12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
00:50 / 24.06.2010


( Əvvəli ötən saylarımızda)

Qaxay kəndi bu tərəflərdə çox məşhur olan iki pirin arasında yerləşirdi. Seyid Şah Mərdan qəzəbli pir sayılırdı. Ətrafında qəbiristanlıq salınmışdı. Pirin qəzəbindən qorxduqlarına görə ziyarətçisi az olurdu. Amma Veysəl Qara hər zaman ziyarətçisi bol olan bir pir idi. Veysəlqarada qalın bir meşəlik yaranmışdı. Burada Qaxay, Seyidlər, Pıçaqçı kəndlərinin qəbiristanlığı sayılırdı.
Bu kəndlərin qocaları danışırlar ki, gecələr bu iki pirdən bir-birinə məşəl kimi quyruqlu alov uçduğunu görənlər olub. Payız gələndə rayon mərkəzində Qaxay adlı kəndin olduğu unudulurdu. Ən yaxın rayon mərkəzinə qırx kilometr idi. Bir yolu vardı, o da Kürün bəndinə çatınca uzun bir şoranlıqdan keçirdi. Yağış yağanda şoranın saqqız kimi palçığı adamın ayağında nəyi varsa zorla çəkib çıxartmasa əl çəkməzdi. Qaxayda payız gələndən mürgülü günlər başlayırdı. Evlərin balaca pəncərələrində zəif sarı işıqlar mürgüləyirdi. Buxarılardan qalxan mürgülü boz tüstülər havada uzanıb yatırdı. Tövlədə mürgülü camışlar gündüz yediyinin kövşəyini gətirirdi. Üstündə tək-tük sarı yarpaqları qalmış ağaclar yatmaq üçün soyunmuşdular. Səhər xoruzların səsi kəndin yuxusunu qaçıranda kəndin uşaqları da xoruzlara qoşulub qışqırışırdı. “Kəndə dəli gəlib, kəndə dəli gəlib” –bu, kino teatr, sirk sözündən də maraqlı səslənirdi. Sən demə bu yuxulu həyətlərdə maldan-qaradan, qoyun-quzudan, yalan olmasın, toyuq-cücədən çox uşaq varmış. Kəndin ortasında uca boylu, enli kürək, ayaqyalın dizə kimi palçığa batmış saç-saqqal basmış bir oğlan vardı. Uşaqları görüb özü də uşaq kimi sevindi.
– Hanı, hanı? –uşaqlardan soruşdu.
– Kim?
– Süsən doxdur –heç kəsdən səs çıxmadı –qırmızı donu var. Bura gəlib.
Uşaqların biri çiynini çəkdi, biri “bilmirəm” dedi, biri “görməmişəm”, “bura gəlməyib”. Gözləri iki qara muncuq kimi oynayan balaca bir uşaq:
– Mən bilirəm –dedi.
Ağasəf onun qarşısında diz çökdü, əllərini ona uzatdı:
– De da, de, nə olar, de!
– Oyna, deyim.
– Yaxşı, yaxşı, oynayaram. Amma de.
Kimsə dedi ki:
– Ə, ləyən gətirin çalaq, oynasın.
Bu vaxt kolxozun sədri yanında iki nəfər özünü yetirdi.
– Bu nədi, ay uşaq?!
Uşaqların bəzisi qaçdı, bəzi dayanıb nələr olacağını gözləyirdi. Yenə o balaca irəli çıxdı.
– Kəndə dəli gəlib, Süsən doxduru soruşur.
– Salam, dayı, dəymə indi oynayacayam.
– Yaxşı, yaxşı, oynasın! Oynasın. Mən indi gəlirəm – ordan aralandı. Yanındakılardan biri onun yanınca az qala yüyürə-yüyürə soruşdu:
– Sədr neyləyək? De nə lazımsa eləyək.
– Hürkütməyin, bu elə belə şey deyil. Mən sovet sədri Moluşa zəng eliyim. O da lazımı yerlərə məlumat versin. Bu elə belə işə oxşamır. Ə bu boyda-buxunda dəli olar. Amerkan şipiyonu-zad olar ey...Siz başını qatın.
Bir azdan sonra ləyən səsi, mahnı səsi, əl çalanların, ay can-ay can deyənlərin səsi kəndi başına götürmüşdü. Ağasəf ömrü boyu oynamağa həsrət qalmış adam kimi ürəkdən oynayırdı. Süsən də yaddan çıxmışdı. Uşaqlardan bir neçəsi də ona qoşulmuşdu. Bir qulağında telefonun dəstəyi olsa da, sədrin o biri qulağı bir tanış zil səsi eşitdi.
Yaşıl çəmən, göy tala,
Qu döşəyə oxşayır
Sədrimizin bığları
Bənövşəyə oxşayır.
– Tfu...köpək qızı, yaxşı görərsən!..

lll

O illərdə kənddə rayon mərkəzinə bazar deyirdilər. Kənddən zənbilini əlinə alıb qapıdan çıxan “bazara” gedirəm deyirdi. Heç kəs şəhərə, rayon mərkəzinə gedirəm demirdi. Kənddən bazara satmağa meyvə, göy-göyərti, ağartı, yəni süd, qatıq, yağ, qoyun-quzu, mal-qara aparırdılar. Bunlar dörd yandan gələn qan damarı yollarla rayonun ürəyinə – mərkəzinə gəlirdi. Elə həmin ürəkdən, həmin yollarla çay, qənd, lampa, lazım olan hər şeylə yanaşı, xəbərlər, yeniliklər, şaiyələr də kəndlərə də yayılırdı. Odur ki, rayon mərkəzi rayonun ürəyi olsa da, “bazar” adlanırdı. Kəndçi ona ürək yox, bazar deyirdi. Həmin o bazardan çayın, duzun, qəndin arasında gələn xəbərlər də yeni can kimi kəndə canlanma gətirirdi. Xəbərlər arasında Sarıqayalı Qəfər müəllimin dayısı nəvəsinin havalanıb gecəylə gedib Qaxay kəndinə çıxması birinci yerdə idi. Təkbaşına gecənin qaranlığında qırx kilometr yolu şoran düzəndən, qalın meşədən keçib necə gedib? Kəndin uşaqları oğlanı ləyən çalıb ortada ayı kimi oynadırlarmış. Moruqlu kəndinə Süsən xanımın gəldiyi iki gün idi. Bu söhbəti də qulağı çalmışdı. Amma özünü o yerə qoymurdu. Yəni bu deyilənlərin buna heç bir aidiyyəti yoxdur. Qolunu tikan cızmış bir gəlin qolunu sarıtdırmaq üçün Süsənin yanına gəldi. Süsən onun yarasına yod çəkib sarığı qoyana kimi bazardan alış-verişdən gəldiyini və orda eşitdiyi əhvalatı Süsənə danışdı. Gəlin görəndə ki, Süsən məhəl qoymur:
– Dəli deyirmiş Süsən doxduru axtarır – dedi, Süsənə diqqətlə baxdı. Süsən bu söhbətə yenə məhəl qoymadı, işini görüb qurtardı. Oturub mat-məəttəl ona baxan gəlini stulda qoyub çantasını götürdü. Onun üçün kirayəyə tutulmuş evə getdi. Yol boyu ürəyində “Allahım, bu qədər qəddarlıq insanların ürəyində hardandı? Axı, bədbəxtlərin faciəsindən necə həzz alır bunlar?”.
Evə gəlib çarpayıya uzandı. Gözünün qabağına o boylu-buxunlu, yaraşıqlı Ağasəf gəldi. Sonra uzaq bir kənddə uşaqların ləyən çalıb onu oynatmasını təsəvvür etdi. Ürəyi ağrıdı.
– Uff Allah –ağladı –adam nə günə düşərmiş. Uşaqdı, əməllibaşlı uşaqdı. Nə görüb axı –birdən tələm-tələsik gözlərini sildi –mən niyə ağlayıram? Onu sevirdim? Yox, yox, yox, bir əlcə uşaqdı. Qardaşımdı? Yox! Qohumumdu? Yox! O da mənim kimi yetimdi. Yox, onun Qəfər müəllim kimi qohumu var. Onun kəndi var. Mənim nəyim var? Arxamda türməm, yanımda bir manatlıq Mustafa. İnsanların içi nifrətlə doludu. Daşa da, quşa da, ağaca da nifrət eləyirlər. Bir-birini sancmaqdan həzz alırlar. Niyə? Kim daha çox sancar, kim daha bərk ağrıdar yarışı gedir. O mələk sifətli gəlinin içindən canavar dişlərini qıcıdıb mənə baxırdı. Onun ürəyində mənə deyiləsi daha ağır sözləri vardı. Bunun üçün məndən bir kobud cavab gözləyirdi ki, özünü haqlı sayıb açılıb içinin xıltını, zir-zibilini boşaltsın. Gedib evdə üstündən bir çay içsin. Ərini qucaqlayıb ürək rahatlığı ilə yatsın. Mən özüm guya yaxşıyam. Mən neyləyə bilərdim axı? düşdüyüm vəziyyətdə ən doğru yol bu idi. Bu cəzanı çəkib qurtarandan sonra ailə qurmağa, insan kimi yaşamağa, az da olsa, yenə bir ümidim var. Amma əxlaqsızlığın axırı yoxdu. O ömrüm boyu mənimlə gedəcəkdi. Yox, mənimki qəddarlıq deyildi, mən canımı, ömrümü xilas edirdim. Nəticə çox qəddar oldu. Bir adam ömürlük şikəst oldu. O niyə adam olur? Nə tez unutdun? Alçaq, vicdansız; o bir heyvan idi. Helələrinin ayağı altında tapdalanmaqdansa, Allahım, sənin ayağının altında rahatam, əz, tapda, sənin verdiyin əzablar ruhumu yuyur. Mənim özüm-özümlə davam sənin verdiyin cəzadı çəkirəm. Allahım, görünür, səndən hər birimizdə bir zərrə də var ki, adı vicdandı. Biz vicdanı susduranda, öldürəndə, Allahın zərrəsini öldürürük. Vicdansızlar çoxalsa, dünyanı Allahsız qoya bilərik. Eh, başımda min dərd var, gör mənim bu boş başım nə fikirləşir. Axmaq başın zülmünü bədən çəkər. Qarnına qoy cəzanı, çək!
lll

İştah diş altındadı. Əşrəfin yeni mövzuya, Süsənin axtarışına başı elə qarışmışdı birdən ayıldı ki, neçə gündür redaksiyaya getməyib. Redaktorla zəngləşdi, maraqlı bir hadisəni araşdırdığını, oxunaqlı bir materialın, olacağına söz verdi, vax istədi. O öz yaddaşında olan o dövrü tam bərpa etmişdi. Necə olub bu mövzu mənim ağlıma gəlməyib? Əslində, hər yazıçının mövzusu öz içindədi, öz ömrünün hansısa bir parçasıdı. Əşrəfin yadına nə vaxtsa eşitdiyi bir rəvayət düşdü. Qoyun doğmaq vaxtı gələndə örüşü gəzir, quzunun yeyə biləcəyi otun yanında doğur. Quzu isə doğulan kimi anasının köməyi ilə ayağa qalxır. Həmin otu tapmaq üçün ətrafı dolanır. Qoyun isə düşünür, qoy axtarsın, ayağı bərkiyir, yerişi düzəlir, axırda otu gəlib doğulduğu yerdə tapacaq. Biz də mövzunu kənarda axtarırıq. Halbuki mövzu bizim öz içimizdədi, yaddaşımızın bir parçasıdı. Onu yaddaşımızın arxivindən çıxarmasaq, varaqlara köçürməsək yaddaşımız bizimlə məzara gedəcək. Onu heç kəs, heç zaman bilməyəcək. Əşrəf bu günlər ərzində bir daha o illərə qayıtdı. Bəzi hadisələri indii daha aydın, daha hərtərəfli görürdü. Ağasəfi Qaxaydan gətirəndən sonra dəli olduğunu uşaqlı-böyüklü hamı bilirdi. Hamı onu qorumağı öz işi sayırdı. Elə bil Ağasəf də nəzarət altında olduğunu hiss edirdi. Yola çıxmağa, hara isə getməyə heç cəhd də göstərmirdi. Kəndin sakit gecələrində Ağasəfin oxuduğu mənasız sözlərin arasındakı ağrını, iniltini kəndin itləri də duyur, onun səsinə səs verib hürürdülər. Bəziləri isə üzünü göyə tutub ulayırdı. Uşaqlar, yeniyetmələr Ağasəfin dərdini, ağrısını canında hiss eləyirdilər, yuxuları qaçırdı, uzun müddət sonra yenidən yuxuya gedincə mahnını dinləyirdilər. Hələ deyəsən yuxuda da bir müddət onun səsini eşidirdilər. O uşaqlardan biri də Əşrəf idi. Məktəbdəki görüşdən sonra xeyli ürəkləndi. Əşrəfin mövzuya marağı birə beş artdı. Mövzuya dedektiv elementi gətirmək üçün Süsənin valideynlərinin kim olduğunu öyrənməyi qarşısına məqsəd qoydu. Əlbət ki, Süsəni məktəbə verən yetimlər evinə getmək lazım idi. Ünvanı tapdı. Müdir gülər üzlü, mülayim xasiyyətli, əlli-əlli beş yaşında bir kişi idi. Çox səmimi qarşıladı. Mehribanlıqla Əşrəfin qoluna girib kabinetinə apardı.
– Yaxşı igidin, deyiblər, adını eşit, üzünü görmə. Adınızı eşitmişdim, üzünüzü də gördüm, şad oldum. Adım Həsənağadı.
– Bilirəm, danışmışdıq. Mənim də adım...
– Əşrəf müəllimsiz, bilirəm, çox yox, bir-iki sanballı məqalənizi oxumuşam. Xeyirdimi?
Əşrəf söhbəti uzatmaq istəmədi. Gəlişinin səbəbini açıb dedi. Yardım istədi. Həsənağa bir az məyyus olsa da, üzə vurmadı. O elə bilmişdi ki, Əşrəf yetimlər evi haqqında məqalə yazacaq, o da öz problemlərindən ürək dolusu danışacaq. Əşrəf hiss elədi, söz Verdi.
– Söz verirəm, bura xüsusi gələcəyəm. Bilirəm, problemləriniz çoxdu. Mən başladığım işi yarımçıq qoyan deyiləm, gəlib burda ilişmişəm. Bunu açmasam mümkün deyil.
Həsənağa fikrə getdi, elə bil nədə isə tərəddüt edirdi.
–Vallah, nə deyim. Çox, üstündən çox keçib. Sənədlər verilib arxivə...
– Həsənağa müəllim, siz mənim ürəyimə yatmısız. Arada sizin adınız olmayacaq. Kömək eləyin, borclu qalmaram.
– Əşi ayıb sözdü. Əslində mən bilmirəm. Mən bura sonra gəlmişəm. Müdir müavini olmuşam. Mən sizə Gülzar xanımın ünvanını, telefonunu verə bilərəm. Təqaüddədi. Əvvəlki müdirdi. Canlı tarixdi. Lap curnalları tapsaq da orda başqa söz yazılmış ola bilər. Amma iişin əslini Gülzar xanım bilir. Mütləq bilir. “Bilmirəm” desə də, inanma. Yaman arvaddı, bura götürdüyü bütün uşaqların əslini-kökünü təmiz bilir. Yadında da saxlayır. Amma curnala, anketə nə yazıb o başqa məsələdi. Yaşlı adamdı, amma hələ sağ-salamatdı, bir şey olsa, mən bilərdim. Əşrəf başa düşdü, bu o demək idi bir az tələs.
(Ardı var.)
Fikrət QOCA




Bu yazı ( 490 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar