12px14px16px18px

Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

Kamil VƏLİ

(MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR)

02:16 / 18.02.2012

(Əvvəli ötən şənbə sayımızda)

“Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq”
(M.F.Axundzadə)
Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...
Mirzə  Fətəli  yazanda  ki,  “...bəni-növi  bəşərin  əyyamı həyatında üç qism ehtiyacı var: əvvəlincisi – ehtiyaci-cismanidir, ikincisi – ehtiyaci-əqli, üçüncüsü – ehtiyaci-ruhani”, bütün gücü ilə buna çalışırdı ki, bu ehtiyacları ödəsin. Və bunun üçün də qələmə sarılmışdı.
Bu qələm rus şeirinin günəşinə yana-yana ağladı, ilk dəfə dərdli ürəyinin sirrini açdı...
Bu qələm rus və Avropa mədəniyyətinə qapı açdı. Elə bir qapı ki, oradan təqlid, pərəstiş havası yox, öyrənmə, dərketmə havası və özünə həmdəmlər, həmdərdlər, həmmübarizlər daxil oldu.
“Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz...”
“Mən rus dilini yaxşı bilirəm, indiki əsrdə rus dili inşa eimində və s. cəhətlərdə gün-gündən tərəqqi edir və incə mətləbləri ifadə etməkdən ötrü misilsiz bir dildir”.
Şekspir və Molyer, Volter və Monteskye, Holbax və Darvin, Belinski və Çernışevski... onun sevdiyi, mütaliə etdiyi ağıl və zəka sahibləri idi.
Şərqdən baxanda Qərbi, Qərbdən baxanda Şərqi çox aydın görürdü Mirzə Fətəli.
“Əvvəldə mədəniyyət toxumu İslam xalqlarının yaşadığı torpaqda göyərmişdir”, – deyən Mirzə Fətəli fəryad edirdi: “Ey mömünlər, qəflət yuxusundan ayılın, bəlkə, nicat tapasınız; çunki sizin dörd tərəfinizdəki qonşularınız oyanmışlar və yüksək mərtəbəyə çatmışlar. Halbuki siz cəhalət qaranlığında qalaraq köləlik barı ilə bağlı və azadlıq nemətlərindən məhrumsunuz”.
Mirzə Fətəlinin gördüyü üfüqlər olduqca aydın, işıqlı idi. “Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir etmir. Buna görə də millət özü, dinin manesizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi ki: “Səltənət və hökumət busatından əl çək!..”
Mirzə Fətəli özü üçün gün kimi aydın olan bu müraciəti ustalıqla xatırlayır: “Zülm” məsdərdir. Onun ismi-faili “zaüml və ismi-məfulu “məzlum”dur. Məsdər olan zülmü aradan qaldırmaq üçün iki şey lazımdır: ya zalım zülmdən əl çəkməlidir, ya da məzlum zülmə dözməlidir. İdrakın təsdiqi zülmü dəf etməkdə bu iki yoldan başqa heç bir yol təsəvvür edə bilməz”.
Bu sakit qrammatik izahatdan sonra müraciət yenidən partlayır: “Ey nadan, sən ki qüdrət, səy və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!”
Qan qoxuyan bu inqilabi müraciət çox illər, çox yollar keçəcək, çox dolaylar adlayacaq və nəhayət, böyük, qarşısıalınmaz bir qüvvənin yeni dünya qurmaq, yeni həyat yaratmaq idealının həqiqətinə çevriləcək...
Ancaq o uzaq günlərə çox var idi. Və o uzaq günlərə çatmaq üçün addımlamaq, irəli getmək lazım idi.
Mirzə Fətəli fikrə dalmışdı və onun fikri qəribə bir dünyada dolaşırdı: “Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdur ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri çəm olmuşdur... əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babanın və övliyanın qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənar çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur  edərsə, bu surətdə fərdlər yerəkən məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edirlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırqlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könul açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar”.
Mirzə Fətəli “bəşər dostları” ifadəsini işlədir və dünyanın böyük filosof və mütəfəkkirlərini bəşər dostu sayır.
Özü də böyük bəşər dostu olan Mirzə Fətəlinin iti baxışları yalnız gələcəyə dikilmişdi: “Məgər siz bilirsiniz ki, insanın kəlləsində olan bir ovuc beyni nə qədər müxtəlif və mürəkkəb fikirlərin xəzinəsidir. İnsanın fikri və xəyalının vüsəti qarşısında yeni yollar tapmaq heç də çətin deyildir”.
Bu yollardan biri də “qan qoxusu gələn” məsələləri səhnəyə çıxarmaq, xalqı özü ilə üzbəüz qoymaq idi. “Mülayimlik və məsələni ört-basdır etmək tənqid şərtlərinə ziddir” – deyən Mirzə Fətəli qısa bir zamanda yeni Azərbaycan ədəbiyyatının bünövrəsi olan altı klassik komediyasını təzə üfüqlərə çıxardı.
“Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir ayinəsidir ki, zahirimizi də və batinimizi də eyni ilə göstərir. Müruri-əyyam isə bu ayinənin üzünə qonubdur. Bu tozu silib, ayinəni üzünə seyqal verəndən sonra diqqət ilə ona baxsaq, öz surətimizi onda görərik və bir-birimizi tanıyarıq. Batini-aləmimizdə, əmali-naməşruqə və əhvali-şəniəmizə dürüst diqqət yetirsək, xəcalət çəkib yəqin edərik ki, bu yarım əsrin müddətində uzaq getməmişik; cüzi dəyişikliyimiz olubsa, o da ancaq zahiridir. İçərimiz və mənəvi tərəfimiz haman irəliki qərar üzrə qalıbdır...
Odur ki, Mirzə Fətəlinin komediyalarını oxuyan bəsirət əhli bir tərəfdən gülürsə, bir tərəfdən də həzin-həzin ağlayıb göz yaşı tökür. Gülmək görünür, amma göz yaşı dərunidir, görünmür. Onun ağır damcıları ürəyin üstünə düşüb onu dəlir, yaralayır...” (Firudinbəy Köçərli).
...Zaman keçəcək, bu komediyaların bətnindən “Yağışdan çıxdıq, yağmura düşdük”, “Nadanlıq”, “Marallarım”, “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Hophopnamə”, “Məşədi İbad” və minlərlə örnəyi olan müasir Azərbaycan ədəbiyyatı dünyaya gələçək. Azərbaycan dilinin əsl bayramı olan bu altı komediya yalnız reallıq, dərinlik, sadəlik, aydınlıq, müdriklik salnaməsi kimi tarixə yazılmadı, həm də tarixin özünü yaratdı.
Xalqın mənəvi problemlərini, daha çox ictimai fikirlərini aydın etmək üçün Mirzə Fətəli yeni yollar arayırdı. Və bu yolların biri realist Azərbaycan nəsrinin ilk nümunəsi olan “Aldanmış kəvakib”ə gətirib çıxardı. Zaman Mirzəni ürək sözlərini demək üçün tarix yollarına çıxarmışdı. Amma o, tarix deyil, müasirlərinə ibrət dərsi olan gözəl bir hekayə yazmışdı: “Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim? Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək” o dövrün nazirləri və dövlət başçılarının puçbeyinliyini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfih münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar; özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər”.
Mirzə Fətəlini həyat və tarix özü filosof elədi. Dünyanın, zamanın və insanın axtarış yolları olan, “Kəmalüddövlə məktubları”nı yaratdı.
Monteskye “Fars məktubları”nı yazanda onun məqsədi aydın idi. Ancaq uzaqdan dərdin nə olduğu çətin bilinsin. Dərdin içində onun bir parçası kimi dilə gəlmək, od tutub alışmaq, gizli-gizli yanmaq və “qan qoxuyan” mətləbləri birər-birər açmaq çətin, olduqca məşəqqətli idi. Uzun yolun yolçusu, ağsaçlı yorğun Mirzə Fətəli dinin kökünə gedir, qadın azadlığından, əlifba inqilabından söz açır, təbiətin və cəmiyyətin Şərqdə misli görünməmiş səlis və aydın mənzərəsini çəkir. Çoxmənalı və simvolik izahlar, siyasi eyhamlar, ictimai problemlərlə zəngin olan bu məktubların böyük məntiqinə irad və cavab qeyri-mümkündür. Bunu tarixin və zamanın özü sübut edib.
Həsən bəy Zərdabinin ilk Azərbaycan qəzetini çap etməsi qoca Mirzə Fətəliyə yeni ilham, inam gətirdi və enerjisi tükənməyən insan yenidən çağladı: “Qoy bizim millətimiz də bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə, patriot olsun, onda hər nə etsən, baş tutar”. İstər “Əkinçi” qəzeti üçün, istərsə də müasir Azərbaycan mətbuatı və ziyalısı üçün həmişə canlı və isti olan bu sözləri bir daha xatırlatmaq istərdik:
“Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”.
Mübarizə daha çox hərbi məntiqə söykənir. Müqəddəs olan, çox şey mübarizə praktikasından zamana və məkana uyğun qiymət alır. Mirzə Fətəli bu mübarizədə Füzuli sənətini belə inkar edirdi. Mirzə Fətəli Axundzadə dahi idi. Və gözəl bilirdi ki, Füzulidən  baxanda yer məntiqi, reallıq fəlsəfəsi, gündəlik dərdlərin, işlərin mübarizəsi çox sönük, hardasa hətta maraqsız görünür. Bu baxışı 300 il sonra qabaqlayan Mirzə Fətəli öz ideologiyası və mübarizəsi xatirinə Füzuliyə elə baxmalı, onu inkar etməli idi.
Mirzə Fətəli Axundovun Füzulini inkarı səhv idi, amma dahinin səhvi idi. Bu səhv milli oyanış, qurtuluş üçün buraxılmış səhv idi.
Nə qədər ağrılı, nə qədər faciəli olsa da, Mirzə Fətəli Füzulini inkar etməli idi. Füzuli Azərbaycan dilində, Azərbaycan mənəviyyatında əsaslı şəkildə kök salmış qüdrətli sənətkar idi. Bədii sözün hər cür qüdrətini, nazikliyini və böyüklüyünü yaratmaqda təbiət Füzulidən heç nəyi əsirgəməmişdi. İndi bu bədii sözün tufanı qarşısında dayanmaq lazım idi.
“Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım belə olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi” (Cəfər Cabbarlı). Və əslində özü yeni bir dinə çevrilmiş Füzulinin işğal etdiyi ürəyi real həyatın ziddiyyətli real mübarizə və çarpışmalarına çağırmaq üçün o ilahi kəlmələri unutmaq lazım idi. Azərbaycan xalqının mənəviyyatında elə bir inqilab lazım idi ki, orada ilahi eşq, sözün sehri, real həyatın üstündə təsəvvür edilən xəyali dünya unudulsun.
Və Axundzadə ürəyinin ən təmiz yerində Füzulinin kim olduğunu gözəl bilirdi və inanırdı ki, arzuladığı sonra yaşayacaq xoşbəxt azərbaycanlılar Füzuli ilə Axundovu heç bir vaxt bir-birindən ayırmayacaq və onların hər ikisinin adını müqəddəs tutacaqlar.
Düşmənlərindən görünən Mirzə Fətəli.
Tələbə və davamçılarından görünən Mirzə Fətəli.
Oğlu Rəşiddən görünən Mirzə Fətəli.
Bizdən görünən Mirzə Fətəli.
Və sabahdan görünən Mirzə Fətəli.
Sən həmişə eyni adamsan, müdrik qoca, dodaqları bir-birinə sıxılı, baxışları dərdli, üzü qətiyyət, iradə, əzm dolu, alnına öz taleyindən daha çox xalqının taleyi yazılmış nurlu kişi, böyük insan...
Mirzəyə dostu Manukçi Sahib məktublarının birində yazır: “Dünəniniz, bu gününüz və sabahınız mübarək olsun!” Dünən, bu gün və sabah dünyanın bütün zamanları sonsuzluğun insan ağlına sığan ölçüsü deməkdir!
Dünyanın Azərbaycan adlı bucağında bir insan yaşadı. O uzaq və qədim diyarın bir adamı başını özünə söykəyib özünü dərk etmək, dynyaya, kainata baxıb onu dərk etmək, insanın özünü dərk etmək üçün uzun illər fikrə daldı. Min illərin fikrini bir ömürdə çəkdi. Böyük ziddiyyətlər yaşadı. Və nəhayət, nə istəyirdisə, onu da tapdı. Bir qismini öz gözü ilə gördü, bir qismini gün kimi aydın gördüyü gələçəkdə tapdı. “Gələcək nəsillər heç olmasa bunu anlayacaqlar ki, biz insanlıq vəzifəmizi yerinə yetirmişik, qoy indi bizə lənət oxusunlar. Bir zaman qəbrimizin ziyarətinə gələcəklər” (Melkum xan). Və o bütün həyatını bu dünya üçün, bu dünyanın insan adlı övladı üçün verdi. Yer üzünü bürüyən zülmətin bir parçasına da o, işıq saldı və insanı bir parça qaranlıqdan o xilas etdi. Dünən, bu gün və sabah sənindir, Mirzə. Dünəniniz, bugününüz və sabahınız mübarək olsun!
...Mirzə Fətəlinin təxəllüsü Səbuhidir. Səbuhi – səhərin məstlik, xumarlıq şərabının adamı anlamındadır.
Səhər, sabah – yeni gün, yeni başlanğıc, şərab məstlik, xumarlıqla bərabər zindəlik, ayıqlıq rəmzidir. Klassik mənada şərabla çağdaş dünyadakı şərab (həqiqi və məcazi) Mirzə Fətəliyə xas metaforadır.
Mirzə Fətəli ədəbi əsərlərində modernist (məncə, həm də postmodernist) dünya ədəbiyyatının sərhədlərinə yetişmiş, hətta zaman-zaman onu keçmişdir. Şərq mistisizmi ilə, mif dünyasının əsrarəngizliyi ilə Qərb praqmatizmi, sərt realizmi birləşdirən yazarın “Aldanmış kəvakib”dəki poetik məntiq və real həyat mozaikası, “Müsyö Jordan...”dakı Parisin dağıdılması qurğusu və Dərviş  Məstəlişah mistikası, “Hacı Qara”dakı gülüş əl-kimyası bugün üçün də doğma olan özünəgülüş rəngliliyi “Mürafiə vəkilləri...”ndəki Hamurabi qanunlarından XIX əsrə uzanan hüquq yolunun ədəbi-bədii transformasiyasını o qədər ustalıqla verir ki, yazıçı-dramaturqun qələminə heyran olmaya bilmirsən. Bu mənada XX-XXI əsr Azərbaycan ədəbiyyatı Mirzə Fətəlinin “şinelindən çıxıb”. 
 (Ardı var)
Kamil VƏLİ



Bu yazı ( 312 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar