12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
03:31 / 01.07.2010


( Əvvəli ötən saylarımızda)

– Azad müəllim, mənim bir yerlim var. Elə sizin yaşda olar. Müəllimdi. Sizin şeirlərinizin vurğunudu, Qəfər kişi. (Əlbət ki, Qəfər heç belə bir şairin olduğunu da bilmirdi. Dil sümüksüz bir parça ətdi, hara çevirsən ora dönür) Biləndə ki, sizinlə görüşə gedirəm. Həyəcanlandı.
– Gərək onu da gətirəydin.
– Dedim, dedi yox, o boyda şairlə mən cəsarət edib bir süfrədə otura bilmərəm.
– Nə gözəl insandı? İndi belə adamlar azdı. Gərək gətirəydin.
– Dedi mənim bir xahişimi çatdır. Azad müəllim mütləq bilər. Sənət məktəbində oxuyan bir qız milisi pis yerindən bıçaqlamışdı. Adını, deyəsən, Süsən dedi.
– Hə, hə, biz o polisi sistemdən çıxardıq. Sonra partiyadan da çıxardılar. Orası da şikəst olmuşdu. Cibində butulka gəzdirirdi.
–Deyir ki, o qız cəzasını çəkəndən sonra Bakıya gəldi, yoxa çıxdı.
– Yox, yoxa çıxmadı. Məndə məlumat vardı, ölən milisin qohumları qızı axtarırdılar. Qorxduq uşağa xətər yetirərlər. Qəşəng qız idi. Qərara aldıq ki, adını, familiyasını dəyişək. Özünü də göndərək atelyələrin birində işləsin.
– Dəyişdiz?
– Hə, özünü çağırdıq. Dedik qızım, fikrimiz belədi, özünə ad seç. Dedi istəyirəm adım Suzen olsun.
– Niyə Suzen?
– Mən də soruşdum niyə, dedi öz adıma yaxındı, həm də fransız adına oxşayır. Qoy elə bilsinlər əcnəbiyəm. Bircə fransız familiyası tapa bilmədi.
– Bəs familiyasını nə yazdınız?
– Bu o zaman məxfi iş idi. İndi iyirmi beş ildən çox keçib. Allah bilir hardadı. Familiyasını mən verdim. Dedim yazsınlar Suzen DaArk.
– Niyə DaArk?
– Onda Janna Dark haqqında yeni eşitmişdim. Dedim bizim qızımız ondan əskik deyil. Özünü də göndərdim Nizami küsçəsində böyük atelye vardı, ora. Bizim arvad da paltarını orda tikdirirdi. Arvada dedim Fransadakı mühacirlərin birinin qızıdı. O da müdirə mənim adımdan tapşırsın. Az vaxtda oldu çox məşhur bir modelyer. Bir vaxt ona paltar tikdirmək üçün böyüklərin arvadları bizim arvada minnətçi düşürdülər.
–Hə, hə Süzen DaArk!
–Tapdın?
–Tanıdım nədi. Hətta bizim redaktorun tapşırığı ilə onun haqqında yazmışam. Heç ağlıma gəlməzdi.
–Niyə?
– Peşə məktəbini tam bitirməmiş dörd il türmədə yatmış bir qızın elə düşüncə tərzinə malik olması ağlagəlməzdi.
– Gənc olmağına baxma, çox ağır bir həyat məktəbi keçmişdi.
– Ağıllı ola bilər. Amma mən onunla söhbət edəndə sənəti haqqında, onun incəlikləri haqqında dedikləri məni yaxşı mənada heyrətləndirmişdi. Hətta qibtə hissi ilə deyirdim Fransa bu deməkdir. Adi bir dərzi qız sənəti haqqında gör nələr deyir. Danışan elə bil özü yox, genləri idi.
– Nə deyirdi ki, səni bu qədər təəccübləndirib?
– Qəsdən zövqdən, geyimdən, dəbdən söhbət saldı. Dedim bizdə geyimin təqdimatı yüksək səviyyədə deyil. Modellərimiz yaxşı məktəb keçməyib. Suzen D?Ark dedi ki, əsas modelyer, usta-dərzi əsasdır. Hər müştəri dərzi üçün model olmalıdır. Hər müştəriyə fərdi yanaşmaq lazımdı. Bədən quruluşundan əlavə, sifarişçinin üzünün özünəməxsus cizgiləri, ifadəsində, paltarın rəngində, tikilişində nəzərə alınmalıdır. Sərt və yaxud ciddi qadına şən, oynaq rəngdə paltar yaraşmayacaq. Gülər, şən bir gözələ bütün rənglərin tündü geyim kimi yox, yük kimi görünəcək. İki müştəri eyni fiqurda, eyni boyda, eyni çəkidə olsalar da, xarakterlərinə, davranışlarına fərdi cizgilərinə görə onlara fərqli paltarlar, fərqli rənglər seçilməlidir. Müştəri özü geyimini nümayiş etdirən ən yaxşı modeldir. Ona görə də onun daxili aləmi ilə geyimi bir-birini tamamlamalıdı. Vəhdətdə olmalıdı. Mən bunları onun dilindən yazmışdım. Məftunluqla yazmışdım.
– Mən havayı yerə o qıza DaArk adı verməmişdim ki. Kimsəsiz bir qızın özünü, saflığını qoruması, özü də o vaxt, Canna D?Arkın üsyanı kimi bir şey idi.
– İndi biləndə ki, bu fikirləri söyləyən, bu çətin yolu keçən adi bir Azərbaycanlı qızı imiş, ikiqat fərəh hissi keçirirəm. Görəsən hələ də, atelyedə işləyirmi?
– Yox, doxsanıncı il idi. İt yiyəsini tanımırdı. Məni də təqaüdə göndərmişdilər. Arvad sonuncu dəfə ona paltar tikdirməyə getmişdi. Suzen varlanmışdı, özünə ev almışdı. Müştərilərini evdə qəbul edirdi. Yoldaşıma deyib ki, ölkədə xaos başlayıb. Mən ömrüm boyu özüm-özümü qorumuşam. Bu qədər qorumaqda bilmirəm yaxşı eləmişəm, ya pis iş görmüşəm. Düşünürəm məni bundan sonra qoy dövlət qorusun. Bilgəhdə bir qocalar evi var, gedib baxmışam, danışmışam. Evimi də satıb gedirəm ora. Zaman qarışıqdı, daha döyüşməyə gücüm qalmayıb.
Əgər sağsa, orda olar. Gedib görmək yaxşı olardı.
– Bir az səbr edin, öyrənim sağdırsa mən bu görüşü təşkil edə bilərəm.
Əşrəf əsəri yazırdı, eyni zamanda, yazdığına kənardan, kənar gözlə nəsrə fərqli münasibət bəsləyən bir insanın gözü ilə baxırdı. Yazırdı, ədəbiyyatın köhnə oxucusu kimi, yazdığı ilə razılaşmırdı. Köhnə oxucu nəsr əsərlərində görməyə vərdiş etdiyi təbiət təsvirləri, obrazların oturduğu, gəzdiyi yerlərin ətraflı təsviri, yaşadığı evin əşyalarının təsviri kənardan baxan ikinci Əşrəfi Qane etmirdi. Əsəri yazan Əşrəf isə, Çexovun sözünü əsas götürmüşdü. Əgər birinci səhnədə divardan silah asılıbsa, sonuncu səhnədə həmin silahdan atəş açılmalıdır. Hadisələrə dəxli olmayan artıq şeylər əsərdə olmamalıdır. Əsərdə təsvir olunan daş da, quş da, ağac da, külək də, göy də, bulud da, obrazın açılmasına, konfiliktin həllinə kömək edirsə, əsərə xoş gəlib. İştirak etmirsə, əsərdə işləmirsə, artıq sözdür. Əşrəflərin heç biri geri çəkilmək fikrində deyildi. Bu vaxt ərzində Qocalar Evinin müdiri ilə zəngləşmişdi. Orada şair Azadla görüş keçirmək istədiyini demişdi. Bu görüşün qəzetdə geniş işıqlandırılacağını biləndə müdir də, işçilər də sevindilər, həm də ciddi hazırlaşmağa başladılar. Müdir dedi ki, radio, televiziya belədir ki, bir dəfə göstərilir, havaya üfürürlər, çıxıb gedir. Qəzet həmişəlik qalır. Sənəddi. Nə vaxt istəsən çıxart qoy ortaya.
Əşrəf, nəhayət, öz içindəki mübahisəyə son qoydu. Mən artıq söz yazmıram. Oxuyan oxusun, oxumayan oxumasın. Hamı məni oxumalı deyil ki, hər halda, mənim kimilər də olacaq. Deyirlər, ot kökü üstə bitər, amma kökü üstə bitib kök olmur, ot olur. Mən ədəbiyyatımızı bilirəm, billə-bilə, o ədəbiyyatı sevə-sevə, belə, yəni bir az başqa cür yazıram. Heç ədəbiyyat kimi oxumasınlar. Mənim oxuculara məktubum kimi qəbul etsinlər. Onsuz da bu ədəbiyyat deyil, həyat həqiqətidir.
lll
Səhər Qocalar Evinin həyətində səliqəli geyinmiş bir oğlan var-gəl edirdi. Müdir onu görən kimi tanıdı. Qaça-qaça onun üstünə gəlib ərkyanə görüşdü.
– Xoş gəlmisən. Necəsən? Xeyirdimi?
– Gəlmişəm Fatma xanımı aparım.
– Nə oldu, balam, pay verib dərdindən öləsiz, yoxsa şikayət eləyib. Hə, düzdü, otaq qonşusu bir az narahat adamdı, amma özünə demişəm, bu günlərdə yerini dəyişəcəm.
–Yox əşi, o məsələ deyil. Bosun bu gün ad günüdü, istəyir anası evdə olsun.
– Hə da, anasız ad günü olar? Biz də bir hədiyyə göndərək da...
– Yox, yox. Tapşırıb ki, bilən olmasın. İndi məcbur oldum deməyə. Lazım deyil. Əslində bacısı, bacısı oğlu Amerikadadı, axşam zəng edəcəklər. Sonra anası ilə danışmaq istəyəcək.
– Hə da...
– Nə desin bos? Desin annam Qocalar Evindədi?
– Hə da...
– Yox, onu demək olar?!
– Hə da...Mən də onu deyirəm da...
Elə bu zaman Fatma xanım gəldi, həyəcanla ona yanaşdı.
– Nə olub, Ələsgər. Xeyirdimi? Salamatlıqdımı?
– Narahat olma, Fatma xala. Hər şey yaxşıdı, bos dedi anamı gətir.
– Niyə, nə olub?
– Bu gün ad günüdü, yadından çıxıb?
–Gör ey...Başım Suzenə elə qarışıb, bir az soyuqdəyməlidi.
– O kimdi?
– Müdir tez cavab verdi:
– Heç, otaq yoldaşıdı. Bir həftəbecər şeydi, bilmək olmur ermənidi, rusdu, fransızdı. Hər halda, adı, famili fransızdı. Dedim sənə axı, Fatma xanımın yerini dəyişəcəyəm. Özü də lap tez. Soruşsa, elə belə də deyərsən.
– Yox, müdir, dəyişmə. Mən elə Suzen xanımla qalmaq istəyirəm. Yazıq insandı .
– Siz bilərsiz, amma Ələsgər, sən bu məsələni bosa demə.
– Oldu, şef. Arada gəlib sizdən qatıq aparacam. Hardan götürürsüz bilmirəm, əla qatıq olur.
– Gəl, qurbandı – dedi. Ürəyində “gəl-gəl, havayı qatıq baldan şirin olan şeydi”-dedi.
(Ardı var.)
Fikrət QOCA




Bu yazı ( 563 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar