilməzsən.
Hər cür sənət, fikir yeniliyi daşın üstünə qoyulmuş daşdır. Hər cür təcrübə sıçrayışın, təkamülün qaynağı olduğunu unuda bilmərik. Dünyanın müqəddəs kitablarından gələn bu təcrübə elmdə də, sənətdə çoxdan isbat olunmuş təcrübədir. İlk təcrübədən böyük məktəbə gələn bu yol məşəqqət dolu dolanbaclardan, qaranlıqlardan keçir. Nəticənin aydınlığı, sadəliyi böyük mürəkkəbliklərdən, qarmaqarışıqlıqlardan keçə-keçə gəldiyi üçün təmizlənir, büllurlaşır. Puşkinin dediyi kimi “Siz yeni doğulan uşağın hansı çirkinliklərdən, natəmizliklərdən keçib gəldiyini görsəniz heyrətlər içində donub qalarsınız. Söz sənətinin mahiyyətini, məğzini, genezisini öyrənərkən biz eyni mənzərə ilə qarşılaşmalı oluruq. Mirzə Fətəlinin altı komediyası bu prosesin ən dolğun örnəkləridir desək, haqqı danmış olmarıq.
...Mirzə Fətəlinin bir üzü var idi və o ikiüzlülüyə və ikiüzlülərə nifrət edirdi. O, həyatı boyu insanlara bir olan üzünü göstərmiş, o bir olan üzü ilə dostu ilə də, düşməni ilə də üz-üzə gəlmişdi. O, hər kəslə anladığını, dərk etdiyini paylaşmışdı. Onun iddiaları da, təsbitləri də mübahisələri və davaları özününkü idi və riyakarlıqdan uzaq idi.
Mirzə Fətəli qaragüruhun qarşısında deyil, Allah qabağında hesab verməli olan nadir insanlardan biri idi. Məlun, mürtəd, zındıq iftiraları, küfrləri Mirzə Fətəliyə deyil, o kəlmələri ağzı köpüklənə-köpüklənə söyləyən qaragüruhun özünə aid idi. Mirzə Fətəlinin yanlışına da, xətasına da, günahına da qiyməti yalnız və yalnız Allah verə bilərdi. Bu mənada Allah böyük olduğu kimi onun yaratdığı bəndələr içində Mirzə Fətəli də böyük idi. Hər şeyi ilə: günahıyla da, səvabıyla da, elmiylə də, sənətiylə də...
Qədim Roma şairi Vergilinin bir sözü yadıma düşür:
Cəhənnəmə düşmək asandan asan,
Amma geri dönmək, çətindən çətin...
Söhbət Mirzə Fətəlinin cənnətə və ya cəhənnəmə düşməyindən getmir. Onu Allah bilir. Məsələ Mirzə Fətəlinin bu dünyadakı mücadiləsindən çəkdiyi çilədən, iztirab və ağrılardan gedir. Dünyada hər şeyin görünən və görünməyən tərəfi var. Görünən görünməyəni, görmək və dərk etmək hər kəsə müyəssər olmur.
Bizim borcumuz keçmişi, keçmişin dəyərli insanları bütöv görmək, öyrənmək və dəyərləndirməkdir. Bu mənada da bizim Mirzə Fətəliyə borcumuz çoxdur. Borclunun borclunun sağlığını istəməsindən başqa əlacı yoxdur.
Gənc Mirzə Fətəli arayışlar içində olan, Qərbi dərindən öyrənən, Şərqi Qərb baxışı ilə araşdırandır. Orta yaşlı Mirzə Fətəli ən böyük bədii kəşflərini edərək ucalan Mirzə Fətəlidir. Bu Mirzə Fətəlinin bədahəti dünyanı önləyənlərin və əbədiyyətin qapısını açanların sırasındadır. Azad bədii düşüncə Şərqin çoxdan gözlənən intibahı, yeni başlanğıcıdır.
Yaşlı Mirzə Fətəli inqilabçıdır. Ömür şahmatında seytnot təhlükəsi onu filosof, sosioloq, inqilabçı, reformator olaraq önə çəkmişdir. Artıq o, cəmiyyətin uzunmüddətli müalicəsindən daha çox cərrah bıçağına möhtac olduğuna inanır. Artıq o radikaldır və Əzrayılın ayaq səslərini eşitdikcə bu radikallıq zirvəyə yüksəlir. Ahıl Mirzə Fətəli barışmazdır.
Mirzə Fətəlini antitürkçülüklə suçlayanlar da az deyil. Bizcə, hardansa bir sitat tapıb, nəyi isə yozub M.F.Axundzadəni türklüyə qarşı qoymaq böyük ədalətsizlikdir.
Mirzə Fətəlinin altı komediyası, nəsr əsərləri, şeirləri, ədəbi-tənqidi, publisist əsərləri türklüyün ən böyük çağdaş ədəbi qalası, fikir təməlidir. Bu, o qədər açıq-aydındır ki, heç bir isbata ehtiyac yoxdur.
M.F.Axundzadənin yalnız türklüyü deyil, Türkiyəyə sevgisi də mübahisə mövzusu deyil. Mirzə Fətəlini rus yanlı, ruspərəst hesab etmək siyasət şahmatını, manevr və arayış yollarını bilməməkdir. Əlifba məsələsində Türkiyəyə üz tutan Mirzə Fətəli ürəyinin qibləsinə üz tutmuşdu. Əsasında Güney Azərbaycan türklüyü dayanan İrana məhəbbət, yanğı tamamilə təbiidir. Mirzə Fətəlinin o torpaqlarda doğulduğunu, atasının o coğrafiyadan olduğunu da unuda bilmərik. Böyük maarifçinin xəyalındakı Millət, Vətən anlayışını anlamaq üçün M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu”nu oxumaq lazımdır.
Söhbətin bağıran, hayqıran millətçilikdən getmədiyini, yəqin ki, anlayırsan, oxucum. 
Şübhəsiz ki, mənim bu dəyərləndirməm şərtidir. Təbiətdəki, cəmiyyətdəki və başlıcası daxilindəki ziddiyyətdən təkan və ilham alan Mirzə Fətəli bu ziddiyyətlərin doğma övladıdır desək zənn edirəm yanılmaram.
Heç bir şey, o cümlədən insan, öz qabından böyük ola bilməz. Maddi olaraq bunun belə olması şübhəsizdir. Fəqət dahiləri maddi olaraq dəyərləndirmək yetərli sayılmaz. Yerlə bərabər onların bir də fəza ölçüsü, başqa sözlə desək başının üstündəki göy üzü, fəza var. Dahilərin fəza ölçüsü öz qabından böyük ola bilmə parametrini də ortaya çıxarır. Belə olmasaydı dünyanın böyük kəşfləri edilməzdi, insanlıq böyüyə-böyüyə irəliləyə bilməzdi.
O, Azərbaycan insanını yazdı. Bu insan bizim kimi danışan, düşünən, doğru yolu tapan və tapmayan uğurlu və ya uğursuz, qalib və ya məğlub, ac və ya tox insandır, aldadandır, aldanandır. Bir sözlə, insandır. Bizim hər birimiz kimi gerçək insandır. İnsanı yazmaq özü də Allaha ibadətdir.
Bu baxımdan Mirzə Fətəli onun yaratdığı, ədəbi, elmi məktəbi bütün Şərq üçün də, Qərb üçün də ayrı bir önəm daşıyır. 
 (Ardı var)
Kamil VƏLİ
 



Bu yazı ( 677 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar