12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
01:33 / 19.06.2010


Əvvəli ötən saylarımızda

...Əşrəfi Dəmir müəllim özü qarşıladı. Öz kabinetinə apardı. Çay gətirdilər. Dəmir müəllim qarayanız, arıq, qırx-qırx beş yaşlarında çevik bir insan idi.
Əşrəfə danışmağa macal vermədi.
– Çay için.
– Sağ olun. Gözəl binanız var.
– Bina köhnədi, əlli ilin binasıdı. Çölü qaşınıb, indii belə eləyirlər, içinə də əl gəzdirmişik. Cavanlaşıb. İndi belədi planımız, uşaqlar da siznən görüşmək istəyir, müəllimlər də, mən də axırda siznən, yaxında bir yaxşı restoran var, orda görüşmək istəyirəm. Necədi?
– Nə?
– Planımız. İstəyirsən tender keçirək, ən yaxşı planı seçək – güldü – indi dəbdi axı.
– Çox sağ olun. İcazə olarsa – Əşrəf güldü – Mən də tenderdə öz planımla iştirak edim.
– Buyur, bir şərtlə, restorandakı görüş müzakirə olunmayacaq.
– Düzdü, mənim insan haqlarım pozulur. Olsun, o da olmasa biz biz olmarıq... Əvvəl müəllimlərlə elə sizin kabinetdə görüşək. Söhbətləşək. Əlbət ki, burda çoxdan çalışan, yaşlı adamlara zəhmət verib çox saxlamayaq. Sonra gənclərlə görüşüb onları dinləyərik. Sonra da mən sənin restoran layihəni qeydsiz-şərtsiz qəbul edirəm.
– İndi, qardaş, sən mənə düzünü de. Bu məktəb hardan yadına düşüb? Əsl məqsədin nədir?
– Gözü qorxmuş adama oxşuyursan.
– Eh qardaş, vallah müxbirlərin əlindən qaçıb gizlənirəm. Müxbir zəng eləyən kimi, bir yazıçı dostum var, ona zəng edirəm, soruşuram filan qəzet müxalifət qəzetidi, yoxsa yox. Sonra müxbirin adını deyirəm, soruşuram necə insandı. Reket deyil ki, xətrinə dəyməsin vallah, müxbirlər indi reketlik eləyir. Səni soruşdum. Dedi, ciddi insandı. Dedi, o helə yerlərə gedən insan deyil. Görünür, nə isə ciddi bir şey düşünür.
– Ciddi deyəndə, zaman dəyişib. Gənclərə birinci növbədə peşə lazımdı. Yoxsa hamı instituta qaçır. İnstitutu pulla qurtarır. Yuxusunda da pul görür. Yarımçıq bilikli yüz həkim bir xəstəni sağalda bilməz, öldürər. Amma yüz xəstəni bir yaxşı həkim sağalda bilər. Ondansa pul qoyub bir yaxşı həkimi xaricdən gətirmək olar. Əslində biz bunu eliyirik. Yaxşı futbolçunu milyonlar verib komandamıza dəvət edirik. Yəni canımızın bir futbol matçı qədər dəyəri yoxdur. Yaxşı peşəkar, sənətkar yarımçıq alimdən, yalançı akademikdən evdə də, çöldə də min dəfə qiymətli, gərəkli, həm də hörmətlidir.
– Sağ ol, vallah! Bizdə bu düşüncə hökmran olmayınca dəllək olası adam cərrah olacaq, cərrah olası adam dəllək. Sənin kimisini görəndə adam inanır ki, həyat yaxşıya doğru dəyişir –düyməni basdı – müəllimlərə de bura gəlsinlər – indii gələrlər.
Əşrəf üçün ən çətini söhbəti o illərə aparmaq, bir qızın həbsə alınmasına gətirib çıxartmaq idi. Bunu necə başlayasan? Müəllimlər gəlib əyləşdilər. Dəmir onları Əşrəfə, Əşrəfi onlara təqdim elədi.
– Dəmir müəllim, sizin məktəbdə hansı sənətlər üzrə siniflər var?
– Tikinti, xarrat, çilingər, montyor, dəmir yolunda parovoz sürücüləri, sərnişin qatarında vaqon bələdçiləri.
–Bəs dərzi, papaqçı, dəllək?
– Yox, onlar yoxdu.
– Bunlar da çox vacib sahələrdi.
– Vacibdi. Biz təzəcə müstəqil olmuşuq. Bəlkə gələcəkdə açıldı.
Küncdə oturan yaşlı qadın məktəbli kimi əlini qaldırdı.
– Buyurun, Mələk xanım. Buyurun.
– Əşrəf müəllim, veteran müəllimlərdən ikicə nəfər qalıb, biri Dadaş müəllimdi. Dedilər xəstədi, bu gün gəlməyib. Bir də Mələk müəllimədi. Mələk xanım, buyurun.
– Var idi. Sonradan bağlandı.
– Nə var idi? – Dəmir soruşdu.
– Dərzilik sinifi var idi. Təzə gələn müdir bağlatdı.
– Dəmir müəllim? – Əşrəf təəccüblə soruşdu.
– Yox, Dəmir lap təzədi. O vaxt – otuz il bundan əvvəl təzə gələn müdir.
– Niyə? Yəqin bir səbəb olub da...
– Hə. O sinifdən bir qız tutuldu. Müdir qızı müdafiə elədi. Qız günahsız idi.
– Qız neyləmişdi?
– Uçaskovu, milisi, o vaxt milis deyirdilər, sahə müvəkkilini bıçaqlamışdı. Özü də pis yerindən. Yetim qız idi. Milis ölməli köpəyoğlu idi.
– Alçaq sovet dönəminin eybəcərliyi! – Dəmir qəzəbləndi.
– Sovetin burda nə günahı var? Alçaq elə indi də alçaqdı.
Əşrəf ipin ucunu əldən vermək istəmədi:
– Daha sinifi niyə bağlayırlar? Qızı müdafiə edə bilmədiz?
– Ay oğul, dərzilikdə qızlar oxuyurdu. Arasında çox gözəlləri olur. Elə o qızı da xalıq qüdrətindən yaratmışdı. Müdafiə elədik. Milisi partiyadan, sistemdən çıxartdılar. Amma qıza da dörd il iş verdilər.
– Eh, Əşrəf müəllim, belə şeylər qaldı keçmişdə, indii...
– Elə bu qaranlıq keçmişdən danışanda müqayisədə bu gün daha işıqlı, daha maraqlı görünəcək. Gör hardan hara gəlmişik. Bu çox maraqlı olar. O hadisədən sonra, sizin bu günkü işləriniz daha “bariz” – bu sözü Əşrəf xüsusi vurğuladı –gözə çarpacaq.
– Vallah, Əşrəf müəllim, bu əhvalatı heç mən də bilmirdim. Mələk xanım, bunu heç danışmamısız.
– Müdir, heç danışmışıq ki, bunu da danışaq? Əslində, bu məktəbin şərəfini göstərən bir hadisə idi. Müdir də, tələbələr də qızı müdafiə elədi. Mən də şəxsən məhkəmədə şahidlik eləmişəm. Milis leytenantı qəsdən bura avara uşaqları göndərib dava saldırırdı. Sonra gəlib çökürdü müdirin boğazına, hamısı da qıza görə. Qız da oğlangərək idi.
– Xanım müəllimə məktəbin canlı tarixidir ki. Mən sizin telefonunuzu götürüm.
Dəmir sevincək:
– Əşrəf müəllim düz deyir, indinin yeri deyil. Onu Əşrəf müəllim ayrıca yazar. İndi görüşə gedək.
lll

Süsənin gözəlliyi başına bəla idi. Daim özünü qorumaqla məşğul idi. Yetimlər evində qoca bir qadın müəlliməsi vardı. Süsəni çox istəyirdi, əvvəllər özü çimizdirərdi, saçını darayardı. Sənət məktəbinə yola salanda Süsənə dedi ki, “unutma, sənin heç kəsin yoxdu. Ən yaxın qohumun, dostun öz ağlındı. Ən böyük düşmənin gözəlliyindi. Sahibsiz gözəl qız yol yanında sahibsiz alma ağacının budağında gözəl bir almadır. Bil, bil ki, onu yemək hər kəsin könlündən keçər. Bir dəfə təslim olsan, sonra ömrün boyu əldən-ələ keçəcəksən. Təslim olma, təslim olma, təslim olmaq ölümdən betərdi. Ölüm Allah əmridi, təslim olmaq sənin əmrindi. Günahkar təslim olandı”. Süsənin irəlidə daha yolu qalmamışdı. Ya təslim olmalıydı, ya da nə? O bütün gecəni o, “nə”ni axtardı, yolu axtardı. Hamı bilirdi, Sirac onu izləyir. Ələ keçirməyə, sındırmağa çalışır. Mübarizə aparmaqdan məktəbin müdiri də yorulmuşdu. Milis sercantı qızı müdirin otağına çağırtdırdı, qızın çantasından nəşə çıxdı. Süsən And içdi, ağladı ki, mənim bundan xəbərim yoxdu. Milis əl çəkmədi. Qızı aparcdı sahə müvəkkilinin yanına. Aktı da, nəşəni də qoydu Siracın stolunun üstünə, çıxdı çölə.
– Allah haqqı mənim xəbərim yoxdu, siz də bilirsiz yoxdu. Özü qoyub çantama. Axı məndən nə istəyirsiz?
– Bilmirsən nə istəyirəm? Səndən səni istəyirəm. Akt əlimdə, nəşə dəlil kimi burda. Dörd il iş alacaqsan.
– Mən heç nəşə nə olduğunu bilmirəm. Mənim xəbərim yoxdu.
– Əşi, bunu mən də bilirəm xəbərin yoxdu. Hər yerdə sənsən, hara baxıram səni görürəm. Yuxuda sənsən. Sabah bu vaxt gəl. Sabaha kimi bu işi saxlayacağam. Axşam saat yeddiyə burda tək olacam. Sən də elə gəl görən olmasın, ya da birisi gün dörd il.
– Yaxşı, indi ki, belə istəyirsən, Allahın əmriynən al məni, evlənək. Səni istəmirəm. Amma əlacım nədi, razıyam. Sirac uğunub getdi.
– Gör ha, mənə gələr. Subay da olsam almazdım, yoldan tapılmış qızla milis baş leytenantı evlənər? Mən evliyəm, bir qızım da var.
– Bəs qorxmursan qızının başına gələr?
– Gicdəmə, qızım böyüyüncə mən ya şəhərin milis rəisi olacam, ya da daxili işlər naziri. Sabah axşam saat yeddidə. Görürsən bu sənədi. Məktəbin direktoru da buna qol çəkib. Gələrsən cırıb ataram.
Süsən bir an yumşalıb qəlbində özünü razı salmaq istədi. Yaxşı, qayıdıb gələndə nə cavab verəcəyəm. Niyə buraxdılar deyəcəm? Sonra Sirac hər dəfə kefi istəyəndə hırıldaya-hırıldaya məktəbə gələcək. Yox, yox, yox. Bundan dörd il yaxşıdı. Dörd il dolanıb keçəcək. Amma bu, ömrümün sonuna kimi keçməyəcək. Yox! Amma nəşə alverçisi kimi türməyə girməyim ondan da betərdi. Yaxşı Sirac, görək kim kimə! Gərək hər şeyi yaxşı fikirləşim. Ordan çıxanda hara qaçım? Elə yenə milisə, rayon milis şöbəsinə. Bir var onlar məni tuta, bir də var özüm onların üstünə qaçam, imdad istəyəm”.
Milis polkovniki Mədətov qızın qarşısında var-gəl edib dayandı ki, nəsə soruşsun. Gördü qızın bütün bədəni tir-tir Əsir. Qız öz əllərindən qorxan adam kimi öz əllərinə baxır. Rəis qapının yanında dayanan milis qadına acıqlandı.
– Uşağa su ver dana. Görmürsən nə gündədi?!
– Dayı, vallah hamısını düz deyirəm –dedi Süsən- ağladı.
– Ağlama, bala. O oğraş şalvarın çıxartmışdı, sən onu vuranda. Qız su gətirdi. Süsən suyu içib, başı ilə təsdiq etdi.
– Elə de, qoy bunlar da eşitsin. Sonra bunu çox təkrar edəcəksən.
– O mənə dedi soyun. Dedim mən hazıram, sən soyun. O da hırıldaya-hırıldaya soyundu. Mən divanda oturmuşdum. Gəldi mənə tərəf. Dedim işığı söndür, dedi niyə? Dedim şəkil mənə baxır. Divarda Leninin şəklini göstərdim. Güldü, işığı söndürdü. Mən bıçağı çıxardıb ətəyimin altında gizlədim. Dedim lap yaxınlaşsın. Yaxınlaşdı. Bıçağı var gücümlə ora çəkdim. Əllərim qan oldu – qız yenidən əllərinə baxıb hıçqırdı – qan, qaçdım.
– Sakit ol, bala...birbaşa bura gəldin?
– Bəli, bəs hara gedəydim?
– Eşitdiz? – Yanındakı milis mayoruna – get o oğraşın şalvarında bıçaq yeri olmadığını rəsmiləşdir. Sonra deyəcək ki, gəldi kabinetə, məni bıçaqladı. Dünən niyə gəlib şikayət eləmədin?
– İnanmazdız mənə. Məktəbin direktoru da qol çəkdi, neynəsin, çantamdan çıxıb. Vallah xəbərim yoxdu. Heç ağlıma gələn şey deyil.
– Deyirsən dedi ki, daxili işlər naziri olacaq?
– Hə!
– Oldu da! oldu. Qızı aparın. Orda bir babat yer düzəldin, bu gecəni qalsın. Məsləhətləşək görək neynirik.
Ağasəf bir ay on gün xəstə yatdı. Dedilər sətəlcəm olub. Elim doktor, Nazlı, bir də gecə-gündüz yastığının baş ucunda olan Süsən. Süsən özünə kiçik qardaş tapmışdı. Ataya-anaya, bacıya-qardaşa, övlada yığılıb qalan məhəbbəti sərf edə bildiyinə görə özünü xoşbəxt hiss edirdi. Ağasəf isə bu ağır xəstəlikdən sağalırdı, amma bu vaxt ərzində sağalmaz, daha ağır bir xəstəliyə tutulmuşdu. Süsənə vurulmuşdu. Süsən mehribanlıqla onun üz-gözünə baxanda, əli əlinə toxunanda Ağasəf ölüb-dirilirdi. Sevirdi, eyni zamanda ona ana-bacı məhəbbəti ilə qayğı göstərən Süsənin bu məhəbbəti duymasından qorxurdu, çox qorxurdu. Qorxurdu çıxar gedər, köçər başqa evdə yaşayar. Ağasəf bunu təsəvvür edəndə alnına, üzünə, boynuna-boğazına soyuq tər gəlirdi. Ağasəf heç sağalmaq istəmirdi. Elim də, Nazlı da Ağasəfin hərəkətlərindən şübhələnmişdilər; Süsəni görəndə uşaq kimi sevinməyindən, gözünün işıqlanmasından, üzünün gülməyindən. Süsən gedən kimi əhvalı pozulurdu, halı dəyişirdi. Elim Nazlıya dedi ki, “Süsəni başa sal, qızın heç ağlına gəlmir. Amma uşaq əməlli-başlı qıza aşiq olub. İndi Ağasəfin o yaşıdı. Deynən qız ona çox voc verməsin. Cilovunu çox boşaltmasın. Əvvəla, qız beş-altı yaş gədədən böyükdü. Sonra da, baş tutan iş deyil. Canım, olmaz! Qəfər kişi Abasəfi öldürər, Mirzə Söyün bəyin dayısının kişi nəslindən qalan oğlanın türmədən çıxmış bir qızla evlənməsinə icazə verməz, verməz canım. Olan şey deyil. canım, qızı başa sal! Uşağı özünə dadandırmasın.
(Ardı var)
Fikrət QOCA




Bu yazı ( 514 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar