12px14px16px18px

Suzen Dark və ya məhəbbət piri

Fikrət QOCA
01:21 / 10.06.2010


( Əvvəli ötən saylarımızda)

Qəfər kişi Əşrəfi “Günəşli”nin qapısında qarşıladı.
– Xoş gəldin. Az qala ümidimi üzürdüm.
– Gecə çox gec yatdım. Səhər də gec oyandım. Bir az ləngidim. Bağışlayın.
– Allah bağışlasın. Yox, istirahət evinə yox, yaxında balaca bağ var, xudmani bir yerdi, gözəl yeməklər verirlər. Sənin iki oxucun, mənim dostlarım oturub bizi gözləyir. Gedək.
Bir müddət yanaşı addımladılar. Sükutu Əşrəf pozdu:
– Səni gördüm, uçdum o illərə. Səndən kəndimizin ətrini aldım.
– Ona görə yata bilmədin.
– Yox! Əslində hə...o illəri xatırladım. Az şey yadımda qalıb.
– Uşaq idin axı.
– O qızın kəndimizə ilk gəlişi yadımdadı. Milisoner Mustafa gətirmişdi.
– Düz deyirsən. Milisoner gətirmişdi. Sən hardan gördün onu? Uşaq idin axı.
– Biz uşaqlarla idarənin həyətində dirədöymə oynayırdıq. O qırmızı qızın uça-uça gəldiyini görüb oyun yadımızdan çıxdı.
– Yadınızdan çıxardı...Əlbət ki, çıxardı. Kəndimiz o qız gələndə ağ-qara kino idi. O qız kəndə gələn andan oldu rəngli kino.
– Nə gözəl dedin, Qəfər əmi?!
Qəfər kişi şüşəbəndi göstərdi. İçrəi keçdilər. Stolun üstünə su, limonad, bir araq, bir də çaxır qoyulmuşdu. Soyuq yeməklər düzülmüşdü. Dörd adamlıq çəngəl, bıçaq, boşqab səliqə ilə düzülmüşdü. Onları görüb stol arxasındakılar ayağa qalxdı.
– A kişilər, gəlin da...Sizi gözləməkdən soyuq yeməklər üşüdü.
Bunu deyən arıq, uzun, panamalı bir kişi idi.
– Tanış olun. Soltan müəllimdi. Uzun illər rayonlarda üçüncü katib, ikinci katib, birinci katib işləyib. Bu vəzifələrdən ona başındakı panamadan başqa heç nə qalmayıb. İndi təqaüdü də ona görə azdır ki, hökumət işçisi olmayıb. Bu da Həzi müəllimdi, 81 yaşı var, hələ də akademiyada kiçik elmi işçi sayılır.
Həzi müəllim aşılanmış köhnə foto neqativinə oxşayırdı. Bığ ağ, qaşlar ağ, saç ağ, sir-sifət qapqara. Gülüb Əşrəfə baxdı.
– Bu o deməkdi ki, mən gənc kiçik elmi işçiyəm. Əşrəf müəllim bu imiş? Yazılarına görə mən saqqalı, bığı ağarmış, öyüd-nəsihət verən bir qoca gözləyirdim. Əyləşin.
– Soltan müəllimin bir sözü var. Deyir, stolda soyuq qəlyanaltılar adamı üşütməsin deyə, gərək bir şeylə qızdırasan. Çayla, çaxırla, yoxsa qaçayla, – deyib Qəfər kişi güldü.
– Qəfər əmi, qaça nədi?
– Qoca kişilərik, çay deyə bilirik, çaxır da demək olur, amma araq deyən kimi hamı yaşımıza, başımıza baxır.
Əşrəf bura gəldiynə artıq peşman olmuşdu. Ona elə gəldi ki, əlifbasını tanımadığı kağızlar saxlanan köhnə bir arxivdə idi. İndi hansı bəhanə ilə buradan can qurtaracağını fikirləşirdi. Soltan müəllim xidmətçi oğlana əl elədi.
– Gətir yeməkləri – dedi. Özünü stulda rahatladı, başından panamanı çıxartdı – qoy aramızda örtülü heç nə qalmasın – əlini daz başına çəkdi – qardaşoğlu, bu şlyapanı nə kefdən qoyuram, nə də ziyalılığımı göstərmək üçün. Keçəlimi görməsinlər deyə qoyuram. Biz bəzən göz yaşlarımızı gizlətmək üçün gülürük. Gözünə döndüyüm sovet quruluşu bizi sıxdı, şirəmizi çəkdi, hərəmizə bir-iki manat təqaüd kəsib bizi sildi orasına, atdı yana.
Qəfər kişi narazılıqla başını buladı.
– Eh... Soltan müəllim, sən Allah, yaxşı, qoy görək.
– Bunun harasıdı yaxşı. Düz otuz ildi hər il bu ayda, bu yerdə görüşürük, dincəlirik. Əslində bu bir oyundu. Təklikdən, kimsəsizlikdən boğulub ölməmək üçün bizim qurduğumuz bir oyundu. Burdan gedəndən sonra on bir ay bu bir ay üçün, bu görüş üçün hazırlaşırıq, pul yığırıq. Bura gəlmək üçün yaşayırıq. Burda da başlayrıq “mən birinci katib olanda belə elədim, helə elədim”. Həzi müəllim deyir ki, “elmi kəşfim vardı, dedilər öz adının yuxarısından bizim adımızı yazsan keçər, yazmadım, keçmədi”. Qəfər müəllim deyir, mən tarix dərsi deyəndə otaqda milçək uçsa səsi eşidilərdi.
– Helədi, mən tələbəsiyəm, təsdiq eliyirəm, helədi.
– Mən o dərslərimə görə səndən üzür istəyirəm. Mən sizə o adamların kitabları əsasında dərs demişəm ki, indi görürəm bu millətin ən qatı düşməni onlar imiş.
Xidmətçi kababları gətirdi.
– Gəl da, gəl çıx da, bu başqa məsələ.
Həzi kişi gülümsündü, ağır-ağır dilləndi:
– Soltanın qəzəbli söhbəti qarnının aclığındandı. Kababı görən kimi üzü güldü – Həzi danışanda adama elə gəlirdi onun yuxusu gəlir və yaxud yuxuda danışır. Söz arası havadaca kababdan bir tikə götürüb dişinə çəkdi. Onun burnu da, iri qara dodaqları da sümüksüz qara kabab tikəsinə oxşayırdı. Əşrəf bakalına su tökdü, bir qurtum içdi. Soltan müəllimin üzünə baxdı.
– Mənnən görüşmək də yəqin sizin oyunun bir hissəsidi.
– Ay Əşrəf, o nə sözdü? Sən Qəfər əmi haqqında belə fikirdəsən?
– Soltan müəllimin sözündən helə çıxdı.
Həzi yuxudan ayılıb udqundu.
– Yooox-dedi, növbəti tikəni çeynəməyə başladı.
Soltan özünə araq süzdü.
– Mən əlli vuracam. Əziz Əşrəf, elə hesab elə ki, bu oyunun bir hissəsisən. Axı, adam işi cavanlığında görür, sonra gördüyü işlərdən danışır. Sənin böyük istedadın var. Məqalələr, rəylər, hətta lap bu gün üçün problematik məsələlərin araşdırılmasına yönələn materiallar ciddi yaradıcılıq deyil. İstedad əsəri deyil. Nə qədər ki, cavansan, otur bədii əsər yaz.
– Harda oturum? Bir azdan qırx yaşım olacaq, hələ evim yoxdu. Kirayədə yaşayıram. Yazmaq o yana, heç evlənə bilmirəm. “Otur, yaz” demək asandı, harda oturum?
– Adam yazanda harda olsa oturub yazır. Yazır, ad-san qazanır. Özünü sübut eləyir. Sonra evi də olur. Evlənir də. Bax da bizə, bizim ömrümüz küləyə verilmiş küləş kimi, saman kimi sovrulub gedib.
–Soltan müəllim – Əşrəf ona baxıb gülümsündü – deyəsən siz belə şeylərlə məşğul olmusunuz.
– Nə gizlədim, çalışmışam yazım, alınmayıb. Gecələrlə yatmamışam, yazmışam, səhər oxuyub görmüşəm adam dili deyil. Cümlələr dolaşıq. Demək istədiyimi yazı ilə ifadə eləyincə gedib o dünyanı görüb gəlirdim.
Əşrəf gülüb ona baxdı.
– Bağışlayın, o dünya necədi?
Soltan elə bil bu sualı gözləyirmiş, gülümsündü.
– Eyniynən burdakı kimi, ağlamayana məmə yoxdu. Orda da yaltaqların, yalmananların işi xod gedir. Kim ki Allahın ətəyindən yapışıb, ona tərif deyir, gecə-gündüz ona yalvarır, yaltaqlanır, yalmanır, Allah da bağışlayandı. Bunlar kimi bic deyil axı.
Qonşu stolda oturan bir nəfər əl çaldı.
– Halal olsun sənə, ağsaqqal. Lap quran ayəsi kimi düz söz deyirsən.
– Sağ ol, bala – dedi. Susdu, diqqətlə Əşrəfə baxdı. Bir az da ona tərəf əyilib , asta səslə dilləndi – hər yerdə, həmişə bir qulaq asan tapılır – Səsini yenidən qaldırdı – sən də balaca bala deyilsən. Söz azdırmağı yaxşı bacarırsan. Onu deyirdim axı. Əsər yazmaq çox ağır işdi. Sənin yazılarında rəvan dil var. İddiasız, azad, sərbəst yazı üslubun var. Bu Allah payıdı. Qocalanda bu hünər, bu güc qalmayacaq, indi yaz. Sən özün üçün oyun qurmusan, özünə kələk gəlirsən. “Evim yoxdu, ev kirəsi üçün yazıb pul qazanmalıyam”. Çünki bunları yazmaq asandı. Əsər yazmağa oturmaq, zəhmət çəkmək, hər çətinliyə qatlaşmaq lazımdı. İndi məndən inciyirsən.
– Yox, yox, qətiyyən incimirəm.
– İnciyirsən. Amma mənim bu dediklərim səni kölgən kimi izləyəcək. Qulağında, beynində səslənəcək. Burdan durub qaça bilərsən, özündən hara qaçacaqsan?
– İcazənizlə, Qəfər müəllim, mən də bir az içim. Heç olmasa bir qədəh, bu söhbət boğazımdan araqsız keçmir.
– Axırı ki, mətləb üstünə gəldik. Hərəyə bir az süzün. İyirmi ildi araq içmirəm, amma indi içəcəm. Sənin şərəfinə, qardaşoğlu.
– Qəfər əmi, icazə verin, sizin kimi dostun sağlığına içim. Mənə qalsa, insanları yaşa görə yox, ruhunun qocalığına görə təqaüdə çıxarardım. Kim axtarıb tapa bilirsə, o da cavandı. Siz məni tapmısınız, siz məndən cavansınız. Sizin şərəfinizə.
Az sonra onların arasında yaş fərqi götürülmüşdü. Zarafatlar, lətifələr işə düşmüşdü. Arada Əşrəf:
– Qəfər müəllim, o qız kəndə gələndə siz də idarənin qabağında idiniz?
– Hə, biz hər axşam orda olurduq.
– Elim doxdur milisoneri yola salanda pul verdi manat Mustafaya, Mustafa da onun qulağına nəsə pıçıldadı. Doxdurun gözü bərələ qaldı. Nə demişdi?
– Deyirəm da...Həzi, bu bir əlcə uşaq idi. İdarənin həyətində uşaqlarla oynayırdı. Gör nəyi müşahidə eləyib və yadında bu günə kimi saxlayıb. İstedad budu, heç kəsin əhəmiyyət vermədiyini, heç kəsin görmədiyini görəsən. Gördün Soltan kişi?
– Çinarı bir yarpağından da tanımaq olur. Havayı yerə onun hisslərini cırmaqlamırdım. Baxma, bu lələşin də havayı yerə partiya məktəbi keçməyib ki?
– Qəfər əmi, milisoner nə demişdi? Bilmiş olarsız.
– Mən bilməyənə qurd düşər. Bilirəm. Bir arxayın vaxtda bu söhbəti davam eliyərik.
– Onda kəndə qayıtmazdan əvvəl bir də görüşək.
– Bəlkə sən kəndə gələsən. Məktəbdə görüş keçirək.
– Mən neyləmişəm ki, görüş də keçirək.
– Eləmisən. Amma daha çox şey eləyə bilərsən. Əsas odur ki, uşaqlar özlərinə inanacaq. Biləcəklər ki, bu kənddə doğulub, bu məktəbdə oxuyub, gedib Bakıda qəzetdə çalışmaq, əsər yazmaq, televiziyada çıxış eləmək olar. Uşaqların özünə inamı artar.
– Gələrəm.
– Sən gəl, gör sənin yaradıcılığını necə bilirlər. Həm də o məsələləri danışarıq. Çox maraqlı material var. Ağasəf mənim dayım oğlu idi. O qızın eşqindən dəli oldu. Bu məsələdə mənim də günahım var.
Ağasəfdən yadımda qalan onun gecə-gündüz oxuması idi. Oxuduğu da yalnız bu idi:
Süsən, sünbül bitirmişəm,
Mən yarımı itirmişəm,
A balam, itirmişəm.
Qəfər əmi, mütləq gələrəm.

lll
Bu görüşdən neçə gün keçdiyini dəqiq deyə bilmərəm. Əşrəf redaksiyada köhnə iş reciminə təzə qayıdırdı. O görüş Əşrəfin içində hər şeyi alt-üst eləmişdi. Bir neçə gün redaksiyada özünü üsyankar gənc şair kimi apardı, dalaşdı, deyindi. Mübahisələr elədi, yoruldu, sakitləşdi. Hər qəzetin mətbuat aləmində öz mərtəbəsi var. Əşrəf də, nəhayət, işlədiyi qəzetin mərtəbəsinə qayıtdı. Öz yerində oturdu. İti zəncirdə çox saxlayanda açan kimi baş götürüb qaçır. Məqsədsiz, mətləbsiz, yönü hara düşdü, ora qaçır, qaçır, yorulur. Axırda qayıdır bağlandığı yerə. Hər bir yaradıcı insanın içində helə bir zənciri var. Ya onu zaman-zaman açıb buraxmaq lazımdır, ya da arada zəncirini qırıb qaçmalıdır. Havası alınınca atılıb-düşməli, taleylə güləşməlidir. Yoxsa ruhu zəncirdə havasızlıqdan boğular, ölər. Yəni sonra zəncirini açanda da qaçmaz. Bu da son deməkdi.
Əşrəfi cavanlar yaşlı sayırdı; yaşlılar cavan. Ömrün veyil dərəsində idi. Ona görə özünün son vaxtlar havasızlıqdan boğulduğunu da hiss etmirmiş. Bu günlər ərzində elə bil gözü açılmışdı. Beyni yuyulmuşdu. Yüngülləşmişdi. Allah, Allah, nə qədər gözəl qızlar varmış bu şəhərdə?! Qızlar necə gözəlləşib! Yol yanlarında, bağlarda, xiyabanlarda nə qədər gül-çiçək varmış. Musiqili, musiqisiz fəvvarələr, yollar, körpülər, işıqlar... Bu günlər Əşrəf elə bil tanımadığı, görmədiyi bir gözəl şəhərə gəlmişdi. Çoxdan oxuduğu bir şeiri ürəyində tez-tez təkrar edirdi:
Axşam bütün yollar bizim evə gedir,
Səhər bizim idarəyə.
Düşmüşəm belə bir dairəyə
yaşayıram.
Ömrümü yükləmişəm avtobuslara
Səhər idarəyə, axşam evə daşıyıram.
Bir gün göz yumub zamana,
burularam yana-yana.
Başım üstə mavi səma,
Sinəmin üstə bir topa çiçək,
Arxada yetim qalmış xatirələr...
Xatırlayarlar...
deyərlər...
Əşrəfdə belə şeylər olur. Bir də görürsən bir mahnıdan bir bənd ürəyində, beynində ilişib öz-özünə səslənir. Xüsusilə, bir xalq mahnısından bu hissə:
Mən gəlmişəm sənə qonaq,
Ceyran, mənə bax, bax.
Mənə bişir bir qayğanaq
Ceyran, mənə bax, bax.
Qayğanaq məsələsində onu gülmək tuturdu. Mahnını ürəyində oxuduğundan adam arasında yersiz gülüşünə bəhanə tapmayıb hərdən özü gülünc vəziyyətə düşürdü. “Məhəbbətin bu yanıqlı yerində qayğanaq hardan çıxdı ortaya? Xalq yaradıcılığında təfəkkür tərzi gözlənilməz və sürprizlərlə doludur. Nənəm deyərdi, dırnağını kəsdin, yerə basdır. Yoxsa şeytan tapar, dırnağından özünə qılınc düzəldər. Bütün pislikləri şeytanın boynuna atan xalq gör şeytanı nə qədər kiçik bir şey təsəvvür edir”. Qapının döyülməsi Əşrəfi fikirdən ayırdı.
– Gəlin, buyurun – dedi.
Qapı aralandı. Girdə burun, burnunun altında yanıb qaralmış iki kabab tikəsinə oxşayan dodaqlar, ağ bığlar, ağ qaşlar, ağ saçlar, parıldayan qara gözlər ona baxırdı. Elə bil qapının arasından yox, sudan çıxıb baxırdı. Əşrəf gülümsünüb ayağa qalxdı. Onu içəri dəvət elədi.
– Mane olmuram ki?
– O nə sözdü, xoş gəlmisiz, əyləşin. Nə yaxşı belə?
Həzi kişi stulda oturub sağa-sola yırğalanıb yerini rahatladı.
– Dedim getməmişdən sənə dəyim.
– Yaxşı eləmisiz. Çay gətirsinlər?
– Yox, yox, sağ ol! İçmirəm.
–Soltan müəllim, Qəfər əmi necədi. Onlar niyə gəlmədi?
–Onlar gəldiyimi bilmir. Qəfər səni öz balası kimi istəyir. O qədər səndən danışır ki, Soltan da, Həzi də səni öz balası sayır.
– Çox sağ olun. Həzi siz deyilsiz? – deyib gülümsündü.
– Mənəm. Amma bəzən özümü də bir az özümdən kənarda, aralıda görürəm. Bəzən Həzinin çox hərəkətləri xoşuma gəlmir. Mənim razı olmadığım şeylər eliyir. Elə bu gəlişim də elə bir işdi. Ona görə özümdən kənar bir adam kimi danışıram.
– Özünüzə qarşı qəddar olmayın.
– Özümə yox, qocalığa qarşı qəddaram.
– Mən guya cavan sayılıram. Mənim də ixtiyarsız hərəkətlərim, sözlərim olur. O gün çox gözəl görüş oldu. Əla görüş idi. Yaş fərqimiz heç bilinmirdi.
–Soltan o gün, əvvəl bir az əsəbi danışırdı, içi ağrıyırdı. O ağrını gizlədə bilən adam deyil.
– Nə olmuşdu?
– Bizim dördüncü yoldaşımız bu il gəlmədi. Yəni başladı “nəslimizin yarpaq tökümü”. Allah Nazim Hikmətə rəhmət eləsin, yaxşı deyib. Dostumuz Hacı bu il gəlmədi. Səni onun yerində oturtmuşduq. Soltan da səninlə yox, çox vaxt üzünü Hacıya tutub qəzəblənirdi, danışırdı. “Niyə bu il gəlmədin?” – deyirdi. – Sözün bu yerində Həzi kişinin gözləri doldu. Gözünü sildi. Dərin bir nəfəs alıb toxdadı – bağışla, bala. Bu qocalıq əlamətidi. Kişilər tez-tez kövrəlməyə, gözü yaşarmağa başlayanda fil qəbiristanlığına gedən fillərə bənzəyirlər.
– Allah eləməsin, Həzi dayı. Maşallah, yüz cavana dəyərsiz.
– Məşdibad demiş, sənnən danışmaq asandı. Başqası deyər ki, fil niyə qəbirstana gedir. İndi gəl buna nağıl danış.
– Fillər ölümünü hiss edirlər, ölmək üçün fil qəbiristanına gedirlər...
– Helədi. Mənim də axır vaxtlar ürəyim lap kövrək olub. Ən adi isti sözdən kövrəlirəm, gözüm yaşarır. Gəldim səndən bir xahiş edim.
– Buyur, Həzi dayı.
–Mən bir kəşf eləmişdim, adi şeydi. Amma bu adi ən böyük kəşflərin açarıdı. Gələcəyin enerci mənbəyidi, daimi mühərrikdi. Hər bir canlının içində onun müstəqil yaşaması üçün daimi mühərriki çalışır. Ürək mühərrikdi, qan onun daimi yanacağı. Günəşdən istini alıb enerciyə çeviririk. Enercini yenidən istiyə çevirib qızınırıq. İnsan bədənində daim 36%-dən artıq istilik var. Niyə saata batereya əvəzinə bədənimdən aldığı istini enerciyə çevirən element qoymayaq? Saat da mən sağ olan qədər qolumda çalışacaq. Niyə əl fanarı əlimin istisindən enercini alıb yanmasın? Bunu sonsuza qədər sadalamaq olar. Bu tükənməz bir enerci mənbəyidi. Xülasə, mən bunları, hesablarımı bir dəftərə yazmışam. Gedən kimi sənin ünvanına göndərəcəm. Bir xahişim də var.
– Buyur.
– Bura gəldiyimi, bu söhbəti eldiyimi dostlarıma demə. Mənə sataşacaqlar. Onlar mənim işimi ciddiyə almırlar. Amma mən bunun içində bir sağlam toxum görürəm. Bunu cücərtməyə cavan alim ağlı, yorulmaz, dönməz alim çalışqanlığı lazımdır. Elmi tamam yeni bir yola yönəltmək olar. Yoxsa elmi enerci sahəsi həyatın əleyhinə işləyir. Çayların yolunu kəsib dəryaçalar yaradırlar. Su canlıdır. O, hərəkət edəndə diridir. Göllərdə, baratlarda ölümdən qurtarmaq üçün çalışır, bəndləri partladır. Yer də, təbiət də canlıdır. Bu tufanlar, zəlzələlər, təbiət fəlakətləri insanların müdaxiləsinə cavabdı.
– Vallah, nə deyim. Mən bu sahəni bilmirəm. Maraqlı fərziyyədir. Bunları mənə niyə deyirsiz? Dəftəri mənə niyə göndərirsiz?
– Heç, elə belə. Bununla əlaqədar heç bir məsuliyyət hissi keçirmə. Cavansan, göz qabağındasan. İnşallah, çox yaşayacaqsan, hörmətin də artacaq. “Saxla samanı, gələr zamanı” məsələsidir.
– Gəlməsə?
– Heç gəlməsin. Nə itiririk? Mən gedim. Durma!
– Sizi yola salardım. Amma işim çoxdu. Sizi görməyimə şad oldum. Gələn il bu vaxt görüşərik.
–Təki görüşək, qismət olsun. Onlara demə. Mənsiz darıxarlar – qapıya çatanda dönüb Əşrəfə baxdı, gülümsündü. Sifəti gözəlləşdi, dodaqları nazildi – elə mənnən də bir yerdə olanda darıxırlar – deyib qapıdan çıxdı.
(Ardı var)
Fikrət QOCA




Bu yazı ( 533 ) - dəfə oxunmuşdur

Müəllifin digər yazıları




Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar