12px14px16px18px

Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

Kamil VƏLİ

(MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR)

01:24 / 03.03.2012
 
M.F.Axundova qədər sistemli elmi tənqid, müəyyən metoda əsaslanan konseptual ardıcıllıq yox idi və Mirzə Fətəli nəzəri məsələləri, qeydləri, məktubları ilə bu gün anladığımız mənadakı tənqidin (“kritika”nın) bünövrəsini qoydu.
EImi nəzəriyyə ilə bədii təcrübənin vəhdəti olan Mirzə Fətəli yaradıcılığı bu böyük sistemin təkamülünü izləmək, onun nadir gücünü öyrənib dərk etmək baxımından xüsusilə maraqlıdır.
Mirzə Fətəli “tənqid” və “kritika” terminlərinin hər ikisini işlədir. O, “tənqid” sözünü daha geniş mənada alır, dövrün, zəmanənin, bədxahlığın, ictimai yaramazlığın, nadanlığın ifşasının satirik üsulla açılıb göstərilməsini nəzərdə tutur. Bu mənada tənqid daha çox tənqidi realizm anlayışını ifadə edir ki, müəllif həmişə onu moizəçiliyə, nəsihətçiliyə qarşı qoyur: İnsanların təbiətən moizə və nəsihətləri oxuyub dinləməsinə nifrət edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar. Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz”.
Mirzə Fətəli yalnız insan təbiəti uçün deyil, cəmiyyət üçün də nəsihətin boş və mənasız olduğunu göstərir: “Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir eləmir. Buna görə də millət özü, onun maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi ki, səltənət və hökumət büsatından əl çək!”
“Kritika” terminini isə M.F.Axundzadə məhz ədəbi tənqid mənasında işlədir. “Tənqid risaləsi” adlı məqalədə yazır:   “Bu mühavirləri Tehran qəzeti idarəsinə göndərib, məlum edirəm ki, bu qayda Avropada məlumdur və onun böyük faydaları vardır: məsələn bir şəxs bir kitab yazdığı zaman, başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır, bu şərtlə ki, onun yazısında müəllif haqqında ədəbsiz və könül incidən bir söz belə olmasın. Hər nə deyilsə, incəliklə deyilsin. Bu işi “kritika” fransız istilahı ilə “kritik” adlandırırlar”.
Mirzə Fətəli “politika”, “revolyusiya”, “sivilizasyon” və s. terminlər kimi “kritika”nı da qəsdən olduğu kimi verir, öz ədəbi-estetik baxışlarının qaynağının, tendensiyasını açıq şəkildə ifadə edir.
Mirzə Fətəli sözünə davam edərək Avropa ədəbi prosesini və tənqidin funksiyasını belə şərh edir: “Müəllif ona cavab verir. Ondan sonra üçüncü bir şəxs meydana çıxır, ya müəllifin cavabını təsdiq edir, ya da kritika yazanın fikrini ustün tutur. Bu işin nəticəsi budur ki, get-gedə nəzm və nəsr, inşa və təsnif bütün Avropa xalqlarının dilində səlasət qazanır və mümkün qədər cəmi nöqsanlardan təmizlənir. Müəlliflər və şairlər öz vəzifələri və təklifləri haqqında tamam xəbərdarlıq alırlar”.
M.F.Axundzadənin fikir azadlığından danışarkən kritikanı yad etməsi heç də təsadüfi deyil: “...Bu üsula “kritika” deyirlər. Fikir azadlığı olduqda, kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müxtəlif fıkir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyyat zühur edəcəkdir”.
Haqqın yerini bütün ömrü boyu axtaran böyük maarifçi-filosof söz sənətinin ictimai funksiyasını yüksək qiymətləndirir, mübarizə üçün həlledici vasitələrdən biri hesab edir. Realist sənət Mirzə Fətəlinin uğrunda çarpışdığı böyük və sarsılmaz bir həqiqət idi.
Bütün xalqların ədəbiyyat və sənət tarixində realizm uğrunda mübarizəsi çox ağır keçmişdir. Tarixin bu haqq körpüsündən keçmək nə qədər qurbanlar, çarpışmalar bahasına başa gəlmişdir.
Təfəkkür tərzini dəyişdirmək, zövqləri tərbiyə edib istiqamətləndirmək, sənəti həyata qovuşdurmaq, real həyatın problemlərini sənətin ecazkar dili ilə ifadə etmək kimi çox ciddi məsələlər Mirzə Fətəlini daim düşündurürdü.
Realist-demokratik xarakterli sənətin qarşısında dayanan maneələr isə çox idi: din, ictimai-siyasi təzyiq və s.
“Nəğəmat çalma, haramdır, nəğəmata qulaq asma, haramdır, teatr, yəni tamaşaxana qayırma, haramdır; teatra getmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc oynama, haramdır; nərd oynama haramdır; rəsm çəkmə, haramdır; evdə heykəl saxlama, haramdır. Bavücudi ki, bu şeylər zahirən əməli-səbük görünür isə də, amma xəbərdar deyilsiniz ki, etidal üzrə olduqda, zehnə cila verir və əqli çövhərləndirir; çünki insanın təbiəti fərəh və hüsn ilə məxluqdur və hər bir cənbənin qüvası var; əgər o qüvalar işlənməsələr, künd olurlar; necə ki, qolu bir il tərpətməyəsən, quruyur”.
İnqilabi-demokratik xarakterli rus və Avropa tənqidinin təcrübəsi Mirzə Fətəlini “Gözəl – həyatdır”, “Sənət həyat üçündür” qənaətinə gətirib çıxarmışdı. Sənətə bu aydın baxış materialist dünyagörüşünün nəticəsi idi. Materiyaya müxtəlif şeylərin məcmusu kimi baxan filosof onu yeganə və həqiqi substansiya hesab edir, onun mütləqliyini, zaman və məkan daxilində obyektiv mövcudluğunu göstərir, təbiəti öz-özünün səbəbi kimi təqdim edirdi. Və bu baxışların davamı kimi sənətdə hər cür uydurmanı, qafiyəpərdazlığı, mücərrədliyi rədd edir, insanın real hisslərinin qəbul etdiyi həyat həqiqətini, real varlığı əks edən sənəti uca tutur və onun uğrunda mübarizə edirdi.
Ədəbiyyat və sənət məsələlərinə biganə, soyuq yanaşmağı bacarmayan Mirzə Fətəli ədaləti; obyektivliyi, ədəbiyyatın sabahı üçün gərəkli olan realizm prinsiplərini təbliğ edən sənət nümunəsini, elmi fikri müdafiə edir, konkret əsərlər üzərində dayanaraq öz işıqlı fikirlərini yayırdı. Onun “Fehristi-kitab”, “Nəzm və nəsr haqqında”, “Mollayi-Ruminin və onun təsnifinin babında”, “Kritika”, “Mirzə Ağanın pyesləri haqqında kritika”, “Tənqid risaləsi”, “Hekayət”, “Con Stüart milli azadlıq haqqında” və s. məqalələri ədəbi tənqidin klassik nümunələri kimi sənətin çox mühüm estetik problemlərinə, ədəbiyyat və incəsənətin ictimai qayəsinə, sənətkarlıq və bədiilik məsələlərinə həsr olunmuşdur.
Mollayi-Ruminin “Məsnəvi”sindən bəhs edərkən Mirzə Fətəli panteist dünyagörüşünü ətraflı təhlil etməklə bərabər onun materialist platformadan aydın görünən ziddiyyətləri də göstərir.
İdealist dünyagöruşün sənəti çıxmaza aparan və xüsusən Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında yeni realist istiqamətin yaranmasına mane olan nəzəri-estetik əsasları Mirzə Fətəli çox aydın və dəqiq bilirdi. O, Mollayi-Ruminin əfsanəçiliyə, irreallığa aparan sənət prinsipini tənqid edərək yazır: “Əksər mətalibi bəqeyr-əz-hikmət və əfsanəhayi-baməzə köhnə və mündəris və biləzzət mətalibdir: bəlkə əqvali-bimənadır ki, təkrarati-kəsalətəngiz ilə qələmə götürübdür”.
M.F.Axundzadə Ruminin dünyaya, təbiətə bağlılığını xüsusən alleqorik hekayətlərindəki sənətkarlığı qiymətləndirir.
Şərq ədəbiyyatının aparıcı janrı olan şeir haqqında, klassik Şərq poeziyası, eləcə də rus və Avropa poeziyası barədə söhbət açan müəllif şeirin bədii gözəlliyi ilə yanaşı, ideyalılıq, mənalılıq prinsipini də irəli sürür və bu baxımdan təhlil aparır. O, “Nəzm və nəsr haqqında” adlı məqaləsində yazır: “Şeir gərək laməhalə ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa sadə nəzmdir”.
“Əksər qəzəliyyatın” insanda “şövq və zövq” əmələ gətirmədiyini göstərən tənqidçi nəzmlə şeiri ayırır, Şərqdə şeir ustadlarını göstərir və yeri gəldikcə onlara da tənqid prizmasından yanaşır: “Belə maddə sahibləri çox nadir vücudə gələrlər. Əhli-fürsətdən ancaq Firdovsi və Nizami və Cami və Sədi və Mollayi-Rumi və Hafız şairdirlər. Bunların da qüsuru budur ki, bir para məqamda izhari-fəzl üçün xilafi-təbiəti adət göftgü ediblər. Belə məqamlarda onların xəyallarına da şer demək caiz deyil, ancaq mənzumati-məqbul və pəsəndif demək olar”.
Bəzən Mirzə Fətəli tənqidin rəngini daha da tündləşdirir və ciddi səhvə də yol verirdi. Yuxarıda vurğuladığımız kimi, xüsusən onun Məhəmməd Füzuliyə münasibəti düzgün deyil. Azərbaycan dilini möcüzə yaratmaq səviyyəsinə qaldıran qüdrətli könül şairinə “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur: ancaq nazimi-ustaddır” – deməsi böyük şairə subyektiv münasibətdir. Bu sözləri oxuduqca L.Tolstoyun V.Şekspirə, N.Çernışevskinin A.Puşkinə ziddiyyətli, subyektiv baxışları yada düşür. Heç bir rus bu fikri ciddi qəbul etmir və bunu bir dahinin subyektiv şıltaqlığı sayır. 
Mirzə Fətəli bu mübahisəsiz şairi mübahisə meydanına gətirəndə, güman ki, düşüncə tərzini dəyişmək, ehkamı qırmaq, müasir fikri ağla yeritmək üçün hədəf məhz Füzulini seçmişdir. Füzuli şeirində doğulub boy atan azərbaycanlıya yeni həyatın məntiqini aşılamaq üçün belə bir subyektiv addım atmaq lazım gəlirdi. İkinci bir tərəfdən Füzuliyanə poeziyanı təqlid yolundan çıxmaq, “Füzuli tilsimini” qırmaq üçün, realist ədəbiyyatın yolunu tanıtmaq üçün bu fikir meydana atılmışdır.
Realist Azərbaycan şeirinin ilk nümayəndəsi – Molla Pənah Vaqif və müasiri Qasım bəy Zakir üzərində ayrıca dayanır, onların yaradıcılığını yüksək qiymətləndirir: “Amma mən əyyami-səyahətimdə səfheyi Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Saruncaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu”.
Mirzə Fətəli bu iki həyat şairini müqayisə edir, onların realist poeziyasını da qarşılaşdırır: “Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fənndə Qasım bəyə nisbətən rəhnümadır və lakin ləzzət və təsir və mühəs-sənəti-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur”.
Dahi tənqidçi bu iki şairin şeirini araşdıraraq “yavan nəzmə” qarşı qoyur və realist şeirin məziyyətlərini açır.
Mirzə Fətəlinin yeni poeziya qarşısında qoyduğu tələblər “Yüksək İranın “Millət” qəzeti münşisinə kritika” adlı məqalədə də aydın şəkildə nəzərə çarpır. Burada müəllif Süruş təxəllüslü “Şəmsüş-şüəra” ləqəbli şairin tarixi təhriflərini açır, “Kritika”nın başlanğıcındakı vədə əməl edib Süruşun ideyasız, məsləksiz, məzmunsuz söz oyunu olan şeirlərini kəskin tənqid edir. Sənətdə hökmdarların tərifini deyil, xəlqiliyi hər şeydən uca tutan vətəndaş tənqidçinin sözlərinə diqqət edin: “Evə çatan kimi bu kritikanı yazmağa başladım. Elə həyəcanlı idim ki, qəyləmimdən nə çıxdığını bilmirəm.
Ey mənim əziz qardaşım, Münşi! Başqalarına ibrət və tənbeh olmaq üçün sənə lazımdır ki, bu kritikanı qəzetin bir neçə nömrəsində çap edəsən və ölkənin daxilində yayasan; lakin o nömrələrdən xaricə göndərmə. Soruşana da de ki, bundan sonra bir də bu cür işlər görməsin”.
Ədəbiyyatda, sənətdə əqidəsizliyə dözməyən Mirzə Fətəli elə o məqalədə “Millət” qəzetinin redaktorunu müasir qəzet prinsipləri ilə tanış edir, gərəkli məsləhətləri ilə qəzetin gələcək fəaliyyətinin bir neçə proqramını verir, “millətə fayda vermək” yoluna istiqamətləndirir. Məhz bu sayaq təhlili biz Mirzə Fətəlinin bütün məqalələrində görürük. Bu sahədə universal bilik və təcrübə, böyük və ciddi bədii axtarışlar da Mirzə Fətəliyə çox kömək göstərirdi.
“Tənqid risaləsi” adlı məqaləsini M.F.Axundzadə Rzaqulu xanın “Rövzətül-səfaqi-Nasiriyyə” əsərini orijinal bir formada – müəlliflə tənqidçinin dialoqu şəklində qurmuşdur. Burada tənqidçi tarixi mövzuda yazılmış lüzumsuz şeirlərin səcli nəsrin müasirlik tələbini ödəmədiyini, qafiyəpərdazlığı tənqid edir müəllif qarşısına “Məzmun doğru deyildir: düzgün fikirləş!” tələbini qoyur. Forma ardınca gedən və sözçülüyə aparıb çıxaran şeirin əsaslarının puçluğunu, köhnəliyini, müasirlik tələbini ödəmədiyini göstərir.
 (Ardı var)
Kamil VƏLİ



Bu yazı ( 370 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar