12px14px16px18px

SALAM, ƏLİ POLAD

Kamil VƏli
00:19 / 09.04.2011  (“Ürəyimin divarından asılmış şəkillər” sırasından) “Bir mən vardır, məndə məndən içəri” (Yunus Əmrə)
Mənim gördüyüm, tanıdığım, dost olduğum, ya olmadığım insanlar içində Əli Poladın ayrı bir yeri var. Əvvəla, Əli Polad mənim minnətdar, borclu olduğum çox az dostlarımdandır. 1993-cü il qiyamından sonra işsizlik dövrüm başladı. Çörək verib cibinə xərclik qoyduğum adamlardan məmur maaşı verdiyim adamlardan, etinasızlıq görmüşəm – üşənməmişəm, adam elədiyim cavandan yekəxanalıq, yekəbaşlıq görmüşəm – dözmüşəm, axşam milyonçu kimi yatıb səhər duranda lüt-üryan əsnaf dost görmüşəm – ruhdan düşməmişəm, ümid bağladığım, güvəndiyimdən xəyanət yemişəm – tab gətirmişəm, süfrəmin başında mənə etibar, kişilik dərsi verəndən etibarsızlıq, gədəlik görmüşəm – qismətimdir demişəm. Çətini Allaha könül bağlamaqdır. Sonra hər şey düzəlir, sonra hər şey öz yoluna, öz axarına girir. Çox şükür. Maddi və mənəvi basqılar qarşısında açdığım iki qapıdan biri Türkiyə Cümhuriyyəti, o biri Əli Polad oldu. O ağır illərdən əvvəl də, sonra da Əli Poladın İstanbuldakı evi də, ofisi də mənim öz evim, ofisim olub. O evdə, ofisdə kimlər olmayıb?! Üç ölkədən gələn fikir, iş adamları, ehtiyaclılar, qaçqınlar, təqib altında olanlar, xəstələr, əlacsızlar... Nə prezidentlər, nə baş nazirlər, nə vaxtilə səsi dünyanı lərzəyə salanlar, nə xoşbəxtlər, nə bədbəxtlər... Əli bəyin o insanlara bərabər münasibətdə olduğunun canlı şahidlərindən biri də mənəm. Eyni süfrə, eyni gülər üz, eyni qəlb açıqlığı: nə az, nə çox. Əli bəy Allah adamıdır. Allah adamları insanları varına, ağlına, fərasətinə görə bölməz, ayırmaz. Əli bəy həyatın hər üzünü görmüş adamlardandır. Uşaqlıqdan başlayan ağır günlər, həyatın tərs üzü Əli Poladın ilk müəllimi olmuşdur. O, Allahını da məsciddə, ibadət yerlərində deyil, anasının göz yaşlarında, soyuqdan donmuş barmaqlarında, ona bağıran sahibkarın səsində, küncünə sığındığı divar dibində tapmışdı. Allah sevgisini, təcəllisini Hz.Məhəmməddə, Hz.Əlidə tapan Əli Polad hələ yeniyetməliyindən, dindarlıq yoluna deyil, din fəlsəfəsinə, Allah kəlamına, Hz.Peyğəmbər sünnətinə, Hz.Əli kəlamlarına sığındı. Hz.Əli yeniyetmə Əlinin həyat qəhrəmanı, idealı oldu. Sonralar o, “Həzrəti Əlinin kəlamları” kitabını bu sonsuz məhəbbətin işığında sonsuz minnətdarlıq və eşqlə hazırladı. Əli bəyin Hz.Əli vurğunluğu bir ələvilik olmadığı kimi, fanatik seçim-filan da deyil. Mən o kitabın hazırlıq aşamasında Əli bəydən soruşdum: “Əli bəy, sizin bu Hz.Əli heyranlığınızın təməlində nə dayanır?” O susdu və uzun sürən düşüncədən sonra söylədi: “Vallah, bilmirəm. Eşqin səbəbini sormazlar və danışmazlar”. ...Əli bəy əslən Təbrizdəndir. Atasını işğalçı ruslar öldürüb. 7-8 yaşından öz çörəyini özü qazanıb. Ticarətin cazib yolundan ayrılaraq təhsil yolunu seçmiş işləyə-işləyə oxumuş, oxuya-oxuya işləmişdir. Ərzurum Atatürk Universitetini bitirmiş və İstanbulda evlənərək həyatını, taleyini bu ölkədə yaradıcı fəaliyyətlə davam etdirmişdir. Təbriz-Bakı-İstanbul üçbucağı Əli Poladın yalnız coğrafi-məkan-iş koordinatlarını deyil, həm də əqidə, mənəviyyat konturlarını müəyyənləşdirən Vətən, millət, demokratiya dəyərləridir. Əli bəy Vahabzadələr soyundandır. (Böyük şairimiz, sonradan yaxın dost olduğu Bəxtiyar Vahabzadə ilə soy qohumluğu sübut olunmayıb, təxmin edilir.) Keçən əsrlərdə Təbrizə köçən əcdadları orada kök salmış, türk şəhri Təbrizdə yerləşmişdir. İstanbul onun iş-fəaliyyət şəhəridir. İstanbulda Əli bəy yalnız Anadolunu deyil, dünyanı kəşf etmişdir. İstanbuldan açılan qapılar ona uzaq yolları yaxın etmiş, iş həyatını qanadlandırmışdır. Bakı Əli bəyin ideallarının şəhridir. Şimali Azərbaycanın mədəniyyəti, qan-can birliyinin on illər boyu çəkdirdiyi həsrət onun könlündə ayrı bir iz buraxmışdır. Bir ürəkdə simvolu üç şəhər olan din, dil, mədəniyyət birliyi idi. Əli bəy yazıb-yaratdığı kitabların təqdimatını bu üç şəhərdə keçirməklə bu birliyi, bütövlüyü təsdiq etmişlərdəndir. Təbiətcə demokrat olan Əli bəy hüququn üstünlüyünə, insan haqqına o qədər sayqılıdır ki, tikinti-quruculuq, ticarət işlərinin də, mədəniyyət tədbirlərinin də fikir-düşüncə azadlığı bağlamında ola biləcəyinə ürəkdən inanır. “Üç min ilin hikməti” kitabının hüquq bölməsində onun verdiyi iqtibaslar, nümunə göstərdiyi, ayrı-ayrı mənbələrdən uzun illər boyu seçdiyi hikmətli ifadələrdə, kəlamlarda qədim dünya filosoflarının, dinlərin, yazıçı və alimlərin siyasət və mücadilə adamlarının fikirlərini bir araya gətirməklə yalnız hüququn, dövlətçiliyin deyil, həm də xoşbəxtliyin, bədbəxtliyin, ümidin arayışını, elmin, mədəniyyətin, savaşın, barışın, ağılın, zəkanın... mahiyyətini açmış, 99 mövzuya tarixin ayrı-ayrı qatlarından, müxtəlif zamanlardan və dünyagörüşlərdən işıq salmağa müvəffəq olmuşdur. Bəzən bir ifadənin, bir kəlamın dediyini bir roman, bir monoqrafiya deyə bilmir. Əli Polad alternativ qavramlara, zidd anlayışlara, alternativ baxışlara diqqəti yönəldərkən həmişə müsbətə, olumluya, işığa, xoşbəxtliyə üstünlük vermişdir. İnsana inam, ümidə, işığa, olumluya inamın bir hissəsidir həqiqətinə inanan Əli Polad öz həyatını da bu müsbət amal istiqamətində qurmuşdur. Dünyada problemsiz adam yoxdur. Fəqət Əli bəyi tanıyan hər kəs bilir ki, nədənsə şikayətlənmək, ah-uf etmək ümidsizliyə qapılmaq onun həyat kitabında yoxdur. Hər çətinlik ilahi zorluqdur və bir imtahandır. İnsan mübarizə edə-edə iradəsi ilə bu çətinliyi yenməlidir fəlsəfəsi Əli bəyin inandığı və həyatı boyu uyğuladığı fəlsəfədir. Mən dəfələrlə Əli bəyə pislik edənlərə onun yaxşılıq etdiyinin şahidi olmuşam. Bunu ona xatırladanda Əli bəy gülümsəyərək “O pisliyindən qalmırsa, mən bacardığım yaxşılıqdan niyə əl çəkim ki...” Məncə, bu əqidə hər kəsə şamil olsa, bəşəriyyət bir çox bəladan xilas olacaqdır. Əli bəyin mədəniyyət, tarix, inanc təşnəliyi onun həyatından qırmızı xətt kimi keçib gedir. “Həqiqətin özü” bəlgəsəli, “Azərbaycan mədəniyyəti dünya muzeylərində” sənədli filmləri, “Və biz” və “Əzab yüklü eşşək”, “Mirzə Əli Möcüz”, “Hz.Əli”, “Üç min ilin hikməti”, “Ömər Xəyyam”, 3 cildlik “Bir damla su” kitablarında, onlarca ibrətamiz və bilgiverici plakatlarda, onlarca çıxış və məruzələrində Əli Polad insanın mədəniyyət, beyin, duyğu gücünü, zənginlərini ifadə etmiş, təmənnasız yayımladığı bu əsərləri ilə insanlara, xüsusilə gəncliyə böyük fayda vermişdir. Əli bəyin maddi köməyi və mənəvi dəstəyi ilə oxuyan onlarca şagird, tələbə, dissertantın çoxu heç Əli bəyin üzünü görməsə də, Əli bəy onları yaxından tanıyır və izləyir. İnsanın yaradıcı gücünə, zəhmətinə, istedadına, bacarığa sonsuz ümid Əli bəyin vazkeçilməzliklərindəndir. Əli bəy bitməz-tükənməz atalar sözü, zərbi məsəl, deyim, lətifə, hekayət... xəzinəsidir. Onun məqamına uyğun işlətdiyi atalar sözləri, ibrətamiz baməzə lətifələr o qədər yerinə düşür ki, hər hansı bir ədəbiyyatçı, xalq ədəbiyyatı bilicisi bu ustadlığa həsəd aparır. Əli bəy din tarixini, bütün dinlərin mənşəyini, inanc fəlsəfəsini gözəl bilir. Bəzən Əli bəyə din tarixindən, hədis və sünnətdən, şəriətdən, təriqətdən, təsəvvüfdən nə isə danışmaq istəyən xam müsahibini belə səbrlə dinləyir, sanki ondan nə isə öyrənirmiş kimi təvazökar bir vəziyyətdə müsahibinə qulaq kəsilir. Bir az keçəndən sonra qətiyyən qəlbinə toxunmadan, xətrinə dəymədən onun adda-budda, alayarımçıq toxunduğu məqamları müfəssəl şəkildə və gözəl bir üslubda təqdim edən Əli qarşısındakını alçaltmadan ona elə mədəni dərs verir ki, o adam bir də din söhbəti gələndə ağzını belə açmır. Əli bəy yaxın və uzaq tarix məsələlərini, böyük siyasət və geostrategiya məsələlərini də dərindən bilən yetkin şəxsiyyətdir. Mən onun Cavad Heyətlə, görkəmli tarixçi İlbər Ortaylı ilə, yazıçı Anarla, riyaziyyatçı alim Hamlet İsaxanlı, Rafael Hüseynov, sənət və elm xadimləri ilə maraqlı söhbətlərinin şahidi olmuşam. Onun dərin biliyinə, zəkasına, yaddaşına valeh olmuşam. “Ömər Xəyyam” kitabını hazırlayarkən riyaziyyatdan, astronomiyadan, fəlsəfədən, poetikadan hansı qədim qaynaqları araşdırdığına çox təəccüb etdim. Sonra kitabın rusca nəşrinin son variantını məşhur rus şərqşünası Xəyyam bilicisi O.A.Akimuşinə göndərdik və qeyd etdik ki, bu kitab hədiyyə-kitab niyyətilə hazırlanmışdır və akademik səciyyə daşımır. Bir müddət sonra O.A.Akimuşkindən məktub aldıq. O, yazırdı: “Dostlar, xəstə olduğum üçün kitabı ləngitdim. Üzr istəyirəm. Əslində Xəyyamdan çox rübai qalmayıb. Ancaq sizin dəqiqliklə seçdiklərinizin Xəyyama məxsusluğu daha çox ehtimal edilə bilər. Məncə, kitab kifayət qədər akademik incəliklə hazırlanıb və elmi tələblərə cavab verməklə yanaşı, Xəyyamşünaslıqda nəşr mədəniyyətinə, bilgi zənginliyinə görə seçilən yeni bir nəşrdir. Uğurlar arzulayıram.” Böyük alimin bu qiymətini şərqşünas-alim, millət vəkili Rafael Hüseynov da təsdiq etdi və həmin kitabın Azərbaycan nəşrinin Bakıdakı təqdimatını yüksək səviyyədə aparan siyasətçi-alim Əli Poladın zəhmətini və ortaya qoyduğu mədəniyyət abidəsini yüksək qiymətləndirdi. Yazıçı Anar, ədəbiyyatşünas alim Bəkir Nəbiyev, Xalq şairi Zəlimxan Yaqub, məşhur şərqşünas-alim Vasim Məmmədəliyev, ədəbiyyatçı-alim, millət vəkili Nizami Cəfərov... nəşri yüksək qiymətləndirdilər. Azərbaycanda təmənnasız kitab nəşri dəb deyil. Əli bəy İstanbulda, Bakıda, Təbrizdə çap etdirdiyi kitabları xəstəxanalara, qocalar evinə, məktəblərə, universitetlərə, kitabxanalara, ayrı-ayrı adamlara hədiyyə etməklə bu ənənənin əsasını qoyanlardan biri olmuşdur. Əli bəy farscanı, ingiliscəni, almancanı, ərəbcəni, türk ləhcələrini, rus dilini gözəl bilir və gəncləri dil bilməyə, dil öyrənməyə yönəldənlərdəndir. “Bir damla su” kitabını yazarkən ingilis, alman, rus, ərəb-fars mənbələrindən geniş istifadə etmişdir ki, bu da kitabın uğuru üçün əhəmiyyətli olmuşdur. Əli bəy indi, Təbrizdə Şəms Təbrizi türbəsini – mədəniyyət mərkəzini tikdirir. Bu abidənin Təbrizin tarixinə, Şəms Təbriziyə, Mövlanəyə yaraşacaq memarlıq abidəsi olacağına şübhə etmirik. Bu abidənin layihəsinin hazırlanmasında əslən Ərdəbilli, indi Bakıda yaşayan böyük memarımız, akademiyanın müxbir üzvü Cəfər Qiyasi yaxından iştirak edib. Bəzən yarızarafat, yarıciddi ailə söhbətlərində iş adamı övladlarına deyir ki, mən sizi oxutdum, çörək sahibi elədim. İndi icazə verin olan-qalanımı millətimin tarixinə, mədəniyyətinə sərf etdim. Hər ailənin dözə bilməyəcəyi bu addımı Əli bəyin xanımı Rəzan xanım da, oğlu Əmir də, qızı Arzu da, hələ balaca olan nəvələri də (nəvələrdən böyüyünün adı babasının adıdır – Əlidir, kiçik nəvənin adı Araz) nəinki dözürlər, hətta ailə başçısının bu hərəkəti ilə fəxr edirlər. Əli bəy onları belə tərbiyə etmişdir. Haşiyə. Əli bəyin bir özünəməxsusluğu da onun ailə üzvləri ilə münasibətidir. Xanımı Rəzanla o qədər səmimi dostdurlar ki, bütün münasibətlər o cümlədən ər-arvad münasibətləri bu səmimi dostluğun kölgəsində qalır. İncə yumor, qarşılıqlı sayqı-sevgi, etibar bu dostluğun təməli, eyni zamanda ailə münasibətlərinin əsasıdır. Qonaq-qaralı, get-gəlli evin çox da söz-söhbəti olur. Bu qapıya problemləri ilə gedib-gələnləri də nəzərə alsaq, iş həyatının ailə həyatına vurduğu zərbələri diqqətə alsaq, Rəzan xanımın Əli bəy şəxsiyyətinin formalaşmasında böyük rolu ortaya çıxar. Əslində Əli bəy dünyaya elə yaxşı adam kimi gəlib. Yaxşılıq etmək, əl tutmaq (“Əl tutmaq Əlidən qalıb” qüdsiyyətini, Hz.Əli ilə bağlılığına zərrə qədər də xələl gətirmədən onu şübhəsiz-filansız Əli bəyə də aid etmək olar. Ancaq bir az dəyişərək: “Əl tutmaq Əlidən Əliyə qalıb.”) Əli bəy oğlu Əmirlə də, qızı Arzu ilə də, nəvəsi balaca Əli ilə də, Arazla da dostdur. Əmirin 15-16 yaşı olanda Əli bəy ilk dəfə Bakıya gələndə Əmiri də özü ilə gətirmişdi. Mən elə o zaman da onları ata-oğuldan daha çox iki dost kimi gördüm. Əli bəyin qızı Arzu xanım atasının hər yeni kitabı çıxanda 5-10 cümləlik yazı yazır və o sözlər də kitabda gedir. Mən Əli bəyin o sözləri necə sevdiyinin, o sözlərin əlyazmasını necə uca tutduğunun və bunu kimsəyə söyləməyi sevmədiyinin şahidiyəm. Əli bəyin iş yoldaşları ilə münasibətinin təməlində səmimiyyət, halallıq, doğmalıq dayanır. Erol bəylə onlar artıq iş yoldaşı, şərik deyil, doğma qardaşdan da əzizdirlər. Nəjla xanımla, Əhəd kişi ilə, Nevra xanımla, İbrahimlə, Gülnaz xanımla, qapıçı ilə, sürücü ilə, onlarla iş yoldaşı ilə Əli bəy səmimi dostdur. Ortada inam, halallıq, etibar olandan sonra ailə ilə iş, ictimai ortam arasındakı sərhədlər silinib gedir. Kitablarından başqa Əli bəyin hazırladığı ibrətamiz plakatları var: təmizlik, iş həyatı, sanitariya mədəniyyəti, sağlamlıq, əxlaq, mənəviyyat haqqında olan bu plakatların şəkilləri də, kəlamları da quru nəsihətdən daha çox beyinə ürəyə işləyən təcrübədir. Əli bəy bu təcrübəni ilk növbədə gənclərə vermək istəyir. Ümumən onun üzü həmişə gəncliyədir. Həyatı işığa, ümidə, pozitivliyə doğru dəyişdirəcək böyük qüvvənin gənclik olduğunu Əli bəy gözəl bilir. O, istəyir ki, türk gənci müasir olsun, elm-texnikaya vaqif olsun. Eyni zamanda dilinə, dininə, adətinə, mentalitəsini təsdiq edən hər şeyə sədaqətli olsun. Cəhalətlə, gerçəkliklə kökə bağlılığın sərhəddini düzgün seçə bilsin. Rastlaşdığı hər bir gənc onun üçün problemlər altında əzilən 17-18 yaşındakı Əli Poladın özüdür. ...Paylaşılan, bölünən hər cür gözəllik Əli bəyin idealıdır. O, insanın daxili və xarici gözəlliyinin, sənətinin əsrarəngizliklərinin, münasibətlərinin, maddi və mənəvi nemətlərin gözəlliklərinin həm qədrini bilir, həm təbliğ edir, həm də o dəyərlər uğrunda mücadilə edir. Az-çox imkan olan Əlin bəyi ucuz, ancaq təmiz bir yeməkxanada görsəniz, küçə alverçilərindən alış-veriş edən yerdə müşahidə etsəniz təəccüblənməyin. Əli bəy sıradan insanlarla, həyat standartının aşağısında yaşayanlarla ünsiyyətdən böyük zövq alır. Prezidentlərlə, baş nazirlərlə, böyük iş adamları ilə oturub-durmaq onu sadə insanlardan heç vaxt ayıra bilməyib. Təsadüfən şahidi olduğum iki görüşü, söhbəti sizinlə də bölüşmək istəyirəm. Əli bəy təqaüd verib oxutduğu tələbələrlə söhbət edirdi. Söhbət nə dolanışıqdan, nə siyasətdən, nə də elmdən gedirdi. Əli bəy gənclərə sadə yaşamın, ideal ömür sürməyin sirlərini elə gözəl anladırdı ki, söhbət gənclərdən daha çox məni həyəcanlandırmışdı. Cavan olmaq, yenidən həyata başlamaq ehtirası qəlbimə hakim olmuşdu. Əli bəy gənclərə əsla nəsihət vermirdi. Söhbəti elə təbii aparırdı ki, uşaqlar özlərini ata hüzurunda, ana qayğısında, tələbkar müəllim qarşısında hiss edirdilər. Ən başlıcası onlar tələb, qayğı, sayğı, sevgi, ümid içində özlərini bəxtəvər hiss edirdilər. İkinci görüş Moskvadan gəlmiş iş adamı ilə idi. Əli bəyin moskvalı dostu onu Rusiyaya dəvət edir, qarantiyası olan böyük işlər təklif edirdi. Əli bəyin cavabı qısa və sərt oldu: “Mən müflis olsam da öz vətənimdə müflis olmaq istəyirəm. Mən təbiətcə aşırı millətçi olmasam da, iş həyatında çox sərt millətçiyəm. Türkiyədən, Azərbaycanın Güneyindən, Quzeyindən başqa bir yerə sərmayə qoya bilmərəm. Bunu təbiətcə qəbul edə bilmirəm. Kosmopolit olan iş həyatı – biznesin məntiqi bunu qəbul etməsə də, mən bunu qəbul edirəm. Uduzsam, udsam da mənə fərq etməz. Mən həmişə dərviş həyatı yaşamağa hazıram. Ölümdən-filan da qorxmuram. Əcəli-mayallaqdan qaçmaq lazım, ancaq alın yazısını da dəyişmək olmaz. Çox yaşamaqla bir şey dəyişməz”. Əli bəyin dostu bu var-dövlət tövrü qarşısında çaşıb qalmışdı. ...Əli bəy Əli adı ilə fəxr etdiyi kimi, Polad soyadından da qürur duyur. “Polad sınar, əyilməz” atalar sözü onun həyat devizidir. Əli bəy sözün gözəl mənasında hal əhlidir. Ancaq bu hal əhli avamın, fürsətçinin xəyalındakı haldan deyil. Bu hal təsəvvüf halıdır, həyatı, gözəlliyi möcüzə bilənlərin halıdır. Bunu bilən bilir, bilməyən də heç vaxt bilməyəcək. Əli bəyin Bakıdakı, Təbrizdəki, İstanbuldakı evində hər gün 8-10 nəfərlik süfrə açılmalıdır. Qonaq gələ də bilər, gəlməyə də. Süfrə isə açıq olmalıdır. Bir dəfə Əli bəyə danışdım ki, bizim müəllimimiz, böyük alim, rəhmətlik Məmməd Cəfərin paltosu asılqanda itir. Bir neçə gün sonra o yoldaşları ilə küçədə gedəndə yanındakı dostu Məmməd Cəfər müəllimə deyir ki, sənin paltonu çırpışdıran qabaqdan gəlir. Məmməd Cəfər müəllim: “Tez ol küçənin o tərəfinə keçək. Kişi bizi görüb utanar”. Əli bəy bunu eşidəndə gülümsəyib: “Dini baxımdan da, insani baxımdan da doğru olan budur. O cür insanlar olmasa dünyanın yanı əyilər.” Mən anladım ki, Əli bəy də dünyanı əyilməyə qoymayan insan çeşidindəndir. Heyf ki, bu fani dünyada əyənlər düzəldənlərdən qat-qat çoxdur... Bir dəfə Bakıda çap etmək istədiyimiz Mirzəli Möcüz Şəbüstərinin kitabını hazırlamaq istəyirdik. Latın əlifbası ilə çapın problemi yox idi və kitab hazır vəziyyətdə idi. Ərəb əlifbası ilə kitab üçün şərqşünas dostumuz bir əski əlyazma gətirdi və utana-utana “Əli bəy, bu kitabı satan pulunu istəyir”. Əli bəy: “Oğlum, gərəkli kitaba oxşayır. Bu əlyazmanı da mən alıb sənə bağışlayaram. Bizim nəşr üçün də maraqlı olacağını zənn edirəm.” Əli bəy gözəl inşaatçı-memardır. Onun layihələri və rəhbərliyi ilə tikilmiş binalar, bərpa örnəklə əski tikililər, hər bir memarın həsəd aparacağı nümunələrdir. “Əzab yüklü eşşək” kitabının Türkiyə nəşri “... Və biz” adlanır. Bu kitab hazırlanarkən, doğrusu, mən də çox təəccüb etdim. “Dəyərmi?!” – deyə düşündüm də. Ancaq Əli bəyin dünyadakı 16 eşşəkqoruma dərnəyi ilə təmasını, işbirliyini gördükdən sonra fikrimi dəyişdim. Əli bəyin dini, tarixi kitablarından, müxtəlif elmi kitablarından, ədəbi əsərlərdən, müxtəlif materiallardan topladıqlarına heyran olmamaq mümkün deyildi. İnsanın 1000 illər boyu zülm etdiyi bu zavallı heyvan haqqında düşüncələrim kökündən dəyişdi və “Əcəba, eşşək kimdir?” – deyə düşüncələrə daldım. Əli bəyin təqaüd verib oxutduğu gənclər çoxdur. Onların içində türkiyəli də var, iranlı da, azərbaycanlı da, iraqlı da... Mənim övladlarıma da xaricdəki təhsil illərində Əli Polad təqaüd vermişdir. Ancaq bir şərti göz önündə tutmağı rica edib. Təqaüd oxuyub çalışan tələbə üçündür. Əgər mənim övladlarım əlaçı olmasaydılar, özləri o təqaüddən imtina edəcəkdilər. Bakıda dəfələrlə ona əl uzadıb dilənən gəncin qoluna girib İçərişəhərdəki ofisinə gətirən Əli bəy “Buyur, oğlum burda işlə, dolan”. Bu təklifi minnətdarlıqla qarşılayıb biabırçılıqdan qurtaranlar da olub. Əli bəyin yanından çıxıb bir də o tərəflərdə görünməyənlər də... Qəribədir, din adamları Əli bəyi dinsiz bilir, dinsizlər din adamı. Əslində Əli bəy nə aşırı dinçidir, nə də aşırı dinsiz. Elə bilirik ki, Allahı tapan bizik. Bilmirik ki, Allah tapır bizi. Bizim tapdığımız Allahla, Allahın tapdığı bizi yalnız bir xətt birləşdirir. Bu xətt o qədər mütləqdir ki, hər şey bu mütləqin yanında nisbidir. İnansan da belədir, inanmasan da. Dostum Əli bəy buna inananlardandır. Əli bəy millətini, vətənini sevən insandır. Onun üçün millət türk, vətən Turandır. Ancaq Əli bəyin sokak milliyyətçisi deyilən kəsimlə heç bir əlaqəsi yoxdur. O, bütün insanlığı sevir və bəşəri mədəniyyəti öz mədəniyyəti hesab edir. Heç bir millətə, etnosa yuxarıdan aşağı baxmayan, qarşılıqlı hörmətə, sevgiyə böyük əhəmiyyət verən Əli bəy hər cür düşmənçiliyin, kin-küdurətin bir gün bitəcəyinə inanır və bu barış, qarşılıqlı hörmətin bərqərar olması üçün əlindən gələni əsirgəmir. O, dünya dilində, beynəlxalq standartlarda yetişdirilmiş gəncləri, güclü milli ordu, texnoloji ilə silahlanmış çağdaş iqtisadiyyatı, demokratik dəyərləri yüksək qiymətləndirir. Əli bəy bu dünyanın nadir adamlarından biridir. Nadir adam olmaq nə var-dövlətlə, nə kitab-dəftərlə, nə də hörmət-izzətlə, vəzifə ilə bağlıdır. Dünyada bu saydığım adamlar istədiyin qədərdir. Nadir adam olmaq zahirən nə olursa-olsun daxilən dərviş olmaqdır. Dini rituallardan asılı olmayaraq könlü ilə Allaha bağlı olmaqdır. Bu dünyada qaranlıq deyil, işıq axtarmaqdır, şər deyil xeyir axtarmaqdır. Yamanlığa yaxşılıq etməyi bacarmaqdır. Bu dünyada var yerindən, yaxud yox yerindən insanlara ümid, xeyir daşımaqdır. Allaha inanmaqdır, əsl sənətə sitayiş etməkdir, sözlə, musiqi ilə yaşamaqdır. Hər gün yenidən doğulmaqdır... Nadir adam olmaq bəndə ilə, toplum ilə də bağlı deyil. Bu seçim də Allahın seçimidir. Allahü-təala yalnız peyğəmbərləri, həvariləri, imamları, müqəddəsləri, xilaskarları deyil, sıradan insanlar içindəki işıq, xeyir paylayanları da özü seçir. Təmənnasızlıq adlı hikmət hər kəsə müyəssər olmur. Səbr və təhəmmül yiyəsi olan insanlar da Allahın seçdiklərindəndir. Mən tez-tez həyatda olan və olmayan dostlarım haqqında düşünürəm. Bu düşüncələrimin mərkəzində əlbəttə ki, mən özüməm. O dünyanı bilmirəm, bu dünya, başının üstündə Allahı olan və olmayan insan mərkəzlidir. Mən də o insanlardan biriyəm. O düşüncələrdə dostlarımın taleyi var, ömür içərisində çırpınan tanıdıqlarım var. Bu ömür sularında boğulanlar var, üzüb məsud-məsud keçənlər var. Namuslu var, namussuz var, şərəfli var, şərəfsiz var, mərd var, namərd var, şanslı var, şanssız var... Məncə, Əli bəy öz sənət peşə yolunu düzgün seçməyənlərdəndir. O, gözəl alim və ya ilahiyyatçı ola bilərdi. Məncə, çox böyük yazıçı da ola bilərdi. O, ticarəti, iqtisadiyyatı, mütahidlikliyi deyil, ticarət, iqtisadiyyat, mütahidlik onu seçmişdi. Amma Əli bəy bənna, dülgər, həkim də ola bilərdi. Bütün bunların olmasından, olmamasından asılı olmayaraq Əli bəy yenə həmin Əli bəy olacaqdı. Xatirələrində Təbriz, gerçəkliyində İstanbul, ümidlərində Bakı. Və titulundan, çinindən, vəzifəsindən, pulundan-mülkündən asılı olmayan insanı sevəcəkdi, ona inanacaqdı. Bu insan müsəlman, türk ola da bilər, olmaya da bilər. 7-8 yaşında uşaq Təbrizin şaxtalı-ayazlı sübhündən axşamın zülmətinə qədər nə isə alıb, nə isə satmaqla 50-60 quruş qazanıb öz-özünü dolandırmağı həyat amalı seçirsə, yaşamaq üçün mücadiləyə atılırsa o uşağın ömürlük ruzisini Allah özü verir. Ömür boyu gələn qazanc, gedən qazanc, artan-azalan, yox olan, var olan nə varsa hamısı o 7-8 yaşlı uşağın qismətidir. Qismətdən artıq heç kəs heç nə yeyə bilməz. İslamda bir önəmli dua var: “Allahım, məni, ailəmi, millətimi, hümmətimi, insanları qoru”. Məncə yer üzündə bu qədər genişliyi olan, hüdudsuzluğu olmayan dua yoxdur. Mənim dostum iş və fikir adamı Əli Polad da bu duaya inanan və səhər-axşam bu duanı eləyənlərdən biridir. Allah haqq duanı qəbul edəndir. Son söz yerinə: ... Hər kəsin çörək, su, hava, vəzifə, yaradıcılıq, övlad qisməti kimi, dost qisməti də var. Əli Polad da bizim dost qismətimizdir. Bizim, yəni Əli bəyi tanıyıb bilən bütün insanların. Təbriz bizim bu dostluğumuzun adıdır. Və Təbriz bizim yuxularımızın, bütövlüyümüzün şəhəridir. Əli bəy Təbriz nişanı, Təbriz yadigarıdır. İstanbul bizim gücümüzün, qüdrətimizin şəhəridir, ehtişamıdır. Əli bəy iki qitəni birləşdirən İstanbulun rəmzidir bizim üçün. Bakı vüsal şəhəri, mədəniyyətlər, gözəlliklər körpüsüdür. Xarakteri və missiyasıyla özü də dostluq, qardaşlıq, bin-bərəkət, barış, insanlıq körpüsü olan Əli Polad elə Bakının özüdür. Üfüqdə Dərbənd, Göyçə, İrəvan, Borçalı görünür. Ürəklər təzələnir, könüllər qubar edir... Əli bəy salam! Təbrizim, yollarına gül düzüm! İstanbul, günaydın! Bakı, sabahın xeyir!
Kamil VƏli


Bu yazı ( 567 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar