12px14px16px18px

Məndən demək...

Fikrət Qoca
12:06 / 06.04.2012
Hər insan doğulduğu gündən mənzilinə yönəlmiş kamikadzedir. Olduğumuz şəkildə enerjimiz ora kimidir. Ordan o yana enerjimiz necə, nə şəkildə yaşayacaq? Bu nağıllarımızdakı həmişə bağlı olan qırxıncı qapıdır. Sirlidir. Bir şeyi dəqiq bilirik ki, o dünyadan geri dönmək üçün heç kəsin vizası yoxdur. Hər kəs öz yolunda öz mənzilinə uçur, qaçır, yeriyir, sürünür. Hər kəs istedadlıdır, hər kəs öz barmağının izi kimi orijinaldır. Lakin hamı özünün aid olduğu sahəni müəyyən edə bilmir. Allahın ona verdiyi istedadı aidiyyəti üzrə yönəldib sərf etmir. Özünü yoldan-yola atır, həmin yolun adamlarına mane olur, əlinə-ayağına dolaşır, uğursuzluğunda onları günahkar sayır. Qəzəblənir, uğur qazananları qarşısında maneə kimi görür. Uğursuzluğunda onları günahkar sayır. Girəvə düşdü-düşmədi onları sancır, söyür, bununla təskinlik tapır. Bu yolda özünün görünmədiyini, diqqətdən kənarda qaldığını haqsızlıq sayır. Zəmanəni, quruluşu, yaşadığı dövranı lənətləyir. Diqqət çəkmək üçün axının əksinə gedir, təriflənənləri, zəhməti ilə uğur qazananları bacardıqca sancır, ləkələməyə çalışır. Əslində o, belə insan deyil. Öz yolunda, öz yerində olmaması, istedadının aid olmadığı yolda olması onu bu hala salıb, insanların gözündə rəngsiz, gözə çarpmayan adam edib. O da qəzəbindən bu yolda cəmiyyətin ən çox məhəbbətini, sevgisini qazanmış istedadlı sənətkarlarını sancır ki, cəmiyyəti ağrıtsın, dönüb ona baxsınlar, onu görsünlər. Əslində bunlar “ay camaat, mən də varam axı” – deməkdir. Amma özündən soruşmağa gücü çatmır ki, “mənim hansı işimi görsünlər? Bəlkə mən heç bu sahənin adamı deyiləm, bəlkə qayıdıb öz yolunu tapmaq hələ gec deyil”. Sözümün əvvəlində dedim ki, o dünyadan dönməyə heç kəsin vizası yoxdur. Amma son nöqtəyə qədər hər kəsin həmişə qayıtmaq imkanı var. Hətta dinimizdə də deyilir “Tövbə qapısı həmişə açıqdır”. Əslində belə insanlar əzab və işgəncə içində yaşayırlar. Dərd burdadır ki, onlara bu əzabı, işgəncəni verən də özləridir. Yalan-böhtan demək istəmir, amma deyir, söyüş söymək istəmir, söyür. Görür cəmiyyətin vecinə deyil, daha da hirslənir. Cəmiyyət dəniz kimidir; nə atırsan udur, yuyur, sonra atır sahilə, zamandan kənara. Yenə də deyirəm qayıtmaq, öz yolunu tapmaq həmişə gec deyil. Qayıdıb aid olduğu yeri tapan, istedadını göstərən, böyük uğurlar qazanan insanlar çoxdur, bundan sonra da olacaq. Belələri özlərini də əzabdan qurtarır, ətraf mühiti də saflaşdırır. Qayıtmayanlar “yolsuzluq da bir yoldur” – deyənlər arada bir qan qaralda bilsələr də, cəmiyyətə bir az zərər verə bilsələr də çıxar sayılırlar. Hər sahədə məhsulun müəyyən faiz çıxarı nəzərdə tutulur. Görünür, Yaradanımız da insan adlandırdığı məhsulunun da müəyyən faiz çıxarını nəzərdə tutub. Bu çıxardan da istəkli insanlarının təmkinini, səbrini, dözümünü yoxlamaq üçün hərdən istifadə edir.
Belə çıxarlardan Yazıçılar arasında da var. Adam var, dəlixanada olmalıdı, amma yazıçılıq edir. Adam var tərsinə. Gülməyin, işlədiyiniz sahəni, çalışdığınız idarəni xəyalınıza gətirin, görəcəksiniz sizdə də belələri var. Atalar deyib: “Hər kəndin öz dəlisi olur”. Ətrafınıza diqqətlə baxın. Siz onları görəcəksiniz. Belə birisi yazı-pozu ilə daha çox poza və pozu ilə məşğul olursa, tez-tez məşhur bir yazıçıya hədyan yazırsa, bəziləri də xəlvətdə əllərini ovuşdurub həzz alırsa, bu, fəlakət deyil. Böyük fəlakət belələrinin dövlət qulluğunda, idarəçilikdə, vəzifədə, hətta Milli Məclisdə ola bilməsidir. Düzdür, əvvəl-axır belələri ifşa olunur. Amma ifşa olunana qədər xeyli zərər vurur. O yerdən durub baxanda ədəbiyyata dəyən zərəri təsəvvür edə bilərsiniz.
Həyatda ən çətin şey özünü tapmaqdır, öz yerini, öz yolunu, hansı sənətə, hansı peşəyə məxsus olduğunu kəşf etməkdi. Bir ölkədə hər kəs öz peşəsini tapıb onun ən yaxşı ustası olarsa, o ölkə sürətlə inkişaf edər, insanlar bir-birinə hörmət və məhəbbətlə yanaşar. Ünsiyyət mədəniyyəti yüksək səviyyədə olar. Amma təəssüf hissi ilə deməliyəm ki, bizim bu səviyyəyə gəlib çıxmağımıza xeyli vaxt gedəcək. Bunda nə bugünkü quruluş, nə də zaman günahkar deyil. Günah bizim özümüzdə, bizim şüurumuzdadır.
Vyetnam xalqı kimi otuz il döyüşüb azadlığı qazanmış olsaydıq, qazandığımızın qədrini bilərdik. Bizə azadlığı 1990-cı ildə rus tanklarına qarşı qəzəbimiz və qeyrətimiz gətirdi. Tanklar üstümüzdən keçdi, küçələrimizi qanımıza boyadı. İçimizdəki azadlıq eşqini hərəkətə gətirdi. Nəhayət, SSRİ dağıldı. Biz də azad olduq. Gərək elə həmin andan əl-ələ verib hamımız birgə çalışaydıq. Hər kəs özünə bacardığı bir iş tapıb qarnımızı doyurmaq üçün yox, azadlığı qorumaq üçün çalışaydıq. İyirmi il keçib, indi-indi özümüzü bərpa edirik. Hələ iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır. “Azadlıq” və “Yeni Müsavat”qəzetlərindəki köşə yazılarını oxuyuram. Zümrüd Yağmur qızımız yazır: “Anar deyir ki, bizdən sonra ədəbiyyat olacaq, gənclər də deməsin ki, bizdən əvvəl ədəbiyyat olmayıb”. Xanım qəzəblənir, bu, “dəymə mənə, dəyməyim sənə” prinsipidir –deyir. Bəs nə desin, ay bala, atan yaşda kişi, desin, gəl dalaşaq? İdmançı dili ilə desək, qızım, o boyda çəki fərqi ilə sizi bir totemə, rinqə hakimlər buraxmaz. Daha sonra Anar işini-gücünü buraxıb sizə qoşulmadığına, sizin kimi düşünüb, sizin dediyinizi demədiyinə görə Xalq yazıçısını danlayırsınız. Elə həmin köşə yazısında Zümrüd xanım Xalq yazıçısı Elçini də tənbeh edir, yazır: “Elə baş nazir kimi az qala gözəgörünməzə dönən Elçin ölkənin bu günlərində niyə mövqe sərgiləmir?” Çox qəribə iraddır. Ay qızım, Xalq yazıçısı, elmlər doktoru Elçin də atan yaşda, hələ bəlkə atandan da yaşlıdır. Bax gör, mənəvi cəhətdən az danışmaq plankanı çox yuxarı qaldırmamısan ki?
Zümrüd xanım, yəqin unutmusunuz, Elçin baş nazir deyil, baş nazirin humanitar sahəni idarə edən müavinidir. Sizin tapşırığınızı yerinə yetirmək üçün gərək Elçin öz portretini kreslosunda otuzdursun, portretinə öz mövqeyini sərgiləsin.
Zümrüd xanım, hər kəs işini buraxıb küçəyə çıxsa, hər kəs məhz sizin mövqeyinizi sərgiləsə, kimi çomaqla, kimi bıçaqla, kimi daşla... Bizi “sakitləşdirmək, barışdırmaq üçün” iyirmisi yanvarda gələn tankların mühərrikləri hələ də işləyir, hazır vəziyyətdədir, məqam gözləyir. Dünyaya da elan edəcəklər ki, Azərbaycan xalqı hələ müstəqil yaşamağa hazır deyil. Biz olmasaydıq, bir-birini qıracaqdılar.
Zümrüd Yağmur bala, belə-belə işlər. Mənim yetmiş yeddi yaşım var, Anar yetmiş beşdədir, üç ilin, beş ilin qonaqlarıyıq. Amma sən cavansan, yaşayacaqsan. İndi dediklərinçün ömrün boyu peşmanlıq çəkəcəksən. Ehtiyatlı ol, öz gələcəyini ləkələmə. “Azadlıq” qəzetinin köşə yazarı Xalıq Göyçay rayonunun məhkəməsi qarşısına səfərdən oxucuları üçün şad xəbərlə qayıdıb. “Azadlıq” qəzetinin 28 mart nömrəsində yazır: “Məhkəmə binasının qarşısında adamlar məni dövrəyə aldılar. Gedin qəzetinizdə yazın, hamı bilsin; (eyniylə Məşədi İbadın sözləridir) Bu rayondan olan Anar kimi yalançı “Xalq yazıçıları” bizim yazıçımız deyil. Bizim yazıçımız sizsiniz!” Bu sözləri deyən çox ağıllı adam olduğundan Xalıq Bahadur onun adını çəkmir. Olar, olar, inanıram o boyda Göyçay rayonunda belə bir adam tapılar ki, səni yazıçı saysın? Olar. Amma elə birini tapmışkən əl çəkməyəydin, soruşaydın görək hansı romanlarını daha çox sevir. Hansı povestlərin, hekayələrin onun stolüstü kitabıdır? Hər halda gözəl xəbərdi. Səni təbrik edirəm. Bahadur, mən sizin nəsli yaxşı tanıyıram, orda çox ləyaqətli, qeyrətli, mötəbər kişilər olub, inanıram ki, hələ də var. O adamlar biri ilə sözləri çəp düşəndə onların atası, anası, övladları haqqında danışmazdılar. Başqalarını da danışmağa qoymazdılar. Yəni, bu dəyərlər belə dəyərsizləşib ki, Anara görə oğlu Tural haqqında hədyan yazırsan. Səmimi bilmək istəyirəm, bu əməlinə görə özün-özündən heç irpinmədin? Turalı uşaq vaxtından tanıyıram. Gözəl təhsil-tərbiyə alıb, beş dil bilir. Təmkinli, zəngin məlumatlı bir ziyalıdır. Yaşına görə diplomat kimi kifayət qədər təcrübə sahibidir. Səfir vəzifəsinə də addım-addım, pillə-pillə, zəhmətiylə, biliyiylə, təcrübəsiylə yüksəlib. Mənim üçün ən əsası odur ki, istedadlı bir gənc yazıçıdır. Onun satirik hekayələri də adamı heyran edir. “Tənha mələk” adlı hekayələr kitabını alın, oxuyun. O kitab “Azadlıq” qəzeti üçün bir xəzinədir. O kitabdan qəzetin hər nömrəsində bir hekayə versəniz, oxucunuz birə-beş artar. Bəlkə də haqsız olduğunuzu başa düşdünüz.
“Əzizlərim” dırnaqarası Anarşünaslar, Anarfobia ilə yaşayanlar! Yazımın əvvəlində dediyim “Gürcü familyası”na bənzəyən kamikadzelərin Anar o sülaləsinə aiddir ki, elə ilk addımlarından Allah verən istedadının aid olduğu yolu tapır, əlini atdığı hər mövzu cana gəlir. İlk gənclik illərindən populyarlaşır. Yaradıcılığında fasilə vermir. Kənardan gələn hər səsə boylanmır. Sevimli işində fasilə vermir. Hara baxırsa onun mövzusudur. Elə qorxduğu şey də odur ki, birdən bu mövzuları yazıb çatdıra bilməz. Bəzi ağzıgöyçəklər deyə bilər ki, “nə vecinədi, oturub əsər yazır, dünyada, ölkədə, cəmiyyətdə baş verənlər vecinə deyil”. Xeyr, zaman, hadisələr, cəmiyyətdə baş verənlər hamısı onun içindən süzülüb keçib. Eyni zamanda bu hadisələr ona mövzu gətirib. Anar o mövzuları köşə yazıları kimi deyil, sənədli əsər kimi, bədii əsər kimi yazıb xalqa təqdim edib. O əsərlər Anarın hadisələrə münasibəti idi, dilinin aydınlığı, axtarıcılığı, axarlılığı, yazılış səmimiyyətinə görə sevilə-sevilə oxunurdu. Gənc yaşında iki böyük insanı – atasını, anasını iki ayın ərzində itirdi. Onlar Anarın gözü qabağında gedirdi. Evin yeganə oğlu Anar idi. Anar bu hadisələri əvvəlcədən xəyalında görürdü, canlandırırdı. Qəlbində “yox”! deyirdi, üsyan edirdi. Atasının, anasının üzünə baxa-baxa, gülümsünə-gülümsünə içəridə ürəyi hıçqırırdı. Panikaya düşməkdən özünü qoruyurdu, əlindən gələni, mümkün olanı eləyirdi. Amma onun-bunun üstünə qaçıb, dərdini danışıb, imdad diləmirdi. Sığındığı, ürəyini ovudan onun öz sənəti idi. Dərdini ona pıçıldayırdı. Dərdi insanın kürəyinə görə verir Allah, Anar dözdü. Taleyin bu zərbələrindən bir az da bərkiyib çıxdı. Ortaya “Sizsiz” kitabını qoydu. O kitabı milyonlarla insan illərin susuzu kimi içdi, Anarın dərdinə şərik oldu. Rəsul Rza, Nigar xanım əfsanələşdi. 1988-90-cı illər çaxnaşmasında yenə səslər ucaldı “Anar niyə tribunaya qalxmır?”. Anar isə öz işində idi. Bakıda mitinqlərdə, Moskvada Ali Sovetində tribunalara da qalxdı, xarici qəzetlərdə yazdı, Mərkəzi TV-də də göründü. Hadisələrin sonuna Anar “Ağ qoç, qara qoç” əsəri ilə gəldi. “Azərbaycançılıq” adlı proqram əsərini ortaya qoydu. Onu da deyim ki, bu əsərləri yazdıran hadisələrin ağrısını Anar öz içində atasının, anasının ağrısına bərabər çəkib.
Yadınıza salın, 1990-cı ilin qanlı yanvarın 22-də akademiyanın böyük zalında səhnədə iclası aparan, bəyanatı hazırlayan, oxuyan, sonra da dünyaya yayan kimlər idi? Səhnədə Anarla Elçin idi. Bəs siz harda idiniz? Yox, siz onlardan populist çıxışlar, tribunadan araqarışdıran, hap-goplu nitqlər istəyirsiniz. Cənablar, ünvanı səhv salmısınız. Düşmənlə üzbəüz gəlib onun gözünün içinə qəzəbini bildirmək bir şeydir, çayxanalarda özünün küləkarası basıb- kəsməsi başqa şey. Canı-qanı ilə sənətinə bağlı olan, peşəsini sevən, vətəninə, millətinə vurğun insanların belə şeylərə vaxtı olmur. Belələri onsuz da çoxdur. İçi hava ilə doldurulmuş ala-bəzək şarlar kimi hərəsinin ipi bir əldə, hara baxsan adamın gözünə girir. Sonrakı illərdə “Anar Türkiyəyə niyə getdi” – deyənlərə cavab olaraq “Otel odası” povestini gətirdi. “Min beş yüz ilin oğuz şeiri” nəhəng iki cildlik antologiyasını gətirdi. Bu antologiya ilə o, təkbaşına bir elmi institutun işini görmüşdü. Görmək və bilmək istəyənlər üçün Anarın Vətən uğrunda gördüyü işlər göz qabağındadır. Elə bilirəm fikrim sizə çatdı. Farsın bir məsəli var, deyir: “Necəsən, qanmayım atan yansın”. Məni qınamayın, elə bilirəm bəzən siz qəsdən bu prinsiplə davranırsınız.
Dünyada ən xoşbəxt və ən güclü insan öz işi, peşəsi ilə məşğul olan adamdır. Anar da öz işi ilə məşğuldur. Gənc və çox da gənc olmayan dostlarım, özünüzü yormayın. Vaxt çox tez keçir. Ona-buna sataşa-sataşa bir də görəcəksiniz siz də qocalmısınız. Nə işiniz var, nə də peşəniz. Onu-bunu zəhərləməkdən başqa bu xalq üçün nə iş görmüsünüz? Məndən demək. Yazımda xətrinizə dəyən sözüm olubsa, bilərəkdən deyil, üzrlü bilin.
Fikrət Qoca




Bu yazı ( 238 ) - dəfə oxunmuşdur




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar